Fransanın üzqaralığı – “Qara qitə”dəki qara əməlləri

post-img

Azərbaycan öz dövlət müstəqii­liyini bərpa edəndən sonra müxtəlif ölkələrdəki bədxahlarımız və bizə qarşı püskürülən qarayaxmalarla düşmənlərimizin “əlinə oynayan­lar” son zamanlar sanki bir idman komandası yaradırmış kimi birləş­mək istəyirlər. Təəssüf ki, Fransa prezidenti Emmanuel Makronun “kapitanlıq etdiyi” bu “komanda”da uzun illər dostluq və tərəfdaşlıq et­diyimiz ölkələri təmsil edən “legio­nerlər” də görünür. Şəxsən mən on illər ərzində bizimlə dostluq etmiş, Azərbaycanın təbii sərvətlərindən bəhrələnmiş ABŞ və Avropa İttifaqı təmsilçilərini də keçmişi müəmmalı, gələcəyi qaranlıq olan Emmanuel Makronun rəhbərlik etdiyi “koman­dada” görəndə çox təəccübləndim. 

Axı, bu Makron hakimiyyətə gəldiyi gündən bəri öz ölkəsində heç bir uğura imza ata bilməyib. Ölkədə daxili sabitlik pozulub, iqtisadiyyat çökməkdə davam edir. Onun düşünülməmiş addımları nə­ticəsində öz reytinqi Fransada, rəhbər­lik etdiyi dövlətin nüfuzu isə beynəlxalq aləmdə durmadan, hətta, hər gün, hər saat azalır. O da təəccüblüdür ki, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra – bir az da dəqiqləşdirsək, 2022-ci il aprelin 23-də Bakıda olarkən Azərbay­can xalqını və dövlətimizi tarixi qələbə münasibətilə təbrik etmiş və Ermənis­tanla Azərbaycan arasında münasibətlə­rin normallaşdırılması, eləcə də, Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması məqsədilə səylərini bundan sonra da davam etdirəcəyini söyləmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də indi Emmanuel Makronun diktəsi ilə oturub-durur. Maraqlıdır, erməni diaspo­ru Mişelə nə yedirdisə, o da yüz səksən dərəcə geri döndü. 

Yeri gəlmişkən, onun sədrlik etdiyi Av­ropa İttifaqı Şurası da axır zamanlar böh­ranlı günlərini yaşayır. Mişel Bolqarıstan, Niderland, İsveç və Çexiyadan olan yük­sək vəzifəli şəxslərin Avropa Parlamen­tinə seçkilərdən sonra icmanın yeni siya­si dövrünün prioritetlərini müzakirə etmək üçün toplaşdığı Vilnüsdə jurnalistlərə müsahibəsində sanki ağlamaq istəmişdi: “Bizi inanılmaz çətin günlər və çağırışlar gözləyir. Avropa İttifaqını gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün müm­kün olan hər şeyi etmək lazımdır”. Qəribə yanaşmadır: Bir tərəfdən Avropa İttifaqı­nın gücləndirilməsi zərurətindən danışır, digər tərəfdən isə qurumun ən sədaqətli və sınanılmış tərəfdaşlarından olan Azər­baycanın “ayağının altını qazır”. 

Bu məsələ qalsın bir yanda. Hələlik, yeni formalaşdırılan anti-Azərbaycan “ko­manda”nın “kapitanı” Emmanuel Makron haqqında qeydlərimizi davam etdirək. O, prezident seçiləndən sonra Fransanın Af­rikadakı nüfuzu tamamilə ayaq altına dü­şür. O səbəbdən də ötən il martın əvvə­lində Afrika turnesinə çıxmışdı. Pis günə düşmüş imicini xilas, ölkəsinin nüfuzunu bərpa etmək istəyən Makron səfərdə özünü elə göstərmişdi ki, guya, bu bölgə­nin problemlərinə yeni yanaşmasını nü­mayiş etdirməyə çalışır. And-aman elə­mişdi ki, Fransa Afrika ölkələrinin daxili işlərinə qarışmayacaq və onlarla tərəfdaş münasibətləri quracaq. Çıxışlarında əsas diqqəti biznes və humanitar əməkdaşlığa yönəldən Makron öz istəyinə nail ola bil­məmiş və əksinə, regionun bir çox ölkə­sində bu turne faktiki olaraq, Parislə afri­kalı tərəfdaşları arasında münasibətlərin pisləşməsinə daha bir təkan olmuşdu.

Ekspertlər yazırlar ki , Makron Afika ölkələrində açıq etirazlarla qarşılanan ilk Fransa prezidenti olub. Hətta, Konqo De­mokratik Respublikasının Prezidenti Fe­liks Çisekedi Paris rəsmisi ilə mübahisə etməkdən belə, çəkinməyib. 

(Xatırladaq ki, bu gün Afrikada Konqo adlı iki dövlət var – paytaxtı Kin­şasa olan Konqo Demokratik Respub­likası və paytaxtı Brazzavil olan Konqo Respublikası. Son günlər ölkəmizə səfər edən Deni Sassu Nqessu Konqo Res­publikasının Prezidentidir). Prezidentlə­rin açıq və əsəbi deyişməsi Çisekedinin fransalı həmkarına rəsmi Parisin 1994-cü ildə baş vermiş soyqırımında iştirak etdiyini xatırlatmasından sonra baş ve­rib. Mətbuat yazır ki, Çisekedi Fransanın Konqoda təhlükəsizliyin bərpasına necə kömək edəcəyi ilə maraqlanıb. Bu zaman Makron ona diplomatik cavab vermək əvəzinə, jurnalistlər qarşısında həmkarı ilə söz atışmasına başlayıb, Fransanın üzərinə atılan məsuliyyəti qəbul etmə­diklərini söyləyib: “Mən həqiqət tərəfda­rıyam. Amma bu həqiqət tam olmalıdır. Mən bu yükü çiyinlərimə götürməkdən imtina edirəm. Fransa sizin üçün “yaxşı iş” görməli deyil. Bu, sizin vəzifənizdir”,– deyə Makron həmkarına kobudcasına cavab verib.

Diqqət yetirin, uzun illər müstəm­ləkəçilik etdiyi, təbii sərvətlərini talayıb daşıyaraq, əhalisini ac-yalavac qoyduğu ölkədə hansısa problemin həllinə kömək etmir və “bu, sizin vəzifənizdir” – deyərək, problemlərin kasıb ölkənin üzərinə yük­lənməsinə çalışır. 

“Mən həqiqət tərəfdarıyam!” – deyən bu riyakardan soruşmaq lazımdır: Otuz il Azərbaycan ərazilərinin iyirmi faizini işğal altında saxlayaraq, viranəyə çevirən vəh­şi tayfanın müdafiə edilməsi də həqiqət­dirmi? BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasına mandat almış həmsədr kimi 28 il beynəlxalq ic­timaiyyəti, Türk dünyasını və bütün azər­baycanlıları aldatmaq cəhdi də həqiqət tərəfdarı olmaqdırmı? Yoxsa altmışdan çox məscidin, yüzlərlə tarixi-mədəni abi­dəni darmadağın edilməsinə haqq qa­zandırmaq göstəricisidir? 

Yeri gəlmişkən, Fransanın Afrikadakı müstəmləkəçilik siyasəti haqqında olan bəzi materiallara baxanda Rafael Qronvu adlı avropalı müəllifin xeyli əvvəl “Anado­lu” agentliyinə verdiyi “Fransız ordusu Af­rikada nə ilə məşğuldur?” adlı müsahibə­dəki bəzi məqamlarla rastlaşdım. Orada qeyd edilir ki, bu ölkənin Afrikada həyata keçirdiyi “əməliyyatlar” əhalinin qırılma­sı ilə nəticələnir: “Fransa son on illərdə (ötən əsrin yetmişinci illərindən sonranı nəzərdə tutur – İ.M.) Afrikada reallaşdır­dığı hərbi əməliyyatlar nəticəsində həlak olan yerli əhalinin sayını cidd-cəhdlə giz­lətməyə çalışır. Bu ölkə Afrikada müstəm­ləkəçiliyə etiraz edən yerli əhaliyə qarşı törətdiyi qırğınların hamısını “terrorizmlə mübarizə” adlandırır. 

Üstəlik, Parisin hərbi əməliyyatları konkret olaraq, hansısa bir ölkədə deyi, bütövlükdə, Afrika qitəsində aparılır. İyir­mi iki il əvvəl Kot-di Uarda həyata keçi­rilmiş və çoxsaylı insan qırğınına səbəb olmuş hərbi əməliyyatı rəsmi Paris “hu­manitar xarakterli addım” adlandırmışdı. Həmin əməliyyat başa çatandan sonra məlum olmuşdu ki, Fransa bu ölkədə heç bir problemin həllinə nail ola bilmə­di. Beləliklə, Fransa 1960-cı illərdən bəri xarici ölkələrdə üç yüzədək hərbi əməliy­yat keçirmiş və həmin faktların hamısını “antiterror əməliyyatı” və ya “humanitar xarakterli addım” adlandırmışdır. 

Bütün bu eybəcərlikləri dünya icti­maiyyətinə məlum olan dövlətin başçısı indi Azərbaycana dərs vermək istəyir ki, gəlin, erməniləri çox da incitməyin. Yəni, bu adam həm yolunu azır, həm də yerini bilmir. Yeri gəlmişkən, ABŞ Dövlət katibi Antoni Blinken bir neçə gün əvvəl yenə də Emmanuel Makrona öz yerini göstər­di. Belə ki, Rusiya – Ukrayna müharibəsi haqqlnda danışan Makron bəyan etmişdi ki, anti-Rusiya koalisiyasındakı ölkələrin əsgərləri NATO kontingentinin tərkibində Ukraynaya gedəcək. Bu sərsəmləməni eşidən Blinken dərhal açıq bəyanat verdi: “Ukraynaya bir nəfər də olsun, ABŞ hərb­çisi göndərilməyəcək.” 

Belə olanda deyirlər ki, “ayıbını qara torpaq örtsün!” Amma o da var ki, Makro­nun ayıbları üstü örtüləsi səviyyədə deyil. 

İttifaq MİRZƏBƏYLİ

Siyasət