Yeni tarixi mərhələdə milli ideya

post-img

VII MƏQALƏ

Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəv­vürümüz, planlarımız, proqramla­rımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcə­yik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Milli ideya və təhlükəsizlik

VI məqalədə yeni tarixi mərhələdə milli ideyanın başqa vacib faktorlarla ya­naşı, milli təhlükəsizliyin təmini ilə də sıx bağlı olması aktuallığını vurğulamışdıq. Milli ideya ilə milli təhlükəsizliyin fəlsəfi və siyasi bağlantısı ilk baxışdan aydın olmaya bilər. Lakin yeni tarixi mərhələ adlandırdığımız dövrdə dünya, bütövlük­də, mürəkkəb, açıq və qeyri-xətti sistem kimi təsəvvür edilir ki, onun bütün tərkib hissələri bir-biri ilə sıx əlaqədə olmalı­dır. Belə mühitdə isə yalnız sistemli in­kişaf reallaşa bilər. Hətta, öncəki tarixi mərhələlərdə bir-birindən çox uzaq olan sahələr arasında elə bağlantılar özünü göstərir ki, onları adekvat fəlsəfi dərk et­mək üçün yeni yanaşmalara ehtiyac ya­ranır. Onların sırasında milli ideya ilə milli təhlükəsizliyin qarşılıqlı əlaqəsi də vardır. Həmin kontekstdə bir maraqlı və mühüm məqamı da vurğulayaq.

İndi siyasi liderlər, analitiklər, filosoflar və politoloqlar enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik arasında çox sıx qarşılıqlı əlaqə görürlər. Reallıqda enerji sahəsin­də təhlükəsizliyini təmin edə bilən dövlət həm də avtomatik olaraq milli təhlükəsiz­liyini təmin etmiş olur. Buna görədir ki, Azərbaycanın geniş bir geosiyasi məkan­da enerji təhlükəsizliyinin təmininə böyük töhfə verməsi həm də bir sıra dövlətlərin milli təhlükəsizliyinə töhfə kimi qəbul edi­lir. Gerçəkdə bu iki faktor arasında əlaqə­nin məzmunu nədən qaynaqlanır? 

Müasir dövrün geosiyasi dinamikası və ümumi mənzərənin vəziyyəti bu iki faktoru bir-birinə sıx bağlamışdır. İndi dövlətlər bir-biri üçün enerji təminatın­da problem yaratmaqla rəqibləri zəiflət­məyə, müqavimət gücünü azaltmağa və bu əsasda milli təhlükəsizliyə təhdid olan faktorlardan ona qarşı istifadə etməyə çalışırlar.

Buna qarşı hansı səmərəli tədbirləri görmək olar? Onların sırasında milli ide­yanın toplum tərəfindən inklüziv legitim faktor kimi qəbul edilməsi zəruridir. Çünki o halda cəmiyyətin kənar mənfi təsirlərə müqaviməti güclü olur və o, daxili resurs­larını səfərbər edərək, mübarizə aparır. 

Bu prizmada Azərbaycan üçün yeni tarixi mərhələdə milli ideyanın başlıca məzmunu özündə hansı faktorları ehti­va edə bilər? Fikrimizcə, bu, güclü lider, güclü dövlət və güclü cəmiyyət (xalq) bir­liyidir! Burada məsələ iki aspektin vəhdə­tində qoyulur. Birinci aspekt lider–dövlət–xalq qarşılıqlı münasibətlərinin inklüziv legitim olması ilə bağlıdır. İkinci aspekt dövlət üçün strateji əhəmiyyəti böyük olan bu üç faktorun həm ayrılıqda güclü olması, həm də birgə güclü olmaları əsas şərtdir. Hər iki aspekt ciddi araşdırma tələb edir. 

Milli lider

Liderin güclü olması hazırda bütün dünya üçün dövlətlərin müstəqilliyinin birinci şərti kimi qəbul edilir. Güclü lider istənilən situasiyada, o cüm­lədən, gözlənilməz böhranlı vəziyyətlər­də cəmiyyət və dövlət üçün faydalı olan qərarlar qəbul edəndir. Müasir mərhələ­də bu, asan məsələ deyildir və çox sayda faktorları nəzərə almağı tələb edir. Lakin real güclü olan lider bütün çətinlikləri aşır və dövr üçün aktual sayılan başlıca prob­lemləri həll edir. Nümunə kimi ulu öndər Heydər Əliyevin keçən əsrin 90-cı illərin­də çox mürəkkəb və ziddiyyətli geosiyasi situasiyada Azərbaycan dövləti və xalqı üçün tam faydalı olan addımlar atmasını göstərmək olar. Bunun sayəsində Azər­bacan dövlət və cəmiyyət olaraq xilas oldu, bütövlüyünü saxladı və inkişaf xət­tinə keçdi. 

Bununla müasir dövr üçün müstəqil­liyin əsas göstəricilərindən olan xilaskar­lıqla yeni quruculuğu paralel aparmaq keyfiyyətini Ulu öndər nümayiş etdirdi. “Əsrin müqaviləsi” enerji strategiyasını milli təhlükəsizliyə xidmətə istiqamətlən­dirdi. Həyata keçirilən geniş islahatlar Azərbaycanda müstəqil dövlətin institut­laşmasının müxtəlif sferalarını əlaqələn­dirdi. Qısa müddətdə Azərbaycan cəmiy­yəti yeni sosial-iqtisadi, siyasi-mədəni strukturlaşma səviyyəsinə keçdi. 

Müasir politoloji təlimlərdə vurğula­dığımız siyasi keyfiyyətlər liderin güclü olduğunu təsbit edən parametrlər kimi təqdim olunur. Deməli, güclü lider hər bir situasiyada dövləti və cəmiyyəti qalıb edəndir!

Digər nümunə Prezident İlham Əliyevdir. İlham Əliyev milli ideyanın bir mərhələsini tam reallaşdıran müzəffər liderdir! Bütün aspektlərdə qalibdir. Si­yasi, iqtisadi, mədəni, mənəvi-əxlaqi, enerji, təhlükəsizlik, ordu quruculuğu və s. sahələrdə böyük uğurlar qazanmış­dır. Əldə etdiyi uğurların real nəticəsi və bu mənada təcəssümü II Qarabağ sava­şında qalib gələrək ölkənin ərazi bütöv­lüyünü təmin etməsidir. Eyni zamanda, İlham Əliyev ölkənin suverenliyini tam təmin etdi! Bununla milli ideyanı reallaş­dıran güclü lider oldu! 

Deməli, liderin güclü olduğunu göstərən əsas parametr milli ideyanı re­allaşdırmaqdan ibarətdir. Bu şərt yeni ta­rixi mərhələdə daha da aktuallaşır. 

Güclü dövlət 

Azərbaycanda güclü dövlət qurucu­luğu konsepsiyasının müəllifi Heydər Əliyevdir. Ümummilli lider çox çətin və ziddiyyətli dövrdə ölkədə müstəqil güclü dövlət qura bildi. Onun strateji hədəflərini və onlara çatmağı düzgün müəyyən etdi və həyata keçirdi. 

İlham Əliyev bu prosesi böyük uğurla davam etdirdi. O, bu kontekstdə vurğu­layır ki, artıq müstəqil dövlət quruculuğu­nun əsas prinsipləri müəyyən edilmişdir. Onlar “bir millət, iki dövlət” ümumi strateji düsturu çərivəsində məzmunlaşırlar. 

Onu deyək ki, dövlətin gücünü təs­diqləyən faktorlar əldə edilən uğurlardır. Ölkənin ərazi bütövlüyünün təmin edil­məsinin təməlində sistemli və davamlı in­kişaf dayanır. Cəmiyyətin bütün sahələri üzrə davamlı inkişafa nail olunmuşdur. Ordu gücləndirilmişdir, dövlətin bütün strukturları dəqiq işləyir. İslahatlar da­yanmır və iqtisadi infrastruktur daha da təkmilləşir. II Qarabağ savaşını qazanan məhz Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik strategiyası oldu! Müa­sir, demokratik və daim inkişafda olan Azərbaycan dövləti!

Dövlətin gücünü ifadə edən digər faktor onun xarici siyasət kursunun məz­munu ilə bağlıdır. Azərbaycan yeni tarixi mərhələ üçün müəyyən etdiyi 14 prioritet istiqamət vasitəsilə həm regional liderli­yini, həm də qlobal miqyasda geosiyasi oyunçu kimi mövqeyini möhkəmlətmək xəttini seçmişdir. Bunun üçün Azərbay­can həm regionda sabitlik və təhlükəsiz­liyin əsas qarantıdır, həm də beynəlxalq təhlükəsizliyin yeni arxitekturasının qu­rulmasının fəal iştirakçısı. Bu iki funksi­yanı bir-biri ilə qarşılıqlı əlaqədə reallaş­dıran rəsmi Bakı yeni tarixi mərhələdə güclü dövləti yeni səviyyəyə yüksəltməyə nail olacaqdır. 

Güclü cəmiyyət 

Bu faktor faktiki olaraq inklüziv legi­timliyin təməlidir. Lider və dövlətin gücü, əslində, cəmiyyətlə birlikdən qaynaqla­nır. Lider xalqı və cəmiyyəti ilə bir olan­da həm özü, həm də dövləti güclü olur. Azərbaycan cəmiyyətinin gücü azərbay­cançılıq ideologiyasından qaynaqlanır. Azərbaycançılıq real əsasda cəmiyyəti birləşdirir, onun inkişafını təmin edir, bü­tün sahələrdə tərəqqini stimullaşdırır. 

Ulu öndər Azərbaycançılıq məfkurəsi deyəndə, hər şeydən öncə, Azərbay­can mədəniyyətini, ana dilimizi və adət-ənənələrimizi nəzərdə tuturdu. Bu­nunla yanaşı, Heydər Əlyev daim başqa mədəniyyətlərə, dünyanın mənəvi-mə­dəni və əxlaqi zənginliyinə açıq olmağı tövsiyə edirdi. 

Bundan başqa, azərbaycançılıq daxi­li mühitdə multikulturalizmi aktuallaşdı­rır və ona geniş şərait yaradır. Bunun sayəsində Prezident İlham Əliyev milli ideyanın bir mərhələsinin nəticəsi olaraq vətəndaş cəmiyyətinin formalaşmasını göstərmişdir. Vətəndaşın gücü, bütöv­lükdə, cəmiyyətin gücünün təməlində da­yanır. Deməli, vətəndaşın güclü olması güclü cəmiyyətlə güclü dövlətçiliyi birləş­dirən əsas amildir. 

Məsələnin bu tərəfi milli ideya kon­tekstində son dərəcə əhəmiyyətlidir. Ay­dın olur ki, yeni tarixi mərhələdə inkişafın mərkəzində insan amili dayanacaqdır. Lakin bu faktor güclü dövlətlə güclü cə­miyyətin vəhdətini yaratmaqda başlıca lokomotiv rol oynamalıdır. Bunu isə güclü lider reallaşdıracaqdır. Onda yeni tarixi mərhələdə güclü liderin milli ideyanın mərkəzi amili olacağı nəticəsini çıxara bilərik. 

Bizcə, Azərbaycan üçün başqa va­riant uğurlu olmaya bilər. Hər şeydən öncə, o səbəbdən ki, yeni tarixi mərhələ­də milli ideya güclü liderin sayəsində re­allaşa bilər. Elə bir lider ki, faktiki olaraq milli ideyanın məzmunu və məqsədini müəyyən edir. Eyni zamanda, bu məqsə­də çatmanın konkret mexanizmlərini ha­zırlayır! Bu lider Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevdir! 

***

Yekun olaraq, yeni tarixi mərhələdə milli ideyanın başlıca xüsusiyyəti haqqın­da fikir yürüdə bilərik. Yuxarıdakı təhlil­dən görünür ki, yeni tarixi mərhələdə milli ideyada siyasi şəxsiyyət faktoru aparıcı rol oynamalıdır. Dövlət başçısı həm də siyasi lider kimi, milli ideyanı müəyyən edən və onu reallaşdıran şəxsiyyətdir. Bunun üçün dövlət başçısı, təbii ki, cə­miyyətin bütün kəsimlərinin milli ideya ilə bağlı nəbzini tutmalıdır. İlham Əliyev bunu həyata keçirir. Maraqlıdır ki, cəmiy­yətdən, o cümlədən, ziyalılardan olan reaksiyalar göstərir ki, toplum birmənalı olaraq İlham Əliyevin milli ideya ilə bağ­lı fikirlərini tam qəbul etməyə hazırdır və Prezidentə güvən yüksəkdir. 

Belə çıxır ki, Azərbaycan yeni tarixi mərhələdə milli ideyanın müəyyən edil­məsinə və onun reallaşmasına tamamilə monolit, fikir və mövqe birliyi ilə gedir. AMEA-nın timsalında Azərbaycanın elm adamları da bu qənaətdədirlər. Bu qənaət AMEA Rəyasət Heyətinin milli ideyaya həsr olunmuş son seminarında yekdilliklə qəbul edilmişdir. AMEA güclü lideri milli ideyanın reallaşmasının başlı­ca qüvvəsi kimi gördüyünü ifadə etmişdir! Bizcə, tamamilə perspektivli, real vəziy­yətə uyğun və müstəqil dövlətçiliyə xid­mət edən mövqedir! Belə alınır ki, Azər­baycan cəmiyyət olaraq Prezidentə milli ideya ilə bağlı tam dəstək verir. Deməli, qarşıdakı mərhələdə də milli ideya real­laşacaqdır! 

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət