Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında ölkəmizə qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin mövzu ilə bağlı şərhində yer alıb.
A.Hacızadə, həmçinin bildirib: “Bu bəyanat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir.
Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların, ekstremist təşkilatların əvvəlcədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi.
Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir.
Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.
XQ