Sumqayıt hadisələrindən 36 il ötür
Ötən əsrin sonuna yaxın ermənilərin start verdiyi “Qarabağ hərəkatı”nın ilkin həlqələrindən biri də 1988-ci il fevralın 27–29-da baş verən Sumqayıt hadisələri oldu. Onda hələ sovet rejimi hökm sürürdü və Xəzərsahili beynəlmiləl şəhərdə qanlı aksiyaların törədilməsi aydın səmada şimşək kimi çaxdı. Üç günlük talanlar, qətllər tələm-tələsik foto və kino lentlərinə çəkilərək dünyaya yayıldı ki, “məzlum” hayların bizim əlimizdən nələr çəkdiyi bilinsin.
Halbuki, “aysberq”in görünməyən tərəfində Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi niyyəti dururdu. Məhz Sumqayıt hadisələrindən sonra ermənilər uydurma “Dağlıq Qarabağ problemi” fonunda daha da fəallaşdılar və inandılar ki, ələ aldıqları SSRİ rəhbərliyinin, konkret olaraq SSRİ rəhbəri Mixail Qorbaçovun “xeyir-dua”sı ilə qondarma respublikalarının ərazisini bir qədər də böyüdəcəklər. Onlar Sumqayıt olaylarını dəstavuz edərək ilhaqçılıq fəaliyyətlərinə legitimlik donu geydirməyə çalışdılar. Sumqayıtdan tapılan “Paşa” ləqəbli keçmiş məhbus Eduard Qriqoryanın başıpozuq dəstəsinin əli ilə şəhərdə iğtişaşlar törətdilər. Evlər talan olundu, maşınlar yandırıldı, mağazalar qarət edildi və 26-sı erməni, 6-sı azərbaycanlı olmaqla 32 nəfər dinc sakin qətlə yetirildi.
Sumqayıtda yaşayan bu sətirlərin müəllifi o müdhiş hadisələrin şəxsən şahidi olub. Fevralın 27-si səhərdən əhalinin daha gur olduğu mərkəzi kolxoz bazarının ətrafında meşin gödəkçəli gəlmə şəxslər camaata Ermənistanın Quqark (Pəmbək), Leninakan (Gümrü) və Kirovakan (Böyük Qarakilsə) qaçıb gəldiklərini, oralarda azərbaycanlıların kütləvi qırğına məruz qaldıqlarını söyləyir, anti-erməni təbliğatı aparırdılar. Kimin ağlına gələrdi ki, onlar azərbaycanca təmiz bilən erməni missionerləri idi?
Tədricən böyüyən izdiham günortadan sonra şəhər partiya komitəsinin qarşısındakı meydana səmt aldı və orada “Ermənilərə ölüm!” şüarları ilə mitinq başlandı. Beləcə, qığılcımdan alov doğdu və növbəti günlərdə qarışıqlıq, talanlar bütün şəhəri bürüdü. 2-ci mikrorayonun “Dostluq” küçəsi səmtindəki evin 5-ci mərtəbəsindən bir erməni qocasının aşağı atıldığını, 45-ci məhəllənin “C.Cabbarlı” küçəsi tərəfində ortayaşlı erməni qadının lüt-anadangəlmə soyundurularaq çölə çıxarıldığını olduğu kimi xatırlayıram. Sonradan öyrəndim ki, həmin qoca xəstəxanada canını tapşırıb, qadını isə aparıb yandırıblar...
“Paşa”nın qoçuları şəhərdə, necə deyərlər, dördnala çapırdılar. Qarşısıalınmaz kütlə yaşayış binalarının konkret ünvanlı mənzillərinə hücum çəkir, erməni sakinlərə divan tuturdu. Sən demə, həmin ünvanlarda separatizm məqsədilə gizli formada yaradılmış “Krunk” (“Qərib durna”) təşkilatı üçün ianə verməyənlərin siyahısında olan ermənilər yaşayırmış. Qriqoryanların xüsusi siyahı üzrə hərəkət etdiyini çoxları bilmirdi. Onlar isə əsasən talançılığa meyilli kriminal ünsürləri başına toplamışdılar. Əlbəttə, sadəlövhlükdən onlara qoşulan səbatsız azərbaycanlı gənclər də vardı.
Cinayətlə bağlı konkret rəqəm və faktlardan çox yazılıb. Bir daha onu qeyd etmək istəyirəm ki, fevralın 29-da şəhərin küçələrinə milis işçilərindən və sovet ordusu əsgərlərindən ibarət “kordon”lar düzülsə də, onların hamısı adi müşahidəçi rolunu oynayırdı. “Sülh” küçəsi boyunca rus zirehli transportyorları o baş-bu başa şütüyürdü. Gözü qızmış kütlənin arasından yola çıxaraq həmin “BTR”lərə benzin dolu şüşə qablar atan bir neçə nəfərin hərbi maşınların altında qalaraq öldüyünün də canlı şahidiyəm. Sonradan bilindi ki, təşkilatçılar quldur dəstəsini əvvəlcədən boruyayma zavodunda erməni ustaların hazırladığı şiş uclu dəmir parçaları ilə silahlandırıb, spirtli içki və narkotiklərlə yetərincə təmin ediblərmiş...
Prokurorluq orqanlarının arxiv materiallarından məlum olur ki, “Paşa” hələ 1988-ci ilin əvvəllərində Xankəndidə bir müddət sonra Ermənistanın prezidenti olacaq Serj Sarkisyanla, “Daşnaksütun”un ilkin maliyyə dəstəyi, katolikos I Vazgenin xeyir-dua verdiyi "Krunk”un fəalları Manucarov və Dədəmyanla görüşübmüş. Vəzifə yiyəsi olan qatı separatçıların Sumqayıtdan gələn tüfeyli, kriminal Ediklə nə işi ola bilərdi? Təbii ki, “uzaqgörən” plana əsasən, Qarabağın işğalı məsələsində Sumqayıt kartını ortaya atmaq üçün Azərbaycan dilini təmiz bilən cinayətkar ünsürü təlimatlandırırlarmış. O da tapşırıq alandan sonra qayıdıb Sumqayıtda aranı qatdı ki, ermənilərə zülm edildiyini və iki millətin bir arada yaşamasının mümkünsüz olduğunu aləmə car çəksinlər.
Sumqayıt hadisələrindən bir il sonra “Krunk” Abxaziyada erməni mədəni və xeyriyyə cəmiyyəti kimi rəsmi fəaliyyətə başlayıb. Bu təşkilatın Abxaziyada erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırdığı məlumdur və bu da istər-istəməz adamı abxaz separatizmində gizli erməni köklərinin olması barədə düşüncələrə vadar edir. Onu da deyək ki, 90-cı illərdə “Krunk”un Qarabağdakı ideoloji bölməsinin rəhbəri Xankəndi ipək fabrikinin ovaxtkı partiya təşkilatı katibi, Xocalı qatili, sonradan Ermənistanın prezidenti olmuş Robert Köçəryan idi…
Üç gün ərzində Sumqayıtda sabitliyin bərpası naminə heç bir tədbir görməyən hakimiyyət dairələri yalnız dalğa yatandan sonra, martın 1-də şəhərdə fövqəladə vəziyyət elan etdilər. Bundan sonra komendant saatı və pasport rejiminin heç bir mənası yox idi. Amma, görünür, bu, Moskvadan göndərilmiş istintaq qrupunun rahat işləməsi üçün lazım imiş. Hadisələrə görə 1000-ə yaxın adam şübhəli şəxs qismində saxlanıldı, 500 nəfər həbs olundu, 94 nəfər mühakimə edildi. Dəstə başçısı Eduard Qriqoryana 12 il, dəstə üzvü Taleh İsmayılova isə 15 il həbs cəzası verildi. Əhməd Əhmədov erməni lobbisinin hay-küyü ilə güllələndi. İkinci qrup əlil olan Elçin Gəncəliyev istintaq dövründə işgəncələrə dözməyərək təcridxana kamerasında özünü asdı.
Qriqoryanın havadarları onu hər vəchlə cəzadan qurtarmağa çalışırdılar. Təşkilatçılar Paşanın əməllərini gizlədir, kimləri isə başçı kimi qələmə verirdilər. Çox çəkmədi ki, Sumqayıtda həbs edilib cinayət məsuliyyətinə cəlb edilən Paşa erməni lobbisinin və Moskvadakı dayaqlarının köməyi ilə Azərbaycandan alınıb Stavropol diyarına göndərildi. Onu müdafiə edən erməni kütləvi informasiya vasitələri Qriqoryanın haqsız tutulduğunu yazırdı. Qatı cinayətkarın cəzası sonradan 9 ilə endirildi.
“Poçemu Sumqait” adlı məlum məqaləsində mərhum akademik Ziya Bünyadov yazırdı: “Qarabağ komitəsi”nin Sumqayıtda yaşayan üzvləri hadisələrdən bir qədər əvvəl əmanət kassalarında olan pullarını kütləvi surətdə çıxarmağa başlayıblar. Mindən yuxarı erməni dekabr–fevral aylarında 8 milyon 343 min 691 rubl pul çıxarıb Sumqayıtı tərk ediblər. Bu, bir daha sübut edir ki, Sumqayıt olayları qabaqcadan düşünülmüş, planlı bir aksiya idi”.
Daha sonra məqalədə cinayəti törətməkdən ötrü nə üçün məhz Sumqayıtın seçilməsinə aydınlıq gətirilir. O zaman 260 min əhalisi olan Sumqayıtda yaşayanların əksəriyyəti gənclər idi. Onlar əsasən rayonlardan axışıb gəlmişdilər və valideyin nəzarətindən uzaq idilər. Belə gəncləri ələ almaq daha asan olardı. Bundan başqa, icbari iş almış 20 min dustaq da Sumqayıtda yerləşdirilmişdi. Cinayət üçün münbit şəraiti olan bu şəhərdə bir qığılcım bəs edirdi ki, ara qarışsın və yalan yerisin.
Həmin ərəfədə İsveçdən Artaşes Qabrielyan adlı bir erməni videokamera ilə Sumqayıta gələrək qabaqcadan planlaşdırılmış hadisələri lentə almaq üçün mövqe seçmişdi. Onun çəkdikləri “Bizi başkəsənlərdən xilas edin” adı ilə xarici ölkələrdə, necə deyərlər, isti-isti göstərilmişdi.
“Böyük Ermənistan” ideoloqları yeni “genosid”i operativ şəkildə yayıb, xislətlərinə uyğun olaraq ağlayıb qan-yaş tökdülər. "Azadlıq" radiostansiyasının erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan Sumqayıt hadisələrini bəşər tarixində görünməmiş bir aksiya adlandırırdı. Ermənilər ölənlərin sayının 32 deyil, 500 nəfərdən çox olduğunu iddia edirdilər. Yerevanda təcili olaraq “Sumqait, genosid, qlasnost” adlı kitab da nəşr olunub bütün ölkəyə yayılmışdı.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirilib, qanlı aksiyaların səbəbləri ətraflı araşdırılıb. Prezident İlham Əliyev 2019-cu il noyabr ayının 21-də Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş tədbirdəki nitqində sözügedən hadisələrin mahiyyətinə, ermənilərin qanlı aksiyalarının əslində nəyə xidmət etdiyinə bir daha aydınlıq gətirib: “Sumqayıt hadisələri erməni millətçilərinin təxribatı idi. Biz bunu açıq deməliyik. Çünki artıq neçə ildir ki, erməni millətçiləri Sumqayıt şəhərinə qara yaxmaq, ləkə vurmaq istəyirlər. Tamamilə əsassızdır və cəfəngdir. Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir”.
Xatırladaq ki, Sumqayıt hadisələrinin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədilə bir neçə il əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Baş Prokurorluğu bununla bağlı istintaqı təzələmiş və araşdırmaların hərtərəfli aparılmasına başlamışdır. İstintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti üzə çıxmışdır. Hadisələrin əsas sifarişçi və təhrikçilərinin Mixail Qorbaçov, eləcə də sovet rəhbərliyində təmsil olunmuş ermənipərəst dairələr və “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi və separatçı qüvvələrinin olması müəyyən edilmişdir. Sübuta yetirilmişdir ki, Sumqayıt təxribatı mahiyyətcə Dağlıq Qarabağın anneksiyasına bəhanə kimi törədilən aksiyadır.
Bəli, Sumqayıtı erməni qətllərinin törədildiyi məkan kimi təqdim etmək cəhdi, əslində, yalanla yoğrulmuş siyasi “tozanaq” idi.
Əli NƏCƏFXANLI
XQ