“Erməni tamaşası”nın yunan şahidi

post-img

Bir vaxt dünyaya səs salmış Sumqayıt hadisələrindən ötən 36 ildə təkzibedilməz, ifşaedici faktlarla dönə-dönə sübut olunub ki, 1988-ci il fevral ayının son günlərində, o zaman beynəlmiləl şəhər kimi tanınan Sumqayıtda törədilən hadisələrdən əsas məqsəd ermənilərlə azərbaycanlıların birlikdə yaşamasının qeyri-mümkünlüyünü göstərmək və Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirmək üçün “zəmin” hazırlamaq olub. Amma nankor qonşularımız hələ də yerli-yersiz Sumqayıtda haylara qarşı qətliamlar törədildiyi barədə əsassız iddialar səsləndirirlər. 

Xatırladaq ki, Sumqayıtda “tapşı­rıq”larını can-başla yerinə yetirmiş “Nal­yotçik” ekstremist qrupu – SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları təcili olaraq şəhəri tərk ediblər. Moskva­ya qayıdan orqan işçilərinin rütbələri ar­tırılıb, onların hər biri vəzifəcə yüksəlib. Amma hadisələrə obyektiv qiymət verən ruslar, hətta ermənilər də olub. Məsələn, Moskvada çıxan "Novoye vremya" sovet həftəliyi “Blokada" adlı məqaləsində ya­zırdı ki, oxucuların fikrincə, Sumqayıtda milli zəmində talanlar olmayıb. Təxribat məqsədilə erməniləri elə özlərininkilər öl­dürüblər. SSRİ DTK-nın sabiq əməkdaşı A.Kiçixin isə “Stolitsa” jurnalında yazırdı: “Biz Sumqayıt, Uzen və Oşda qanlı ha­disələrin baş verəcəyi haqqında məlu­matlı idik. Bu haqda DTK-ya məlumat verdik. Onlar da Mərkəzi Komitəni xə­bərdar etdilər. Bizim bütün yazılı və şifahi məlumatlarımız MK-nın divarları arasında sükutla qarşılandı. Partiya rəhbərliyi se­paratçıların və cinayət dəstələrinin qarşı­sını almaq üçün heç nə etmədi”.

Hətta o vaxt Sumqayıt şəhərinin komendantı olmuş V.Krayev “Pravda” qəzetinin 21 mart 1988-ci il tarixli sayın­dakı müsahibəsində bu barədə demiş­di: “Ölüm çox ola bilərdi, əgər yerli əhali kömək etməsə idi. Bir avtobus sürücüsü elə həmin gün 10 erməni ailəsini öz doğ­ma rayonu Şəkiyə aparıb”. Rus yazıçısı Aleksandr Çekalin “Ekonomiçeskaya qa­zeta”da dərc etdirdiyi “1983–1993-cü illər­də SSRİ-yə kənardan vurulan 100 zərbə” məqaləsində Sumqayıt hadisələrini 17-ci sırada göstərib. İsveçdə yaşayan erməni siyasi xadim və yazıçı Vaqe Avetyan özü­nün sensasion fikirlərilə soydaşlarının iç üzünü ortaya qoyub. Sumqayıt hadisələ­rinin ildönümü ərəfəsində o bildirib ki, həmin dövrdə törədilən hadisələri azər­baycanlılar deyil, ermənilərin köməyilə SSRİ rəhbərliyi həyata keçirib. “Ermənilər Qarabağı qonşularından alıb dünyaya göstərmək istədilər ki, necə ağıllı, qədim keçmişə malik xalqdırlar. Eləcə də demək istədilər ki, azərbaycanlılar necə pis xalq­dır”, – deyə erməni yazıçı bəyan edib.

Erməni məkrinə bələd olanlardan biri də Ermənistanda doğulmuş yunan, 40 il Sumqayıtda yaşamış və böyük kimya birliyinin baş mühəndisi olmuş Lazar Av­lastimovdur. Hazırda Rusiyada yaşasa da, sumqayıtlı dostları ilə əlaqəsini kəs­məyən bu qədirbilən insan həmin olay­ları yaxşı xatırlayır. Bu günlərdə keçmiş həmkarı, mühəndis-şair Süleyman Hü­seynov onunla telefon əlaqəsi saxlayıb. Dostların söhbətində Sumqayıt hadisələri də xatırlanıb. Lazar Avlastimov bu barə­də deyib: “Gözləri qarşısında baş vermiş o hadisələri unuda bilmirəm. Hansısa məkrli niyyət naminə insanlar öldürüldü, maşınlar yandırıldı, mağazalar, mənzillər talan edildi. Erməni millətçiləri dünya icti­maiyyətinə azərbaycanlıları başkəsən şo­vinistlər kimi qələmə verməyə çalışdılar”. 

Həmin hadisələr başlanan günün səhərisi alman televiziyasının hadisə yerindən reportaj verdiyini xatırlayan Lazar Avlastimovun fikrincə, tək bu fakt təsdiq edir ki, təxribat xarici qüvvələr və ermənilərin özləri tərəfindən təşkil edil­mişdi. “Sonralar aydın oldu ki, millətçi “Krunk” təşkilatının Sumqayıtda gizli qrupu vardı. Və bizim “Kimyasənaye” is­tehsalat birliyində 360 erməni işləyirdi. Onlara rəhbərlik edənlər sex rəisi L.Ab­ramyan və birlik mühasibatının hesab­lama hissəsinin rəhbəri Y.Gevorkyan olublar. Hamı bilir ki, ermənilər Azərbay­canda çox yaxşı yaşayıblar. Respublika rəhbərliyində, nazirliklərdə çoxlu sayda erməni işləyirdi, bundan əlavə, ticarət, məişət obyektlərinə əsasən ermənilər nəzarət edirdilər. Amma bu, onları qane etmirdi. 

Sumqayıt hadisələrinə onlar əsaslı hazırlaşmışdılar. Bu hadisələrin ərəfəsin­də imkanlı ermənilər “Krunk” müntəzəm üzvlük haqqı ödəyirdilər, əmanət bankla­rından hesablarındakı pulları çıxartmışdı­lar. Bu təşkilata üzvlük haqqı verməkdən imtina edən erməni ailələri, ilk növbədə, zorakılığa məruz qaldılar. İndi bəziləri deyirlər ki, sumqayıtlılar ermənilərə qarşı zorakılıq ediblər. Lakin Ermənistandakı azərbaycanlıları dədə-baba torpaqların­dan amansızcasına qovanda heç kəs er­mənilərə güldən ağır söz demədi. İnsan­ları doğradılar, odda yandırdılar. Uşaq, qoca, hamilə qadınlara divan tutdular. Sağ qurtulanlar qarlı-buzlu yollarla Azər­baycana üz tutdular. Nədənsə unudurlar Sumqayıt hadisələrində məhz sumqayıt­lilar erməniləri evlərində saxladılar, yedi­rib-içirtdilər. Hər erməni ailəsinə onların təhlükəsizliyinə cavabdeh şəxs ayrılmış­dı. Mən bilən, bu gün də Azərbaycanda 30 mindən artıq erməni yaşayır. Halbuki, Ermənistanda, inanmıram ki, azərbay­canlı yaşasın...”

Süleyman Hüseynov o vaxt dostunun Yerevana getdiyini xatırladaraq həmin səfərin məqsədini soruşub. “– Hadisələr­dən sonra qısa müddət ərzində şəhər rəhbərliyi dağıntıya məruz qalmış erməni mənzillərini əsaslı təmir etdirdi, yeni me­bellərlə təmin edildi, – deyə o, cavab ve­rib. – Respublika rəhbərliyi Sov.İKP MK ilə Ermənistana getmiş erməniləri Sumqayı­ta qaytarmaq məsələsini razılaşdırdı. Bu məqsədlə Azərbaycan SSR Nazirlər So­vetinin sədr müavini Musa Məmmədovun sədrliyi ilə komissiya yaradıldı. Məni də bu komissiyaya daxıl etdilər. Lakin Ye­revanda danışıq alınmadı. Sumqayıtlı ermənilərin əvəzinə görüşə 20-yə yaxın aqressiv fikirli adam gəldi və bizə hücum etdi. Ünvanımıza hədələr səsləndi. Sonra hündürboylu bir oğlan irəli çıxdı və onlara müraciət etdi.

– Heç bir görüş lazım deyil! Biz onlar kimi vəhşi deyilik! Hamı bilməlidir ki, biz sivil, yüksək mədəniyyətə malik millətik! Bütün suallar diplomatiya yolu ilə həll olunmalıdır.

Mən dözmədim və siqaret çəkmək üçün qaldığımız pansionatın balkonuna çıxdım. Bu vaxt mənə bir gənc yanaşdı və görünür, erməni olduğumu zənn edərək, dedi:

– Bunlara, bax, belə etmək lazımdır. Qoy, dünya bilsin ki, kim kimdir.

Ertəsi gün də bizə Sumqayıt ermənilə­ri ilə görüşməyə imkan vermədilər. Düz­dür, pansionatın direktorunun kabinetinə dəvət etdilər, lakin gələn olmadı. Sonra 2 nəfər bizə yaxınlaşdı. Onlardan biri Sumqayıtda sürücü işləmişdi, qardaşımı və məni də tanıyırmış. Dedi, danışmaq istəyirlər və məni bir kiçik otağa dəvət et­dilər. Orada məni dinləmək belə istəmə­dilər və tələb etdilər ki, çıxaq, gedək. Bu an otağın qarşısından keçən adamların danışığını eşitdim. Kimsə deyirdi ki, bizim kofeyə nəsə qatmaq lazımdır. Tanışım ehtiyatla mənə baxdı, çünki ermənicə bil­diyimdən xəbəri vardı. Tez otaqdan çıxıb ki, bizimkilərə xəbər verməyə tələsdim. Bizimkilər sakitcə oturub və hələ də görü­şün keçirilməsini gözləyirdilər. Həyəcanla “Tez durun, gedək!” – dedim. Musa Məm­mədov sakitcə – “Sən nə danışırsan?” – deyə soruşdu və kofedən bir qurtum iç­mək istədi.

Mən onu əlimlə saxladım və təkrar etdim: “Tez getməliyik, vəssalam! Burda işimiz yoxdur!”

Mənim əndişəmdən vəziyyəti hiss edən komissiyanın üzvləri arxamca gəl­dilər. Pansionatın ehtiyat çıxışına yönəl­dik. Sumqayıt superfosfat zavodunun di­rektoru mərhum Nərçə Ağayevin əlaqələri sayəsində Ermənistan “Kəndkimya” birliyi sədrinin xidməti avtomobili ilə bizi Azər­baycana çatdırdılar...

Mən Ermənistanda doğulsam da, oradakı milli siyasət mənə vəhşilik mü­nasibəti xatırladırdı. Təbii ki, mən buna dözə bilməzdim. Ona görə də Sumqayı­tı seçmişdim. 18 yaşlı gənc ikən burada gün görməyə başlamış, heç bir tanışım olmaya-olmaya fəhləlikdən nəhəng bir sənaye birliyin baş mühəndisiliyinə kimi bir yol keçmişəm. Hər yerdə xeyirxahlıq, səmimiyyət hiss etmişəm. Bütün bunlar Ermənistanda mümkün olmazdı. Təqaü­də çıxandan sonra Krasnodara – övladla­rımın yanına köçmüşəm. 

Mən Azərbaycanla, Sumqayıtla hə­mişə əlaqə saxlayıram. Baş verən ha­disələri müntəzəm izləyirəm. Qarabağın azad edilməsini sevinclə qarşıladım. Ötən il Heydər Əliyevin 100 illik tədbirlərini ma­raqla izləyirdim. Bu günlərdə Azərbaycan prezidenti seçkilərində İlham Əliyevin əzəmətli qələbəsi məndə qürur hissi ya­ratdı. Bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Mən də özümü bu ölkənin, bu xalqın oğlu hesab edirəm! Sumqayı­tın oğlu hesab edirəm! Mən bu xalqa, bu şəhərə borcluyam”.

...Bəli, vaxtaşırı “Sumqayıt kartı”ndan istifadə edən ermənilər hələ də anlamırlar ki, Qorbaçov Qərbin SSRİ-ni dağıtmaq planının baş icraçısı idi və onları da se­paratizmə ona görə həvəsləndirmişdi ki, həmin proses tezliklə baş tutsun, yaranan çat get-gedə böyüsün. Nəticədə sovet imperiyası çökdü, Qorbaçov Nobel mü­kafatı aldı, Qarabağ isə ermənilər üçün boş şirnikləndirmə vasitəsi olaraq qaldı. Bu gün artıq “DQMV” və “Artsax” yoxdur, hay-küyçü haylar İrəvanda belə pis günə düşüblər, Ermənistan dövlətinin etibarlı sabahına heç bir ümidləri yoxdur. 

Bu da “Qarabağ hərəkatı”, “Miatsum”, “Sumqayıt hadisələri” adları altında baş­lanan oyunbazlığın sonu. İlhaqçının, iş­ğalçının, qonşusuna xəyanət edən və onun torpağında gözü olanların bundan başqa aqibəti ola bilməz”.

 

Əli NƏCƏFXANLI 
XQ



Qan yaddaşı