Bu nəhəng obyektin istismara verilməsi ilə il ərzində 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək
“AzərEnerji” ASC-dən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, ötən ilin fevral ayında Mingəçevir şəhərində təməli qoyulan və gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər uğurla davam etdirilir.
Yeni elektrik stansiyasına artıq İtaliyanın “Ansaldo Energia” şirkəti tərəfindən hazırlanan 2 turbin və 2 generator gətirilərək yerinə quraşdırılıb, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq adıçəkilən ölkədə yığılır və növbəti mərhələdə respublikamıza göndərilməsi nəzərdə tutulur. Bununla bərabər, stansiyanın qazan utilizatorları da artıq xüsusi texniki vasitələrlə gətirilərək ağır tonnajlı kranlar vasitəsilə yerində quraşdırılır.
Avadanlıqların quraşdırılması işlərinə, texniki vəziyyətinə baxış keçirmək üçün İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri və “Ansaldo Energia” şirkətinin prezidenti Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevirdə olublar. “AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakı ilə qonaqlar tikinti ərazisinə, turbin və generatorlara baxış keçiriblər.
Qeyd edək ki, 1280 meqavat gücündə yeni tikilən elektrik stansiyası ölkədə yaradılan bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, ətraf mühitin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, bu stansiyanın “Azərbaycan” İES-in 7 və 8-ci bloklarına inteqrasiya edilməsi ilə ümumi gücün əlverişli nəticə sayılacaq 1880 meqavata çatdırılacağı gözlənilir. Başqa sözlə, yeni tikilən elektrik stansiyasının util qazanlarından çıxan buxarın “Azərbaycan” İES-in 7 və 8 saylı buxar turbinlərinə verilərək bu blokların qaz yandırmadan işləməsi nəzərdə tutulur.
“AzərEnerji” ASC-nin məlumatında, həmçinin bildirilir ki, yeni stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət olunacaq. Eyni zamanda, elektrik stansiyasının faydalı iş əmsalı 55,5 faizə yüksələcək, ətraf mühitə atılan karbon qazının miqdarı 1,5 - 2 milyon ton azalacaq. Bütün bunlar isə “Yaşıl dünya naminə həmrəylik ili”nə önəmli töhfə olacaq.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, son 20 il ərzində respublikamızın energetika sistemində genişmiqyaslı layihələr gerçəkləşdirilib, bu sahədə böyük həcmdə yenidənqurma, tikinti layihələri icra olunub. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə müasirləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib. Dövlətimizin başçısının 25 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında” sərəncamı da ölkəmizin elektrik enerjisi ilə fasiləsiz təminatını daha da gücləndirmək, təhlükəsizliyin maksimal səviyyədə reallaşdırılmasına nail olmaq baxımından daim diqqət mərkəzində saxlanılıb.
Yuxarıda adıçəkilən sənəddə “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) modernləşdirilməsi respublikanın enerji dayanıqlılığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması və regionda yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malik olduğu bir daha öz ifadəsini tapıb.
Prezident İlham Əliyev vurğulanan bu mühüm məsələlər barədə 2023-cü il fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında ətraflı bəhs edib. Dövlətimizin başçısı nitqində belə bir nəhəng infrastrukturun – Mingəçevir Elektrik Stansiyasının gələcəkdə – 2025-ci ildə istifadəyə veriləcəyini, bununla da ölkəmizin enerji potensialının böyük dərəcədə güclənəcəyini, şəhərin isə Azərbaycanın elektroenergetika mərkəzi kimi önəminin daha da artacağını bildirib. “Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir”, – deyə ölkə rəhbəri vurğulayıb.
Hazırda Mingəçevir şəhərində keçən ilin fevral ayında təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük yeni İstilik Elektrik Stansiyasında işlər “AzərEnerji” ASC tərəfindən sürətlə davam etdirilir. ASC-dən redaksiyamıza verilən məlumatda bildirilir ki, “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa olunan 1280 meqavatlıq bu stansiyanın tikinti işləri Azərbaycanın ixtisaslaşmış yerli şirkətləri tərəfindən həyata keçirilir. Stansiyanın tikintisinə isə İtaliyanın “AFRY” məsləhətçi və İspaniyanın “İDOM” layihələndirmə şirkətləri nəzarət edir.
ASC-dən redaksiyamıza verilən məlumatda da vurğulanır ki, 1280 meqavatlıq yeni elektrik stansiyası və “Azərbaycan” İES-in mövcud 7 və 8-ci bloklarının əlaqələndirilməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı iş əmsalı 18 faiz artırılaraq 56 faizə çatdırılacaq. Daha dəqiqi, 1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və “Azərbaycan” İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək.
Sonda diqqətçəkən bir məsələni də qeyd edək. Hamımız yaxşı xatırlayırıq ki, İkinci Qarabağ müharibəsində erməni faşizminin hədəfində olan obyektlərdən biri də “Azərbaycan” İstilik Elektrik Stansiyası idi. Düşmən Vətən savaşında uduzduğuna görə, bu nəhəng stansiyanı dağıtmaqla qisas almağa cəhd göstərdi, bu son dərəcə əhəmiyyətli infrastrukturu uzaqmənzilli raketlərlə atəşə tutdu. Həmin raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi.
Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa olunan yeni elektrik stansiyasının tikilməsi ilə Azərbaycanın enerji potensialı böyük dərəcədə güclənəcək. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə vurğuladığı kimi, bu, respublikamızın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yeri yaranacaq və beləliklə, ölkəmiz öz imkanlarından tam yararlanaraq həm daxili tələbatı ödəyəcək, həmçinin elektroenergetikanın inkişafını yeni inkişaf mərhələsinə qaldıracaq.
Vaqif BAYRAMOV
XQ