“Şahdəniz” yatağının ikinci işlənmə mərhələsində qaz hasilatına 2018-ci il iyul ayının 30-da başlanılıb. Həmin gün yatağın şimal cinahındakı “SDC03Z” quyusunun istismara verilməsi ilə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Sonrakı illərdə yeni quyuların istismara daxil edilməsi ilə hasilat artmağa başlayıb. 2022-ci ildə “Şahdəniz-2” layihəsi çərçivəsində daha bir uğura imza atan konsorsium iştirakçıları tərəfindən yatağın qərb-cənub cinahı işlənməyə daxil edilib.
Ötən il isə “Şahdəniz-2” layihəsi çərçivəsində aparılan işlər yatağın şərq-şimal cinahından 2024-cü ilin ilk rübünə planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun həyata keçirilib. Hesabat dövründə layihə çərçivəsində şərq-şimal cinahında bütün sistemin istismar üçün təhvil verilməsi başa çatdırılıb. Bundan sonra bu cinahda “EN03” quyusunun tamamlama əməliyyatları, həmçinin sualtı və təhvilvermə işləri üzrə fəaliyyətlər davam etdirilib.
BP şirkətindən aldığımız məlumata görə, “Şahdəniz–2” layihəsi çərçivəsində artıq “Şahdəniz” yatağının şərq-şimal cinahından hasilata başlanılıb və ilin əvvəllərinə planlaşdırılan bu proses tam təhlükəsiz yerinə yetirilib.
Məlumatda qeyd edilir ki, bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılaraq sistem, bütövlükdə, istismara təhvil verilmişdi.
Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə, təqribən, 30 kilometr uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli “Şahdəniz” qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl “BP Azərbaycan” şirkətindən Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağındakı “SDX-8” kəşfiyyat quyusunun qazılması üzrə nəzərdə tutulmuş 7 min metrlik ümumi layihə dərinliyinə nail olunduğu bildirilmişdi. Məlumatda, həmçinin yerdə qalan quyu işlərinin də başa çatdırılacağı, əldə edilmiş məlumatların proqnozlaşdırılacağı və bu işlərin isə bir neçə ay ərzində başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilmişdi.
Xatırladaq ki, BP “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş çərçivəsində müqavilə ərazisində yeni “SDX-8” kəşfiyyat quyusunun qazılmasına ötən il yanvarın 23-də başlanıb. Quyu 2022-ci ilin dekabrında “Şahdəniz” yatağının şərq cinahında, SDX-8 quyusunun ərazisində yerləşdirilən Heydər Əliyev adına yarımdalma qazma qurğusundan istifadə edilməklə qazılıb.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz”in zəngin qaz və kondensat ehtiyatları istismara veriləndən respublikamıza yönələn diqqət daha da güclənib, yataqdan hasil olunan “mavi yanacağ”ın Avropa alıcılarının sayı getdikcə şoxalıb. Cənub Qaz Dəhlizinin uğurlu fəaliyyəti isə “Şahdəniz” layihəsi səhmdarlarının fəaliyyətində səmərəliliyi artırıb.
“Şahdəniz”in istismarının ilk vaxtlarından yatağın fəal işlənmə prosesi diqqətdə saxlanılıb. BP şirkətinin 2023-cü ilin yekunları ilə bağlı məlumatına əsasən, hesabat dövründə “Şahdəniz” layihəsinin əməliyyat tədbirlərinə 2 milyard 194 milyon dollar, əsaslı məsrəflərinə isə 892 milyon dollar xərclənib. Həmin vəsaitin böyük hissəsi isə qeyd edildiyi kimi, “Şahdəniz-2” layihəsinin fəal işlənmə prosesinə sərf olunub.
“Şahdəniz” yatağının səmərəli fəaliyyəti məqsədilə ötən müddətdə mühüm tədbirlər həyata keçirilib. Məsələn, gündəlik hasilat gücü təxminən 77 milyon (ildə 28 milyard kubmetrdən artıq) kubmetr təşkil edən iki hasilat platforması quraşdırılaraq istismara verilib. Həmin qurğuların gündəlik hasilat gücü təxminən 77 milyon (ildə 28 milyard kubmetrdən artıq) kubmetr təşkil edir. Ötən il “Şahdəniz-Alfa” və “Şahdəniz-Bravo” adlı platformalardan, ümumilikdə, təqribən, 26 milyard kubmetr qaz və 4 milyon tondan artıq kondensat çıxarılıb.
Onu da vurğulayaq ki, layihə səhmdarları tərəfindən “Şahdəniz” yatağının bir neçə mərhələdə işlənməsi ilə bağlı qərar qəbul olunub. Yatağın birinci işlənmə mərhələsi çərçivəsində tikinti-quraşdırma işlərinə 2003-cü ilin əvvəllərində, ilk qazın hasilatına isə 2006-cı ilin sonlarında başlanılıb. Yatağın ikinci işlənmə mərhələsi isə genişliyi və əhatəliyi baxımından daha çox seçilib. İl ərzində əlavə olaraq daha 16 milyard kubmetr qaz hasilatını nəzərdə tutan bu mərhələ çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilib.
Yeri gəlmişkən, “Şahdəniz-2” layihəsinə əsasən, Xəzər dənizində yatağın sualtı işlənməsi texnologiyasınin tətbiqinə başlanılıb. Bu, BP şirkətinin operatoru olduğu dünya üzrə ən iri sualtı infrasrukturu kimi qeydə alınıb. Təxminən, 28 milyard ABŞ dolları həcmində investisiya qoyulan bu layihə, ümumilikdə, planlaşdırılan ən azı 26 sualtı quyudan, bir-birinə körpü ilə birləşdirilan iki platformadan, 500 kilometr uzunluğunda sualtı boru kəmərləri və axın xətlərindən, Səngəçal terminalında əsaslı genişləndirmə işlərindən ibarətdir.
Hesabatda qeyd olunduğu kimi, ötən il “Şahdəniz” layihəsi çərçivəsində qazma əməliyyatları həyata keçirilməyib. Belə ki, “Şahdəniz-Alfa” platformasının qazma qurğusunda aparılan profilaktiki işlərlə əlaqədar burada quyu qazılmayıb. Bununla belə, “Şahdəniz” qaz-kondensat yatağında əsas kəşfiyyat-qiymətləndirmə quyularının qazılmasını həyata “İstiqlal” qurğusu vasitəsilə “SDF03” quyusunda təkrar tamamlama işləri başa çatdırılıb. Eyni zamanda, “SDF05” quyusunda tamamlama işləri yekunlaşdırılıb. Bütövlükdə isə, ötən müddətdə “Şahdəniz-2” layihəsi çərçivəsində 21 quyu qazılıb. Həmin quyuların 5-i yatağın şimal cinahında, 4-ü qərb cinahında, 4-ü cənub-şərq cinahında, 5-i qərb-cənub cinahında, 3-ü isə şərq-şimal cinahında yerləşdirilib.
“Şahdəniz” yatağından hasil edilən qaz sualtı infrastruktur vasitəsilə Səngəçal terminalına nəql olunur. Buradakı mövcud qurğular vasitəsilə qaz qəbul edilərək Cənubi Qafqaz boru kəmərinə (CBQK) ötürülür.
“Şahdəniz” qazı, eləcə də “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan neftlə bərabər çıxarılan səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda, təqribən, 81 milyon kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik 100 milyon standart kubmetr təşkil edir. Qaz Səngəçal terminalından Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyininın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il buradan orta hesabla, gündəlik təxminən, 71 milyon kubmetr “Şahdəniz” qazı göndərilib.
Hesabat ili ərzində qazın “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə) və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə, eləcə də Avropadakı alıcılara çatdırılması davam etdirilib.
Mirbağır YAQUBZADƏ
XQ