Milli Kitabxanada “18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı sərgi təqdim olunub

post-img

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə oktyabrın 18-i “Müstəqilliyin Bərpası Günü” elan edilmişdir.

XQ xəbər verir ki, Milli Kitabxanada  bu tarixi gün münasibətilə “18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə müstəqilliyin bərpası və suverenliyin təmin edilməsi, dövlətçilik tarixinin mühüm mərhələləri, müstəqil və suveren Azərbaycanın reallıqları, ölkəmizin müstəqillik tarixi və s. Dövlət  Müstəqilliyinin Bərpası Günü haqqında  kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Musteqilliyinin_berpasi_gunu/index.htm   linkindən istifadə edə bilər.

Ənənəvi sərgidə isə Azərbaycanın müstəqillik uğrunda apardığı tarixi mübarizə və bu yolda baş verən əsas siyasi hadisələri təhlil edən, xalqın azadlıq iradəsini geniş şəkildə işıqlandıran ictimai-siyasi proseslər, Azərbaycanın dövlətçilik tarixi və müstəqil dövlət quruculuğunun əsasları və s. müstəqillimizın bərpasının nəticələrini əhatəli şəkildə təqdim edən Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.

Nurəngiz Adilqızı
XQ



Sosial həyat