Təəssüf ki, Otenesyanın beynəlmiləl ruhu Zeynalovunkundan daha səmimi təsir bağışladı
BBC-nin rus xidmətinin “Bu, nə idi” verilişinin Azərbaycan və Ermənistandakı vəziyyətlə, hər iki ölkə arasındakı münasibətlərlə bağlı mövzusuna diqqət yetirəndə, bir neçə cəhəti vurğulamaq lazım gəlir. Söhbətimiz bu barədədir. Ancaq əvvəlcə qeyd edək ki, verilişdə aparıcı Oleq Antonenkonun qonaqları “BBC-rus”un Azərbaycan üzrə müxbiri Məhərrəm Zeynalovla media qurumunun erməni əməkdaşı Qriqor Otenesyan idilər.
BBC-nin rus xidməti, ümumən BBC ölkəmizə qarşı heç də həmişə ədalətli olmayıb, əksər hallarda tam ədalətsiz mövqe tutub ki, bu yanaşma, ilk növbədə, peşə prinsiplərinə ziddir. Sözügedən verilişdə yayımlanmış fikir və mülahizələr fonunda ortaya çıxan da elə budur – BBC Azərbaycanla bağlı reallıqları təhrif etmək niyyəti güdür.
Beləliklə, ondan başlayaq ki, BBC-nin rus xidməti özünün ölkəmiz üzrə müxbiri M.Zeynalovun dili ilə Azərbaycanda keçirilmiş 7 fevral Prezident seçkiləri ilə əlaqədar yanlış rəy formalaşdırır, seçkini gözdən salmağa cəhd göstərir. Media qurumu elə fon yaradır ki, sanki, Prezident seçkiləri ilə bağlı qərar tez-tələsik verildiyindən, prosesə hazırlaşmağa vaxt qalmadı və guya, buna görə də real müxalifət seçkidə iştirakdan uzaq dayandı. İlk təhrif də elə budur. Halbuki ötən il dekabrın 7-dən, yəni Prezident seçkilərininin keçirilməsi ilə bağlı qərarın qəbul olunduğu vaxtdan 2024-cü ilin fevralın 7-dək, hazırlaşmağa kifayət qədər, müddət var idi. Əgər müxalifət real mobil gücə malik idisə, gərək bəhanə gətirməyəydi. Tam aydındır ki, belə bir güc onda yoxdur və nəticədə seçkinin boykotundan başqa nə isə tapa bilməzdi də.
Digər tərəfdən, məlum idi ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi opponentlərindən hər baxımdan qat-qat üstün mövqedədir. Yəni, dövlət başçısı ilə mübarizə aparmaq bir yana, mübarizənin adını tutmağın özü gülünc görünür. Əslində, mövcud reallığı xaricilər də yaxşı duyurlar. Həmin xarici anti-azərbaycançı qüvvələrin dili ilə danışan və seçkini gözdən salmaq istəyən BBC və onun rus xidməti də həmçinin.
Ancaq verilişə diqqət yetirəndə, meydana maraqlı nüans çıxdı. M.Zeynalov fikirləri ilə elə təəssürat formalaşdırdı ki, guya, “kampaniya müddətinin azlığı” və bu kimi məsələlər olmasaydı, seçki fərqli nəticələr doğuracaqdı. Ancaq onun yanaşması o qədər gülünc idi ki, aparıcı Oleq Antonenko söhbətə müdaxilə edirmiş kimi davranıb Azərbaycan Prezidentinin mütləq qələbə qazanmasını şübhələndirməyə qarşı çıxdı. Yəni, aydın idi ki, BBC-nin mübahisələndirmək istədiyi motiv Azərbaycanın hazırkı dövlət başçısının qələbəsi deyildi. Bəs, nə idi?
Vurğuladığımız kimi, BBC, ümumən, seçkiləri gözdən salmaq yolu tuturdu. M.Zeynalovun “seçkinin mövcud vəziyyəti təsdiqləməsi” məntiqi də bundan qaynaqlanır. Ancaq o, başqa bir məqamın da üzərinə gəlir. Müxbirin sözlərindən belə çıxır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası real qüvvədir, onun ölkədə çoxsaylı tərəfdarları var və ən əsası həmin tərəfdarların böyük hissəsi həbsdədirlər. Bəli, BBC-nin demək istədiyi bu idi. Sanki AXCP seçkidə iştirak etsəydi, uğur qazanacaqdı. Bir sözlə, yeni amorf qüvvə uydurmağa hesablanmış cəfəngiyyat.
Əslində, istənilən cəfəng yanaşma özünüinkar təbiətinə malikdir ki, mövcud məqam Azərbaycan iqtidarının, Prezident İlham Əliyevin Qarabağ məsələsini həll etməklə xalqın sevimlisinə çevrildiyi tezisində də aşkar göründü. Yəni, məcburən etiraf edilən Qarabağ ritorikası fonunda, AXCP-ni real qüvvə kimi göstərmək, həqiqətən, də paradoksal durum yaratdı. Həm BBC, həm də M.Zeynalov özünü dolaşıq duruma saldı. Necə yəni, 40 min imza toplamaq çətin vəzifədir? Bir partiya ki, 40 min imza toplaya bilmir, onun hansı elektoratı ola bilər? Həmin partiyanın hansı üzlə seçkiyə qatılması mümkündür?
***
Başlıca məsələ seçkidən sonrakı Azərbaycanın Ermənistanla münasibətləri necə quracağıdır. Əlbəttə, mövcud xüsusdakı diskussiyalar, istər-istəməz, keçmişə ekskurs zərirətini doğurur və haqqında söz açdığımız verilişdə də belə oldu. Əlbəttə, bu, heç bir halda ana mövzunu - “Azərbaycanın Ermənistanın konstitusiyasını dəyişdirmək istəyi”ni arxa plana atmadı. Yəni, verilişdə məsələnin üzərində xüsusi dayanıldı.
Əslində, erməni jurnalist Qriqor Otenesyanın mövcud istiqamətdə söylədiklərini tamamilə reallıqdan uzaq kimi dəyərləndirmək olmaz. Hiss olunurdu ki, jurnalist Ermənistan hakimiyyətinin konstitusiya dəyişikliyi ilə bağlı irəli sürdüyü arqumentləri doğru təhlil edib. Ancaq onun yanaşmasında da yanlışlıq var. Q.Otenesyanın sözlərindən bu qənaət hasil olur ki, ana qanunu yeniləmək istəyən erməni xalqı deyil, Ermənistan hakimiyyətidir.
Məlumdur ki, baş nazir Nikol Paşinyan və komandasının üzvləri konstitusiya islahatı istəklərini yeni dövrün tələbləri ilə uyğunlaşmaq ehtiyacı şəklində izah edirlər. Əlbəttə, mövcud xüsusda N.Paşinyanın metaforası da diqqət çəkməkdədir. Hökumət rəhbəri konstitusiya dəyişikliyi zərurətindən söz açarkən bildirmişdi ki, hazırkı sənəd, obrazlı desək, əldə qırmızı parça tutub öküzü hirsləndirməkdir. Onun yanaşmasındakı öküz xarici qüvvələrdir, xüsusən də qonşular. Qırmızı parça isə konstitusiyanın əsaslandığı müstəqillik bəyannaməsindəki qonşu ölkələrə qarşı ərazi iddiasıdır. Otenesyan bildirir ki, məsələnin mahiyyətini dərk edən Ermənistan iqtidarıdır, erməni xalqı yox.
Əlbəttə, hazırda erməni cəmiyyətinin avantürist kəsimi aktivdir. Bu kəsimin təmsilçilərinin səsi daha çox çıxır və nəticə etibarilə fikirləri bütövlükdə erməni xalqının düşüncəsi qismində qəbul edilir. Belə bir durumda konstitusiya dəyişikliyi ilə bağlı referendumun hansı nəticələr doğuracağını söyləmək çətindir. Bəs Azərbaycana nə lazımdır? Lazımdır ki, erməni avantürizminin kökü kəsilsin. Bir ölkənin ki, əsas qanununda avantürizm yer alır, deməli, həmin sənədin yenilənməsi tələbi legitimdir. Həm də ona görə ki, Azərbaycan otuz ilə yaxın müddətdə erməni avantürizminin işğalçı mahiyyətindən əziyyət çəkib. Deməli, xalq həmin mahiyyətdən uzaq dayandığını səsi ilə təsdiqləməlidir. Hakimiyyətlər gəldi-gedərdi, əsas xalqdır.
***
Əlbəttə, verilişdə diqqət yetirilən bir məqam da oldu – Paşinyandan sonra gələcək hakimiyyət yenidən konstitusiya dəyişikliyinə gedə və xalqı əvvəlki sənədin vacibliyinə inandıra bilərmi? Çox güman, ehtimalı Azərbaycan tərəfi düşünməmiş deyil. Sadəcə, indi Ermənistanda konstitusiya dəyişikliyi baş versə, bu, maksimum təminat olacaq. Nəzərə alaq ki, yeni gələcək erməni hakimiyyətinin referendum keçirməsi heç də asan məsələ ola bilməz və belə bir hal yaşansa, Bakı durumu Ermənistanın işğalçılıq niyyəti ilə bağlı tutarlı beynəlxalq təbliğatına çevirərək haqq qazanacaq.
Bəli, erməni jurnalist Q.Otenesyan ümumən prosesləri düzgün təhlil edir və vurğulayır ki, 44 günlük müharibədən əvvəl Azərbaycanın Qarabağ ritorikası özünün hərbi-siyasi gücünə əminlik üzərində idi. Paşinyan isə bu qənaətdə idi ki, dünyada demokratik kimi qəbul edilən imici ona Qarabağ məsələsində dəstək qazandıracaq. Ancaq belə olmadı, erməni jurnalistin də vurğuladığı kimi, baş nazir yanıldı. Nəticədə o, özünün maksimalist mövqeyindən geri durdu, reallıqları görməyə başladı. Tam görürmü, əlbəttə ki, yox!
Bəs azərbaycanlı M.Zeynalov nə düşünür? Əslində, onun söylədikləri düşüncə də deyil. Çünki adam dəxli oldu-olmadı “Azərbaycan avtoritar ölkədir” mövzusunu qabardır. Təsəvvür edin, bu şəxs deyir ki, Bakı öz gücünə güvənərək, İrəvanla münasibətlər xüsusunda daha çoxuna iddialıdır və bu, guya, avtoritar ölkələrin tərzidir. Yanaşma həqiqətən də absurddur. Görəsən, BBC-nin rus xidmətinin müxbiri düşüncəsinin yarıtmazlığının fərqindədirmi?
Bəli, M.Zeynalov Azərbaycandakı reallıqları dilə gətirir. Ancaq necə? Məsələ burasındadır ki, o, İkinci Qarabağ müharibəsindən sonra ölkədə iqtidarın xeyli güclü olduğunu bildirir, xalqın onu dəstəklədiyini deyir və nədənsə elə görüntü formalaşdırır ki, bu amil Azərbaycan insanını susqun vəziyyətə salıb. Hər halda, belə bir şey yoxdur. Yəni, Qarabağ müharibəsində qalibiyyət ölkənin digər problemlərini unutdurub kimi ritorika yanlışdır. Həm də ona görə ki, həmin problemlərdən Prezident İlham Əliyevin özü dəfələrlə söz açıb. M.Zeynalovun Qarabağ amilinin cəmiyyətdə, sanki, zombiləşmə yaratdığı təəssüratını formalaşdırması, yumşaq desək, tərbiyəsizlikdir.
Bu, azmış kimi, BBC-nin rus xidməti M.Zeynalovun dili ilə Azərbaycanda jurnalistlərin, guya, təqib olunduqlarını vurğulayır, “Kanal 13”ün və “Abzas media”nın təmsilçilərinin həbsindən söz açır. Yəni, BBC adları çəkilən media orqanlarını yüksək tonda təqdim edir, sanki onlar azad sözün “qaranquşları”dır. Əlbəttə, hər iki media orqanının jurnalist peşəkarlığından uzaq olduğunun əlavə sübuta ehtiyacı yoxdur. Üstəlik, həmin media orqanlarının təmsilçiləri qanun pozucularıdır ki, bunun da peşə fəaliyyəti ilə hansısa əlaqəsi tam istisnadır.
BBC-nin ritorikasındakı sərsəm məntiq həm də onunla əsaslandırıla bilər ki, aparıcı O. Antonenko Azərbaycanda jurnalistlərin həbsini Qarabağ müharibəsindən sonra hakimiyyətin özünü daha da gücləndirmək niyyəti kimi təqdim edir. Yəni, o, fikrini təsdiqləmək üçün M.Zeynalovdan məsələyə münasibət bildirməsini istəyir. M.Zeynalov isə özünün yarımçıq təfəkkürü ilə bildirir ki, “Kanal 13”ün və “Abzas media”nın əməkdaşlarının həbsi Prezident seçkiləri ilə bağlı olub. Cəfəngiyyata diqqət yetirin: Həbsdə olan jurnalistlər seçkini işıqlandıracaqdılar, ona görə də həbsə atılıblar.
BBC-nin sərsəm ritorikasındakı növbəti məqam Qarabağla bağlıdır. O.Antonenko Qarabağdan söz açarkən, “ruh respublikası” ifadəsini işlədir. Təsəvvür edin ki, Qarabağa, işğaldan azad edilmiş Azərbaycan torpaqlarına xarici jurnalistlərin, xarici qonaqların səfərləri adi hal alıb, həmin bölgələrdə nüfuzlu tədbirlər gerçəkləşdirilir, geniş abadlıq və quruculuq işləri aparılır, M.Zeynalov elə danışır ki, elə bil, Qarabağ terrorçu, ekstremist və separatçı xunta rejiminin dövründə olduğu kimidir. Onun sözlərinə görə, adi şəxsin Qarabağda baş verənləri görməsi mümkün deyil. Sanki, orada böyük hüquq pozuntuları, cinayətlər törənirmiş, dünyanın bundan xəbəri yox imiş.
M.Zeynalov Qarabağa və digər işğaldan azad edilmiş bölgələrimizə səfərlər zamanı təhlükəsizlik tədbirlərinin görülməsini keçmiş SSRİ dövründəki “icazəli turizm” ənənəsi ilə uğursuz şəkildə müqayisə edir ki, bunun özü də aşkar qərəzdir. Halbuki, o, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın mina terrorundan və həmin terror nəticəsində yüzlərlə dinc sakinin həyatını itirməsindən söz aça, bu səbəbdən təhlükəsizlik tədbirlərinə ehtiyacın duyulduğunu önə çəkə bilərdi. Görünür, belə yanaşma BBC-nin “beynəlmiləl ruhu” ilə tərs mütənasibdir.
BBC “Dağlıq Qarabağ” kimi təqdim etdiyi bölgənin “respublika” obrazını canlandırır və bu obrazda M.Zeynalovun hazırkı “qorxulu və qapalı yer” təqdimatı ilə mənfiyə doğru dəyişim trayektoriyası cızır. Müvafiq olaraq, bölgənin Azərbaycana məxsusluğundakı beynəlxalq hüquq normaları heçə sayılır. Halbuki, verilişin müxtəlif bölümlərindəki diskussiyalar zamanı, xüsusən də Ermənistanla münasibətlər baxımından Qarabağın beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycana məxsusluğu etiraf edilir. Bu etiraf nədir, “Dağlıq Qarabağ” nədir, bölgənin qorxunc və qapalı yer olduğu təəssüratını formalaşdırmaq nədir? Belə çıxır ki, məqsəd Azərbaycana məxsus Qarabağın pis duruma düşdüyünü göstərməkdir. Utanmasalar, sabiq separatçı rejimi də tərifləyərlər də. Yəni, bircə bunu etmək qalmışdı. Ən əsası isə vurğu Qarabağda ermənilərin yaşamaması üzərinə qoyulur. Nəzərə alınmır ki, həmin bölgənin erməniləri öz xoşları ilə ərazini tərk ediblər.
Bu yerdə BBC Q.Otenesyanın dili ilə Qarabağ ermənilərinin “məcburi köçkünlükdən” sonrakı durumuna diqqət çəkir. Sən demə, onlar hazırda çox acınacaqlı vəziyyətdə yaşayırlar. Sual olunur: Qarabağ ermənilərini öz evlərindən Azərbaycanmı qovdu? Bunu erməni jurnalist demir, özü bilər, bəs BBC-nin azərbaycanlı müxbiri nə üçün bu barədə söz açmır? Nəyə görə susur?
Maraqlı məqam ondadır ki, Q.Otenesyan Qarabağ ermənilərinin hazırda boş qalmış və vaxtilə azərbaycanlılara məxsus evlərdə yerləşdirildiyini vurğulayanda, M.Zeynalov xatırlayır ki, o da əslən Ermənistandandır və onun da ailəsinin yaşadığı kənd hazırda boş qalıb. Q.Otenesyan məsələni təəccüblə qarşılayır, hətta M.Zeynalovun Ermənistandan olub-olmadığını dəqiqləşdirir də. Bütün bunlara rəğmən Zeynalov azərbaycanlıların hazırkı Ermənistan ərazisindəki dədə-baba yurdlarından zorla qovulduqları faktının üzərindən keçir və beləliklə əsas diqqət Qarabağdan “qovulmuş ermənilərin” üzərində cəmləşir. Hər halda, BBC-nin sifarişi budur və bu çərçivədən çıxmaq, işlədiyi yerin siyasətlə çulğalaşmış korporativ maraqlarını heçə sayıb ədalətli mövqe nümayiş etdirmək azərbaycanlı Məhərrəmin ağlına gəlmir. Təəssüf ki, Q.Otenesyanın beynəlmiləl ruhu M.Zeynalovunkundan daha səmimi təsir bağışladı.
Ancaq təəssüflənməli məqamlar bununla bitmir. BBC-nin Azərbaycan-Ermənistan münasibətləri baxımından tutduğu mövqenin yarıtmazlığı özünü daha bir detalda da göstərdi. Məlum olduğu kimi, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir. Əvvəl bunu Qarabağdakı separatçı rejimi, bölgədə ordusunu saxlamaqla edirdi, hazırda isə Naxçıvana gedən yol müstəvisində destruktiv mövqeyinə sadiqdir. Nədənsə, bu, BBC-nin rus xidmətinin “yadından çıxır” və əsas diqqəti “Azərbaycanın Ermənistan ərazisini işğalı niyyətinə” yönəldir və mövcud istiqamətdə sözügedən verilişə dəvət etdiyi qonaqlarının fikir bildirmələrini istəyir. Bu yerdə O.Antonenkonun Naxçıvana yol xüsusunda “Azərbaycandan – Azərbaycana yol” məntiqini xatırlatması yaradılmasına çalışılan ümumi mənzərəni, yəni Bakını işğalçı kimi göstərmək istəyini ikinci plana keçirmir. O.Otenesyan müqayisə aparır və bildirir ki, hazırda rəsmi İrəvanı hüquqi cəhətdən güclü edən Naxçıvana quru yolunun beynəlxalq hüquq nöqteyi-nəzərdən Ermənistan ərazisi hesab olunmasıdır. Erməni jurnalist Qarabağın beynəxalq hüquqla Azərbaycana məxsusluğunu bildirir və əlavə edir ki, Ermənistan vaxtilə bölgəni və ona bitişik rayonları işğalda saxlayırdı və bu, beynəlxalq hüquqa zidd idi. O.Otenesyan onu da deyir ki, Paşinyan İkinci Qarabağ müharibəsi zamanı hüquqa zidd davranışın xeyir verməyəcəyini anladı. Yəni, ortada “indi də Azərbaycan anlamalıdır ki, Zəngəzura hücum nəticəsiz qalacaq” deyimi var.
Əlbəttə, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkəmiz Ermənistana qarşı heç bir ərazi iddiası irəli sürmür. İstəyimiz yalnız budur ki, İrəvan barəsində danışdığımız üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliyi yerinə yetirsin. Amma yerinə yetirmir. M.Zeynalovun məsələnin belə qoyuluşundan xəbərinin olmaması mümkünsüzdür. Ancaq, o, bu barədə söz açmır və “Zəngəzura hücum” ritorikasına münasibət bildirərək, faktiki olaraq, erməni həmkarının dediklərini təsdiqləyir: Azərbaycanın beynəlxalq hüquqla tanınan Ermənistan ərazisini işğal etməsi mümkün deyil. Görəsən, üç il əvvəldən həmin Ermənistanın ərazisinin “son dayanacağının” Ağdam və Füzuli olması niyə yada düşmür? Yəqin, cənab Zeynalova bu barədə danışmaq qadağan edilib. Başqa nə düşünək?
Sonda onu da deyək ki, ümumən BBC-nin rus xidmətinin “Bu, nə idi?” verilişində səslənmiş fikirlərin heç də hamısının reallıqdan uzaqlığını vurğulamaq niyyətindən uzağıq. Heç şübhəsiz, verilişin qonaqları bəzi həqiqətləri olduğu kimi dilə gətirdilər. Ancaq bütövlükdə qoyuluş, ümumən Azərbaycan mövzusunun təqdimatı baxımından seçilmiş dəst-xətt və yanaşma, yumşaq ifadə etsək, son dərəcə qüsurlu idi. Heç şübhəsiz, bu cəhət, kifayət qədər, düşünülmüş gedişdir və incə şəkildə dövriyyəyə buraxılıb. Və heç şübhəsiz, məqsəd Azərbaycanla bağlı yanlış beynəlxalq ictimai rəy formalaşdırmaqdır. Çox təəssüf ki, bu rəy “sapı özümüzdən olan baltaların” köməyi ilə yaradılır. Söhbət, əlbəttə ki, Məhərrəmdən gedir. Bizim olmaqdan çıxmış BBC-nin Məhərrəmindən.
Ə.CAHANGİROĞLU
XQ