Bu ilin ilk ayında ölkəmizin qeyri-neft məhsulları ixracı 222 milyon dollar olub
Son illər ölkəmizin ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına əsasən, ötən ay Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixracı 222 milyon dollar təşkil edib. Bu müddətdə yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 152 milyon dollara bərabər olub.
İcmal məlumatlarına əsasən, həmin dövrdə bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanmış məmulatların ixracı isə 17,4 faiz artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74 milyon dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə 15 milyon dollar olub.
Bu göstəricilərin əldə edilməsi, başqa sözlə, ixrac potensialının gücləndirilməsi üçün bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.
Respublikada Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.
Yuxarıdakı göstəricilərin əldə olunmasında təbii ki, sadalanan amillərlə yanaşı, digər səbəblər də mühüm rol oynayıb. Məsələn, respublikamız “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramına (“GSP+”) qoşulandan sonra ixrac potensialı nəzərəçarpacaq dərəcədə güclənib, ixrac mallarının çeşidi artıb. Bu, ölkəmizə Avropa İttifaqı (Aİ) bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradıb. Belə bir tədbirin gerçəkləşdirilməsi həm də ixrac potensialının genişləndirilməsinə və ixrac strukturunun diversifikasiyasına önəmli təsir göstərib. Bütün bunlarla bərabər, ixrac potensialının güclənməsini son illər Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, texnoparkların, azad iqtisadi zonaların genişləndirilməsi də sürətləndirib.
Azərbaycanın ixrac potensialının gücləndirilməsindən danışarkən bir məqamı da xatırladaq. Qeyd edək ki, biznes ekomühitinin yaxşılaşdırılmasının mühüm qolu iqtisadiyyatın gömrük-vergi tənzimlənməsi sisteminin təkmilləşdirilməsidir. Bu baxımdan ölkəmizdə investisiya mühitinin cəlbediciliyinin artırılması üçün müəyyən layihələrin gerçəkləşdirilməsi ümumi prosesə təkan verir. Bu gün yerli istehsalatda istifadə olunan 300-ə yaxın aralıq malın idxal rüsumundan azad edilməsi yerli istehsalın maya dəyərinin azaldılmasına, yerli malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərməsi də deyilən fikrin bariz ifadəsidir.
Hazırda da bu proses davam edir. Belə ki, ixracda hesablaşma qaydalarının təkmilləşdirilməsi, yerli istehsalda xammal ehtiyacının ödənilməsi, əhalinin idxaldan asılı olan bir sıra zəruri istehlak malları ilə etibarlı təminatı məqsədilə tətbiq olunan tarif tədbirləri, o cümlədən güzəşt müddətlərinin uzadılması istiqamətində qanunvericilik layihələri hazırlanaraq aidiyyəti dövlət orqanları ilə müzakirə olunur.
Yuxarıda qeyd edilənlər və bununla bağlı əldə olunan müsbət göstəricilər hazırda ölkə iqtisadiyyatı üçün yeni istiqamətlərin formalaşdığını deməyə əsas verir. Bu, istiqamətlər idxaldan asılılığın azaldılması, qeyri–neft əmtəə və xidmət ixracı həcminin yüksəldilməsi, qeyri–neft emalı sənayesinin inkişafının sürətləndirilməsi, biznesin bank kreditlərinə çıxışının genişləndirilməsi, dövlət investisiyalarının iqtisadi səmərəsinin artırılması, özəl investisiyaların dominant rolunun gerçəkləşdirilməsi, kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və “kölgə iqtisadiyyatı”nın səviyyəsinin minimuma endirilməsindən ibarətdir. Yeni məqsədlərə doğru yolda əldə edilən ilkin nəticələr isə müsbətdir.
Yeri gəlmişkən, ölkədə ixrac potensialının gücləndirilməsi Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qarşıya mühüm vəzifə kimi qoyulub. Belə bir vəzifənin gerçəkləşdirilməsinin əsas şərti kimi davamlı və yüksək iqtisadi artıma nail olunması göstərilib.
Buna görə də Milli Prioritetlərə əsaslanaraq hazırda milli iqtisadiyyat şaxələndirilir, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün qeyri-neft iqtisadiyyatının inkişafı diqqət mərkəzində saxlanılır. İqtisadi artımın qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməsi, dövlət və özəl əməkdaşlığın gücləndirilməsi istiqamətində layihələr gerçəkləşdirilir. Bütün bunlarla bərabər, yeniliyə meyilli özəl sektorda aktivlik daha da canlandırılır, qeyri-neft sektorunun maliyyələşməsində bu sahənin payı artırılır.
Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmasına, haqsız rəqabətin qarşısı alınmasına xüsusi önəm verilir. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilir. Həmçinin biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi getdikcə artırılır. Təbii ki, bu zaman vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına yönəldilir.
Vaqif BİNYATOĞLU
XQ