Cari ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır. Onların da 12-si hasilat quyusu olacaq.
Bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Kim O'Leary bildirib. Onun sözlərinə görə, ötən il AÇG-də 17 quyu qazılıb ki, bunun da 9-u hasilat quyusu olub. Digər quyularlar isə injektor və axtarış işləri aparmaq məqsədilə qazılıb.
Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları BP (operator–30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), “Inpex” (9,31 faiz), “Equinor (keçmiş “Statoil”– 7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), “Itochu” (3,65 faiz) və “ONGC Videsh Ltd.” (2,31 faiz) şirkətləridir.
Yeri gəlmişkən, 1994-cü il sentyabrın 20-də 30 il müddətinə imzalanmış müqavilənin müddəti artırılaraq 2050-ci ilədək uzadılıb. Belə ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar.
XQ