Ermənistan Rusiyadan uzaqlaşmaqda qərarlıdır

post-img

Ermənistan hökuməti Rusiyadan uzaqlaşmaq istiqamətində fəaliyyətini davam etdirir. Baş nazir Nikol Paşinyanın fevralın 1-də ölkəsinin ictimai radiosunun “Təhlükəsiz mühit” proqramına müsahibəsində səsləndirdiyi fikirlər həmin siyasi kursun dəyişilməyəcəyini bir daha təsdiqləyir.

N.Paşinyan müsahibəsində Ermənistan silahlı qüvvələrində aparılan islahatların mərhələlərindən danışıb. Jurnalist baş nazirdən islahatın yekun konsepsiyasının olmamasının səbəbini soruşub. Baş nazir deyib: “Bu konsepsiya 2022-ci ilin yanvarında hazır idi, lakin 2022-ci ilin qışında həmin konsepsiya ilə irəliləyə bilməyəcəyimizi göstərən hadisələr baş verdi. Biz indi əməkdaşlığımızı, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığımızı nəzərə alaraq konsepsiyanı həyata keçirməyin nə dərəcədə real olduğunu başa düşməliyik. Biz başa düşməliyik ki, həqiqətən, kiminlə hərbi-texniki və müdafiə sahəsində əlaqələr qura bilərik”.

Paşinyanın sözlərinə görə, əvvəllər Ermənistanın müdafiə sahəsində sazişlərinin 95–97 faizi Rusiya ilə olub. O, Rusiyanın bir sıra səbəblərə görə hazırda müdafiə və hərbi-texniki sahədə ölkənin əsas tərəfdaşı ola bilməyəcəyini bildirib: “İndi isə həm obyektiv, həm də subyektiv səbəblərə görə belə ola bilməz. İndi biz başa düşməliyik ki, bu konsepsiyada, məsələn, Hindistanla hansı əlaqələrimiz var”.

2023-cü ilin noyabrında isə N.Paşinyan bildirmişdi ki, Ermənistan aktiv şəkildə ona silah və döyüş sursatları sata biləcək yeni təhlükəsizlik tərəfdaşları axtarmağa başlayıb. Onun sözlərinə görə, Ermənistan “bu və ya digər səbəblər üzündən” İrəvana hərbi məhsul tədarük edə bilməyən tərəfdaşlarla münasibətləri şaxələndirir. O dəqiqləşdirmişdi ki, söhbət, xüsusilə, Rusiyadan və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı digər tərəfdaşlarından gedir. Eyni zamanda, N.Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan bu birlikdən çıxmağı planlaşdırmır.

Bu kontekstdə Ermənistanın müdafiə naziri Suren Papikyanın fevralın 3-də İctimai televiziyaya müsahibəsində səsləndirdiyi fikirlər diqqəti cəlb edir. Papikyan qeyd edib ki, Fransa və Hindistan Ermənistanın silah tədarükündə əsas tərəfdaşlarına çevriliblər. Onun sözlərinə görə, Ermənistanın bağladığı yeni sazişlər “sabahkı günün ordusunun və silahların keyfiyyətini dəyişəcək”.

Papikyan bildirib ki, Ermənistan “müxtəlif böyük dövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə edib”. “İlk növbədə, söhbət bizim əsas tərəfdaşlarımıza çevrilmiş Fransa və Hindistandan gedir. Lakin, hələlik, danışmaq istəmədiyim başqa ölkələr də var”, – deyə o, qeyd edib.

Erməni nazir vurğulayıb ki, 2022-ci ilin sentyabrında Qarabağda vəziyyətin gərginləşməsindən sonra (2022-ci il sentyabrın 12–14-də Ermənistan–Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma nəzərdə tutulur – S.H.) Ermənistan üçün mövcud silah bazarlarının bağlandığı bəlli olub: “Biz silah-sursat alınmasının diversifikasiyasının təmin edilməsi məsələsini qaldırdıq. Bu istiqamətdə mühüm irəliləyişlər və uğurlar əldə etmişik. Başlanmış proses isə müsbət mənada geri dönməzdir”.

Qeyd edək ki, N.Paşinyanı Qərbin adamı adlandıranlar yanılmırlar. O, mahiyyət etibarilə Qərbpərəstdir. Paşinyanın siyasi keçmişinə baxdıqda, buna əmin ola bilərsən. Nikolun Macarıstan əsilli amerikalı milyarder, “Soros Fondu” təşkilatlar şəbəkəsinin qurucusu Corc Sorosun maliyyə dəstəyi ilə 2018-ci ilin yazında “inqilab” etdiyinə dair mediada zaman-zaman yayılan fikirlər də əsassız deyil. Hətta, bir sıra ekspertlər tərəfindən Paşinyanın hakimiyyətə gəldikdən sonra Rusiya ilə əlaqələrə yenidən baxacağı proqnozlaşdırılırdı. Ancaq praktika göstərir ki, siyasətçilər müxalifətdə olarkən səsləndirdikləri radikal fikirlərinə hakimiyyətə gələn zaman düzəliş etməli olurlar. Rusiya–Ermənistan münasibətləri isə, necə deyərlər, çox dərinə işləyib və İrəvandakı hansısa hakimiyyət onun üstündən birdəfəlik xətt çəkə bilməz. Bununla belə, N.Paşinyan və onun Qərbpərəst komandasının üzvləri iki ölkənin münasibətlərinin əsaslarını sarsıtmaq üçün əllərindən gələni edirlər.

Rusiyanın 44 günlük Vətən müharibəsi, xüsusilə, ötən ilin sentyabrında baş tutan lokal xarakterli antiterror tədbirləri zamanı tutduğu mövqe Paşinyan hökumətinin anti-Rusiya addımları atması üçün əlində əsas bəhanəyə çevrildi. Paşinyan baş verənlərə görə Rusiyanı qınadı. Öz fikirlərini belə əsaslandırmağa çalışdı ki, onlar Rusiya ilə KTMT-də müttəfiqdir, tərəfdaşdır və Moskva İrəvanı müdafiə etməlidir. Eyni zamanda, bölgəyə yerləşdirilən Rusiya sülhməramlılarından da ciddi narazılıq etdi. Onları fəaliyyətsizlikdə suçladı. Beləliklə, baş verənlər Qərbpərəst Paşinyanın Qərbə doğru daha sürətlə hərəkət etməsi üçün əlində dəstəvuza çevrildi. Necə deyərlər, pişiyin könlü samanlıqda idi... Hazırda Ermənistanda hökm sürən güclü rusofob əhval-ruhiyyə də hakimiyyətin loyallığı şəraitində baş verir. Bunun sonuncu göstəricisi İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidənin bu yaxınlarda təhqir olunmasıdır. Olay Rusiyada böyük etiraz doğursa da, ona yol vermiş şəxslə bağlı indiyədək tədbir görülməyib.

Qərbin Ukrayna məsələsində birlik nümayiş etdirməsi fonunda bir tərəfdən də Ermənistanın atdığı addımlar Rusiyada, necə deyərlər, arxadan zərbə kimi qiymətləndirilir. Bununla bağlı Rusiya rəsmiləri öz mövqelərini dəfələrlə ifadə ediblər. Ermənistan baş nazirinin Rusiyanın bir sıra səbəblərə görə müdafiə və hərbi-texniki sahədə ölkəsinin əsas tərəfdaşı ola bilməyəcəyi barədə bəyanatını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Avropa İttifaqının öz məqsədlərindən uzaq məsələlərlə məşğul olan yalançı müşahidəçilərindən fərqli olaraq, KTMT Cənubi Qafqazda sabitləşdirici rol oynamağa qadirdir.  Erməni xalqının maraqları Rusiya ilə yaxın qonşuluq münasibətlərindən ayrılmazdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bunu nəzərə alacaq və indiki geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcək”.

M.Zaxarova qeyd edib ki, İrəvan KTMT çərçivəsində, o cümlədən mümkün təcavüz halında kollektiv təminat altındadır. Onun sözlərinə görə, KTMT çərçivəsində fəal əməkdaşlığa qayıdış, ilk növbədə, Ermənistanın maraqlarına cavab verir.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin isə Ermənistanı KTMT-yə ictimai hücumları dayandırmağa çağırıb. Onun sözlərinə görə, rəsmi Moskva İrəvanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki vəziyyəti müzakirə etməyə dəvət edir: “KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi effektivliyinin daha da təkmilləşdirilməsində hər kəs maraqlıdır. Təbii ki, Ermənistanın tez bir zamanda təşkilat daxilində normal və tam işinə qayıtması buna kömək edərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər, həqiqətən də, ondan uzaqlaşıblar”.

Ermənistan rəsmiləri hazırda Azərbaycanla danışıqları da Qərb ölkələrinin paytaxtlarında – Brüsseldə, yaxud Vaşinqtonda davam etdirməkdə maraqlıdırlar. Azərbaycanın isə belə bir problemi yoxdur. Ölkəmiz bütün platformalarda danışıqlara hazırdır. Ancaq bu gün Moskvadan gen gəzməyə çalışan haylar unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsinin başa çatmasını şərtləndirən üçtərəfli bəyanat Rusiya Prezidentinin aktiv vasitəçiliyi ilə imzalanıb. Rusiya XİN başçısının müavini Mixail Qaluzin də fevralın 8-də “Rossiya24” kanalına müsahibəsində deyib ki, Moskvanın Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılmasında məqsədi iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yoluna çıxmağa kömək etməkdir.

O qeyd edib ki, Rusiya Bakı və İrəvana Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələr təklif edir, çünki Moskvada topoqrafik materiallar var: “Biz hər zaman sülh müqaviləsi üzrə danışıqlar üçün meydançamızı təqdim etməyə hazırıq. Ümid edirik ki, İrəvanda fəaliyyətləri Rusiya Federasiyasını bu prosesdən sıxışdırmağa, Cənubi Qafqazda mövcud güc balansını pozmaq və bununla da Rusiyanın qonşuluğunda daha bir qeyri-sabitlik mənbəyi yaratmağa yönəlmiş qeyri-regional oyunçuları cəlb etmək səyləri əvəzinə, üçtərəfli sazişlərin həyata keçirilməsinin normallaşmanın ən etibarlı yolu olduğu anlayışı üstünlük təşkil edəcək.

Nazir müavini Ermənistan–Azərbaycan dialoqunda Rusiyanın rolunun alternativinin olmadığını da vurğulayıb. Qeyd edib ki, Rusiyanın himayəsi altında, məhz Putinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında nizamlanmanın əsasları yaradılıb. Rusiya sülh müqaviləsinin bağlanması ilə bağlı bütün məsələlər üzrə yardım göstərir.

Mövzu ilə bağlı “XQ”yə açıqlama verən politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan Rusiyaya bir sıra istiqamətlər üzrə çox bağlıdır. Onun sözlərinə görə, bura iqtisadi, hərbi, hərbi-texniki, eyni zamanda, siyasi və mədəni əlaqələr daxildir: “Doğrudur, Paşinyan dəfələrlə Rusiyadan uzaqlaşacaqlarını, Avropa strukturlarına yaxınlaşacaqlarını bəyan edib. Amma bunların hamısı ritorik səviyyədə qalır və bəyanatlardan o tərəfə keçmir. Təbii ki, onlar bəzi Avropa dairələri ilə yaxınlıq etməyə çalışırlar. Amma Avropa Ermənistanı bəzən Rusiyaya qarşı qalxan, yaxud sipər kimi istifadə edir. İrəvan hazırkı geosiyasi konfiqurasiyada çox əlverişli alətdir”.

Fikrət Sadıxov qeyd edib ki, N.Paşinyanın bəyanatlarına baxmayaraq, Ermənistan nə MDB, nə KTMT, nə də Avrasiya İqtisadi İttifaqından çıxmayıb və çıxmaq niyyətində də deyil. Politoloq hesab edir ki, İrəvanda hələlik reallıq hissini itirməyiblər. Reallıq isə Rusiya ilə əlaqələrin kifayət qədər sıx olmasından ibarətdir. İrəvan hansısa Avropa ölkələri ilə əlaqələri möhkəmləndirə bilər, ancaq bu, Ermənistanın qısa vaxt ərzində Rusiyadan uzaqlaşmış ölkəyə çevrilməsi demək deyil: “Əlbəttə, bir çox məsələləri zaman göstərəcək. Ancaq yaxın perspektivdə münasibətlərin ciddi şəkildə soyuyacağı, məncə, gözlənilən deyil”. 

Səxavət HƏMİD 
XQ

 

Siyasət