Zığ gölü çirkabdan təmizlənəcək

post-img

Ətrafı isə abadlaşdırılaraq parka çevriləcək

Bakı şəhərinin inzibati ərazisində ekoloji çirklənmələrin böyük hissəsi keçmiş sənaye dövründən miras qalıb. Hazırda isə yeni hazırlanan paytaxtın Baş Planı çərçivəsində neft hasilatının artması və sənayenin inkişafı nəticəsində torpaq sahələrinin çirklənməsinin aradan qaldırılması nəzərdə tutulub. Eyni zamanda, Böyükşor, Xocahəsən, Qu, Bülbülə göllərinin təmizlənməsi üzrə müəyyən layihələrin həyata keçirilməsi planlaşdırılıb. 

Bu gün sürətli urbanizasiya prosesi nəticəsində paytaxtda mütəmadi subasma, “istilik adası” effekti, havanın çirklənməsi, yaşıllıq sahələrinin azalması kimi hallar müşahidə olunur. Buna görə də Bakıda müasir ictimai nəqliyyat sisteminin inkişafı, yaşıllaşdırma tədbirlərinin gerçəkləşdirilməsi, mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və ətraf mühitin mühafizəsi ilə bağlı kompleks tədbirlərin əlaqələndirilmiş şəkildə icrası qarşıya önəmli vəzifə kimi qoyulur. 

Şəhər ərazisində yaşıllıq sahələrinin artırılması və açıq məkanların genişləndirilməsi Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə “Dövlət Şəhərsalma Norma və Qaydaları”na uyğun olaraq, adı çəkilən həmin plan çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 kvadratmetrə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması planlaşdırılır. 

Bütün bunlar nəzərə alınaraq hazırda Xocahəsən gölünün ətrafında geniş parkın yaradılması, Bakı bulvarının uzunmüddətli perspektivdə  Bibiheybət ərazisi daxil olmaqla uzadılması, Böyükşor, Zığ və Bülbülə göllərinin ətrafında yaşıl istirahət zonalarının salınması, həmçinin şəhər daxilində “yaşıl hibrid dəhlizlər” sisteminin tətbiqi prioritet istiqamətdir. 

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdik. Belə ki, bərpasına dair hələ 2014-cü ildə imzalanmış iki sərəncam olsa da, Bakı şəhərinin ərazisində yerləşən Zığ gölü ilə bağlı acınacaqlı vəziyyət uzun illər ərzində “unudulub”.  Xatırladaq ki, dövlət başçısı tərəfindən gölün bərpası, mühafizəsi və ondan istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə hələ 15 oktyabr 2014-cü il tarixdə sərəncam imzalanıb. Həmin sərəncamla bu məsələ barədə idarəetmə Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat  nazirliklərinə həvalə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə gölün bərpası, onun mühafizə zonasının istehsalat və məişət tullantılarından təmizlənməsi, mühafizəsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması, gələcəkdə ondan səmərəli istifadənin təmin edilməsi, habelə gölün qorunub saxlanılmasına nəzarəti həyata keçirmək tapşırılıb. Keçmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə isə gölün mühafizə zonasına tullantı sularının təmizlənmədən axıdılmasının qarşısını almaq üçün zəruri tədbirlər görmək həvalə olunub. Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinə gölün mühafizə zonasına istehsalat və məişət tullantıları atılmasının, göl səthinin kiçilməsinə səbəb olan kənardan torpaq gətirilib yayılmasının qarşısını almaq tapşırılıb. 

Onu da qeyd edək ki, dövlət başçısı 15 oktyabr 2014-cü il tarixdə “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” ikinci bir sərəncam da imzalayıb. Sənədə əsasən, mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədilə Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Dövlət başçısının 21 fevral 2021-ci il tarixdə imzaladığı fərmana uyğun olaraq, adı çəkilən nazirlik Zığ gölünə aid bütün sənədləri və məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təhvil verib. Bununla da, Zığ gölündən istifadə və onun mühafizəsi sahəsində idarəetmə sözügedən nazirliyə həvalə olunub.

Bütün bunlara baxmayaraq, Zığ gölünün bərpası layihəsi başa çatdırılmayıb. Belə ki, aidiyyəti qurumlar tərəfindən problemin həllini reallaşdırmaq üçün geniş tərkibli işçi qrupun yaradılması, Zığ gölündə monitorinq-tədqiqat işlərinin aparılması nəzərə alınmasa, demək olar ki, elə bir ciddi iş görülməyib.   

Düzdür, işçi qrup tərəfindən gölün mövcud vəziyyəti, müdaxilələr, burada mövcud olan neft və digər bərk tullantıların yerləşməsi, miqdarı və digər məsələlər tam öyrənilib, təhlil olunub. Tədqiqat işlərinin ardınca gölün ilkin reabilitasiya ilə bağlı layihə sənədlərinin hazırlanmasına başlanılıb. Onun son tərtibatı isə Fövqəladə Hallar Nazirliyinin müvafiq idarəsinə ekspertiza üçün təqdim olunub. Eyni zamanda, bu layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də göndərilib. 

Bu günlərdə isə ölkə mediasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın  Bakının Suraxanı rayonu ərazisində yerləşən Zığ gölünün təmizlənməsi və ətrafının  abadlaşdırılması ilə bağlı layihənin  aidiyyəti dövlət qurumlarına təsdiq olunmaq üçün təqdim edildiyi barədə məlumatı yayılıb. 

İ.İbrahimovanın sözlərinə görə, sözügedən gölün bərpası, təmizlənməsi və abadlaşdırılması layihəsi artıq Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturu tərəfindən ekspertizadan keçirilib. Mətbuat xidmətinin rəhbəri, həmçinin bildirib ki, bununla bağlı yekun qərar verildikdən sonra işlərə başlanılacağı, ictimaiyyətə layihə ilə bağlı lazımi məlumatların çatdırılacağı qeyd edilib. Bununla bərabər, Zığ gölünə və onun acınacaqlı ekoloji vəziyyətinə həsr olunmuş videoreportajın hazırlanması başa çatdırılıb. 

Mütəxəssislər bildirirlər ki, layihədə Zığ gölünün 120 hektarlıq su sahəsinin 40 hektar əraziyə qədər kiçildilməsi, ətrafda olan neftlə çirklənmiş ərazilərin reabilitasiya olunması, neft və bərk tullantılardan təmizlənməsi nəzərdə tutulub. Bu işlər tamamlandıqdan sonra isə göl ətrafında, təxminən, 100 hektar ərazini əhatə edəcək yaşıllıq zolağının salınacağı, ağaclar əkiləcəyi planlaşdırılıb. 

Bütün bunlarla yanaşı, layihəyə əsasən, perspektivdə bu ərazidə kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün şərait də yaradılacaq. Gölün qərb tərəfində isə sosial evlərin tikilməsi üçün ərazi  ayrılacaq. Amma bütün bunlara qədər, ilk növbədə, gölə olan müdaxilənin qarşısı alınacaq. 

Hazırda Zığ qəsəbəsindən 2 müxtəlif istiqamətdən məişət və tullantı suları birbaşa gölə axıdılır. Layihədə bu axıntının qarşısının alınması və Hövsandakı sutəmizləyici qurğuya yönəldilməsi, burada təmizləndikdən sonra isə göl ətrafında salınacaq yaşıllıq zolaqlarının suvarılmasında, həmçinin göldə su balansının saxlanılmasında istifadə olunması nəzərdə tutulur. 

Layihəyə uyğun olaraq, Zığ gölünün Xəzərlə də əlaqəsi olacaq. Belə ki, göldə balansı qorumaq üçün su səviyyəsi gözlənilən həddi keçdiyi zaman onun bir qismi  dənizə bu əlaqə vasitəsilə axıdılacaq. 

Sonda qeyd edək ki, digər Bakı gölündə – Bülbülədə isə bulvarın yaradılması işləri sürətləndirilib.   

Vaqif BAYRAMOV 
XQ

 



Sosial həyat