“Ali Radanın AŞPA-ya və Milli Məclisə müraciəti öz rolunu oynamalıdır”

post-img

Avropa Şurası Parlament Assambleyasında yaranmış vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır.

Bu fikri AŞPA-nın qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi ilə bağlı qərara münasibət bildirən Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiya AZƏRTAC-a müsahibəsində deyib.

“Yaranmış vəziyyətə görə təbii ki, çox üzüldük. AŞPA-da baş vermiş vəziyyət, hesab edirik ki, təəssüf doğuran anlaşılmazlıqdır. Hisslərə qapılmaq lazım deyil. Bizim parlamentin Xarici əlaqələr komitəsi həm Azərbaycan tərəfinə, həm də AŞPA-ya müraciət edib. Bir xahişimiz var, – biz bu prosesin subyekti deyilik və iştirakçı kimi ortada olmaq istəmirik, – istəyirik ki, hər iki tərəf danışıqlar masası arxasında əyləşsin, ümumi razılıq əldə edilsin və hər şey olduğu kimi geri qaytarılsın”, – deyə David Araxamiya bildirib. 

AŞPA-nın üzvü olmadığını xatırladan D.Araxamiya bu qurumun mövqeyinin dəyərlərə necə zərbə vuracağını qiymətləndirə bilmədiyini qeyd edərək deyib: “Azərbaycan multikultural ölkədir, burada müxtəlif dinlərə, millətlərə tolerant yanaşılır, dözümlülük var. Mən Azərbaycanda küçələri gəzmişəm, sadə azərbaycanlılarla söhbət etmişəm. İnsanlar bu ölkədə özlərini çox təhlükəsiz hiss edirlər, kriminogen durum çox aşağı səviyyədədir”.

Azərbaycanda növbədənkənar prezident seçkilərinin nəticələrinə dair sualı cavablandıran fraksiya rəhbəri İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. “Mən cənab Əliyevi şəxsən tanıyıram. Mən də prezidentimizin təbrikinə Ukrayna xalqı adından qoşuluram, Azərbaycan xalqı bizim üçün qardaş xalqdır. Ukraynada çoxlu azərbaycanlı yaşayır, ona görə də mən Prezidentinizə, ölkənizə səmimi-qəlbdən cansağlığı, firavanlıq arzulayıram”, – deyə David Araxamiya bildirib.

O, Azərbaycanın Ukraynaya müharibə dövründə humanitar yardımlarını yüksək qiymətləndirərək bildirib ki, müharibə zamanı Azərbaycan Ukraynanın dost dövlətləri arasında ən tez reaksiya verənlərdən biri oldu.

Siyasət