Şarl Mişel “sülh cəngavəri” ola biləcəkmi?

post-img

Avropa İttifaqı Şurası prezidentinin vasitəçilik təşəbbüsünün kölgəli məqamları

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə yenidən dövlət başçısı seçilməsi ilə bağlı təbrik zəngi xüsusunda dedikləri, o cümlədən, onun üçtərəfli formatda Brüsseldə görüşlərin bərpası ilə bağlı ölkəmizin liderindən mövqeyini bildirməsini xahiş etməsi maraq doğurur. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın Ş.Mişelin təşəbbüsü ilə Brüsseldəki  üçtərəfli görüşləri dəstəklədiyini həmişə bildirib. Ölkəmizin rəhbəri yenə də eyni mövqeyi açıqladı. Bəs bu açıqlama əvvəlki formatın bərpası anlamına gəlirmi? Ş.Mişelin təşəbbüsü baş tutacaqmı? Yazımızda mövcud məqamlara toxunacaq və yekun rəyə gəlməyə çalışacağıq. 

Əlbəttə, ilk maraqlı cəhət Ş.Mişelin xahişidir. Yəni, onun dövlətimizin başçısından mövqeyini bildirməsini istəməsi. İlk baxışdan, belə təəssürat var ki, Ş.Mişel üçtərəfli görüş üçün sanki inad edib. Hər halda, bu, adi məsələ sayıla bilməz. Elə, onun təbrik zənginin özü də. Haşiyə çıxaq ki, hazırda anti-Azərbaycan mövqe tutan, 7 fevral Prezident seçkiləri ilə bağlı ölkəmizi hədəfə çevirən, seçkiləri gözdən salmağa cəhd göstərən kollektiv Qərbin aparıcı liderlərindən birinin təbrik mesajı çox şey deməkdir. Ən əsası isə bu, seçkilərin nəticələrinin Avropa ictimai rəyində qəbulu anlamına gələn hadisədir. 

Digər tərəfdən, nəzərə alaq ki, Ş.Mişel Ermənistanın rəyini bildiyindən inad edib. Amma demək olmaz ki, rəsmi İrəvan Brüssel formatına sadiqdir. Çünki erməni iqtidarı, bir qayda olaraq, imitasiya yolu tutmaq, özünü pozitiv, sülhpərvər kimi göstərmək istəyir. Real əməldə isə bunun tam əksi müşahidə olunur. Məsələn, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyü ilə bağlı bir neçə gün əvvəl keçirilmiş mərasimdə bəyan edib ki, qurumda təmsilçilikdə məqsəd “Qarabağ ermənilərinin bölgədən zorla qovulmalarına görə” Azərbaycanı məsuliyyətə cəlb etməkdir. Hər halda, səmimi şəkildə sülh istəyən ölkənin xarici siyasət idarəsinin rəhbəri belə düşüncədə olmamalıdır...   

İkinci maraqlı məqam Avropa İttifaqının sülh missiyasını davam etdirmək niyyətini ortaya qoymasıdır. Əlbəttə, Azərbaycan Cənubi Qafqazda sülhün və əmin-amanlığın yaradılması istiqamətindəki bütün təşəbbüslərə açıq olduğu kimi, Brüssel danışıqlarının davamına da sadiqdir. Ən başlıca məqam isə danışıqların hansı məzmunda davam etməsidir. Deməli, bəzi sualların aydınlaşdırılmasına ehtiyac var: birincisi, Aİ sülh missiyasında səmimidirmi? Yəni, qurum, həqiqətən də, Cənubi Qafqazda durumun normallaşmasını istəyir, yoxsa Rusiyanın vasitəçilik missiyasını gücləndirməsinə münasibətdə alternativlik ortaya qoyur? Bəlkə istəmir ki, Moskva mövcud istiqamətdə önə çıxsın? 

Əslində, suallar çoxdur və heç də onların hamısının üzərində dayanmayacaq, yalnız bəzi məqamları diqqətə çatdıraraq Ş.Mişelin hazırkı təşəbbüsünün reallıqla nə dərəcədə səsləşdiyinə nəzər salacağıq. Əvvəlcə bildirək ki, Prezident İlham Əliyevlə Ş.Mişelin söhbəti zamanı Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb və bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Administrasiyası və Ermənistanın baş nazirinin aparatı arasında ötən il dekabrın 7-də ikitərəfli əsasda qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu vurğulanıb.

Bəli, sözügedən birgə bəyanat müstəsna əhəmiyyətə malikdir. Ancaq ondan sonrakı proseslər sülh üçün dalan perspektivi yaradır. Bu baxımdan elə Ş.Mişelin öz açıqlamasının da obyektiv təsir bağışlamadığını vurğulamağa ehtiyac var. Söhbət Aİ Şurası prezidentinin ötən il dekabrın 12-də “Azadlıq” radiosuna müsahibəsində bildirdiklərindən gedir. Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsindən bəhs edən cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmalarına geniş yer ayırdığı halda, Ermənistandan qovulmuş azərbaycanlılar barədə bir kəlmə də danışmamışdır. 

Məsələ burasındadır ki, kollektiv Qərb Azərbaycan–Ermənistan sülh sazişində Qarabağ erməniləri ilə bağlı ayrıca müddəanın olmasını istəyir. Ş.Mişel də, əslində, mövcud məqamı qabartmışdı. O, müsahibəsində, həmçinin bildirmişdi ki, məsələni qəlizləşdirməmək üçün detallara çox varmaq istəmir. “Amma indi münasibətləri normallaşdırmaq üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Bu sülh sazişi sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Bu sülh sazişi həm də yaxşı bir çərçivə ola bilər ki, regionda nəqliyyat əlaqələri yaxşılaşsın. Bu, həmin regionda iqtisadi inkişafa müsbət təsir edərdi. Eləcə də başqa ölkələrin, məsələn Gürcüstanın. O ki qaldı, Qarabağ ermənilərinə, Avropa İttifaqı bu məsələni hərtərəfli diqqətdə saxlayır, biz bu məsələdə səylər göstəririk. Azərbaycan tərəfini inandırmağa çalışırıq ki, milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticəsi olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik”. 

Görəsən, indi də Ş.Mişel eyni fikirdədir? Yəni, o, hesab edirmi ki, Qarabağ ermənilərini ayrıca imtiyazlı təbəqə kimi göstərməklə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq mümkündür? Axı ölkəmiz, heç bir halda, bu məsələyə nikbin baxmır. Çünki Qarabağ ermənilərinin bölgəyə qayıtmaları xüsusunu sülh prizmasından görmək erməni avantürizminə yaşıl işıq yandırmaq deməkdir. Mövcud xüsusda Azərbaycan Prezidentinin bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Qarabağ mövzusunun müqavilənin predmeti olmadığını vurğulamasını yada salaq: “...Çünki mən deyirdim ki, Qarabağ bizim daxili işimizdir, əgər sülh müqaviləsi imzalanarsa, bu, dövlətlər arasındakı müqavilə olacaq”. 

Yeri gəlmişkən, cənab İlham Əliyev həmin müsahibədə Ermənistanla Qərb platformasında aparılan danışıqların bir müddət ümid doğurmaması üzərində də dayanmışdı. Bildirmişdi ki, Ermənistan və onun arxasında dayanan bəzi ölkələr mütləq Qarabağla bağlı mövzunu sülh müqaviləsinə salmaq istəmişdilər, xüsusilə status məsələsini. “Bir müddətdən sonra artıq hesab edirəm ki, real vəziyyət, bizim addımlarımız və mövqeyimiz, o cümlədən, statusun göndərdiyim o ünvanın göstərilməsi müəyyən dərəcədə onların mövqeyində dəyişikliyə səbəb oldu və artıq status yox, “Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələləri də oraya salınmalı idi” iddiası ilə həm Ermənistan, həm də onun havadarları buna çalışırdılar. Biz isə deyirdik ki, əgər belə olsa, onda vaxtilə Ermənistandan qovulmuş azərbaycanlıların da hüquqları və təhlükəsizliyi eyni ifadələrlə orada təsbit edilməlidir. 

Hər şey qarşılıqlı olmalıdır və burada onların arqumentasiyası da – yəni, “Ermənistan plyus” belə adlandıraq bu qruplaşmanı, – çox məntiqsiz idi ki, onlar 30 il bundan əvvəl qovulmuşdu, amma bunlar buradadır. Yəni ki, onlar, bərabər hüquqa malik deyillər. Halbuki, bu, faktiki olaraq rasist bir yanaşma idi. Yəni, bizim mövqeyimiz dəyişməz olaraq qalırdı, ya bu məsələ sülh müqaviləsində əks olunmur, ya da ki, hər iki nümayəndənin hüquqları və təhlükəsizliyi əks olunacaq. Danışıqların belə səmərəsiz keçməsinin də əsas səbəbi bu idi”.

Bununla yanaşı, Brüssel formatı çərçivəsindəki daha bir tezis də qeyri-məqbuldur. Söhbət 1991-ci ilin Alma-Ata Bəyannaməsindən gedir. Hazırda Ermənistan rəhbərliyi durmadan həmin tezisi təkrarlayır. Elə Mişel də “Azadlıq” radiosuna müsahibəsində bunu bildirmişdi. Yuxarıdakı sitatdan da göründüyü kimi, o, sərhədlərin delimitasiyasının sülh sazişinə əsaslanmalı olduğu fikrindədir. Bu isə o deməkdir ki, Aİ Şurasının prezidenti rəsmi İrəvanın təmsilçiləri kimi, Alma-Ata Bəyannaməsini sərhədlərin müəyyənləşməsində başlıca istinad sənədi qismində görür. O da məlumdur ki, Ermənistan hakimiyyəti sözügedən bəyannaməni əsas tutmaqla, eyni zamanda, 1970-ci illərin xəritələrinə uyğun formada Azərbaycan–Ermənistan sərhədlərinin delimitasiyası və demorkasiyası məntiqini irəli sürür. 

Görəsən, Ermənistan nə üçün ­1970-ci illərin xəritələrini əsas götürmək istəyir? Prezident İlham Əliyevin də vurğuladığı kimi, siyasi əsaslara istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ya da sovetləşmə dövrü götürülməlidir. Xronoloji metodologiya ilə yanaşdıqda isə XX əsrin əvvəllərindəki xəritələr də var. “Yəni, siz 1960-cı, 1950-ci, ­1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”, – deyən dövlətimizin başçısı onu da bildirmişdi ki, bütövlükdə, heç bir xəritə əsasında iş qurulmamalı, ekspert qrupları yaradılmalı və həmin qruplar yerləri qarış-qarış gəzib sərhədi müəyyən etməlidirlər. 

Qeyd edək ki, Ş.Mişel də ötən il dekabrın 12-də verdiyi müsahibə ilə özünü “Ermənistan plyus” qruplaşmasının təmsilçisi kimi aparmışdı. O zaman bundan sonra Avropa İttifaqının Bakı – İrəvan normallaşması istiqamətində hansı yönümlü vasitəçilik edəcəyi maraq doğurmaqdadır. Üstəlik, onu da nəzərə alaq ki, Brüssel formatı kollektiv Qərbin vasitəçiliyi kontekstindədir. Mövcud kontekstdə isə ABŞ seqmenti var və hesab edirik ki, Vaşinqtonun son vaxtlar tutduğu mövqe ədalətli sayıla bilməz. Hələ biz Aİ-nin timsalında kollektiv Qərbin Fransa kimi qatı ermənipərəstini demirik. Siyahıya Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrellin də ədalətsiz yanaşmalarını əlavə etsək, Ş.Mişel indiki durumda sanki meydanda təkdir. Meydanda tək qalan isə bir qayda olaraq, cəngavər sayılmır. Elə isə görək, cənab Mişel indiki sülh təşəbbüsü ilə obrazlı desək, cəngavərə çevrilə biləcəkmi? Əlbəttə, bunu əlahəzrət zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

 

 



Siyasət