Milli Məclisdən Korsika xalqına dəstək

post-img

Azərbaycan Respublikası Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Fransanın müstəmləkə zülmü altında inləyən ada əhalisinin azadlıq mübarizəsini müdafiə edən, yeni yaradılmış “Nazione” hərəkatı fəallarına qarşı təqib və cəza aksiyalarını kəskin pisləyən bəyanat yayıb.

“Xalq qəzeti” redaksiyasına daxil olmuş sənədin mətnində bildirilir ki, 2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrun­da mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəm­ləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib: “Lakin, başqa ölkələrin daxili işlərinə kobud mü­daxilələr etməyə çalışan, kağız üzə­rində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifa­də etmək hüququna hörmət göstər­məyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb”.

Bəyanatın davamında qeyd edi­lir ki, yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Müba­rizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb: “Fransa polisi “Nazione”nin fəallarının evlərinə hü­cum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlə­rini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparı­lıb. Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içə­risində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağı­dılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, ha­zırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir”.

Bu gün də Fransa polisinin qanun­suz təqiblərinin davam etdiyinin dərin narahatlıqla vurğulandığı bəyanatda bildirilir ki, bu zorakılıq aktları Korsika xalqını qorxutmaq, müstəqillik tərəf­darlarını susdurmaq məqsədi daşı­yır. Fevralın 2-də “Nazione” hərəka­tının rəhbərlərinin keçirdiyi mətbuat konfransında isə bəyan edilir ki, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz.

Korsika xalqına dəstək aktında daha sonra xatırladılır ki, 150 mindən artıq insanın danışdığı ada əhalisinin dilini məhv etmək siyasəti yürütməklə onlara milli kimliyini unutdurmağa çalı­şan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin de­batları zamanı Korsika dilindən istifadə­ni qadağan edib: “Bu siyasət universal insan haqları və milli azlıqların hüquq­ları ilə bağlı Fransanın beynəlxalq öh­dəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində ya­şayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir.

Azərbaycan parlamenti deputat qrupunun açıqlamasında o da deyi­lir ki. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri po­zub: “Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bə­yannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiya­sı”, “İnsan hüquqlarının və əsas azad­lıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquq­larının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Az­lıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir”. 

Milli Məclisin Korsika xalqına dəstək qrupunun açıqlaması aşağı­dakı qınaq və tələblərlə bitir: “Fransa hüquq-mühafizə orqanlarının Korsika­da müstəqillik tərəfdarlarına qarşı apar­dığı qeyri-qanuni hərəkətlərini qətiyyət­lə pisləyirik; Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik; Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən tə­min olunmalıdır; bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik”.

XQ





Siyasət