Pekin dəniz gücünü artırır: Nəhəng kalibrli silah gəmidə görüntüləndi

post-img

Çində sınaq gəmisində müasir dövrün ən iri kalibrli artilleriya qurğularından birinin peyda olması regionda hərbi balansla bağlı müzakirələri yenidən gündəmə gətirib. Məlumata görə, Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus sınaq gəmisinin göyərtəsində yeni 155 millimetrlik gəmi artilleriya sistemi quraşdırılıb. Bu qurğu, təsdiqlənəcəyi təqdirdə, Çin donanmasında indiyədək yerləşdirilmiş ən böyük kalibrli artilleriya kompleksi olacaq.

Yayılan fotoda 910 tipli sınaq gəmisinin burun hissəsində iriölçülü qüllə tipli artilleriya qurğusu aydın görünür. Şəklin Liaoninq əyalətində yerləşən, həmçinin Dalian Liaoning South Shipyard kimi tanınan tərsanədə çəkildiyi ehtimal olunur. Həmin istehsal meydançası əvvəllər də perspektiv Çin hərbi gəmilərinin, o cümlədən azgörünən korvet və yüngül freqat layihələrinin sınaqları ilə gündəmə gəlmişdi.

Mövcud məlumatlar məhdud olsa da, qüllənin konstruktiv xüsusiyyətləri son bir ildə Çində yeni 155 millimetrlik dəniz artilleriya sisteminin hazırlanması barədə yayılan informasiyalarla üst-üstə düşür. Texniki göstəricilərə dair əvvəllər dərc olunmuş məlumatlara əsasən, qurğunun çəkisi təxminən 21 800 kiloqram təşkil edir. Bundan əlavə, idarəolunan mərmilərdən istifadə imkanının nəzərdə tutulduğu bildirilir ki, bu da dəqiqlik və zərbə məsafəsi baxımından keyfiyyətcə yeni mərhələ deməkdir.

Layihənin Inner Mongolia Northern Heavy Industries Group tərəfindən həyata keçirildiyi güman olunur. Bu müəssisə isə dövlət sənaye nəhəngi China North Industries Group Corporation (NORINCO) strukturuna daxildir və ağır hərbi texnika, o cümlədən quru qoşunları üçün 155 millimetrlik haubitsaların istehsalı ilə tanınır.

Hazırda Çin Hərbi Dəniz Qüvvələrinin silahlanmasında ən iri kalibrli sistem 130 millimetrlik H/PJ-38 (H/PJ-45 kimi də tanınır) qurğusudur. Bu sistem sovet istehsalı olan AK-130 bazasında hazırlanıb və maksimal atəş məsafəsi təxminən 23 kilometr qiymətləndirilir. Yeni 155 millimetrlik sistemin isə daha böyük atəş məsafəsi və daha geniş sursat çeşidi təqdim edəcəyi ehtimal olunur.

Ekspertlərin fikrincə, belə bir artilleriya qurğusunun tətbiqi Çin donanmasının desant əməliyyatlarında atəş dəstəyi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə, həm dəniz, həm də potensial olaraq hava hədəflərinə qarşı təsir radiusunu artıra bilər. Bu isə Pekinin yalnız Sakit okean hövzəsində deyil, qlobal miqyasda dəniz gücünü artırmaq strategiyasının növbəti mərhələsi kimi qiymətləndirilir.

S.ELAY

XQ

Dünya