Bəşəriyyət tarix boyu yerin altından təxminən 700 milyon ton mis hasil edib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, bu miqdar tərəfi təxminən 430 metr olan bir kubu doldurmağa kifayət edərdi.
Statistika göstərir ki, müəyyən edilmiş mis yataqlarında, yəni artıq kəşf edilmiş, lakin hələ istismarına başlanılmamış yataqlarda təxminən 2,1 milyard ton metal var. Artıq hasil edilmiş misi də bura əlavə etsək, məlum olan misin ümumi həcmi təxminən 2,8 milyard metrik tona çatır.
Lakin əsl təsiredici məqam budur ki, geoloqların hesablamalarına görə, hələ kəşf edilməmiş yataqlarda yerin dərinliklərində gizlənmiş əlavə 3,5 milyard ton mis ola bilər. Ümumilikdə bu o deməkdir ki, Yer kürəsindəki misin ümumi kütləsi, - hasil edilmiş, məlum olan və hələ tapılmamış,- təxminən 6,3 milyard ton təşkil edə bilər. Belə bir həcm hər tərəfi demək olar ki, 890 metr olan bir kub yaradardı.
Başqa sözlə, indiyə qədər planetdəki ehtimal olunan mis həcminin yalnız 11%-i hasil edilib.
Misin bu qədər vacib olmasının səbəbi onun elektrik naqillərindən və su təchizatı sistemlərindən tutmuş, bərpa olunan enerji mənbələrinə və elektromobillər üçün akkumulyatorlara qədər hər şey üçün fundamental material olmasıdır. Onun keçiriciliyi, davamlılığı və təkrar emal imkanı misi müasir infrastrukturda əvəzolunmaz edir.
Təəccüblü deyil ki, son illərdə misə olan tələbat kəskin şəkildə artıb. Elektrikləşdirmə, "yaşıl" enerji, elektromobillər və hətta süni intellekt infrastrukturu ilə bağlı texnologiyalar böyük dərəcədə misdən asılıdır. Sahə üzrə hesabatlara görə, təmiz enerjiyə keçid sürətləndikcə yaxın onillikdə misə olan qlobal tələbat əhəmiyyətli dərəcədə arta bilər.
Nəhəng mis ehtiyatlarının hələ kəşf edilməmiş qalmasına baxmayaraq, müəyyən edilmiş yataqların əksəriyyəti bir neçə ölkədə cəmləşib: Çili mis ehtiyatları və hasilatına görə dünya lideri olaraq qalır, planetin ən böyük mədənlərindən bəziləri burada yerləşir. Ondan sonra qlobal bazarları təmin edən geniş mis yataqları ilə Peru və Avstraliya gəlir. Həmçinin Rusiya və Konqo Demokratik Respublikası da məlum mis ehtiyatlarının ən böyük sahibləri sırasındadır.
Misin dünya iqtisadiyyatındakı mühüm roluna baxmayaraq, son geoloji kəşfiyyat işləri yeni iri yataqların açılmasında çətinlik çəkir. "S&P Global"ın təhlili göstərib ki, 1990-2023-cü illər ərzində ümumi həcmi təxminən 1,315 milyard ton olan, ölçü kriteriyalarına cavab verən 239 mis yatağı müəyyən edilib. Lakin son illərdə kəşflərin sayı azalmaqdadır.
S.ELAY
XQ

