Rusiyada miqrasiya siyasətinin sərtləşdirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüsü irəli sürülüb.
"Kommersant" qəzetinin məlumatına görə, Rusiya hökuməti Dövlət Dumasına “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi vəziyyəti haqqında” federal qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi təqdim edib. Sənədə əsasən, əmək miqrantlarının övladları 18 yaşına çatdıqdan sonra 30 gün ərzində ölkəni tərk etməlidirlər.
Layihədə göstərilir ki, yetkinlik yaşına çatan miqrant övladları yalnız müəyyən şərtlərlə Rusiyada qala biləcəklər. Bunun üçün onlar avans ödənişi etməli və əmək fəaliyyəti üçün patent rəsmiləşdirməlidirlər. 18 yaşadək uşaqlar isə valideynlərinin iş icazəsinin qüvvədə olduğu müddətdə ölkədə qala bilərlər. Bunun üçün əmək miqrantı həm özü, həm də hər bir övladı üçün sabit məbləğdə gəlir vergisi üzrə avans ödəməlidir.
Qanun layihəsində patent verilməsindən imtina ediləcək hallar da dəqiqləşdirilib. Belə ki, əgər xarici vətəndaş haqqında rəsmi məlumat bazalarında heç bir informasiya yoxdursa və ya miqrantın gəliri özü və ailə üzvlərinin hər biri üçün yaşayış minimumundan aşağıdırsa, ona patent verilməyəcək.
Bununla yanaşı, istisna halları da nəzərdə tutulur. Əgər əmək miqrantı patenti ilk dəfə alırsa və ya sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, fiziki şəxslərin şəxsi və məişət ehtiyacları üçün çalışırsa, bu məhdudiyyətlər tətbiq edilməyəcək.
Təşəbbüsün mühüm məqamlarından biri də nəzarət mexanizmlərinin gücləndirilməsidir. Layihəyə əsasən, Rusiya Federal Vergi Xidməti tərəfindən formalaşdırılan məlumatlar avtomatik qaydada Rusiya Daxili İşlər Nazirliyinə ötürüləcək. Bu məlumatlar işəgötürənlərin sığorta haqları üzrə hesabatlarına və miqrantın özü tərəfindən peşəkar gəlir vergisi ödədiyi hallarda təqdim etdiyi bəyannamələrə əsaslanacaq. Vergi orqanları miqrantların üç, altı, doqquz və on iki aylıq gəlir göstəricilərini hüquq-mühafizə strukturları ilə paylaşacaq.
Beləliklə, hökumətin təklif etdiyi dəyişikliklər həm miqrant ailələrinin hüquqi statusuna, həm də onların sosial-iqtisadi vəziyyətinə daha sərt nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Bu isə Rusiyanın miqrasiya siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Səbuhi MƏMMƏDOV
XQ

