Revanşistlərlə yanaşı, baş nazirin partiyasında da ona qarşı çıxanlar var
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibə, eyni zamanda, baş nazirin “Facebook” səhifəsində də canlı yayımlanıb. Paşinyan müsahibədə ölkəsinin təhlükəsizlik arxitekturası, Rusiya ilə münasibətlər, Ermənistanın ərazisi, ordusu, iqtisadiyyatı ilə bağlı fikirlərini bölüşüb.
Təbii ki, bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir. Hayastanın elektron media resursları Nikolun fikirlərini, əsasən, “Paşinyan Azərbaycanla sülhə maneə olan amili açıqladı” sərlövhəsi ilə yerləşdiriblər. Qeyd edilir ki, baş nazir Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq.
Bundan başqa, Paşinyan yeni konstitusiya barədə də fikirlərini bölüşüb. Deyib: “Legitim yanaşma belədir: mən sizdən nə gözləyirəmsə, siz də məndən onu gözləyin. Bu gün biz həqiqətən də müstəqillik bəyannaməsi ilə münasibətimizi tənzimləməliyik. Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam məhz konstitusiya referendumudur”.
Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Beləliklə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Hayların 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur.
Qeyd edək ki, Ermənistan konstitusiyasının girişində müstəqillik bəyannaməsinə istinadın qalması Azərbaycanda haqlı etiraza səbəb olur. Bununla bağlı Prezident İlham Əliyev öz fikirlərini bir neçə dəfə ifadə edib. Hələ 2021-ci il sentyabrın 28-də dövlətimizin başçısı “Anadolu” agentliyinə müsahibəsində demişdi: “Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər...”
Prezident bu istiqamətdə 2024-cü il fevralın 1-də də mövqeyini bölüşdü. Həmin gün Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edən dövlətimizin başçısı dedi ki, müstəqillik haqqında bəyannamədə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddiaları, İrəvanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, Prezident vurğuladı ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da İrəvan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Prezident İlham Əliyev qeyd etdi ki, bu iddialara son qoyulduğu, Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı bildirdi ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Qeyd edək ki, Paşinyan Hayastana yeni konstitusiyanın lazım olduğu barədə ilk dəfə yanvarın 19-da ədliyyə nazirliyində keçirilən müşavirədə danışıb. Deyib ki, ölkəsinin “demokratik legitimliyinin və yaşarılığının təmin edilməsi üçün” konstitusiya islahatına yox, tamamilə yeni konstitusiyaya ehtiyacı var. Onun sözlərinə görə, yeni konstitusiya yeni geosiyasi və regional şəraitdə Ermənistanı “daha rəqabətli və həyatqabiliyyətli” etməlidir: “Ermənistan Respublikasının xalq tərəfindən səs verilmiş konstitusiyası olmalı və o, heç bir şübhəyə yer qoymamalıdır. Bu, onun legitimliyini təsdiqləyən mühüm addım olardı”. Paşinyanın sözlərinə görə, yeni konstitusiya xalq səsverməsinə çıxarılmalıdır ki, onun nüfuzuna heç bir şübhə yeri qalmasın.
Ancaq onun bu fikirləri radikal-revanşist kəsimin nümayəndələrinin etirazı ilə qarşılanır. Hətta, Paşinyanın partiyasında da ona qarşı çıxanların olduğu bildirilir. Bu barədə “Hraparak” qəzeti yazır. Məqalədə deyilir: “Mülki müqavilə” partiyasında konstitusiyanı dəyişmək kimi anti-erməni planına qarşı çıxan bir qrup var. Onlar düzəlişlərin edilməsinin qarşısını almaq üçün ehtiyatla mübarizə aparmağa çalışacaqlar. İctimai etirazların güclənəcəyi təqdirdə, bu qrup da mübarizəni aktiv və açıq fazaya keçirəcək”.
Yazıda qeyd olunub ki, baş nazir nəinki Ermənistan konstitusiyasını dəyişmək istəyir, o, ölkənin əsas qanununda müstəqillik bəyannaməsinə istinadı aradan qaldırmaq, həm də özünün xəyali “Dördüncü respublika”sının konstitusiyasını sıfırdan yazmaq qərarına gəlib.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə konstitusiyanın dəyişdirilməsi üçün başqa səbəblərin də olduğunu bildirib. Onun sözlərinə görə, konstitusiya dəyişiklikləri məsələsi həm də xarici əlaqələrlə bağlıdır. Bununla belə, Mirzoyan qeyd edib ki, konstitusiya ilk növbədə, daxili əhəmiyyət kəsb edən sənəddir.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Fikrət Sadıxov bildirdi ki, N.Paşinyan bu bəyanatları Azərbaycana görə vermir. Onun sözlərinə görə, burada bir sıra səbəblər var: “Əvvəla, özünü Avropaya sülhpərvər hökumət başçısı, ölkəsini isə dünyaya sülhsevər dövlət kimi nümayiş etdirmək istəyir. Hazırda onun əsas məqsədi Avropa ilə yaxınlaşmaq, beynəlxalq strukturlarla əlaqələri daha da gücləndirməkdir. Digər tərəfdən, burada bir məqam da görünür. O, sadəcə olaraq, keçmiş rejimin qəbul etdiyi sənədlərdən imtina etmək istəyir. Daha doğrusu, onlardan canını qurtarmaq siyasəti yürüdür. Həmin sənədlər “Qarabağ klanı”nın, radikal-revanşistləri təmsil edən digər siyasi qüvvələrin əlində alət olaraq, qalmaqdadır. Paşinyan hesab edir ki, qanunvericilik sahəsində islahatların keçirilməsi ilə Ermənistanda yeni siyasi dövrün əsası qoyulacaq”.
Siyasi şərhçi qeyd etdi ki, bu yanaşma müəyyən dərəcədə bizi də qane edir. Belə ki, Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılması ölkəmizi razı salan məqamdır: “Amma bizim də bir şərtimiz var. Bütün bunlar hamısı bəyanatlar şəklində və ritorik fikirlər olaraq qalmamalı, praktikada həyata keçirilməlidir. Paşinyanın bundan əvvəl də səsləndirdiyi bir sıra bəyanatlar bizim yaxşı yadımızdadır. Həmin bəyanatlar elə bəyanat olaraq qaldı. Ona görə də belə gurultulu bəyanatlar vermək çox asandır. Onları həyata keçirmək, reallaşdırmaq Paşinyana asan görünə bilər. Hər halda, ona qarşı çıxış edən radikal qüvvələr qarşısında konstitusiyada dəyişiklik etmək, yaxud yeni əsas qanun yaratmağı bacarsa, əlbəttə, bu, mənfi cəhət hesab oluna bilməz. Bu məqamda Paşinyan daha sabit, ardıcıl və sistemli siyasət aparmalıdır. Siyasi addımlar ritorik bəyanatlarla üst-üstə düşməlidir”.
Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanda uzun illərdir qanunvericilikdə təsbit olunub. Bu düşüncə şüurlara yeridilib və Paşinyan indi hayların düşüncəsini dəyişməyə çalışır. Onlar isə hələ də Qarabağ “sevdası” ilə yaşayaraq, konstitusiyanın dəyişilməsinə qarşı çıxırlar. Eyni zamanda, revanşistlər hər bir məsələdən olduğu kimi əsas qanuna dəyişiklik məsələsindən də baş nazirə qarşı istifadə etməyə çalışırlar: “Fikir versək görərik ki, Paşinyan Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə baxmayaraq, 2023-cü ilədək konstitusiya barədə danışmaqdan bəhs etmirdi. Görünür, o, nəyəsə ümid bəsləyirdi. Ancaq həmin il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri tamamilə yeni reallıqlar yaratdı, ordumuz Paşinyanın ümidlərini alt-üst etdi. Paşinyan, nəhayət, anlayır ki, Qarabağ de-fakto itirilib, indi bunu hüquqiləşdirmək lazımdır. Eyni zamanda, başa düşür ki, konstitusiyanın preambulasından müstəqillik bəyannaməsinə istinadı çıxar-madan Azərbaycanla sülh müqaviləsi imzalamaq mümkün olmayacaq. Bunu etməmək isə yeni hərbi toqquşmalara zəmin yarada bilər. Bundan əlavə, Ermənistanda Paşinyandan sonra iqtidara gələcək şəxslər konstitusiya və müstəqillik bəyannaməsindəki müddəadan dəstəvuz kimi istifadə edə bilərlər”.
Siyasi ekspert qeyd etdi ki, İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır. Onun sözlərinə görə, burada söhbət təkcə Azərbaycanı qane edəcək addımlardan getmir. Ermənistanın özünün təhlükəsizliyi məsələsi də var. Yəni, İrəvan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə, həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, sonra isə regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.
Səxavət HƏMİD
XQ