Türkiyə – Azərbaycan: dezinformasiyaya qarşı birgə mübarizə zərurəti

post-img

İnformasiya müharibəsi milli təhlükəsizlik kontekstində

İnformasiya hər bir cəmiyyət və dövlət üçün strateji məna kəsb edir. Müasir tarixi mərhələdə informa­siyanın yayılması və idarəedilməsi birbaşa milli və dövləti təhlükə­sizliklə əlaqələndirilir. Bunun bir səbəbi bütövlükdə indiki cəmiy­yətlərdə informasiyanın rolunun artması və onun fəaliyyət dairə­sinin genişlənməsi ilə bağlıdırsa, digər tərəfdən artıq cilalanmış metodlarla şüurların manipulyasiya edilməsi təcrübəsinin kifayət qədər olmasıdır. Faktdır ki, indi intellek­tual müharibələr adlandırılan yeni növ savaş üsulları birbaşa informa­siya-kommunikasiya texnologiya­larının funksiyaları ilə əlaqəlidir.

Məsələn, “hibrid təhlükə” adlanan termin yaradılmışdır. Bu termin siyasi anlamda informasiya ilə digər təsiretmə üsullarının sintezindən qarşı tərəfi məğ­lubiyyətə uğratmaq üçün hazırlanmış sistemli və strukturlu fəaliyyəti ifadə edir. “Hibrid fəaliyyət” nəticəsində düşmən kimi qəbul edilən cəmiyyət və dövlətin maddi, material resursları ilə yanaşı, informasiya, mənəvi-əxlaqi və mədəni resursları da if­lic halına salına bilər.

Bu məqsədə nail olmağın özəl üsulları da mövcuddur. Onlar bütövlükdə açıq və ya gizli şəkildə qarşı tərəfin ictimai struk­turlarına müxtəlif yönlü dağıdıcı və mani­pulyativ təsirləri özlərində ehtiva edirlər. Belə bir prosesin zaman məhdudiyyəti və ya fokuslanması olmur, o, sərhədsiz və birritmli deyildir. Situasiyadan asılı olaraq sürətlənə və ya zəfiləyə bilər, lakin sonu yoxdur. 

Araşdırmaçılar üçün maraqlıdır ki, in­formasiya savaşı zamanı tərəflər şüurla­ra təsirlər üzərində daha çox dayanırlar. Bunu dezinformasiyaların yaradılması və yayılması kanalları vasitəsilə reallaşdırır­lar. Təbii ki, hər kəsə məlum olan üsullar­dan başqa, özəl və gizli təsir metodları da mövcuddur. Hər bir halda dezinformasiya qarşı tərəfin şüurunda manipulyativ effekt yaratmalıdır. Müasir mərhələdə məsələ­nin bu tərəfi milli təhlükəsizlik baxımından çox həssas faktor kimi qəbul edilir.

Dezinformasiyanın anatomiyası

Dezinformasiya konkret məqsəd çər­çivəsində toplumun müəyyən edilmiş kə­siminə fokuslanmış və xüsusi üsullarla reallığın təhrif olunmuş formada təqdima­tına əsaslanan dağıdıcı və pozucu infor­masiya fəaliyyətidir. Dezinformasiyanın həmişə konkret hədəfi olur. Hədəfi “zərər­sizləşdirmək” məqsədə çatmaq hesab olunur. Bu zaman hədəfin maddi məhvi şərt deyil və ya, ümumiyyətlə, onda ma­raqlı olmurlar. Dezinformasiyanın əsas funksiyası ictimai şüurun manipulyasiyası üçün münbit informativ şəraitin yaradıl­ması ilə bağlıdır. Dezinformasiya insan­ları real həqiqətlərdən sapdırmağı və on­ları müəyyən dairələrin istəklərinə uyğun yönəltməyi nəzərdə tutur. 

Bunun üçün, adətən, kütləvi informa­siya vasitələrindən (media) istifadə edir­lər. Alman sosioloqu Niklas Luman me­dianın cəmiyyətdə oynadığı “informasiya kanalı” rolunu dərin araşdırmışdır. Belə məlum olur ki, bu, çox güclü təsirə malik və faktiki olaraq dezinformasiya mənbə­yini gizlədən prosesdir. Təhlükəli aspekti də mövcud özəlliklə bağlıdır. Mediakanal­lar cəmiyyətin mənəvi, əxlaqi, siyasi, iqti­sadi və digər sferalarına təsir göstərirlər. Özü də, bu, ölkənin daxilində fəaliyyət göstərən informasiya vasitələrinin yardı­mı ilə gerçəkləşə bilir. Buradan şüurun manipulyasiyası məsələsinin çoxaspekt­liliyi və təhlükəliliyi nəticəsi çıxır. 

İnformasiya spekulyasiyaları

Filosoflar uzun müddətdir ki, şüurun manipulyasiyası məsələsini cəmiyyətin və dövlətin təhlükəsizliyi kontekstində təhlil edirlər. Onlar belə qənaətə gəlirlər ki, müasir dövrdə şüurun manipulyasiyası total xarakter almağa başlayır. İnsanların şüuru yalan informasiyaların təsiri ilə süni surətdə yönəldilir və zaman-zaman onlar­dan xüsusi məqsədlər üçün istifadə olu­nur. Faktiki olaraq ictimai rəyi bu əsasda dəyişməyə çalışırlar. Mövcud məqam xü­susilə böhranlı dövrlərdə daha çox özünü göstərir. 

Məsələn, keçən əsrin 90-cı illərində Azərbaycana qarşı informasiya hücumla­rı total xarakter almışdı və vətəndaşların şüurları manipulyasiya edilirdi. Proses konkret olaraq bir neçə istiqamətdə və müəyyən məqsədləri güdməklə həyata keçirilirdi. Həmin sırada azərbaycanlıların etibarsız, satqın obrazını yaratmaq cəhdi ayrıca seçilirdi. Digər istiqamət Azərbay­canda siyasi liderlərin öz xalqının deyil, şəxsi maraqlarını üstün tutduqları və buna görə real dövlət başçısı olmadıqları­nı beyinlərə yeritməyə çalışırdılar. 

Bu cür fəaliyyət xüsusilə ulu öndər Heydər Əliyevlə bağlı aparılırdı. Çünki düşmən bilirdi ki, nəinki Azərbaycanın, həm də regionun və dünyanın ən sanbal­lı liderlərindən olan Heydər Əliyev ölkəni və cəmiyyəti qısa zamanda böhrandan qurtaracaq və inkişaf yoluna kökləyəcək. Doğrudan da, heç bir dezinformasiya və şüur manipulyasiyaları Ümummilli liderin qarşısını kəsə bilmədi və həmin mərhələ­də Azərbaycan informasiya savaşından qalib çıxdı!

Dezinformasiyanın digər istiqaməti Azərbaycan ziyalılarının ləkələnməsi ilə bağlı idi. Keçən əsrin 90-cı illərində Azər­baycan alimləri, yazıçıları, elm və mədə­niyyət xadimləri müxtəlif böhtanlara düçar olurdular. Bu savaşda da Ulu öndər sipər rolunu oynadı və düşmənə Azərbaycan ziyalılarını nüfuzdan salmaq imkanı ver­mədi.

Dezinformasiyanın başqa daha çox təhlükəli istiqaməti, bütövlükdə, Azərbay­can xalqının zəifliyini, dövlət qurmaq qabi­liyyətinə malik olmadığını və ümumiyyət­lə, satqınlığa meyilli olduğunu aşılamağa hesablanmışdı. Lakin yenə də Heydər Əliyev şəxsiyyəti bu yöndəki bütün fəaliy­yətləri alt-üst etdi. Azərbaycançılıq ideo­logiyası və “... fəxr edirəm ki, mən azər­baycanlıyam” kəlamı xalqı ruhlandırdı, özünü yenidən tanıtdırdi. Azərbaycanlılar Cənubi Qafqazda həqiqi müstəqil dövlət qurmağı bacaran əsas xalq olduğunu dünyaya sübut etdilər. 

Beləliklə, keçən əsrin 90-cı illərində Azərbaycana qarşı təşkil edilən informa­siya savaşının beş başlıca hədəfinin ol­duğunu deyə bilərik: birincisi, bütövlükdə fərd kimi azərbaycanlıların ləyaqətsiz, fərasətsiz olmaları təəssüratını yaratmaq; ikincisi, Azərbaycan ziyalılarının, guya, mənəvi-əxlaqi və intellektual baxımdan qüsurluluğunu nümayiş etdirmək; üçüncü­sü, Azərbaycan dövlətinin əsl liderlərinin olmaması fikrini aşılamaq; dördüncüsü, Azərbaycanın tərəfdaşlıq və əməkdaşlıq­da etibarsız imicini yaratmaq (məsələn, enerji layihələrində); və nəhayət, bütöv­lükdə, Azərbaycan xalqının (və deməli, cəmiyyətinin) “keyfiyyətsiz olduğu” görün­tüsünü formalaşdırmaq. 

Sadalanan istiqamətlərin hər biri şüur­larda konkret təsirlər vasitəsilə xarakte­rizə olunurdu. Xüsusilə, Azərbaycanın enerji layihələri ilə bağlı dezinformasiya­lar, insanları və sərmayə qoyanları qorxut­maq istiqamətində intensivləşmişdi. Onlar hətta dövlət çevrililişlərinə cəhd etdilər, Azərbaycan rəhbərliyini hədələdilər, Gür­cüstan vasitəsilə əsassız iddialar irəli sür­dülər, çirkli informasiya oyunu apardılar. Lakin Ulu öndər belə halların hamısını məharətlə neytrallaşdırdı və Azərbaycan XXI əsrin əvvəllərindəki informasiya sa­vaşının ikinci mərhələsini də qalibiyyətlə başa vurdu. 

Onu da vurğulayaq ki, eyni informa­siya həmlələri Azərbaycan–Türkiyə mü­nasibətlərinə qarşı da həyata keçirilirdi. İki qardaş dövlətin arasını vurmaq üçün dezinformasiyalar yayılırdı. O, cümlədən, Türkiyə-Ermənistan münasibətləri baxı­mından müəyyən məqamlar uydurulur, Ankara ilə Bakının arasını vurmaq cəhd­ləri göstərilirdi. 

Bu prosesdə Osmanlı və Türkiyə Cümhuriyyəti dövlətinin tarixindən müəy­yən fraqmentləri kontekstdən çıxararaq, xüsusi mətnlə anti-Azərbaycan ruhunda tədqim edirdilər. Müxtəlif dönəmlərdə iki qardaş dövlətin münasibətlərinə qərəzli, süni və qondarma “faktlar”ın prizmasın­da baxılmasına çalışırdılar. Və bütün bu informasiya təxribatlarını ortaq məqam­da birləşdirən xüsusiyyət vardı. Prose­sin qısa məzmunu belədir: Azərbaycana qarşı Türkiyə səmimi deyil, türklərin öz maraqları var (guya, hansısa marağı ol­mayan dövlət mövcuddur) və istənilən an Azərbaycana xəyanət edə bilərlər. 

Bəli, Azərbaycana qarşı əsl düşmən­çilik o qədər güclü idi ki, Rusiya və İran qətiyyən “yada düşmürdü”. Onların düş­mənə minbir hoqqa ilə etdikləri kömək, maddi və maliyyə yardımları, informasiya dəstəyi, psixoloji dayanışma mesajları qalmışdı arxa planda. Türkiyə tərəfdən ən kiçik qeyri-müəyyənlik isə şişirdilir və Türkiyənin milli dövləti marağı kimi an­ti-Azərbaycan ruhunda təqdim olunurdu. Bu, sözün əsl mənasında, azərbaycanlı şüurunda bir qarışıqlıq yarada bilərdi – qardaşı qardaşdan soyudardı! 

Onu da vurğulayaq ki, mövcud pro­sesdə dini məzhəb faktorundan da düş­mən aktiv istifadə edirdi. Bura yalnız ənənəvi şiə və sünni məzhəbçiliyi daxil deyildi. Qərbin və Yaxın Şərqin müxtəlif siyasi-ideoloji dairələri vəhabiliyin, radikal şiəlik və radikal sünniliyin, bütpərəstliyin, xristianlığın, iudaizmin, buddaçılığın və s. əlamətlərini azərbaycanlıların şüurlarına məhz Türkiyə ilə “dini fərqliliklər” kon­tekstində yeritməyə çalışırdılar. 

XX əsrin 90-cı illərinin sonunda başla­yaraq, XXI əsrin birinci onilliyinin sonuna və hətta ikinci on illiyin bir neçə ilinə qədər Azərbaycanın vətənpərvər mediası bu şüur manipulyasiyaları ilə aktiv mübarizə apardı. Mübarizənin memarı öncə Heydər Əliyev, sonrakı mərhələdə isə Prezident İlham Əliyev oldular.

Bizim xatirimzdədir ki, ideoloji təx­ribatçılar müxtəlif üsullarla küçələrdə, nəqliyyatda (metro, qatar, şəhərlər və ölkələrarası avtobuslarda) xristianlığın müxtəlif qollarını insanlara yalan əsasın­da təbliğ edirdilər və onların sırasında “Yehova şahidləri” adlı təşkilat xüsusi fəallıq göstərirdi. Hətta bir neçə azərbay­canlını xristianlaşdırmışdılar da. Və hə­min azərbaycanlılar təbliğat aparırdılar ki, əsgərliyə getməyin, erməniyə güllə atmayın və s. Və bunları nə qədər primi­tiv olsa da, humanizmlə, insanlıqla və er­mənilərə “qardaş” olmağımızla əlaqələn­dirməyə çalışırdılar. Bunun fonunda isə erməni işğlaçıların torpaqlarımızı zəbt etmələrinə, azərbaycanlılara qarşı zora­kılıq törətmələrinə və Ermənistanın ordu­ya malik olmasına haqq qazandırırdılar. Bütün bu informasiya zibilləri Azərbaycan dövlətinin yenilməz iradəsi ilə cəhənnəmə göndərildi.

Şüurun manipulyasiyasını, faktiki ola­raq, daxildə təxribat fəaliyyətləri ilə –de­zinformasiya, qorxutmaq, dəhşət yarat­maqla reallaşdırmağa cəhd göstərirdilər. Məsələn, XX əsrin sonları və XXI əsrin ilk onilliklərində Bakıda xüsusi xidmət orqan­laında işləyən bir Rostov ermənisi vasitə­silə qətllər törədən təşkilat yaratmışdılar. Həmin erməni İslam dini bəhanəsi ilə gəncləri ətrafına cəlb edə bilmişdi. Bəzi gənclər bu tələyə düşmüş və bir neçə ta­nınmış azərbaycanlını qətlə yetirmişdilər. Onları Azərbaycan təhlükəszilik orqanı yaxaladı. Məhkəmədə qətlin iştirakçıla­rından birinin çox təəccüblə erməniyə “sən ermənisən?” sualını verdiyi səhnəni görmək ibrətamizdir. Lakin erməni layiqli cəzasını aldı. 

Azərbaycan bunları da aşdı və ha­zırda Rusiya ölkəmizin strateji müttəfiqi­dir! Rəsmi Moskva ilə Bakı konstruktiv əlaqələrini inkişaf etdirirlər. Bütövlükdə isə informasiya savaşı səngiməyib. Ək­sinə, bir neçə istiqamətdə daha da aktu­allaşıb. Xüsusilə, Türkiyə – Azərbaycan birliyi kontekstində informasiya savaşına qarşı ortaq dayanışma yeni məzmun və məna kəsb etməkdədir. Bu aspektin isə üzərində geniş dayanmaq lazım gəlir.

(ardı var)

F.MƏHƏMMƏDOĞLU
XQ

Siyasət