Ümummilli liderin Naxçıvanda müstəqillik mücadiləsi

post-img

Ulu öndər Heydər Əliyevin talenin hökmü ilə dünyanın siyasi olimpindən kənarlaşıb doğulduğu Naxçıvanda yaşamağa məcbur olduğu 1990–1993-cü illər ərazi bütövlüyümüzün qorunması və dövlət müstəqilliyimizin bərpa edilməsi uğrunda ümummilli mübarizənin ən çətin və qaynar dövrünə təsadüf etmişdir. 

Həmyelilərinin təkidli iradəsi və yaran­mış mürəkkəb tarixi şəraitin tələbi ilə Ulu öndərin ölkə parlamentinə deputat seçildiyi, bir il sonra isə muxtar respublikaya rəhbərliyi öz üzərinə götürdüyü 2 ilə yaxın dövr Azər­baycanın dövlət müstəqilliyinin təməllərinin yaradılması ilə bağlı bir sıra ciddi addımların atılması ilə əlamətdar olmuşdur. Ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əli­yev Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərdən söz açarkən bildirmişdir ki, bu dövrdə dünya siyasətinin nəhənglərin­dən biri olan ulu soydaşımız, əslində, Azər­baycanın müstəqilliyinin qorunub saxlanma­sı ideyaları ilə yaşayırdı. O çətin vəziyyətdə, blokada şəraitində, ona qarşı daxili qüvvələ­rin törətdiyi qəsd, onu hakimiyyətdən kənar etmək cəhdlərinə baxmayaraq Heydər Əliyev təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın taleyini düşünürdü. 

Həqiqətən, Heydər Əliyev bir xalq depu­tatı, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyət göstərdiyi həmin dövrdə Naxçıvan parlamentində həm yerli, həm də respublika əhəmiyyətli qərarlar qəbul edildi. Heydər Əliyevin bütün fəaliy­yəti muxtar respublikanın düşdüyü ağır və­ziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, xarici dövlətlərlə əlaqələ­rin yaradılmasına, əhalinin ərzaqla təmin edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdı­rılmasına və başqa bir sıra vacib məsələlərin həllinə yönəldildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiya­sı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bu sənəddə Naxçıvanda həyata keçirilən ümumazərbaycan əhəmiyyətli ha­disələrin heç biri dəyərləndirilməmiş, yeni tarixi şəraitdə Naxçıvanın statusuna toxunul­mamışdı. Halbuki təcrübi baxımdan Konsti­tusiya Aktında Naxçıvana da yer ayrılmasına ciddi ehtiyac var idi.

Bütün bunlara baxmayaraq, Naxçıvanın rəhbəri kimi Heydər Əliyev bu münasibətlə Azərbaycan xalqını təbrik etdi. Təbrik teleq­ramında bu hadisənin mahiyyəti dəyərləndi­rilməklə qeyd edilirdi ki, Naxçıvan Muxtar Respublikasının əhalisi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti­nin sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqın­da Konstitusiya Aktı” münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və bunu tarixi hadisə kimi qəbul edir. Biz bu gün xoşbəx­tik ki, nəhayət, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı tərəfindən milli azad­lıq niyyətlərinin həyata kecirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərə­katı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər.

Muxtar respublika Ali Məclisinin Səd­ri Heydər Əliyev müdafiə işlərini səbr və təmkinlə, ardıcıllıqla həyata keçirirdi. Hey­dər Əliyevin təşəbbüsü ilə hələ 1991-ci ildə Muxtar Respublika Dövlət Müdafiə Komitə­si yaradılmış, könüllülərdən ibarət nizami ordu təşkil olunmuş və vahid komandanlığa tabe etdirilmişdi. Lakin Naxçıvan Muxtar Respublikasının müdafiəsini daha etibarlı etmək üçün Heydər Əliyevin xüsusi planla­rı vardı. 1946-cı ildə sovet ordusunun 75-ci motoatıcı diviziyası Naxçıvanda yerləşdiril­miş, silah-sursat və hərbi texnika ilə təmin olunmuşdu. 

Heydər Əliyev Rusiya Federasiyasının rəhbərləri ilə danışıqlar aparır, 75-ci divizi­yanın ləğv olunmasına çalışırdı. Eyni zaman­da, Ali Məclisin Sədri diviziya komandanlı­ğı ilə səmimi münasibət yaratmışdı ki, ordu hissələri təxribat etməsin. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 26 oktyabr sessiyasında muxtar respublika əra­zisində olan hərbi hissələrin statusu haqqında məsələ müzakirə olundu və qərar qəbul edil­di. Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi sayəsində Naxçıvanda yerləşmiş qoşun və sərhəd hissələrinin fəaliyyəti ilə bağlı bütün məsələlər Azərbaycanın mənafe­yinə uyğun həll edildi. 

“Naxçıvan Muxtar Respublikasının mü­dafiəsinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqında qərarda deyilirdi ki, Naxçıvan Muxtar Respublikasının ərazisindəki bütün yeraltı və yerüstü sərvətlər Azərbaycan xalqı­na, muxtar respublika əhalisinə məxsusdur. Muxtar respublika ərazisində yerləşən silahlı qüvvələrin bütün hərbi və təsərrüfat tikililəri, əmlakı, silahları və hərbi sursatları, hərbi və mülki texnikası Naxçıvan Muxtar Respub­likasına məxsusdur və Ali Məclisin icazəsi olmadan respublika ərazisindən aparılmama­lıdır.

Ali Məclisin qərarı ilə Rusiya qoşun hissələrinin Naxçıvandan çıxarılması və milli ordunun yaradılması prosesi başlandı. 1992-ci ilin iyul ayında Rusiyanın Müdafiə Nazirliyi, Zaqafqaziya hərbi idarəsi və 75-ci motoatıcı diviziyanın komandanlığı ilə da­nışıqlar aparıldı. Naxçıvanda yerləşən 75-ci motoatıcı diviziyanın ləğv edilməsi və divi­ziyanın bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında razılıq əldə edildi. 

Naxçıvan Muxtar Respublikası Ali Məc­lisi Rəyasət Heyətinin 25 iyun 1992-ci il ta­rixli iclasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin ləğvi və onun əsasında Azərbaycan Müdafiə Nazirliyi tər­kibində müvafiq strukturun yaradılması zəru­ri hesab edildi. Azərbaycanda birinci olaraq Rusiya qoşun hissələrinin hərbi və təsərrüfat əmlakı Azərbaycan Müdafiə Nazirliyinin yeni yaradılan hərbi hissəsinin sərəncamı­na verildi.1992-ci il avqustun 18-də 75-ci diviziyanın əmlakının, silahlarının, hərbi texnikasının Azərbaycan Milli Ordusuna ve­rilməsi haqqında sənədlərin imzalanması ilə Rusiya Ordusunun hərbi hissələri avqustun 18-də Naxçıvan Muxtar Respublikasını tərk etdi.

Aparılan danışıqların nəticəsində Sovet İttifaqının sərhəd qoşunlarının Naxçıvanda yerləşən 41-ci sərhəd dəstəsi ləğv olundu. 41-ci sərhəd dəstəsinin funksiyalarının, bü­tün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının Naxçıvanda yaradılan birin­ci sərhəd dəstəsinə verilməsi haqqında sənəd­lər imzalandı. İlk milli sərhəd qoşunlarının yaradılması da Naxçıvandan başlandı. Sər­həd qoşunları dəstəsində Azərbaycanın milli bayrağı qaldırıldı. 1992-ci il sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin Sədri Heydər Əliyevin gərgin əməyi və çevik diplomatik gedişləri sayəsində heç bir insidentə yol verilmədən Naxçıvan ərazisini sonuncu rus sərhədçisi də tərk etdi.

Ermənistan tərəfindən Naxçıvanın blo­kadaya alınmasına və muxtar respublikaya yönəlmiş erməni təcavüzünə qarşı müdafiə­nin təşkili də diqqət mərkəzində idi. Ermə­ni tərəfi qatarların təhlükəsiz hərəkətinə söz versə də, sözlərinə əməl etmədilər. Dekabrın 8-də erməni yaraqlıları Ordubad dəmir yolu stansiyası təmir briqadasının 12 işçisini girov götürdülər. Dekabrın 16-da isə Bakı–Şərur qatarı saxlanıldı. Dekabrın 19-da Heydər Əli­yevin Ermənistan prezidenti ilə danışığından sonra 12 nəfər geri qaytarıldı. Eyni zamanda, saxlanılan Bakı–Şərur qatarı azad edildi. 

Erməni silahlı birləşmələri qısa fasilədən sonra, 1992-ci il mayın 5-də sərhədi keçərək, Naxçıvan Muxtar Respublikasının sərhəd­yanı yaşayış məntəqələrinə yenidən basqın etdilər. Sədərək qəsəbəsi, Havuş, Günnüt, Yuxarı Yaycı kəndləri yaxınlığındakı döyüş­lər zamanı 42 nəfər yaralanmış, 3 nəfər həlak olmuşdu. Mayın 7-də səhər tezdən Sədərək qəsəbəsi və Havuş kəndi müxtəlif toplardan atəşə tutulmuş, 20 nəfər yaralanmışdı. Sə­dərəkdə böyük dağıntılar olmuşdu. Mayın 5-də Naxçıvan şəhərində, mayın 7-də Şə­rur rayonunun mərkəzində mitinq keçirildi. Heydər Əliyev hər iki mitinqdə çıxış etmiş, sabitliyi saxlamaq naminə bütün qüvvələrin birləşməsini zəruri hesab etmişdi. 

Naxçıvandakı hərbi vəziyyətlə bağlı Tür­kiyənin Baş naziri Süleyman Dəmirəl ABŞ prezidenti Corc Buşla danışmış və mövqeyini bildirmişdi. Sədərək rayonunda təhlükəsizli­yi təmin etmək məqsədilə orada hərbi vəziy­yət elan edildi. 1992-ci il may ayının əvvəl­lərində Naxçıvan Muxtar Respublikasında, Azərbaycanın Ermənistanla sərhədlərində gərginlik yenidən artdı. Düşmən Naxçıvan tərəfdən hücum olacağından ehtiyatlanaraq oradakı hərbi hissələrin başını qatmaq, həm də Azərbaycanda yaranmış xaosdan bəh­rələnərək yeni torpaqlar ələ keçirmək niyyə­tində idi.

Naxçıvan ətrafında blokadanın daral­dılması da buna xidmət edirdi. 1991-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respub­likasına qaz verilməsinin dayandırılmasına 1992-ci ilin iyul ayından elektrik enerjisinin kəsilməsi də əlavə olundu. 1992-ci ilin aprel ayından buraya qatarların hərəkəti tam da­yandırılmışdı. Ermənistan silahlı qüvvəlləri­nin Naxçıvana qarşı genişlənən təcavüzünün dəf edilməsi istiqamətində də işlər davam et­dirilirdi. 1992-ci il mayın 18-də muxtar res­publikanın Sədərək, Günnüt, Havuş, Yuxarı Buzqov, Şada, Biçənək və başqa qəsəbə və kəndlərinə qarşı güclü, hətta zəhərli kimyəvi silahdan istifadə edirdilər. Sədərəkdə qanlı döyüşlər 40 gün davam etdi. Naxçıvan əhalisi Sədərəyin müdafiəsinə qalxdı. Onlar qəhrə­manlıqla vuruşurdular. Qəsəbənin yüz metrli­yindəki Mil dağından 10 gün müddətində 17 şəhidin cəsədini götürmək mümkün olmadı.

Heydər Əliyevin şəxsi nüfuzu bir gün­lük atəşkəs yaratmağa kömək etdi, şəhidlə­rin cəsədləri 1992-ci il mayın 28-də döyüş zonasından götürüldü. Kəndlərə xeyli ziyan dəymiş, evlər və inzibati binalar dağıdılmış­dı. On minlərlə insan çadırlarda, meşələrdə ağır şəraitdə yaşamağa məcbur olmuşdu. Ali Məclisin Sədri Heydər Əliyev erməni təcavüzünün qarşısını almaqda diplomatik vasitələrdən geniş istifadə etdi. Hələ martın 23-də onun Türkiyəyə səfəri zamanı Baş na­zir Süleyman Dəmirəl bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan Muxtar Respublikasının statusunda bir dəyişiklik meydana gələrsə, mövcud müqaviləyə əsasən Türkiyə öz sözü­nü deyəcəkdir. 

Mayın 18-də gecə Türkiyə Nazirlər Ka­bineti toplanıb geniş bəyanat qəbul etdi. Bəyanatın çox mühüm cəhəti bir də ondan ibarətdir ki, Heydər Əliyevin göstərdiyi kimi, “Bəyanatda Türkiyə hökumətinin 1921-ci il Qars müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikası haqqında xüsusi söz sahibi ol­ması, qarant rolunu oynaması” məsələsi qeyd olunub və bu da bütün dünya ictimaiyyətinə çatdırılıb. 

Həmin günlərdə bütün dünya informasi­ya orqanlarının verilişlərində, məlumatların­da 1921-ci il Qars müqaviləsi, onun mənası və Naxçıvan Muxtar Respublikası üçün əhə­miyyəti göstərilmişdir. Türkiyə rəhbərliyinin və Heydər Əliyevin birgə səyləri sayəsində erməni təcavüzkarlarının niyyəti dünya icti­maiyyətinə çatdırıldı. 57 dövlət bu təcavüzü pislədi. NATO xüsusi bəyanat verdi. Rusiya burada geri çəkilməyə məcbur oldu. Mayın 24-də Ermənistanın təklifi ilə danışıqlar baş­landı və sabitlik təmin edildi.

Ermənistan Naxçıvanın blokadasının başa çatdırılması və möhkəmləndirilməsi yö­nündə fəaliyyətini davam etdirirdi. 1992-ci il aprelin 24-də Azərbaycanın digər torpaqla­rı ilə yeganə əlaqə vasitəsi olan dəmir yolu kəsildikdən sonra, iyulun 13-də qalan kom­munikasiya xətlərinin də fəaliyyətinə son qoyuldu. Ermənilər bununla uzun müddət mühasirədə saxladıqları Naxçıvanı diz çök­dürməklə Azərbaycana daha ağır zərbə vur­maq istəyirdilər. Naxçıvan Muxtar Respub­likası əhalisinin iradəsini qırmaq mümkün olmadı. Naxçıvanlılar hər cür çətinliyə döz­dülər və mübarizəni davam etdirdilər. 

Heydər Əliyev bütün imkanlardan istifa­də edərək Naxçıvanı blokadadan çıxarmağa, əhalinin vəziyyətini yaxşılaşdırmağa çalışır­dı. Bunun üçün Türkiyə və İranla əlaqələr davam etdirilir, Naxçıvanın beynəlxalq nü­fuzunun möhkəmləndirilməsi sahəsində ge­niş iş aparılırdı. Türkiyə ilə əməkdaşlığın ən önəmli məsələlərindən biri Araz çayı üzərin­də körpünün tikintisi oldu. Türkiyə ilə Naxçı­van arasında ilk müvəqqəti körpü salınmış və 1991-ci ilin oktyabrın 29-da istifadəyə veril­mişdi. Naxçıvan körpüsü Türkiyənin Qafqaz və Orta Asiya dövlətlərinə keçidini təmin edən bir qapı idi. 

1992-ci il mayın 28-də Naxçıvan ilə Türkiyə arasında “Sədərək–Dilucu” 228 metrlik “Ümid korpusu” açıldı. Körpünün rəsmi açılışında Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl başda olmaq­la Türkiyədən Naxçıvana böyük nümayəndə heyəti gəlmişdi. Baş nazir Süleyman Dəmirəl körpünün açılışını Azərbaycanla Türkiyə ara­sında əməkdaşlığın yeni dövrünün başlanğıcı adlandırdı. Heydər Əliyev həmin körpünü “arzu və ümidlərin körpüsü” kimi dəyərlən­dirdi. Muxtar respublika parlamentinin qərarı ilə Sədərək–Dilucu körpüsü Türkiyə Cümhu­riyyəti ilə Azərbaycan Respublikasının Nax­çıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan edildi.

Türkiyənin İqdir şəhərindən Naxçıvana elektrik xətti çəkildi. Türkiyə ilə əlaqələr genişlənirdi. Bunun üçün 1992-ci il martın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyə Respublikasının prezidenti Turqut Özalın və Baş nazir Süleyman Dəmirəlin dəvəti ilə Türkiyə Respublikasına rəsmi səfərə getdi. Səfərin gedişində – martın 24-də 13 maddə­lik əməkdaşlıq haqqında protokol imzalandı. 

Bu sənəd muxtar respublikaya maliyyə, iqtisadi, texniki yardım göstərilməsi, muxtar respublikanın zəruri ehtiyaclarını ödəmək üçün 100 milyon ABŞ dolları həcmində kre­ditin ayrılması, tərəflər arasında enerji xət­lərinin yaradılması, nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi öz əksini tapmışdı. Proto­kolda həmçinin bank işi, turizm, informasi­ya sahəsində geniş əməkdaşlıq əlaqələrinin yaradılması, muxtar respublikadan olan 100 tələbənin Türkiyədə təhsil alması haqqında razılığa gəlinmişdi.

Muxtar respublikanın İranla da əlaqələri genişlənirdi. Heydər Əliyev 1992-ci il avqus­tun 22–26-da İran İslam Respublikası Prezi­dentinin dəvəti ilə Tehrana səfər etdi. Naxçı­van Muxtar Respublikasının ehtiyacları ilə bağlı qonşu dövlətlə danışıqlar aparıldı. İran İslam Respublikası ilə Naxçıvan Muxtar Res­publikası arasında iqtisadi və mədəni əmək­daşlıq haqqında 16 maddədən ibarət protokol imzalandı. Bağlanmış protokola əsasən mux­tar respublikanın kommunikasiya xətlərinin İran ərazisindən keçirilməsi, bir il ərzində qaz kəmərinin İran hökumətinin vəsaiti hesa­bına çəkilməsi, hər ayda 100 ton maye qazın verilməsi kimi həyati vacib məsələlər həll olundu. 

Oktyabr–noyabr aylarında İran İslam Respublikasından Naxçıvana yardımlar, neft, dizel yanacağı, kömür və ərzaq məhsulları göndərildi. Dekabrın 3-də Şahtaxtı–Poldəşt arasında üzən körpü istifadəyə verildi. Hə­min gün İrandan Naxçıvana təqribən 30 mqvt gücündə elektrik enerjisinin verilməsinə başlanıldı. İran və Türkiyə dövləti, ayrı-ayrı şirkətlər Naxçıvana yardım göstərməklə ki­fayətlənmir, burada yeni müəssisələr tikmək, mövcud müəssisələri modernləşdirmək, ava­danlıqlarla təchiz etmək, muxtar respublikanı azad iqtisadi zonaya çevirmək üçün kömək edəcəklərini bildirirdilər. 

Bütün bunlarla yanaşı, konsulluqların açılması üçün razılıq əldə edildi. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının konsulluqları fəaliyyətə başladı. Türkiyənin Naxçıvana yeni təyin olunmuş baş konsu­lu Orxan Ərtoğrul 1993-cu ilin yanvarında Heydər Əliyev tərəfindən qəbul edildi. Nax­çıvan Muxtar Respublikasının paytaxtında ağıryüklü sərnişin və nəqliyyat təyyarələrini qəbul etməyə imkan verən yeni aeroport mar­tın 1-də işə salındı. Türkiyə və İranla iqtisa­di, ticarət, mədəni əməkdaşlığının mahiyyəti Mərkəzdəki anti-Naxçıvan qüvvələri tərəfin­dən qəsdən təhrif edilirdi. Onlar bu addımları Naxçıvanda separatizm meyllərinin güclən­məsi kimi təqdim etməyə çalışırdılar.

Azərbaycan dövlət hakimiyyəti orqan­larının nümayəndələri muxtar respublikaya kömək etmək əvəzinə, onun rəhbərliyinə təzyiq göstərməyə cəhd edirdi. Naxçıvan Muxtar Respublikasının Konstitusiya statu­sunda dəyişiklik etməyə, onun konstitusiya hüquqlarını məhdudlaşdırmağa çalışırdılar. Bununla əlaqədar, muxtar respublika Ali Məclisi Rəyasət Heyətinin 7 dekabr 1992-ci il tarixli qərarında göstərilirdi: “Ali Məclisin Rəyasət Heyəti bəyan etməyi zəruri hesab edir ki, Bakıda və Naxçıvanda ayrı-ayrı da­irələr tərəfindən Naxçıvan Muxtar Respubli­kası rəhbərliyinin fəaliyyətindəki separatizm haqqında yayılan şayiələr uydurmadır, böh­tan xarakteri daşıyır və heç bir əsası yoxdur. Türkiyə və İranla əlaqələrin inkişaf etdiril­məsi Azərbaycan Respublikasının ümumi siyasətinin tərkib hissəsidir, uzun müddət blokada şəraitində olan muxtar respublikanın sosial-iqtisadi problemlərinin həll edilməsi­nin zəruriliyindən irəli gəlir”.

Ümummilli lider Heydər Əliyevin Azər­baycan dövlətçiliyini yeni şəraitdə möhkəm­ləndirmək və inkişaf etdirmək konsepsiyası Mərkəzi hakimiyyət tərəfindən müqavimətlə qarşılanırdı. Heydər Əliyevin siyasətinin xalq içərisində rəğbətlə qarşılanması və dəstəklən­məsi isə Mərkəzi hakimiyyəti narahat etməyə başlamışdı. Mərkəzi hakimiyyət Naxçıvanda hakimiyyətini möhkəmləndirmək planına nail olmaq üçün hakimiyyət strukturlarını ələ almağa çalışırdı. Bu məqsədlə ilk olaraq baş nazir vəzifəsi ələ keçirilmişdi. Əsas vəzifə isə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsinə yiyələnmək, daha doğrusu, Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaq idi. 1992-ci ilin 24 oktyabr silahlı çevrilişi də bu məqsədlə edilmişdi. Lakin xalq çevriliş cəhdini dəstəkləmədi. Əhalinin böyük əksə­riyyəti Heydər Əliyevi müdafiə etdi və cama­at Xalq Cəbhəsi silahlılarını dövlət idarələ­rindən qovub çıxardı.

Naxçıvanın düşmən hücumundan və so­sial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər di­gər tərəfdən Azərbaycanı müstəqil, xalqımızı firavan görmək istəyirdi. Heydər Əliyev Ali Məclisin Sədri olarkən dünya azərbaycan­lılarını bir ideya ətrafında – Vətənə və xalq xidmət uğrunda birləşməyə səsləməsi də bu istəkdən, bu arzudan irəli gəlirdi. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan bir­lik olmadan ölkəni düşdüyü bəlalardan qur­tarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildi. 

1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik günü haqqın­da” Qərarın qəbul edilməsi bu mənada xüsusi əhəmiyyətə malikdir. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bay­ramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən bütün tədbirlər Azərbaycan xalqının konso­lidasiyasına, onun dövlətçiliyinin daha da möhkəmləndirilməsinə xidmət edirdi.

Naxçıvanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də Heydər Əliyevin diqqət mərkəzində idi. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respubli­kasında zərərlə işləyən kolxoz və sovxozlar haq-qında”, “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləş­dirilməsi haqqında” qərarlar qəbul edildi. Heydər Əliyevin siyasi uzaqgörənliyi və fəhmi sayəsində atılmış bu addım Azərbay­canda yeni dövrün tələblərinə uyğun bu gün aparılan iqtisadi islahatların başlanğıc mər­hələsi olmaqla, o zaman muxtar respublika iqtisadiyyatının aqrar sahəsinin tam məhvol­ma təhlükəsini aradan qaldırdı. Beləliklə də Azərbaycanda torpaq islahatına ilk dəfə Nax­çıvandan başlanıldı.

1992-ci il noyabrın 21-də Naxçıvan­da ölkəmizin ictimai-siyasi həyatı, gələcə­yi üçün daha mühüm bir hadisə baş verdi: müstəqil Azərbaycanın ən qüdrətli partiyası olan Yeni Azərbaycan Partiyası yaradıldı. Azərbaycanın müxtəlif regionlarından təəs­sübkeş qrupların 550-dən artıq nümayəndələ­rinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, YAP-ın Proqram və Nizamnaməsi qəbul edilmiş, Heydər Əlir­za oğlu Əliyev konfrans nümayəndələri tərə­findən açıq səsvermə yolu ilə yeni Azərbay­can Partiyasının sədri seçilmişdi.

Heydər Əliyev Naxçıvanın düşdüyü blo­kada vəziyyətindən çıxarılmasında və əhali­nin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırıl­masında dünyanın iri dövlətlərinin humanitar yardım göstərməsi istiqamətində fəaliyyət göstərirdi. Elə bu məqsədlə də Heydər Əliyev 1993-cu il yanvarın 20-də ABŞ prezidenti B.Klintona məktub göndərdi. Məktubda de­yilirdi: “...Sizə çatdırmaq istəyirik ki, Azər­baycan Respublikasının Naxçıvan Muxtar Respublikası artıq səkkiz aydır ki, ağır iqti­sadi blokada şəraitindədir. Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas hissəsi ilə bağlayan və Ermənistanın ərazisindən keçən bütün kommunikasiya xətləri pozulmuşdur. Buna görə də muxtar respublikanın iqtisadiy­yatının zəruri ehtiyatlarla təmin olunmasında, əhalinin ərzağa, elektrik enerjisinə, yanacağa olan minimum tələbatının ödənilməsində son dərəcə çətinliklər yaranıb.”

ABŞ prezidenti dünya şöhrətli siyasətçi Heydər Əliyevin məktubuna dərhal reaksi­ya vermişdi. ABŞ-ın Bakıdakı səfıri Ricard Mayls Naxçıvana gəlmiş, Naxçıvanın ehti­yaclarını öyrənmişdir. Bir aydan sonra ABŞ-ın Naxçıvana təcili humanitar yardımı baş­lanmışdır. ABŞ-dan uçan və 1 milyon ABŞ dolları dəyərində olan tibb ləvazimatı və ərzaq məhsulları ilə yüklənmiş “Boing” təy­yarəsi martın 9-da Naxçıvana enmişdir. Mar­tın 21-də Fransadan Naxçıvana humanitar yardım göndərilmişdir. Martın 24-də Türkiyə hökuməti Naxçıvana 25 milyon Amerika dol­ları həcmində kredit ayırmışdır. Türkiyə və İran dövlətlərinin, şirkətlərinin və qeyri-hö­kumət təşkilatlarının Naxçıvana yardımları davam etmişdir. 

Tarixi baxımdan qısa bir müddət ərzin­də Naxçıvanda yaşayıb fəaliyyət göstərən Heydər Əliyev misilsiz xidmətlər göstərmiş, Naxçıvanı işğal təhlükəsindən, əhalini isə ac­lıq və səfalətdən xilas etmişdir. Ötən dövrün təhlili göstərir ki, qüdrətli dövlət xadimi Nax­çıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi, Moskva və Qars müqavilələri­nin müddəalarına istinad etməklə Naxçıvanı xilas etmişdir. Bu hadisə xilaskarlıq missi­yasını həyata keçirən görkəmli dövlət xadi­mi Heydər Əliyevin həm də böyük siyasətə qayıdışına yol açması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvandan başlanan xilaskarlıq yolu Azərbaycanın şanlı tarixində yeni səhifə açmaqla müstəqil ölkəmizin işıqlı gələcəyini təmin edib.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Siyasət