Tərəqqi və inkişafın möhtəşəm 20 ili

post-img

Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 20 il ərzində respublikamız müqayisəyəgəlməz uğurlu bir yol keçib. Bu, Azərbaycan liderinin dövlət idarəçilik fəlsəfəsində xüsusi yer tutan bütün sahələrin inkişafına kompleks yanaşmaq, davamlı islahatlar həyata keçirməklə tərəqqiyə nail olmaq kimi prinsiplərin gerçəkləşdirilməsi ilə reallaşıb. 

Dövlətimizin başçısı prezidentlik fəa­liyyətinə başlayandan sonra Azərbaycan xalqına müraciətində də bu istiqamətdə icra ediləcək genişmiqyaslı tədbirlərin anonsunu diqqətə çatdırdı, qısa müddət­də imzalanan dövlət proqramları, fərman və sərəncamlarla yeni iqtisadi qurucu­luq prosesinə start verdi. Reallaşdırılan məqsədyönlü layihələr nəticəsində qısa zamanda sürətli iqtisadi inkişaf, dövlə­tin maliyyə imkanlarının genişlənməsi, makroiqtisadi sabitliyin qorunub saxla­nılması, iqtisadiyyatın neft-qaz amilindən asılılığının əhəmiyyətli dərəcədə azaldıl­ması, iqtisadi şaxələndirmə siyasətinin uğurla həyata keçirilməsi, regionların sürətli sosial-iqtisadi inkişafı təmin olun­du, Azərbaycan geniş investisiya imkan­larına malik donor ölkəyə çevrildi. 

Prezident İlham Əliyev sadalanan məsələlərin həlli zamanı “güclü iqtisa­diyyat–güclü dövlət” prinsipinə əsasla­nıb. Bunun üçün, ilk növbədə, iqtisadi strategiyanın imkanlarından maksimum yararlanmaq məqsədilə respublikamızın inkişaf prioritetlərini müəyyənləşdirən “Azərbaycan Respublikasında sosial-iq­tisadi inkişafın sürətləndirilməsi tədbir­ləri haqqında” fərmanın, davamlı və ta­razlı inkişafın gerçəkləşməsinə yönələn “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proq­ramı”nın (2004–2008-ci illər) tələblərini əsas istiqamətlər kimi önə çəkib. 

Prezident İlham Əliyev neft gəlir­lərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün müəyyən təhlükələrin, o cümlədən, inflyasiya potensialının yara­na biləcəyini nəzərə alaraq, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlə­rinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli fərman imzalayıb. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə hazırlığını reallaşdıran bu sənəddə döv­lət büdcəsi xərclərinə nəzarətin güclən­dirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli idarəsi və istifadəsi ilə bağlı məsələlər öz əksini tapıb. 

Bu məqamda xatırladaq ki, dövlət başçısının respublikaya rəhbərliyinin ilk illərində neft gəlirlərinin prioritet is­tiqamətlər üzrə səmərəli istifadə edilməsi zərurəti yaranmışdı. Elə buna görə də Prezident İlham Əliyev 2004-cü ildə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nı (2005-2025) təsdiq etməklə bu narahatlığı aradan qal­dırdı, adıçəkilən sahədə gəlirlərin kəskin artması şəraitində makroiqtisadi sabit­liyin qorunmasına, gəlirlərin bir hissəsi­nin gələcək nəsillər üçün saxlanmasına, onlardan əhalinin rifahının yüksəldilməsi üçün səmərəli istifadə edilməsinə, eyni zamanda, qeyri-neft sektorunun inkişafı­na yönəldilməsinə nail oldu. 

Prezident İlham Əliyevin “Azərbay­can Respublikasında sosial-iqtisadi inki­şafın sürətləndirilməsi tədbirləri haqqın­da” 2003-cü il 24 noyabr tarixli fərmanı isə ölkədə iqtisadi potensialın hərəkətə gətirilməsində önəmli rol oynadı. Belə ki, adıçəkilən sənədin imzalanması ilə ölkədə qeyri-neft sektorunun inkişaf et­dirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, yeni emal müəssisələrinin ya­radılması, ixracın stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadə­nin gerçəkləşdirilməsi prioritet vəzifələr kimi önə çıxdı.

Bu dövrdə qeyd edilən istiqamət­lərdə həyata keçirilən islahatlar nəti­cəsində Azərbaycan Dünya Bankının qiymətləndirmələrinə görə, yuxarı orta gəlirli ölkələr qrupuna daxil oldu. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard dollara çatdı, ÜDM-in real həcmi 4 dəfə artdı.

Adambaşına ÜDM 769 dollardan 7 min 798 dollara yüksəldi. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard dollardan 41,1 milyard dollarına çatdı. Ölkənin xarici ticarət döv­riyyəsi 3,8 milyard dollardan 52,7 milyard dollara yüksəldi. İxracın həcmi 2,2 mil­yard dollardan 38,1 milyard dollara, qey­ri-neft ixracı isə 0,26 milyard dollardan 3,05 milyard dollara qalxdı. 20 il ərzində kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sek­toru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artdı.

Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard dollardan 58,5 milyard dollara yüksəldi. 2002-ci il ilə müqayisədə ötən il yoxsulluq səviyyəsi 46,7 faizdən 5,5 faizə endi.

Azərbaycanda yaradılan əlverişli biz­nes və investisiya mühiti, respublikamızın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin in­vestisiya qoyuluşu baxımından cəlbedici­liyini artırdı. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öh­dəliklərini tam şəkildə və vaxtında yerinə yetirdi. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təh­lükəsizliyinin gerçəkləşməsində mühüm rol oynadı. Bütün bunlar iqtisadiyyata da­vamlı investisiya qoyuluşunu şərtləndirdi. 

Beləliklə, dövlət başçısı İlham Əliye­vin prezidentliyi müddətində qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalar 7,2 dəfə artıb. Başqa sözlə, bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 200 milyard dollar həcmində sərmayə ya­tırılıb. Respublikamızdan digər ölkələrin iqtisadiyyatlarına qoyulan investisiyala­rın ümumi həcmi isə 28,3 milyard dollara yüksəlib.

İnvestisiya qoyuluşunun davam­lı olmasını şərtləndirən məqamlar sı­rasında ölkəmizdə yaradılan sabitlik, əmin-amanlıq, xalq–iqtidar birliyi, milli həmrəylik kimi amillər önəmli rol oynayıb. Xarici sərmayədarların respublikamıza genişhəcmli investisiya qoymaq marağı da daha çox bundan irəli gəlib.

Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məh­sulunun ümumi həcmində özəl sektorun payı isə 2002-ci ildə 54,9 faiz olduğu halda, 2022-ci ildə 87,6 faiz təşkil edib. Bundan başqa, 2002-2022-ci illərdə ölkə­nin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb. 

Sənayenin inkişafına müsbət təsir göstərən əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sə­naye zonalarının – sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə ha­zırda 7 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Piralla­hı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi – Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. 

Sənaye zonalarında ötən müddət ərzində, ümumilikdə, 10,23 milyard ma­natlıq məhsul istehsal edilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin birinci yarısında isə bu müəs­sisələrin satdığı 1,4 milyard manat dəyə­rində məhsulun 33,2 faizi, yəni 470,6 milyon manatlığı ixrac edilib. Ümumiy­yətlə, 2023-cü ilin ilk yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məh­sullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. 

Yanvar–sentyabr aylarında səna­ye zonalarının müəssisələrində məhsul istehsalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2,3 mil­yard manata çatıb. Bunun da 31,2 faizi 50-dən artıq xarici ölkəyə satılıb. 

Son 20 il ərzində ölkəmizdə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı, elə­cə də, bu sahə üzrə müasir infrastruktur quruculuğu siyasəti uğurla davam edib. Nəticədə 34 elektrik stansiyası inşa olu­nub və həmin stansiyaların generasiya gücü, təqribən, 3400 meqavata çatıb. 

Azərbaycanın hazırda ümumi gene­rasiya gücü 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb. Bu göstə­ricilər isə deməyə əsas verir ki, artıq ölkənin həm elektrik enerjisinə olan daxili tələbatı tam olaraq yerli istehsal hesabına ödənilib, həm də müəyyən həcmdə ixrac üçün potensial reallaşdırılıb. Beləliklə, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerjisində idxal çə­tinliyi aradan qaldırılıb, enerji sisteminin təhlükəsizliyi təmin edilib. Eyni zaman­da, mövcud stansiyalar modernləşdirilib, dünya standartlarına cavab verən müasir qurğu və avadanlıqla təchiz olunub. Nəti­cədə stansiyaların faydalı iş əmsalı artıb. 

Azad edilmiş torpaqlarda da bər­pa-yenidənqurma işlərinə, ilk növbədə, elektroenergetika sahəsindən başlanılıb və artıq 10-dan çox yarımstansiya, təq­ribən, bir o qədər də su elektrik stansiya­sı istifadəyə verilib. Ümumiyyətlə, Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəmin ilin sonuna qədər 200 meqavata çatdırılacağı planlaşdırılıb. 

Hazırda sürətlə modernləşməkdə olan elektroenergetika sahəsi üzrə müa­sir infrastrukturun yaradılması, yeni tex­nologiyaların tətbiqi, enerji təhlükəsizliyi­nin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir, Azərbaycan regionda elektrik enerjisi ixrac edən aparıcı döv­lətə çevrilir.

Son 20 il ərzində ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategi­yasının prioritet istiqamətlərindən biri də yol infrastrukturunun müasir standartlara cavab verən səviyyədə yenidən qurul­ması olub. Bu mühüm vəzifənin uğurla icrası məqsədilə dövlət büdcəsindən hər il böyük həcmdə vəsaitlər ayrılıb. Hə­min məbləğ hesabına respublikamızda dünya standartlarına cavab verən yük­sək keyfiyyətli avtomobil yolları salınıb. Təkcə paytaxtımızda 2 min kilometrdən çox yol çəkilib, yenidən qurulub və təmir edilib. Bu dövrdə Bakı şəhərində 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunub.

Azərbaycanın şəhər və kəndlərində də yol infrastrukturunun yenidən qurul­ması diqqətdə saxlanılıb. 2003-cü ildən indiyə kimi respublikamızda 6,2 milyon nəfər əhali yaşayan, 2 min 210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5 min 100 kilometr uzunluğunda avtomo­bil yolu tikilib, yenidən qurulub və təmir olunub. 

Bütövlükdə, 20 il ərzində ölkədə 21 min kilometrə yaxın avtomobil yolu, pros­pekt və küçədə yol infrastrukturu ilə bağlı çoxsaylı layihələr reallaşdırılıb. Bu dövr­də 499 körpü və yol ötürücüsü, 114 ye­raltı və yerüstü piyada keçidi inşa edilib. Respublikada birinci texniki dərəcəli av­tomobil yolunun uzunluğu 2003-cü ildəki 115 kilometrdən 1025 kilometrə çatdırılıb.

Sonda ölkəmiz üçün taleyüklü bir ha­disəyə də nəzər salmaq istərdik. Vətən müharibəsində əldə edilən tarixi zəfərdən sonra Azərbaycana qovuşan Qarabağı­mızın bərpası, dirçəldilməsi yolunda 3 il ərzində Prezident İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addım­lar atılıb. Dövlətimizin başçısının imza­ladığı müvafiq fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respubli­kası Prezidentinin xüsusi nümayəndəlik­ləri açılıb. Düşməndən təmizlənən yaşa­yış sahələri üzrə Strateji Fəaliyyət Planı hazırlanıb və vahid konsepsiya əsasında bütün ərazilərin və şəhərlərin bərpası­na başlanılıb. Bütün bunlarla bərabər, bu ərazilərdə torpaq islahatının aparıl­ması üçün yeni mexanizm və meyarlar öyrənilib, torpaqların su ehtiyatlarından səmərəli istifadə məsələləri araşdırılıb, həmçinin ölkə rəhbərinin tapşırığı ilə yaşayış məntəqələrimizin “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qu­rulması istiqamətində mühüm layihələr gerçəkləşdirilib, keçmiş köçkün əhalinin öz dəbə-baba yurdlarına qayıdışına baş­lanılıb. 

Yuxarıda qeyd edilənlər bir daha onu göstərir ki, son 20 il ərzində ölkəmiz uğurla inkişaf edib, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. Sosial, hərbi sahələrdə, eləcə də Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdı­rılmasında isə iqtisadi potensial mühüm rol oynayıb. 

Vaqif BAYRAMOV
XQ



Siyasət