Yaqub Məmmədov –95
“Mənsuriyyə” Yaqub Məmmədovun xanəndəlik zirvəsidir
Martın 14-ü, axşam saatlarıdır. Muğamsevərlər Beynəlxalq Muğam Mərkəzinə (BMM) toplaşıblar. Foyedə xeyli adam var. Tanış üzlər, dostlar da çoxdur. Bir neçə dəqiqədən sonra burada “BMM-in “Unudulmayanlar” layihəsi çərçivəsində böyük müğənni, Xalq artisti Yaqub Məmmədovun anadan olmasının 95-ci ildönümünə həsr olunan xatirə gecəsi başlayır.
Gecənin aparıcısı, tanınmış yazıçı-publisist, musiqişünas, Əməkdar incəsənət xadimi Mustafa Çəmənlinin ilk sözü bu oldu ki, ustad sənətkar Yaqub Məmmədov xalqımızın muğam ifaçılığı sənətində dərin iz qoymuşdur. O, muğam korifeylərimiz Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimovun ən istedadlı davamçılarından sayılır. Muğamsevərlərin ölməz Yaqub sənətinə rəğbət və məhəbbətləri sonsuzdur. O, qəlbləri ovsunlayan məlahətli səsi ilə bir-birindən gözəl sənət inciləri yaradıb.
Mustafa müəllimi, yalan olmasın, bəlkə 50 ildən çoxdur ki, tanıyıram. Tələbə yoldaşımızdır. Bəlkə onlarla, yüzlərlə belə tədbirlər aparıb. Amma həmin gecə çox həyəcanlı idi. Səbəbini yaxşı bilirəm. Axı Yaqub Məmmədov sənətinin fanatıdır. İnsafən, son illər böyük müğənni haqqında yazılan ən yaxşı kitablardan birinin müəllifidir. Sənətkar haqqında danışmağa, deməyə ürəyində sözü çoxdur. Amma haradan başlayıb harada qurtarsın. Ürəyi o qədər doludur ki...
Mustafa Çəmənli sonra söylədi ki, o, şəxsən ekranlardan tez-tez eşitdiyi “Oxuyur Yaqub Məmmədov” anonsu ilə razılaşa bilmir. Axı, Yaqub Məmmədov sadəcə oxumurdu, o, hər dəfə öz ecazkar ifası ilə yeni, daha bitkin bir sənət əsəri yaradırdı. Onun ifasında bütün muğam dəstgahları gözəldir, gəlin etiraf edək ki, Yaqubun “Mənsuriyyə”si sadəcə möhtəşəmdir.
Zal bu sözlərə gurultulu alqışlarla cavab verir. Mustafa müəllim sözünün davamında deyir ki, Yaqub Məmmədovun səs imkanrı çox geniş olub. O, eyni səsi, eyni avazı təkrar etməzdi. Yaqubun səsi ilahi səs idi, bu səs xalqın ruhuna olduqca yaxın, doğma idi. Bu səs bulaq suyu qədər saf, təmiz idi. Musiqimizın Xanı var, Seyidi var, Yaqub Məmmədovu isə cəsarətlə Azərbaycan muğamının Sultanı adlandırmaq olar”.
Aparıcının bu sözlərindən sonra zal yenidən alqışlara qərq olur. Sonra söz Yaqub Məmmədovu yaxından tanıyan, onunla birlikdə illər boyu toylarda, el şənliklərində, hökumət tədbirlərində iştirak edən sənət adamlarına verilir.
Əvvəlcə tanınmış tarzən. Xalq artisti Vamiq Məmmədəliyev çıxış edərək Yaqub Məmədovun Azərbaycanın hər yerində, xüsusilə də Abşeron kəndlərində çox sevildiyini söyləyir. Vamiq müəllimin sözlərinə görə, Yaqubun bu qədər çox sevilməsinin səbəbi təkcə gözəl səsə malik olan böyük sənətkar olması deyildi, Yaqub həm də son dərəcə sadə, səmimi, necə deyərlər saya insan idi. Çox əxlaqlı, mənəviyyatlı insan idi, onu tanıyanların qəlbində ən yaxşı insani cəhətləri ilə qalıbdır. Belə xoşbəxtlik hər kişiyə, hər sənətkara nəsib olmur.
Vamiq müəllimin ürəyi dolu idi:
– Yaqub Məmmədov vara-pula yıxılan adam deyildi, çox gözütox, yumşaq adam idi. Onunla neçə il meydanlarda oldum, amma bir dəfə də olsun ondan “mən” sözünü eşitmədim. Bəzən elə olurdu ki, kasıb insanlar Yaqubu toya aparmaq istəyirdilər, amma imkanları o qədər də çox olmurdu. Yaqub bunu biləndə mənə deyirdi ki, nə danışırsan, millətin hamısı bizimdir, gedək o toya. Və ən qəribəsi də odur ki, həmin kasıb toyu, varlı toyundan da yaxşı keçirdi.
Vamiq müəllim çıxışının sonunda qeyd etdi ki, onun rəhmətlik qardaşı, görkəmli şərqşünas alim, akademik Vasif Məmmədəliyev də Yaqub müəllimin ecazkar səsinin heyranlarından idi və bu böyük sənətkarı dinləməkdən sonsuz zövq alardı. Vasif müəllim müğənnidən məclisdə ayrıca bir muğamı, yaxud təsnifi oxumağı xahiş etməzmiş, deyərmiş ki, Yaqub müəllim, ürəyin nə istəyir, onu da oxu, çünki sənin ifalarının hər biri möhtəşəmdir.
Sonra səhnəyə digər Xalq artisti, professor, tanınmış kamança ustası Arif Əsədullayev çıxdı. O, vaxtilə, 30-40 il əvvəl Yaqub Məmmədovla birlikdə uzaq Kubada olarkən, onun oradakı okean sahillərindəki bir istirahət məkanında “Qarabağ” şikəstəsini böyük bir şövq və həvəslə oxuduğu, eləcə də onlarla bir yerdə “Azadlıq Adası”na səyahət edən Xalq şairi Nəriman Həsənzadənin bu ifadan təsirlənərək elə oradaca Yaquba gözəl bir şeir həsr etdiyi barədə söz açdı.
Tanınmış yazıçı Seyran Səxavət isə böyük müğənni, yaxın dostu Yaqub Məmmədovla bağlı xatirələrindən danışarkən sənətkarın son dərəcə sadə, bir insan olduğunu xüsusi vurğuladı: “Bu boyda parlaq istedad sahibi həyatda son dərəcə sadə və iddiasız idi, özünü öyməzdi, özündən əvvəlki böyük sənətkarlar haqqında hər dəfə höyük hörmət və ehtiramla söz açardı. Sözün qısası, Yaqubdan yoxdur və olmayıb!”
Hörmətli oxucu! Yaqub Məmmədova həsr olunmuş gecədə, əlbəttə, tar, kaman, qaval dil açıb danışmaya bilməzdi. Təşkilatçılara minnətdarlıq hissi ilə bildirməyi özümə borc bilirəm ki, həmin axşam burada çox sayda tanınmış xanəndələrin iştirakı ilə muğam və təsniflərdən ibarət konsert proqramı təqdim olundu.
Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Sevinc Sarıyeva, 4-cü və 7-ci Muğam müsabiqələrinin qalibləri Xətai Hacıyev və Murad Laçın və digərləri muğam və təsniflərimzi elə şövqlə ifa etdilər ki, zalda onları böyük sayğı ilə dinləyən tamaşaçıların hər birinin qəlbində “afərin!” nidaları səslənirdi. Bunu duymamaq, hiss etməmək qeyri-mümkün idi! Bu, əsl sənət bayramı idi!
Mərasimdə tanınmış şair Rafail Tağızadə yan-yana oturmuşduq. “Facebook” yoldaşıyıq, həyatda isə ilk dəfədir ki, görüşürdük. Gecə başa çatanda Rafail müəllim öz ürək sözlərini açıqlayaraq dedi:
– Son dərəcə böyük zövq aldım. Yaqub Məmmədov sənətinə və şəxsiyyətinə layiq bir gecə idi. Bu layihənin adını da çox düz qoyublar – unudulmazlar! Həqiqətən, heç vaxt unudulmayacaq sənətkarlardandır. Bütün əməyi keçənlər sağ olsunlar!
Məsaim ABDULLAYEV
XQ