Lakin təbiətin oyanışı insanda arzuolunmaz reaksiyalar da yaradır
Yaz mövsümü allergik xəstəliklərin ən çox müşahidə edildiyi dövrdür. Allergik rinit, əsasən, çiçəklərin tozlanma dövründə baş qaldırır. Fevral ayının ortalarından başlayaraq, iyul ayının sonlarınadək gül-çiçək dövrü olduğundan bu xəstəlik davam edir. Bu fikirləri bizimlə söhbətində “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb elmləri doktoru Yazgül Abdıyeva bildirdi. Bu dövrdə uşaqlar və böyüklər arasında allergik rinit hallarına daha çox rast gəlindiyini vurğulayan həkim əlavə etdi:
– Yaz fəslinin başlanması təbiətin oyanmasıdır. Ağaclar tumurcuqlayır, çiçək açır. Onların ətri nə qədər xoş olsa da bəzi insanlara əks-təsir edir və onlarda allergiya reaksiyaları başlayır. Qeyd edək ki, belə reaksiyaları güllərdən daha çox alaq otları yaradır. Ən geniş yayılmış allergik reaksiyalardan biri pollinozdur. Buna çox vaxt mövsümü allergik rinit deyilir. Bu zaman əsas 4 əlamət – səhərlər 10–15 dəfə asqırma, burun tutulması, qaşınması və selik axıntısı müşahidə edilir.
– Doktor, ümumiyyətlə, allergiya nədir?
– Allergiya immun sisteminin yaratdığı bir reaksiyadır. İmmun sistemi orqanizmə daxil olan bütün yad cisimlərə qarşı cavab verir. Normal şərtlər daxilində bu qoruyucu reaksiyadır. Bununla yanaşı, bəzi insanlarda bir sıra maddələrə qarşı fərqli immun cavab yaranır və bu maddələrlə təkrar qarşılaşdıqda daha yüksək reaksiyalar müşahidə edilir. Bu maddələr allergenlər, bu tip insanlar isə “allergik” adlandırılır. Allergiya genetik olaraq keçir və əgər hər iki valideyn allergikdirsə uşaqlarında allergiyaya rastgəlmə tezliyi 50 faizə bərabərdir.
Allergenlər orqanizmdə anticisim əmələ gəlməsinə təkan verir. Bu anticisimlər allergenlərlə birləşib bəzi kimyəvi maddələrin – histaminin ifraz olunmasına səbəb olur. Bu maddə isə burun balıqqulaqlarının ödeminə, qaşınmaya, bol selik ifrazına və qıcıqlanmaya səbəb olur.
– Xəstəlik hansı əlamətlərlə müşahidə olunur?
– Allergik rinit ən çox rast gəlinən allergiya xəstəliyidir. Rastgəlmə tezliyi 20 faizdir. Hər il bir çox insan allergik rinitlə qarşılaşır. Bu, bəzi insanlarda yüngül, bəzilərində isə çox ağır əlamətlərlə özünü göstərir.
Allergiyanın əas əlamətləri burun axıntısı, asqırma, burunda qaşınma, burun tıxanıqlığı, iybilmənin zəifləməsi, gözlərdə yaşarma və yorğunluqdur. Qavrama çətinliyi və yuxu pozğunluğu yaranır ki, bu da normal həyat keyfiyyətini pozur. Bu xəstəliyə bütün yaşlarda rast gəlinir. Lakin, əsasən, 1–20 yaş arasında başlayır. Əksəriyyətində ailədə eyni və ya oxşar xəstəliklər mövcud olur.
– Reaksiyalar eyni olur, yoxsa orqanizmin fərdi xüsusiyyəti ilə bağlıdır?
– Allergik reaksiyalar müxtəlifdir. Mövsümlə əlaqəli allergik rinit ağac, çayır və yabanı ot tozcuqlarına qarşı yaranır. Xəstənin şikayətləri bu allergenlərin atmosferdə çox olduğu vaxtlarda özünü göstərir. Xəstəliyin il ərzində davam etmə müddəti coğrafi bölgə və iqlim ilə yaxından əlaqəlidir. Çiçəklərin tozlanma mövsümü xaricində xəstələr, ümumilikdə, rahat olurlar. Yazın ilk ayında ağac, 1 ay sonra çayır, payıza qədər isə yabanı ot tozcuqları bu şikayətlərə səbəb olur.
Allergik rinitə səbəb olan allergenlər ev tozu, hamam böcəkləri, ev heyvanları – pişik və itdir. Bunların arasında isə ən çox allergiya yaradan ev tozudur. Xəstənin yaşadığı yerdə daim toz allergenlərinə məruz qalması şikayətlərin il boyu davam etməsinə səbəb olur. Digər ev allergenləri isə ev heyvanlarıdır. Xüsusilə pişik allergenləridir ki, onlar yayıldığı yerdə aylarca qalır. Allergenlər yalnız evdə deyil, məktəb, iş yeri, avtobuslarda da yüksək miqdarda təsbit edilir.
Peşəyə bağlı allergik rinit iş yerlərindəki qıcıqlandırıcı maddələrə bağlıdır. Asqırma, burun axıntısı və burun tıxanıqlığı kimi əlamətlər iş yerlərində yaranır. Xəstələr həftə sonları və istirahət günlərində rahat olurlar. Allergik rinit olan xəstələrin 30–40 faizində bronx həssaslığı və allergik astma, daha az sıxlıqda digər allergik xəstəliklər müşahidə olunur.
– Allergiyanı təyin etmək üçün hansı müayinə üsullarından istifadə edilir?
– Xəstəyə diaqnoz anamnez toplamaq, fiziki müayinə əlamətləri ilə yanaşı, dəri allergiya testi və burun yaxmasının yoxlanması ilə qoyulur. Diaqnoz üçün ən çox istifadə olunan dəri testidir. Yalnız xəstənin dəri testində olmayan bir allergenə allergiyası varsa, bu test o qədər də faydalı olmur, nəticə neqativ çıxır. Həmçinin bəzi allergenlər dəridə reaksiya verməsələr də, tənəffüs yollarında reaksiyaya səbəb olur. Bundan başqa, qanda İgE göstəricisi yoxlanır.
– Xəstəliyin müalicəsi necə aparılır?
– Diaqnoza uyğun müalicəyə başlanır. 1-ci üsul allergenlərlə təması aradan qaldırmaqdır. Allergik rinitin müalicəsində əsas məqsəd allergenlərdən qorunmaq olsa da, bu, o qədər də asan deyil. Tozcuqlardan qorunmaq üçün tozlanma çox olduğu vaxtlarda – saat 10.00-a qədər açıq havaya çıxmamaq, zəruri hallarda maskalarla çıxmaq lazımdır.
Həmin saatlarda açıq havada idman etməmək, saç tez tozlandığına görə hər axşam saçları yumaq, uşaqlar evə gələn kimi paltarlarını dəyişmək vacibdir. Maşında gedərkən pəncərələri açmamaq, tozlanma mövsümündə evdəki qapı və pəncərələri bağlı saxlamaq, evdə və ofislərdə kondisionerlərin filtrini tez-tez dəyişdirmək məsləhətdir.
İstirahət üçün dəniz kənarını seçmək, bayırda eynək və şlyapalardan istifadə etmək, eynəkləri hər gün axar su ilə yumaq, gündəlik paltarları yataq otağında dəyişməmək, allergiyaya qarşı həkim qəbuluna getmək, ev tozundan qorunmaq üçün nəmli mühitdən uzaq olmaq, yataq otağından toz tutan xalçaları götürmək, allergenləri keçirməyən yataq, yorğan, yastıqlardan istifadə etmək lazımdır.
Allergenlərlə təması aradan qaldırdıqdan sonra 2-ci üsul – dərman müalicəsi başlanır. Qulaq–burun–boğaz həkiminin müayinəsi nəticəsində allergiyanın infeksiya və ya hər hansı anatomik pozğunluğa səbəb olub-olmadığı müəyyən olunur və ona uyğun müalicə verilir. Allergiyanın müalicəsində xəstəyə antihistaminlər, dekonjestanlar, xromalin və kortizonlu dərmanlar təyin edilir. Bu dərmanlar tək və ya kombinə şəkildə həkim məsləhətinə görə istifadə olunur.
3-cü üsul peyvənd müalicəsidir. Bu, allergiyadan qorunmağın mümkün olmadığı və ya dərman müalicəsinin fayda vermədiyi hallarda, allergenin az dozadan başlayaraq, artan şəkildə şprislə dəri altına yeridilməsi üsulu ilə aparılan immunoterapiyadır. Bu zaman orqanizm bu maddəni tanıyaraq allergik reaksiya göstərməməyə proqramlanır. Peyvənd həftədə bir dəfə olmaqla, 3 –5 il ərzində aparılır. Son illərdə allergenin ağızdan (dilaltı) və ya burundan verilməsi ilə yaxşı nəticələr əldə edilir. Yaşı 5-dən az olan uşaqlara, immun sistemi zəif, xərçəng xəstəliyi, ağır psixoloji problemləri olanlara, müalicəyə düzgün davam edə bilməyən xəstələrə peyvənd aparılması uyğun görülmür.
İmmunoterapiya mütəxəssis nəzarəti altında aparılmalıdır. Xəstə hər peyvənddən sonra 30 dəqiqə gözləməli, reaksiya yaranıb-yaranmamasına nəzarət olunmalıdır. Peyvənddən sonra hansısa əlamət hiss edilərsə həkimə deyilməlidir. 4-cü üsul cərrahi müalicədir. Burun əti konxa (balıqqulağı) allergik şikayəti olan xəstələrdə böyüyür və müşahidə olunan burun tıxanıqlığını daha da artırır.
Bundan əlavə, allergiya burun içində poliplər də yaradır. Poliplər də mövcüd burun tıxanıqlığını artırır. Bu zaman cərrah müdaxiləsi dərman müalicəsindən daha faydalı olur. Əsas məqsəd burun tıxanıqlığını götürməkdir. Allergiyanın digər əlamətləri də əməliyyatdan sonra azala bilər.
Fototerapiya – allergiyanın müalicəsində istifadə olunan ən yeni üsuldur. Bir neçə dəqiqəlik seanslarla istifadə olunan işıq müalicəsi ağrısızdır. Bir, ya da iki müalicədən sonra təsirini göstərir. Həm mövsümi, həm də ilboyu allergik şikayətləri davam edən xəstələrdə işıq müalicəsi ilə burunda allergiya nəticəsində yaranan qaşıntı, axıntı, tıxanma, asqırma azalır və ya tamamilə yox olur.
Müsahibəni qələmə aldı:
Zərifə BƏŞİRQIZI
XQ