“Ermənistan Qarabağı birdəfəlik unutmalıdır”

post-img

Rusiyalı ekspert İqor Korotçenko məğlub ölkənin nicatını bunda görür

“ABŞ-ın Azərbaycana real təzyiq rıçaqları yoxdur. Azərbaycanda daxili sabitliyi pozmaq mümkün olmayacaq. Çünki Azərbaycan Respublikası effektiv siyasi hakimiyyət sisteminə malikdir və onun strukturu möhkəmdir”. 

Bu sözləri üç həftə bundan əvvəl Azərbaycan mediasına açıqlamasında deyən rusiyalı hərbi ekspert, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bu gün Bakı və İrəvanın tezliklə sülhə gəlmək təşəbbüsləri, Er­mənistandan keçəcək Zəngəzur dəhlizi, Qərbin bölgədəki yeni prioritetləri, eləcə də Rusiya–Er­mənistan münasibətlərinin indiki durumu ilə bağlı fikirlərini bölüşür. Bu barədə onun “Caliber.az”a verdiyi müsahibəsindən qısa icmalı oxucuların diqqətinə çatdırırıq. 

Əvvəlcə Bakı və İrəvanın 7 dekabr tarixli birgə bəyanatına toxunan rusiyalı ekspert bunun irəliyə doğru sıçrayış olduğunu söyləyir. Əcnəbi plat­formalardan vasitəçisiz birbaşa dialoqa keçidin səmərəliliyinin artıq ilk əlamətlərinin göründüyünü qeyd edən İ.Korotçenko bu məsələdə müsbətlər­lə yanaşı, mənfilərin də yer aldığına diqqəti çəkir:

“Bir məqam sual altında qalır: Er­mənistan Qarabağ ermənilərinin prob­lemini sazişin mətninə salmaqdan vaz keçməyə, konkret olaraq, özünün baza prinsipindən imtina etməyə hazırdır­mı? Azərbaycan bu sualın cavabında tam məntiqli təklif irəli sürüb: onda sülh mətninə Ermənistandan zorla qovulan 300 min azərbaycanlının geri qayıtma­sını nəzərdə tutan maddəni də daxil edək. Bax burada İrəvanın vurnuxma­sı başlayır. Aydın məsələdir ki, ermə­nilər belə bir təklifə “hə” deməyəcəklər, necə ki, Azərbaycan da Qarabağ er­məniləri ilə bağlı dediyimiz maddənin sülh müqaviləsinə salınması ilə razı­laşmayacaq. Bakının dəmir məntiqi ondan ibarətdir ki, əgər Qarabağdan köçənlər bizim vətəndaşlardırsa, onda bu məsələ Azərbaycanın daxili işidir. Yox, əgər deyilsə, onda geri necə qa­yıda bilərlər? Yəni, sülh danışıqlarının bu cür dalana dirənmək riski də var”. 

* * *

İkitərəfli danışıqlarda çox şeyin Nikol Paşinyanın mövqeyindən asılı olacağını deyən Korotçenko İrəvanın məsələyə mövcud reallıqdan çıxış edərək yanaşacağı və deyilən bənd­dən imtina edəcəyi təqdirdə, sülh sa­zişinin imzalanmasını mümkün hesab edir: “Əgər səslənən nikbin proqnozla­ra inansaq və cari ilin sonunadək sülh sazişi imzalanarsa, bu halda İlham Əliyev və Nikol Paşinyanın Nobel Sülh mükafatına namizədlikləri irəli sürülə bilər. Əlbəttə, bu sənədin gələn ildə də imzalanmasına heç nə mane olmaya­caq. Əsas odur ki, bu, baş versin”. 

Ermənistan baş nazirinin zərurət yaranarsa, növbədənkənar parlament seçkilərini keçirməyə hazır olduğu barədə açıqlamasına münasibət bil­dirən rusiyalı ekspert bunun aşağıda­kı mümkün ssenaridən xəbər verdiyini güman edir: 

“Misal üçün, o, sülh müqaviləsinə şərt irəli sürməkdən imtina edir və sənədi imzalayır. Amma bununla eyni vaxtda növbədənkənar seçkilərin və ölkə hökumətinə etimad haqqında re­ferendumun keçirilməsini elan edir. Bu isə ona sülh sazişinə görə məsuliy­yət yükünün ağırlığını öz boynundan cəmiyyətin qərarına transformasiya etməsinə imkan verəcək. Nikol Vova­yeviçin hiyləgərliyini və buqələmunlu­ğunu nəzərə alsaq – hər şey mümkün­dür. Belə düşünürəm ki, hər halda, o, reallıqdan çıxış edəcək, necə deyər­lər, göylərdən Yerə enəcək. Daxildə uğursuz diplomat kimi nə qədər tənqid olunsa da, o, yaxşı başa düşür ki, sülh müqaviləsi ilə bağlı bundan sonrakı inadkarlığın heç bir faydası olmaya­caq. Qarabağ Ermənistanın əlindən birdəfəlik çıxıb və onun bu mövzuda alver etmək imkanı belə qalmayıb”. 

* * *

Bakı və İrəvanın imzalayacağı sülh sazişinin ABŞ, Fransa, Avropa İttifaqını Azərbaycana istənilən təsir rıçaqların­dan məhrum edəcəyinə diqqəti çəkən İqor Korotçenkonun qənaətinə görə, onların sözdə buna tərəfdar olduqlarını bəyan etmələrinə baxmayaraq, əslin­də, sazişin bağlanmamasında maraq­lıdırlar:

“Misal üçün, bu günlərdə Aİ Ermə­nistanda müşahidə missiyası kontin­gentinin artırılması barədə qərar verdi. Bu qərarı Azərbaycana, İrana və Rusi­yaya qarşı düşmən davranışı kimi izah etmək mümkündür. Çünki həmin mülki müşahidəçilərin özəyini diplomatik çə­tir altında gizlənmiş Avropa ölkələrinin peşəkar kəşfiyyatçıları təşkil edirlər. Buraya ilk növbədə Fransanın DGSE, Almaniyanın BND kimi xarici kəşfiyyat qurumları, eləcə də digər xüsusi xid­mət orqanlarının xəfiyyələri daxildir”. 

Müsahibəsində Zəngəzur dəhlizi mövzusuna da yer ayıran rusiyalı eks­pert Azərbaycanın artıq İrandan keç­məklə özünə nəqliyyat marşrutunun in­şasına başladığını söyləyir. Buna görə Ermənistandan keçməli olan Zəngəzur dəhlizinin lazımsız layihə kimi qalaca­ğını əmin olan, İrəvanın ortaya atdığı yeni “dünyanın qovşağı” ideyasının da, əslində, yollarından və loqistikasın­dan heç kimin faydalana bilməyəcəyi “dünyanın dalanı” olacağını deyən İ.Korotçenko Rusiya–Ermənistan mü­nasibətlərinin hazırkı durumunu bu cür qiymətləndirdi:

“Bu münasibətləri “tarıma çəkil­miş naqil” kimi xarakterizə etmək olar. Paşinyan üzünü Qərbə çevirir, NATO ölkələrindən silah almağa başlayıb. Hər şeydən göründüyü kimi, İrəvan bu siyasətini bundan sonra da davam et­dirəcək. Doğrudur, Nikol Moskvanı çox qıcıqlandıra biləcək kəskin hərəkət­lərə yol verməyəcək, amma bu zaman MDB və KTMT çərçivəsində görüşlər­dən və istənilən siyasi formatlarda iş­tirakdan məsafəli davranacaq. Fəqət münasibətlərin iqtisadi müstəvisi bura­da istisnadır. Buna görə İrəvan mütləq pauza götürəcək”. .

Hazırladı:
İ.HƏSƏNQALA
XQ



Siyasət