Azərbaycan xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri ozan-aşıq sənətidir. Min illərdir ki, xalqı sevgiyə, mübarizəyə səsləyən bu sənət sadə, xəlqi olduğu qədər də zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir.
Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini tutması sahəsində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. Xüsusilə də 2009-cu ilin oktyabrında aşıq sənətinin də xalqımızın milli mədəni sərvəti kimi UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi beynəlxalq aləmdə də bu sənətin təbliğinə geniş imkanlar açıb.
Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə söhbətimiz qazanılan uğurlar və cari qayğılar barədə oldu. O, əvvəlcə birliyin tarixindən bəhs etdi:
– Azərbaycan aşıqlarının ilk Qurultayı 1928-ci ildə (II qurultay 1938, III Qurultay isə 1961-ci ildə keçirilib) keçirilsə də, Azərbaycan Aşıqlar Birliyi 1984-cü ildə aşıqların IV Qurultayında yaradılıb və mərhum Xalq şairi Hüseyn Arif birliyin ilk sədri seçilib. 1992-ci ildə Hüseyn Arif rəhmətə getdikdən sonra isə birliyin normal fəaliyyət ahəngi bir qədər pozulub, yalnız 2008-ci ildə keçirilən V qurultaydan sonra xalqımızın milli sərvəti olan ozan-aşıq sənətinə dövlət səviyyəsində qayğı daha da artıb ki, bu da həm bu sənətin daşıyıcıları tərəfindən böyük minnətdarlıqla qarşılanıb, bu sənətin daşıyıcılarına yeni stimul verib.
Müsahibimiz daha sonra qurultaydan ötən dövr ərzində Aşıqlar Birliyinin həm də aşıq sənəti ilə bağlı bir növ tədqiqat mərkəzinə çevrildiyini vurğuladı:
– Əməkdaşlarımız bu istiqamətdə mühüm layihələr həyata keçiriblər. İndiyədək “Ustad aşıqlarımız” və “Günümüzün ustad aşıqları” seriyasından kitablar, eləcə də “Ozan-aşıq dünyası”, üçcildlik “Aşıq dastanları”, “Qərbi Azərbaycan aşıqları (poeziya antologiyası)”, “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər”, “Aşıq, bağrına bas sədəfli sazı”, “Aşıq divaniləri və müxəmməsləri”, “Aşıq deyişmələri”, “Aşıq təcnisləri”, Seçmə aşıq şeirləri antologiyası” və s. toplular nəşr etdirmişik. “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir”, “Çağdaş Qərbi Azərbaycan aşıqlarının musiqi repertuarı”, eləcə də ayrı-ayrı ustad aşıqların ifalarından ibarət video-audiodisklər hazırlanıb. Bundan başqa, hər il ustad aşıqların yubileyi tənətənəli şəkildə qeyd olunur. Bu layihələr klassiklərə və günümüzün ustad aşıqlarının yaradıcılığına diqqət və sayğı olmaqla yanaşı, sənətə yeni gələn gənclər üçün də qiymətli bir mənbə rolunu oynayır.
Eyni zamanda, ozan-aşıq sənətinin dünəni və bu günü, təkcə Azərbaycanda deyil, eyni zamanda İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada (Dağıstanda) və digər ölkələrdə yaşayıb yaratmış ustad aşıqlar, onların həyat və yaradıcılığı, aşıq sənətinin bugünkü uğurları və problemləri və s. məsələlərlə bağlı tanınmış folklorşünas alimlərin, saz-söz ustalarının, ictimai xadimlərin elmi məqalələrinin yer aldığı toplu da nəşr olunur.
Musiqi mədəniyyətimizin bünövrəsini təşkil edən aşıq sənətinin daha da inkişaf etdirilməsi, onun beynəlxalq aləmdə təbliği, ustad sənətkarlarımızın yaradıcılıq yolunun öyrənilməsi, yeniyetmə və gənclərdə bu sənətə meylin gücləndirilməsi istiqamətində həyata keçirmək istədiyimiz tədbirlər planı isə daha genişdir. Ancaq təəssüf ki, bəzi səbəblərdən bu işlərin hamısını həyata keçirə bilmirik.
– Bu səbəblər hansılardır?
– Bu gün birliyin əsas müşkülü özünün ayrıca ofisinin olmamasıdır. Belə ki, bütün yaradıcılıq təşkilatlarının Bakıda məkanları olduğu halda, yaradılmasından 40 ildən artıq vaxt keçən, 500 nəfərədək üzvü olan Azərbaycan Aşıqlar Birliyinin hələ də mərkəzdən bir qədər aralıda kirayə olunmuş darısqal bir mənzildə yerləşir. Orada heç 30 nəfərlik bir iclas keçirmək üçün normal şərait yoxdur. Bununla bağlı illər öncə dəfələrlə müvafiq qurumlara müraciət edilsə də, nəticəsi olmayıb. Belə bir şəraitdə genişmiqyaslı fəaliyyət göstərmək isə, təbii ki, çətindir. Üstəlik, hər hansı bir tədbir keçirəndə maddi durumla bağlı olaraq yer problemi ilə üzləşir, ayrı-ayrı mədəniyyət ocaqlarına ağız açır, yaxud da kömək üçün Mədəniyyət Nazirliyinə üz tutmalı oluruq.
Birliyin fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, Türkiyədə, İranda, Gürcüstanda, Dağıstanda və digər ölkələrdə yaşayan aşıqlar da bizimlə əlaqə saxlayır, tez-tez qonağımız olur, bizdən elmi-metodiki, mənəvi kömək umurlar və biz onları qarşılayıb-yola salmaqda, görüşlər keçirməkdə çətinlik çəkirik. Nəzərə alsaq ki, ölkəmizə tez-tez xaricdən qonaqlar gəlir və onlar xalqımızın qədim sənəti olan ozan-aşıq sənəti ilə də maraqlanır, bu sənətlə daha yaxından tanış olmaq, aşıqlarımızla canlı ünsiyyət qurmaq istəyirlər, o zaman üzləşdiyimiz çətinlikləri daha aydın təsəvvür etmək olar.
2008-ci ilin avqustunda Azərbaycan aşıqlarının V qurultayında səsləndirilmiş “Ozan evi”nin tikilməsi məsələsi arzu olaraq qalmaqdadır. Təxminən 10 il əvvəl paytaxda “Beynəlxalq Muğam Mərkəzi” kimi, ayrıca “Aşıq Mərkəzi”nin tikilməsindən söhbət getsə də, hətta layihələndirmə işləri görülsə də, nədənsə, sonradan unuduldu. Halbuki aşıqlar üçün belə bir şəraitin yaradılması burada geniş tədbirlər keçirməklə yanaşı, həm də aşıq muzeyinin, aşıqlar üçün səsyazma studiyasının təşkil olunmasına, məşhur aşıqlarla bağlı ayrıca guşələrin yaradılmasına, onların heç olmasa bu binada barelyeflərinin qoyulmasına imkan verərdi.
– Birliyi narahat edən məsələlərdən birinin də aşıqların yaradıcılığının stimullaşdırılması, onların sosial müdafiəsi olduğunu söyləyən Musa Nəbioğlu dedi:
– Təəssüf ki, bu məsələ də lazımi səviyyədə deyil. Digər yaradıcılıq təşkilatları ilə müqayisədə, Aşıqlar Birliyinin üzvləri bu sahədə də niyəsə unudulub. İldə, heç olmasa, 15-20 nəfər aşığa da stimul olaraq təqaüd ayrılsa, yaxşı olar. Axı, daimi iş yeri olan aşıqlar çox azdır və bu səbəbdən də sənətə ömür sərf edənlər qocalanda pensiya almaqda çətinliklə üzləşirlər. Fəxri adlara və Prezident təqaüdünə layiq görülmə məsələsində də aşıqların bəxti gətirməyib. “Əməkdar mədəniyyət işçisi” olan aşıqların sayı azdır.
Aşıq sənətinin beşiyi sayılan Azərbaycanda, məsələn, Dövlət Filarmoniyasında ayrıca aşıqlar ansamblı yaradılması da yubanır. Bu, təkcə bir neçə aşığın işlə təmin olunması yox, həm də sənətin incəliklərinin qorunub saxlanılması, sənət ənənələrinin etibarlı şəkildə gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olardı.
– Bəs, sazbəndlik sənəti nə yerdədir?
– Sazbəndlik aşıq sənətinin ayrılmaz tərkib hissəsidir, onu sənətkarlar fərdi qaydada yaşadırlar. Hazırda Bakıda və respublikamızın digər rayonlarında, eləcə də soydaşlarımızın kompakt yaşadıqları digər ölkələrdə peşəkar el sənətkarları bu ənənəni uğurla davam etdirirlər. Amma bu gün usta sazbəndləri barmaqla saymaq olar, çünki onların heç birinin normal emalatxanası yoxdur, hamısı özlərinə birtəhər iş şəraiti yaradıblar. Halbuki rəssamlara olduğu kimi, sazbəndlərə də emalatxana üçün yer ayırmaq olar və lazımdır. Bu, həm də sənətin qorunub saxlanılması, yaşadılması üçün vacibdir.
Sazbəndliklə bağlı bu gün vacib olan bir məsələ də usta sazbəndlərin potensialından istifadə etməklə, heç olmasa, bir peşə liseyində bu sənətin tədris olunması, gənclərə öyrədilməsidir ki, bu sənət gələcək nəsillərə daha etibarlı şəkildə ötürülsün.
– Ümid edirik ki, söylənilənlər lazımi qurumlarda eşidiləcək və ozan-aşıq sənətimizin daha da inkişafı naminə təsirli addımlar atılacaq.
Söhbəti qələmə aldı:
Ə.DOSTƏLİ
XQ