Milli radionun təşəkkülü və inkişaf mərhələləri

post-img

Azərbaycan milli mətbuatı – 150

(əvvəli 19,23 fevral, 1 mart 2025-cil tarixli saylarımızda)

İkinci məqalə

Beşillik xalq təsərrüfatının dirçəliş və yüksəlişində mühüm amilə çevrildi. Kənd təsərrüfatının, sənayenin, rabitənin, tikintinin, mədəniyyət və incəsənətin, təhsilin inkişafına xüsusi büdcə ayrılmışdı. Bununla bağlı “Neft və pambıq uğrunda” radio qəzeti açıldı.

Eyni zamanda, “Beşilliyi dörd ildə” radio-qəzeti dövlət çağrışının qızğın təbliğatçısına çevrildi. “Fəhlə radio qəzeti”nə məsul redaktor Əli Aslanov, ictimai dedaktor Nağı Cəfərov, redaksiya katibi Əyyub Əsədov (Əsəd Əyyubi kimi), bölmə müdiri Abbas Rəcəbov, müxbirlər Məmməd Bağırzadə, şair Müzəffər Nəsirli və Həmdulla Həmidov, qeydiyyatçı İsrafil Həsənov, iqtisadiyyat şöbəsinə Dərabər Məcnunzadə, mədəniyyət, partiya həyatı, kənd təsərrüfatı şöbələrinə Abbas Rəcəbov, “Komsomol-pioner radio qəzeti”nə baş redaktor Ruqiyyə Şirəlizadə, buraxılışa məsul gələcəyin Xalq yazıçısı Qılman İlkin (Musayev), instruktorlar Əhməd Əliyev və Əsgər Əliyev, Əli Əliyev, Muxtar İsmayılov, Hüseyn Bünyadzadə, “Bakı zərbəçiləri radio qəzeti”nə baş redaktor Bilal İsmayılov rəhbərlik edirdilər.

Dövlət qəzetlərində 1929-cu il iyun ayının 1-də verilən rəsmi məlumata görə radioda 18 radioqəzet və radiojurnal fəaliyyət göstərirdi. Onların əsas ideya hədəfi səs “qəzeti” ilə təbliğat işini yüksəltmək və daha da genişləndirmək məqsədi daşıyırdı. Həmin il oktyabr ayının 11-də Müslüm Maqomayev Bakı radiosuna musiqi rəhbəri təyin olundu. Bəstəkar, dirijor, musiqiçi, ictimai xadim kimi milli mədəniyyətimizdə layiqli yer tutan Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (18.9.1885 – 28.7.1937) Şimali Qafqazın Qroznı şəhərində, əslən qaxlı olan ailədə doğulub.

İlk təhsilini Qroznıda alıb və Gürcüstanın Qori müəllimlər seminariyasında oxuyub. 1905-ci ildə seminariyanı bitirərək müxtəlif yerlərdə pedaqoji fəaliyyət göstərib. 1911-ci ildə Lənkərandan Bakıya köçüb və Sabunçu qəsəbəsində müəllim işləyib. Üzeyir bəy Hacıbəylinin əksər opera və operettalarına dirijorluq edib. “Şah İsmayıl” və “Nərgiz” operalarının müəllifidir. Azərbaycan Xalq Maarif Komissarlığının incəsənət şöbəsində, Opera və Balet Teatrında baş dirijor, bədii rəhbər, direktor işləyib. Yaradıcılığının fəal bir dövrü Dövlət radiosunun musiqi şöbəsi ilə bağlıdır, 1929-cu ildən başlayaraq burada müdir olub.

Əsasən, 1927-ci ildən başlayaraq uzun illər radioda Şərq və Qərb musiqi şöbələri vardı və hərəsinin də rəhbəri başqa-başqa idi. Qərb bölməsinə bir qayda olaraq əcnəbi millətlərin nümayəndələri başçılıq edirdilər. Şərq bölməsində isə vəziyyət, xatırlamaq nə qədər ürəkgöynədən olsa da, acınacaqlı idi. Əsas qüsur da intizamsızlıq və məsuliyyətsizlik idi. Radio tədqiqatçıları yazırlar ki, kimsə canlı ifaya gəlməyəndə başqası oxuduğu mahnını muğamla, tarzən əlavə rənglər, dəramətlər çalmaqla vaxtı doldurmaq məcburiyyətində qalırdılar. Müslüm Maqomayev ilk gündən bu qüsurlara qarşı kəskin və barışmaz mövqe nümayiş etdirdi.

Milli ansambl yaratmaq barədə radionun əcnəbi millətdən olan rəhbərinə dəfələrlə müraciət etsə də nəticəsi yox idi. Çox yazışmadan, təkidli inaddan, dönməz isrardan sonra Maqomayev 12 nəfərdən ibarət ansambl yaratdı. Əlvan və ciddi repertuarla fəaliyyət göstərən ansamblın heyəti 1933-cü ildə 24 nəfərə çatdırıldı. Üzeyir Hacıbəyli ilə birlikdə 1931 – 1932-ci illərdə uzun çəkən proses nəticəsində notlu Şərq alətləri orkestri yaratdılar.

1933-cü ilin ilk aylarına kimi radioda işlədiyi müddətdə rəhbərlik etdiyi musiqi kollektivi üçün “Çahargah dəraməti” fantaziyasını, “Pioner marşı”nı, “Şəlalə” simfonik pyesini, “Azərbaycan çöllərində”, “Ceyran”, “Turac” melodik rəqslərini, “Bizim kənd”, “Bahar”, “Tarla” mahnılarını, “Şüştər dəramədi”ni bəstələyib. O, dövrün zəhmətinin romantik vüsətini, halallığa çağırışını tərənnüm edən “RV – 8” marşını yazıb. Ciddi və əlvan, zəngin və çoxçalarlı repertuar qurmağa nail olub. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həm ictimai-siyasi, həm ədəbi-bədii, həm də incəsənət verilişlərinə xüsusi musiqi tərtibatı verilirdi.

Radionun musiqi şöbəsi uzun illər Müslüm Maqomayevin yaratdığı konsepsiya əsasında fəaliyyət göstərib. Bəstəkar özü radionun ştatından çıxsa da, musiqi məsələlərində yaranan çətinliklərin aradan qaldırılmasında yaxından iştirak edib. Çətin və gərgin işlərinə baxmayaraq, “Nərgiz” operası üzərində də coşqunluqla işləyirdi. 24 dekabr 1935-ci ildə operanın ilk tamaşası göstərilib. Dövlət Dram Teatrında Cəlil Məmmədquluzadənin “Ölülər” və Cəfər Cabbarlının “1905-ci ildə” dramlarının tamaşalarına musiqi bəstələyib. Bəstəkar 28 iyul 1937-ci ildə vəfat edib, məzarı Bakıda Fəxri xiyabandadır.

Bakı radiostansiyasını idarə edən studiya 1929-cu il noyabr ayının 6-da paytaxtın Baş Poçt-Teleqraf binasına köçürüldü. Yeni geniş və əlverişli binada əməkdaşların daha səmərəli fəaliyyətləri üçün imkan yarandı. Efirdə patefondan istifadə edilməyə başlanıldı, mikrofonların, səsgücləndirici aparatların təkmilləşdirilməsi prosesi başlandı. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verildi. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda yüksəlişə doğru əsaslı dəyişikliklər baş verməyə başladı.

Ölkənin radiolaşmasını genişləndirmək və gücləndirmək məqsədilə Xalq Komissarları Soveti beşillik plan hazırlamışdı. Bu planda 40 min radio nöqtəsi qurmaq nəzərdə tutulurdu. Həmin dövrdə respublikamızda 270-ə yaxın radiostansiya mövcud idi. Görülən ciddi texniki və quraşdırma tədbirləri nəticəsində beşilliyin sonunda radiostansiyaların sayı 20 min 400-ü keçmişdi.

Radiotexnikanın belə sürətlə və geniş şəkildə yüksəlməsi nəticəsində “canlı səs qəzeti” kimi dəyərləndirilən radio yüzlərlə, minlərlə mənzillərə, fəhlə klublarına, mədəniyyət ocaqlarına, kütləvi tədbirlər keçirilən qiraət evlərinə ayaq açdıqca radionun şüurlara müsbət maarifçi təsiri də artırdı. Radionun fəaliyyəti təbliğat funksiyasını saxlamaqla yanaşı, insanların mədəni dünyagörüşlərini formalaşdıran, mənəvi-əxlaqi dəyərlərimizin yayılmasını genişləndirən maarifçilik məbədi kimi də qavranılırdı.

(ardı var)

İlham RƏHİMLİ,
sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi

Mədəniyyət