AMEA-nın 80 illik yubileyinə layiqli töhfə
Bu da bir şansdır. AMEA-nın 80 illik yubiley tədbirləri silsiləsinin start toplantısında mən də iştirak etdim. Belə ki, martın 12-də Fəlsəfə və Sosiologiya İnstitutunun Azərbaycan fəlsəfə tarixi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən olmuş akademik Heydər Hüseynova həsr etdiyi “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının təqdimatı keçirildi.
Mərasim həm də görkəmli Azərbaycan alimi, filosof və ictimai xadim, akademik Heydər Hüseynovun 115 illiyinə həsr edilmişdi. Təqdimatı giriş sözü ilə açan Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor
İlham Məmmədzadə fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyevanın müəllifi olduğu “Filosof və dövrü. Konseptual yanaşmalar” monoqrafiyasını AMEA-nın 80 illik yubileyi ərəfəsində ərsəyə gətirilmiş sanballı nəşr kimi qiymətləndirdi.
AMEA prezidenti, akademik İsa Həbibbəyli yeni kitabı çətin və şərəfli ömür yaşamış akademik Heydər Hüseynovun arxiv sənəd və materialları əsasında sosial-fəlsəfi görüşlərini, yaradıcılığını əks etdirən, ümumilikdə, fəlsəfəyə dair aktual məsələlərin, təhlillərin və ümumiləşdirmələrin aparıldığı fundamental tədqiqat əsəri kimi dəyərləndirdi.
İsa Həbibbəyli kitabda Azərbaycan fəlsəfə tarixinin dövrləşdirilməsi mövzusunun əhəmiyyətinə diqqət yönəldərək, Sovet dönəmində dövrləşmənin aparılmasının asan olmadığını bildirdi və dövrləşmə üçün aydın konsepsiyanın əsas şərt olduğunu söylədi.
Kitabın müəllifi, fəlsəfə elmləri doktoru Arzu Əşrəf Hacıyeva tədbirin AMEA-nın 80 illik yubileyi ərəfəsində onun təsisçilərinin yada salınması, xüsusilə taleyi akademiyanın taleyi ilə sıx bağlı olan təsisçilərdən biri – akademik Heydər Hüseynovun xatirəsinin yad edilməsi, onun elmi irsinin və ideyalarının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını vurğuladı. Natiq akademik Heydər Hüseynovun Azərbaycanda sovet dövrü humanitar və ictimai elmlər sahəsinin təşəkkülündə, xüsusilə ilk vitse-prezidenti olaraq Azərbaycan Elmlər Akademiyasının çoxşaxəli, strukturlu təsisat kimi təşkilində və möhkəmləndirilməsində böyük xidmətləri olduğunu xatırlatdı. O bildirdi ki, görkəmli filosof üçün yaddaş bəşəri dəyər idi və bu kitabda da əsas ideya məhz tarixi yaddaşdır. Arzu Hacıyeva, eyni zamanda, gənc tədqiqatçılara elm tariximizdəki fikir adamları haqqında arxiv materiallarına əsaslanmaqla tədqiqat aparmağı tövsiyə etdi.
Professor İlham Məmmədzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov böyük filosofun elmi irsini əks etdirən “Filosof və dövrü. Konseptual yanaşmalar” kitabının Azərbaycan fəlsəfi fikir tarixinin tədqiq baxımından yeni perspektivlər açdığını vurğuladılar. Onlar yeni əsərin mütəfəkkirin düşüncə dünyasını, Azərbaycan fəlsəfəsinin inkişafını və zəngin irsini dərindən araşdırmağa imkan verən sanballı mənbə olduğunu qeyd etdilər.
İ.MƏMMƏDCANOĞLU