Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr olunmuş “Güllər ruzigarı” adlı sərgi açılıb.
Burada, kolleksiyamızdan seçilmiş və əksəriyyəti ilk dəfə məhz burada nümayiş olunan 30-dan çox gül təsvirlərindən ibarət natürmort əsəri nümayiş olunur. Natürmort Azərbaycan rəssamları arasında həmişə sevilən janrlardan olub. Bu janra həm dövrün aparıcı sənət üslubunu təmsil etmiş sənətkarlar, həm də avanqard cərəyanlara meyl göstərmiş rəssamlar müraciət edirlər. Ona görə də, natürmort janrının stilistikasında klassik realizm istiqaməti ilə bərabər, rəssam-modernistlərin özünəməxsus yanaşma tərzini də görə bilərik.
Ekspozisiyada ilk dəfə olaraq Salam Salamzadə, Tağı Tağıyev, Əbdülxalıq, Davud Kazımov, Tofiq Cavadov, Xalidə Səfərova, Nazim Babayev, uzun illər AMİM-də çalışmış tarixi binalarımızın memarı Nikola Fon der Nonnenin yaxın qohumu İrina Koqnivitskaya və başqa natürmort janrında mükəmməl sənət əsərləri yaratmış görkəmli sənətkarların tablolarını da görmək mümkündür.
Sərgidə, həmçinin Şəki Xan sarayının ecazkar çiçək təsvirli kompozisiyaları ilk dəfə nümayiş olunur. Usta Qəmbər Qarabağinin yaratdığı bu möhtəşəm sənət əsərlərinin surətləri XX əsrin 30-40-cı illərində Azərbaycan təsviri sənətinin inkişafına öz töhfələrini vermiş Vera Kvitko, Zinaida Boqoslovskaya-Kosiçkina tərəfindən köçürülüb.
Ekspozisiyada natürmortlarla yanaşı, Qorxmaz Sücəddinov, İbrahim Zeynalov, Akif Əsgərov, Sahib Quliyev, Teymur Rüstəmov kimi tanınmış heykəltəraşlarımızın yazı tərənnüm edən sənət əsərləri sərgilənir.
Sərgidə iki ştrix kod (Qr kod) da təqdim olunub. Bunlardan biri sərginin e-kataloqunu yükləmək, digəri isə məmnuniyyət sorğusunda iştirak etmək üçündür. Sorğu vasitəsilə sərgi ilə bağlı rəy və təkliflərinizi bölüşə bilərsiniz.
Sərgi aprelin 30-a qədər davam edəcək.
S.FİDAN
XQ