Qərb ölkəmizdə erməni vandallığına göz yumdu

post-img

Qarabağın bərpasını isə görmək istəmir 

Paşa ƏMİRCANOV
[email protected]

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə azad edilmiş əraziləri yenidən qurmaq, infrastrukturunu bərpa etmək, məcburi köçkün insanlarımızı öz ata-baba yurdlarına qaytarmaqdan ibarətdir. Təbii ki, 30 ilə qədər Ermənistanın işğalı altında olmuş tarixi ərazilərimizin müzəffər ordumuz tərəfindən azad edilməsindən sonra qarşımızda duran ən mühüm məsələ budur. 

Prezident İlham Əliyev də dəfərlərlə bununla bağlı çıxışlarında vurğulayıb ki, köçkün soydaşlarımızın “ləyaqətli şəkildə” öz yurdlarına qayıtması təmin edilməlidir. Artıq bu istiqamətdə kifayət qədər işlər də görülüb. Bir sıra şəhər və kəndlərin yeni­dən qurulması və məskunlaşdırılması ilə bağlı ciddi addımlar atılıb. Bu məqsəd­lə dövlət büdcəsindən hər il milyardlarla manat vəsait ayrılıb. Gələn 2024-cü ilin büdcəsində başdan-başa tikinti meydanına çevrilmiş Qarabağda quruculuq işlərinin davamı üçün 4 milyard manat vəsait nəzər­də tutulub. 

Bununla yanaşı, son günlərdə tez-tez bu və ya digər əraziyə yeni köç karvanla­rının yola salındığını görürük. İnsanlarımız böyük sevinclə artıq bütün ölkənin adını əzbər bildiyi Suqovuşana, Talışa, Ağalı, Zabux kəndlərinə, eləcə də Şuşa, Laçın, Füzuli şəhərlərinə və digər yerlərə qayıdır, doğma yurd yerlərimizi abadlaşdırmaqla məşğul olurlar. 

Bu günlərdə Zabuxa daha 20 ailənin köç etdiyini görüb sevindik. Dekabrın 14-də həmin kənddə 176 şagird yerlik Za­bux kənd tam orta məktəbi də istifadəyə verildi. 

Bir gün əvvəl müəllimlərin XVI qu­rultayında çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev də bəyan etdi ki, azad olunmuş ərazilərdə artıq 7 məktəb fəaliy­yət göstərir. Onun sözlərinə görə, “Böyük Qayıdış” çərçivəsində Şuşa, Füzuli, Zəngi­lan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə, ümumilikdə 7 təhsil müəs­sisəsində 550 şagird və 84 müəllim heyəti var. Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə də məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün bunları, təbii ki, Azərbaycan öz gücünə, özünün maddi vəsaiti hesabına edir. Bu məsələdə bir qədər Türk Dövlətləri Təşkilatındakı qardaş ölkələr – Özbəkistan və Qazaxıstan da bizə kömək edib. Amma vaxtilə, 30 ilə qədər müddət ərzində Azər­baycan ərazilərinin Ermənistan tərəfindən işğalına və bu təcavüzkar, terrorçu dövlətin şəhər və kəndlərimizi dağıdaraq viranəyə çevirməsinə göz yumanlar, bəzi hallarda hətta dəstək verənlər bu gün Qarabağ və Şərqi Zəngəzurda apardığımız quruculuq işlərinə əl uzatmaq istəmirlər. Necə deyər­lər, bu istiqamətdə heç səslərini də çıxar­mırlar. 

Əksinə, neft və qaz söhbəti gələndə Azərbaycana ard-arda səfərlər edən yüksək çinli Qərbli tərəfdaşlarımız bugünədək er­mənilərə dəstək verirlər. Amma kim etiraf etməsə də, biz bilirik, erməniləri dəstək­ləmək nə deməkdir. Erməniləri dəstək­ləmək işğalı, təcavüzü, terroru dəstək­ləmək deməkdir. Ermənistanı dəstəkləmək XXI əsrdə açıq-aşkar soyqırımı törədənləri dəstəkləmək deməkdir. Bütün bu əməllər isə Avropa ölkələrinin zaman-zaman qə­bul etdikləri dəyərlərə, müxtəlif konvensi­yalara ziddir. Və birbaşa cinayətdir. Bu da bizim Qərbdəki “dostlarımızı” çəkindirmir. 

Ermənistana dəstək Azərbaycanın İkinci Qarabağ müharibəsində və bu ilin sentyabrında həyata keçirdiyimiz antiterror tədbirlərində şanlı və şərəfli qələbələrimiz­dən sonra daha da aktivləşib. Azərbaycanın reinteqrasiya çağırışlarına məhəl qoyma­dan Xankəndini könüllü şəkildə tərk etmiş ermənilərə yardım üçün əldən-ayaqdan ge­dirlər. Baxın, bu il oktyabrın 30-da Avropa Komissiyasının (AK) mətbuat xidməti belə bir məlumat yaymışdı: “Avropa Komissi­yası Qarabağdan gedən insanların kütləvi axınına cavab olaraq Ermənistana huma­nitar yardımı təxminən 1,7 milyon avro artırır. Yeni maliyyə vəsaiti köçkünlərə pul yardımı, sığınacaq, ərzaq təhlükəsizliyi və dolanışıq yardımı, mühafizə və səhiyyə təmin etməklə Aİ-nin mövcud humanitar yardımını daha da gücləndirməyə yönəl­diləcək. Bu maliyyə Avropa Komissiyası tərəfindən böhrana cavab olaraq artıq ayrıl­mış 10,45 milyon avroya əlavədir və 2023-cü ildə ümumi humanitar yardım 12 milyon avrodan çoxdur”.

Bu, Avropa İttifaqı. ABŞ da geri qal­mır. O da, Kanada da Ermənistana yardım etməkdə öndə gedənlərdir. Fransanın İrə­vana dəstəyini isə sadə dillə izah etmək mümkün deyil, saz lazımdır. Amma həmin Ermənistanın xaraba qoyduğu Azərbaycan ərazilərinin bərpasına maliyyə yardımı ayırmaq, hansısa formada dəstək olmaq avropalı tərəfdaşlarımızın yadına düşmür. Onlar Bakıya yalnız qaz lazım olanda gə­lirlər. 

Avropa İttifaqı liderlərinin bu günlərdə keçirilmiş sonuncu görüşündə Ukrayna, Moldova, Gürcüstan, eləcə də Bosniya və Herseqovinaya Aİ üzvlüyü istiqamətində yaşıl işıq yandırıldı. Ermənistanın da təş­kilata cəlb edilməsi ilə bağlı perspektiv­lər haqqında danışılır. Bu isə hətta erməni siyasi və politoloji dairələrində təəccüb yaradır. Çünki Ermənistan Aİ-nin üzvlük tələblərinə cavab verən bir ölkə deyil. Bu da terrorçu dövlətə yersiz dəstəyin növbəti nümunəsi.

Qarabağda isə inşa işləri var gücü ilə davam edir...

Siyasət