Vardanyan çoxsaylı cinayət əməllərinə görə saxlanılıb

post-img

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Onun hüquqlarının pozulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi qrupuna müraciət olunub. İşçi qrupu uzunmüddətli araşdırmadan sonra yekun rəyini rəsmən dərc edib.

Yada salaq ki, BMT-yə göndərilən müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunmuş R.Vardanyanın, guya, ifadə etdiyi fikirlərə görə saxlandığı iddia edilib. Bu da söz azadlığı hüququnun pozulması deməkdir. Həmçinin məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyasının, girov hüququnun, həbs üçün alternativ tədbirlərdən istifadənin, müdafiə hazırlamaq üçün adekvat vaxt və imkan hüququnun pozulduğu bildirilib. Lakin müraciətə baxıldıqdan sonra bu ifadələrin heç biri öz təsdiqini tapmayıb və bu, yekun qərarda açıqlanıb.

İşçi qrup qeyd edib ki, Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə məhkəmə qarşısına çıxarılan R. Vardanyana qarşı irəli sürülən ittihamlar konkret sübutlara əsaslanır. Sözügedən rəydə xüsusilə vurğulanır ki, R. Vardanyan bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında saxlanılıb.

R.Vardanyan barəsində həbs qətimkan tədbiri məhkəmə qərarı ilə seçilib və bu zaman onun hüquqları qorunub. O, istintaq zamanı tərcüməçi ilə təmin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqlarını həyata keçirmək üçün ona imkan yaradılıb.

Məhkəmə R.Vardanyanın saxlanılmasını fərdi yanaşma ilə qiymətləndirib, ittihamların ağırlıq dərəcəsi və işin faktiki halları nəzərə alınıb. Buna görə də onun barəsində alternativ qətimkan tədbirlərinin seçilməməsi hüquqi baxımdan əsaslandırılıb.

Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları da əsassız sayılıb. İşçi qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər. Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.

Ümumilikdə, İşçi qrupun iddialara qarşı rəyi həmin şəxsin saxlanılması ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib. Bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq normalarını manipulyasiya etmək cəhdi növbəti dəfə uğursuzluğa düçar olub.

Politoloq Aydın Quliyev XQ-yə bildirdi ki, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi qrupu Vardanyanın cinayət işi ilə bağlı obyektiv mövqe tutub: “Əslində, bu məsələ ilə bağlı fəqli mövqeyin nümayiş etdirməsi gözlənilməz olardı. Xüsusilə, BMT-nin indiki böhranlı vəziyyətində açıq-aşkar və sübut olunan cinayətlərlə bağlı bəraətedici mövqe göstərilməsi təəccüblü qarşılanar və qurumun imicinə ziyan vurardı.

Bir daha qeyd edirəm ki, rəy Ermənistanın dünya miqyasında apardığı yalançı təbliğatlara sarsıdıcı zərbədir. Sübut olundu ki, Vardanyan, eləcə də onunla birlikdə ittiham olunan şəxslər hərbi əsir, girov və yaxud siyasi dustaq deyillər. Azərbaycanın onlara qarşı irəli sürdüyü ittihamlar tamamilə əsaslandırılıb. Həmin şəxslərin Azərbaycan ərazisində ictimai təhlükəsizliyə, milli maraqlara, insan sağlamlığına və dövlət mənafelərinə qarşı törətdikləri hərəkətlər cinayət tərkiblidir. Ona görə də BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi qrupunun rəyi həm Vardanyanla bağlı həqiqətin bir daha sübutu və təsdiqidir. Digər tərəfdən, Ermənistanın müəyyən qüvvələrinin dünyada apardıqları təbliğatlara zərbədir. Eyni zamanda, Vardanyanla bağlı ya səhvən, ya da erməni lobbisinin təsir və pulları sayəsində qərarlar qəbul etmiş qurumlara ciddi mesajdır. Erməni lobbisindən alınan milyonlar onları riyakarlığa, ikiüzlülüyə həvəsləndirir”.

A.Quliyev daha sonra dedi ki, bu günlərdə Avropa Parlamenti ölkəmizin əleyhinə qətnamə qəbul edib: “Qətnamədə Vardanyan siyasi məhbus kimi təqdim olunub, cinayət törətməkdə ittiham edilənlərin məhkəməsi isə fiasko adlandırılıb. Yenə də erməni sevgisi ön plana çıxıb. Unudublar ki, Bakıda məhkəməsi keçirilən şəxslər sülh və insanlıq əleyhinə cinayətlərdə, müharibə cinayətlərində, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılmasında, soyqırımında, müharibə qanunlarını və qaydalarını pozmaqda, terrorçuluqda, habelə terrorçuluğu maliyyələşdirmədə, hakimiyyəti zorla ələ keçirməyə cəhddə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Görünür, qatı ermənipərəst mövqeyi ilə seçilən Avropa Parlamentinin üzvləri üçün qeyd olunan ittihamlar əhəmiyyət kəsb etmir. Onlar bu gün də Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları həzm edə bilmirlər. Cinayətlər, terror aktları törətmiş şəxslərin müdafiəsinə qalxırlar. Bu davranış beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir və açıq-aşkar müstəqil məhkəmənin işinə təsir göstərmək cəhdidir.

Zənnimcə, BMT-nin qəbul etdiyi rəy eyni zamanda, Belçika, Fransa, İsveçrə parlamentlərinə tutarlı cavabdır. Avropa Parlamentinin bu şəxslərlə bağlı qəbul etdiyi qətnaməyə sarsıdıcı zərbədir. Ümid edirəm ki, həmin qurumlar bundan sonra bu məsələyə yanaşanda BMT-nin İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi qrupunun rəyini ciddi sənəd kimi nəzərə alacaqlar”.

Pünhan ƏFƏNDİYEV
XQ



Siyasət