ABŞ pulu, Hindistan silahı və Fransanın yağlı vədləri

post-img

İrəvan bəs sonra başına haranın daşını tökəcək? 

“Ermənistan Hindistandan yaxınmənzilli “Akaş” zenir raket kompleksini (ZRK) almağa hazırlaşır. Bu kompleks görünən zonaları və nöqtələri rəqibin hava hücumundan etibarlı müdafiə etmək üçün nəzərdə tutulub”. Bunu ermənilərin “EurAsianTimes” portalı yazıb. 

Xəbərdə daha sonra deyilir ki, İrə­vanın silahlı qüvvələrinin arsenalına daxil edəcəyi bu kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi məhv etməyə qadirdir. Elekt­ron qarşılıqlı təsir funksiyasına malik “Akaş” ZRK-sının bütün döyüş sistemi mobil platformalarda yerləşdirilə bilir. Kompleks 5–25 kilometr radiusunda uçan helikopterləri, qırıcı təyyarələ­ri və PUA-ları havada effektiv şəkildə neytrallaşdırır. Bundan savayı, ZRK ta­mamilə avtomatik və çevik şəkildə hə­dəfləri aşkar edir və onları məhv edir”.

Portal məlumatında, həmçinin bildi­rir ki, artıq Dehli “Akaş” ZRK-ları üçün sifarişləri qəbul edib və Ermənistan hərbi ixracın daha çox güman edilən istiqaməti sayılır. Xatırladaq ki, keçən ilin oktyabrında erməni mediası ölkənin Hindistandan PUA-lar, onlara sursatlar və “Akaş” zenit raket kompleksinin sa­tın alınmasında maraqlı olduğu barədə xəbərlər yaymışdı.

İrəvanın faydasız cəhdləri 

Cənubi Qafqazda cərəyan edən hadisələ­rin fonunda İrəvanın ənənəvi silah tədarük­çüsündən – Rusiyadan üz çevirib, Fransa və Hindistanla hərbi-texniki əməkdaşlığa meyil etməsi hamıya məlumdur. “Sputnik Ermə­nistan”da dərc edilən bir məqalədə qeyd olu­nur ki, baş nazir Paşinyan Rusiyanın indiki durumunda İrəvanın ehtiyaclarını təmin edə bilmədiyini vurğulayıb: “Ermənistanın təh­lükəsizlik arxitekturası 99,9 faiz Rusiya ilə bağlıdır. Eləcə də silah–sursatın alınması baxımından. Fəqət bu gün Rusiyanın özünün silaha ehtiyacı var və o, istəsə belə, Ermə­nistanın təhlükəsizlik ehtiyacını təmin edə bilməz”. 

İrəvanın müdafiə sənayesində Dehli və Parislə əlaqələrinin nəzərəçarpacaq dərəcədə genişlənməsinin əsas səbəbi Paşinyanın bu açıqlamasından da bəlli olur. Ermənistanın müdafiə naziri Papikyanın bu əsnada dedik­ləri maraqlıdır: “İrəvan Rusiya silahına alter­nativ əldə etmək imkanını nəzərdən keçirir və bu sahədə nəzərəçarpan nəticələrə yaxın­laşıb”.

Fransanın Ermənistana Ukrayna üçün nəzərdə tutduğu “Bastion” zirehli texnikasını göndərdiyi məlumdur. Bundan başqa, rəsmi İrəvan Fransa ilə yaxınmənzilli “Mistral” HHM sistemlərinin satın alınması barədə memorandum imzalayıb. Ermənistanın Hin­distandan çoxlüləli “Pinaka” reaktiv raket qurğularını, tank əleyhinə “Konkurs” raket­lərini aldığı barədə məlumatları oxucularla bölüşmüşdük. 

“Pinaka”, “Bastion”, “Konkurs”, “Mist­ral”, indi isə “Akaş”larla Ermənistan ərazisini dolduran Fransa və Hindistan İrəvana nə qə­dər etibarlı müdafiə vəd etsələr də, o, bundan sonra da qüdrətli Azərbaycanın qarşısında acız qalacaq. Aldığı həmin silahlardan ölkə­mizə qarşı istifadəyə ilk cəhdi Hayastan üçün növbəti fəlakətin başlanğıcı olacaq. Ermənis­tan hökumətinin yaydığı məlumata əsasən, İrəvan builki dövlət büdcəsində hərbi xərclə­ri 11 faiz artıraraq 640 milyon dollardan 710 milyon dollara çatdırıb. Büdcəsini, bir qayda olaraq, kənar ianələrin hesabına dolduran Ermənistan Hindistan kimi ölkələrdən aldığı silahlarla “yaralarını” sarımağa çalışır. Heç bir fayda verməyəcək yersiz cəhdlər və hava­ya sovrulan pullar. Yerli ekspertlərin bəziləri belə hesab edirlər ki, silahlanmanı bu templə davam etdirən Ermənistanı qarşıda Suriya və İraqın aqibəti gözləyir.

Niyə məhz Hindistan?

Bir müddət bundan əvvəl Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov yuxarıdakı suala olduqca məntiqli cavab vermişdi. Demişdi ki, bu sualın ca­vabını bilmək üçün Ermənistanın Fransa və Hindistandan silah-sursatı hansı pullarla al­masını aydınlaşdırmaq lazımdır. Markovun fikrincə, maliyə çətinliyindən əziyyət çəkən İrəvan bu silahları ya Fransanın, ya da ABŞ-ın pulu ilə alır. 

Yəni, Paris və Vaşinqton heç istəməz ki, onların pulu rus silahının alınmasına xərclən­sin. Elə bu səbəbdən də böyük güclər Paşin­yana Rusiyadan silah almağa qadağa qoyub­lar. Hindistan isə bu qadağaya daxil deyil.

Bizim üçün sualın ikinci tərəfi daha ma­raqlıdır: Qarabağ münaqişəsində Hindistan hansı səbəbdən Ermənistanın tərəfini tutur, ona qahmar çıxır? Əgər Hindistanın daxilin­də baş verən proseslərə bir qədər yaxından diqqət yetirsək, məsələnin bu tərəfi də xeyli aydınlaşmış olar. Bu ölkədə yaşayan müsəl­manlara qarşı davamlı surətdə təxribatların baş verməsi müsəlman ölkəsi kimi tanınan Azərbaycana da adekvat münasibəti və ya­naşmanı şərtləndirir. Üstəgəl, Azərbaycanın Pakistanla yaxınlaşması, rəsmi Bakının bey­nəlxalq platformalarda İslamabadın mövqe­yini dəstəkləməsi, Kəşmir münaqişəsi ilə bağlı onun yanında dayanması da öz rolunu oynayır. Bəli, Dehli həm də bu səbəblərdən Ermənistanı seçib. Burada hindlilərin və hay­ların tarixi qohumluğu barədə səslənən mü­lahizələr nağıldan başqa bir şey deyil. Onu da qeyd etməliyik ki, Hindistan–Azərbaycan münasibətlərinin indiki vəziyyətə çatmasında bu ölkənin radikal sağçı və millətçi baş nazi­ri Modinin danılmaz “xidmətləri” var. Məhz onun hakimiyyəti dövründə Hindistanda et­nik zəmində münaqişə daha da dərinləşib, müsəlmanlara qarşı zorakılıqların sayı artıb.

Maraqların diktə etdiyi reallıq

Azərbaycanın xarici siyasətində prioritet­ləri ondan ibarətdir ki, dünyanın güc mərkəz­ləri ilə münasibətlərini ən yüksək səviyyədə qurulsun və onlardan heç biri ilə ciddi prob­lemlərin yaranmasına yol verilməsin. Bunun­la yanaşı, onların da öz aralarında, yaxud di­gərləri ilə qarşıdurmalarında tərəf tutmamaq, seçim etməmək Bakı üçün əsas prinsiplərdən sayılır. Amma biz hazırda beynəlxalq mü­nasibətlərdə bunun pozulmağa başladığını görürük. Hindistan dünyanın qüdrətli dövlət­lərindən biridir və o, yüksələn xətlə inkişaf etməkdədir. 

Azərbaycanın Hindistanla ikitərəfli nor­mal münasibətləri, xüsusilə geniş mədəni əlaqələri mövcuddur. Bakıda Hindistan sər­giləri, film həftələri, birgə tədbirlər təşkil edilir. Bütün bunlarla yanaşı, iki ölkə arasın­da ciddi iqtisadi və ticarət əlaqələri də möv­cuddur. Yeri gəlmişkən, onu da qeyd edək ki, Hindistan Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1 milyard ABŞ dolları­na yaxındır.

Razılaşmalı olduğumuz reallıq ondan ibarətdir ki, hazırda ölkəmiz ətrafında bir qədər həssas geosiyasi coğrafiyanın tablo­su özünü göstərməkdədir. Əslində, mövcud bulanıq tablonun yaranmasında Azərbaycan deyil, üzdə “ermənilərin təəssübkeşləri” kimi görünən, arxada isə Cənubi Qafqazda özəl maraqları naminə ona qarşı gələn aktorlar günahkardır. 

Bakı üçün həm Avropa, həm də Asiya nəhəngləri ilə qarşılıqlı etimada və faydalı tərəfdaşlığa söykənən şəffaf münasibətlə­rin gözlənilməsi prioritet sayılır. Son illər­də bunun xeyli sayda nümunələri meydana çıxıb. Bu münasibətləri perspektivdə də bütün tərəflər üçün risksiz və gəlirli müstə­viyə daşıyacaq əsas amil bölgədə sülhün və əmin-amanlığın tezliklə bərqərar olmasıdır. Düşünürük ki, buna nail olmaqdan və ona dividendlər gətirəcək tarixi fürsəti qaçırma­maqdan ötrü İrəvan da Bakı ilə eyni mövqeyi paylaşır. Yəni, indi əlçatan məsafədəki sülhü qazanmaq Azərbaycandan daha çox Ermə­nistanın özünə lazımdır. 

Üzeyir CƏFƏROV, 
ehtiyatda olan polkovnik

Hindistanın Ermənistanı silah­landırma prosesində iştirakı birmə­nalı şəkildə qəbuledilməzdir. Dehli­nin bu addımları Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edil­məsinə çox böyük maneədir. Ermə­nistan son vaxtlar bu amildən istifadə edərək, bir növ, ritorikasını dəyişib və qeyri-adekvat davranışlar sərgilə­yir. Hindistan silahlarının keyfiyyəti barədə danışarkən ən əsası onların hansı növ silah olduğu mütləq nəzərə alınmalıdır. Ona görə ki, bu silahlar bizim üçün müəyyən problemlər ya­rada bilər. Düzdür, bu silahlar yük­sək effektivliyə və potensiala malik olmasa da, dağıdıcılıq imkanları var. Hindistan Ermənistanla hərbi sahədə əməkdaşlığa əvvəlki illərdə o qədər maraq göstərməsə də, indi müdafiə sahəsində əlaqələr xeyli genişlənib. Biz bunun nə ilə bağlı olduğunu təx­min edirik. Yəni Azərbaycanla Pakis­tan arasında yaxın münasibətlər var. Ölkəmiz həm Kəşmir, həm də digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu baxımdan Hindistan belə addım­lar atır. Amma bu, Dehlinin bölgədə təsir imkanlarını genişləndirməsinə imkan yaratmayacaq. İrəvan hazır­da Hindistanın bölgədə aktivləşmək niyyətindən sui-istifadə etməklə məş­ğuldur.

İmran BƏDİRXANLI
XQ



Siyasət