Sosial xəbərlər

post-img

Pensiya ödənişlər – 103 milyon manat

Cari ilin yanvar–fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (103 milyon manat) çox olmaqla 1 milyard 178 milyon manat vəsait yönəldilib.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Bu ilin iki ayında 9 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 147 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

20,3 min şəxsə bərpa xidməti

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–fevral aylarında əlilliyi olan 20 min 300 şəxsi bərpa xidmətləri ilə təmin edib.

Onlardan 11 min 200-nə ambulator, 4 min 400-nə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji, ippoterapiya istiqamətləri üzrə bərpa xidmətləri göstərilib.

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun bərpa üsulları – robotic, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, rəqs terapiyası və s. də tətbiq edilir.

Müəssisələrdə stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da bərpa xidmətləri göstərilir.

Cəbrayılda əmək yarmarkası

Böyük Qayıdış proqramına uyğun olaraq, Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün əmək yarmarkalarını davam etdirir.

Agentlik növbəti əmək yarmarkasını Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə və SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi ilə birgə Cəbrayıl rayonunda təşkil edib.

Yarmarkada “Azəriqaz” İB-nin qaz təsərrüfatında qəza-bərpa işlərinin çilingəri, qaz təsərrüfatının nəzarətçisi, təmirçi çilingər, elektrik-qaz qaynaqçısı, gözətçi və s. işlər üzrə vakansiyalar təqdim edilib.

Zərifə HÜSEYNOVA
XQ





Sosial həyat