Tovuzlular rayonun yaradılmasının 95-ci ildönümünü yeniliklərlə qarşılayırlar
Qərb bölgəsində əhalisinin sayına görə Tovuz, Şəmkirdən sonra ikinci böyük rayondur. Bir neçə aydan sonra, daha dəqiq desək, avqustun 8-də Tovuzun bir rayon kimi təşkil olunmasının 95 ili tamam olur. Amma bu məşhur oğuz elinin tarixi daha qədimlərə, eramızdan xeyli əvvələ gedib çıxır. Bunu Tovuzun ərazisində tapılan çoxlu qədim yaşayış məskənləri təsdiq edir. Elə təkcə Gəncə-Qazax bölgəsində ən iri arxeoloji abidələrdən biri olan Göytəpə qədim yaşayış yeri buna əyani sübutdur. Neolit dövrünə aid olan Göytəpə qədim yaşayış yeri bugünümüzədək ən yaxşı vəziyyətdə qalmış abidələrdən biridir. Abidə magistral yoldan 340 metr aralıda olub 2 hektara yaxın ərazini əhatə edir. Onun diametri 145 metr, hündürlüyü isə 9 metrdir.
Tovuzun əhalisinin sayı hazırda 178 min nəfərə çatır. Özü də artım daha çox son 8-10 ildə daha qabarıq hiss olunur ki, bunun da əsas səbəbi Tovuzda torpağa münasibətin kökündən dəyişməsidir. Yəni torpağı başlı-başına buraxıb başqa şəhərlərə üz tutanlar indi geri, öz doğma yurdlarına qayıdır, əkib-biçir, kifayət qədər qazanc əldə edirlər. Adamlar görürlər ki, başqa şəhərlərdə soyuqda-qışda-sazaqda pul qazanmaqdansa, evində, ailəsinin yanında olmaq, həm də əməlli-başlı dolanmaq, ev-eşik qurmaq mümkündür.
Bir dəfə rayon icra hakimiyyəti başçısının müavini, uzun illər komsomol, partiya işlərində məsul vəzifələrdə çalışmış, 30 ildən çoxdur dostluq etdiyim Niftalı Qasımovla bu mövzuda söhbət edərkən maraqlı məqamlara toxundu. Dedi ki, ölkə Prezidenti kənd təsərrüfatı rayonlarında münbit şərait yaratmasaydı, bu bəlkə də mümkün olmazdı. İndi kəndli torpağa toxumu səpir, daha qapı-qapı su, kübrə, texnika dalınca qaçmır, onun qayğısını çəkmir. Çünki yerli icra orqanları bu işi elə təşkil edirlər ki, problemlər qısa müddətdə həll olunur. İcra hakimiyyətinin başçısı Məmməd müəllim elə səyyar görüş, müşavirə, lap istər kiçik bir yığıncaq olsun, hamısında “torpaq, torpaq” deyir. Adamlar da həvəslənir, torpaqdan ikiəlli yapışır, bəhrəsini də görürlər. Təbii ki, başqa yerlərdə yaşayanlar da bunun sorağını eşidir, geri qayıtmağı qərara alır, peşman da olmurlar...
İndi yəqin ki, Tovuzda bu sətirləri oxuyan birisi tapılacaq ki, “siz nə danışırsınız, suvarma suyu üçün biz əldən-ayaqdan gedirik, texnika, dərman preparatları çatışmır və sair...” deyəcək.
Bəli, razıyıq, belə hallar da olur. Amma biri var, bu hallar illər uzunu davam edə və onun həlli ilə heç kim məşğul olmaya, biri də var, yerli icra orqanları bu vəziyyətlə qətiyyətlə mübarizə aparalar. Problemlər məhz icra hakimiyyətinin digər əlaqədar təşkilatlarla birgə mübarizəsindən sonra həll olunur.
Niftalı müəllimin dediyi başqa bir məsələ də diqqətimi çox çəkmişdi. Demişdi ki, siz bilirsinizmi, indi Tovuzun kartofunu, taxılını, mer-meyvəsini yığıb yığışdırmaq olmur? Gədəbəyin adı qalıb, biz kartof tədarükündə qonşu dağ rayonunu çoxdan keçmişik...
Maraqlıdır ki, Tovuzda adamlara təkcə əkib-becərmək üçün şərait yaradılmır, həm də bir sıra məhsulları ilboyu saxlamaq, bazara çıxarmaq üçün də düşünülür və bu istiqamətdə uğurlu işlər aparılır. Məsələn, artıq rayonda kənd təsərrüfatı məhsullarının qablaşdırılması üçün kağız və karton tara istehsalı müəssisəsi yaradılaraq fəaliyyətə başlayıb. Əvvəllər bu iş başlı-başına buraxılmışdı, kim hardan tapıb gətirirdi, işini, necə deyərlər, aşırırdı. İndi başqa bir mənzərədir. Yaxud kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı məsələsi. Axı emal olmadı, o yığılan məhsulun gələcək taleyi də şübhə altında olur. Götürək elə Tovuz Dənli Bitki Toxumlarının Emalı Zavodunu. Zavod qərb bölgəsində yüksək kondisiyalı və məhsuldar buğda və arpa toxumları emal edərək fermerlərə xidmət göstərir. Adamlar da çox razılıq edirlər.
“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Tovuz rayonunda istehsal olunmuş tütün məhsullarının tədarükü, saxlanılması və emalı məqsədilə tütünqurutma müəssisəsinin yaradılması nəzərdə tutulmuşdu. Dövlət proqramının icrası çərçivəsində rayonda artıq tütünqurutma müəssisəsi yaradılaraq fəaliyyətə başlamışdır.
Dedik ki, rayonda əmtəəlik kartof əkini sahəsi genişləndirilib. Bunun əsasında müasir 10 min tonluq soyuducu anbar kompleksi tikilərək istifadəyə verilib. Hələ 1200 başlıq heyvandarlıq üçün Ceyrançöl ərazisində “Aqropark” MMC-ni və istifadəsi üçün 550 hektar torpaq sahəsinin “Aqroparkın” istifadəsinə verilməsini demirik. Rayonda üzüm bağlarının sahəsi 1102 hektara çatıb, meyvə bağlarının sahəsi isə 1542 hektar olub.
Bütün bunlar ağıllı, düzgün yanaşmaların nəticəsidir ki, dövlət başçısının imzaladığı Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları Tovuzda uğurla icra olunur. Rayonda əsasən kartof, taxıl, üzüm, yerkökü, qida çuğunduru, tütünçülük və maldarlıq inkişaf edib. İstər dağlıq, istərsə də aran bölgələrində yetişdirilən ekoloji təmiz məhsullar rayon bazarı ilə yanaşı, respublika bazarlarında da bolluq yaradır. Hər il minlərlə ton ixracyönümlü rəqabətədavamlı kənd təsərrüfatı məhsulları xarici bazarlara ixrac olunur. Elə buna görə də rayonda müasir standartlara cavab verən aqraryönümlü müəssisələr yaradılır ki, aqrar sahənin sürətli inkişafına stimul versin.
Qeyd etdik ki, əkib-biçməyə daha çox torpaq mülkiyyətçisini cəlb etmək, həvəsləndirmək üçün birinci növbədə onlara şərait yaratmaq vəzifəsi qoyulub və o da uğurla icra olunur. Yəni adamlar şərait olmadan heç o torpağa da həvəs göstərməyəcəklər.
Elektrik eneıjisi təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilərək tikintisinə 2022-ci ildə başlanmış 110/35/10-luq Qovlar yarımstansiyasında işlər yekunlaşmış, 110/35/6-lıq Tovuz yarımstansiyasında isə işlər davam etdirilir. Eyni zamanda rayonun Əyyublu, Ağdam, Səfərli, Məsimlər, Papaqçılar, Qaradaş, Qayadibi, Qandallar kəndlərinin elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər yekunlaşmış, Göyəbaxan kəndində isə bu işə başlanılmışdır və hazırda davam edir. Rayonun Sarıtala, Çobansığnaq, Almalıtala kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması layihələri təsdiqlənmişdir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində işlər kökündən yaxşılaşdırılmış, rayonun Qədirli, Xatınlı, Cilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edən layihələr icra edilmişdir. Layihəyə əsasən kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılmış, su anbarı inşa olunmuş, 181 bulaq quraşdırılmışdır. Eyni zamanda, Düz Cırdaxan və Cəlilli kəndlərinə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilmiş, bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 kilometr uzunluğunda magistral, kəndlərdə 2 kilometr paylayıcı su xətləri çəkilərək, əhalinin ümumi istifadəsi üçün 19 ədəd bulaq quraşdırılmışdır.
Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər də ictimai-siyasi vəziyyətə bilavasitə təsir edən amillərdəndir. Bu baxımdan içməli su təminatı, təbii qaz təchizatı və fasiləsiz elektrik enerjisi ilə təmin olunma vacib məsələlərdən biridir. Bununla bağlı rayon ərazisində əhəmiyyətli işlər görülməkdədir. Belə ki, “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2020-ci il tarixli sərəncamının icrası ilə əlaqədar rayonun Ağdam, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab edilən bir çox işlər görülmüşdür. Eyni zamanda, əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün 2022-ci ildə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən kəndlərdə zəruri işlərin görülməsinə başlanmışdır və hazırda həmin kəndlərdə dəyəri ödənilməyən küçə bulaqlarının tikintisi layihəsi işləri davam etməkdədir.
Torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilmiş, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilən Tədbirlər Planının 2 nömrəli əlavəsində Zəyəmçay çayı üzərində də relyefə uyğun su anbarının yaradılması nəzərdə tutulmuşdur.
Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlər aparılmış, Tarix Diyarşünaslıq Muzeyinin, Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin, Dövlət Rəmzləri Muzeyinin, Nizami adına Mədəniyyət evinin tikintisi başa çatmışdır.
İdman-sağlamlıq müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlər davam etdirilmiş, Tovuz şəhər mərkəzi stadionunda “Futbol Akademiyası” tikilib istifadəyə verilmişdir.
Son illər Tovuzda elə yollar tikilib istifadəyə verilib ki, onlardan söz açmamaq, sadəcə, mümkün deyil. Məsələn, Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Santala avtomobil yolu və Əyyublu-Aran-Koxanəbi avtomobil yolu. Tamamilə yenidən qurulub, on minlərlə adam rahatlıq tapıb. 2019-2023-cü illər ərzində Tovuz şəhər və ətraf ərazilərdə 170 min 753 kvadratmetr asfalt örtüyü çəkilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağı tikilərək istifadəyə verilib.
Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, rayonun qazlaşdırılmamış Çatax, Cirdək, Kazımlı, Hacılar, Əhmədabad, Hunanlar kəndləri təbii qazla təmin olunmuşdur. Eyni zamanda, qazlaşdırılmış yaşayış məntəqələri olan Əyyublu, Xatınlı, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Qaraxanlı, Cəlilli, Dondar Quşçu, Dönük Qırıqlı kəndlərində yeni yaşayış massivlərində qazlaşma işləri aparılmışdır.
Təhsilin inkişafını dövlət strategiyasına çevirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı ilə rayonun Alakol kənd N.Sadıqov adına, Aşağı Quşçu İ.Mürşüdov adına, Bozalqanlı kənd Y.Sadıqov adına, Tovuz şəhər Adil Qasımov adına, Köhnəqala kənd Şah İsmayıl Xətai adına, Aşağı Öysüzlü kənd A.Hüseynov adına, Dondar Quşçu kənd tam orta, Ağbulaq kənd tam orta məktəbləri tikilərək istifadəyə verilmişdir. Rayonun Şıxheybət, Böyük Qışlaq, Güvəndik, Pələkli, Mollaayrım, Göyəbaxan kəndlərində modul tipli məktəblər istifadəyə verilmişdir. Yanıqlı kənd 2 nömrəli tam orta məktəbinin tikintisinə başlanılmışdır. Tovuz rayon Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın əsas tədris korpusu, yeməkxana əsaslı təmir olunmuş, 360 yerlik tədris korpusu yenidən tikilmiş və istifadəyə verilmiş, xüsusi təhsil bölməsi üçün nəzərdə tutulmuş bina əsaslı təmir olunmuş, 102 çarpayılıq yataqxana binası tikilmişdir. Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilərək əhalinin istifadəsinə verilmiş, Qədirli kəndində körpələr evinin-uşaq bağçası əsaslı təmir olunmuşdur.
Rayonda həyata keçirilən infrastruktur layihələrindən öz möhtəşəmliyi ilə seçilən “ASAN Həyat” kompleksinin tikintisini xüsusi vurğulamaq istərdik. Kompleksin tikintisinə 2018-ci ilin aprel ayında başlanılmış, 2020-ci il martın 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onun açılışında iştirak etmişdir. Kompleks Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 700 mindən çox vətəndaşa xidmət göstərir.
... “Diqqət olan yerdə torpaq da şirin olur, əkib-becərdiyin nemət də...” Bu sözləri hələ bir neçə il qabaq kartof sahəsində fermerlərin işi-gücü, problemləri ilə maraqlanan icra hakimiyyətinin başçısı Məmməd Məmmədovdan eşitmişdim. Bəlkə də nə mənada dediyinin o zaman fərqinə varmamışdım. Amma təkcə bir gün ərzində 17 kəndə gedib şəhid ailələri ilə təkbətək görüşməsini eşidəndə həmin sözlər yadıma düşdü. Hətta kimsə demişdi ki, “Məmməd müəllim, bəlkə o birilərinə də müavinlər, digərləri getsin, onsuz da icra hakimiyyətinin adından gedirlər”. Acıqlanmışdı. Demişdi ki, başqa bir şəhid anası, ya atası eşitsə ki, onun evinə başçı deyil, başqası gedib, sizcə ona necə təsir bağışlayar?! Halbuki Vətən müharibəsi və ondan sonrakı dövrdə rayon üzrə 90 nəfər şəhid olub. Təbii ki, əlamətdar günlərdə, bayramlarda şəhid ailələri və qazilərin evlərinə müavinlər də, digər struktur nümayəndələri də gedir, yardımlar aparırlar. Lakin tarixi qələbəmiz ərəfəsində rayon rəhbəri mütləq özü bu ailələrə baş çəkir.
Bax, elə bu diqqətin nəticəsidir ki, şəhid ailələrindən və qazilərdən 70 nəfəri işlə təmin olunub. Eyni zamanda, Vətən müharibəsi şəhidlərindən 12 nəfərin adı küçəyə, 1 nəfərin adı təhsil müəssisəsinə verilərək əbədiləşdirilib. Tovuz şəhərində Şəhidlər xiyabanında Birinci Qarabağ və Vətən müharibələri şəhidlərinin xatirəsinə abidə kompleksi inşa olunub.
Tovuz uğurlu yoldadır. Çünki diqqət, qayğı olan yerdə bu yol daha asanlıqla qət olunur...
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Tovuz