Belarusun rənglər aləmi Bakıda

post-img

Azərbaycan Milli İncəsənət Muzeyində Belarus Respublikasının Milli İncəsənət Muzeyinin kolleksiyasına məxsus rəngkarlıq və qrafika əsərlərindən ibarət “Y.Pen, Y.Kruqer: Belarusda rəssamlıq təhsilinin baniləri” adlı sərginin açılış mərasimi olub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, görkəmli Belarus rəssamları Yuri Pen və Yakov Kruqerin tələbələri olmuş - dünyaşöhrətli rəssamlar Mark Şaqal və Mixael Kikoinin, çoxsaylı Belarus rəngkar və qrafiklərinin əsərləri sənətsevərlərə Vitebsk və Minsk rəssamlıq məktəbləri ilə tanış olmağa şərait yaradır.

Açılışda çıxış edən Belarus Respublikasının ölkəmizdəki səfiri Dmitri Pineviç, Xalq rəssamları Ömər Eldarov və Səlhab Məmmədov bu sərginin iki ölkə arasında daim inkişaf etməkdə olan mədəni əlaqələrə dəyərli töhfə olduğunu bildiriblər.

Belarus Respublikasının Milli İncəsənət Muzeyinin direktoru Anna Konnonova sərgi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Qeyd edək ki, sərgidə 61 rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Burada Yuri Pen, Yakov Kruqer və onların tələbələri olmuş Mark Şaqal, Mixael Kikoin, Belarus SSR-nin Xalq rəssamı İvan Axremçik, rəngkar və qrafiklər Lev Zevin, Mixail Kunin, Lev Leytman və digər məşhur rəssamların əsərləri sərgilənir.

Fidan SALMAN
XQ

Mədəniyyət