Haylar reallığı görməyə məhkumdurlar, əks halda...
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumundakı çıxışı zamanı Ermənistana etimadın olmadığını vurğuladı. Bu tezis dövlətimizin başçısının nitqinin məğzini təşkil edən başlıca fikrə çevrildi. Nəzərə alaq ki, Prezidentimizin fikri Bakı ilə İrəvan arasında sülh müqaviləsi mətninin razılaşdırılması ilə bağlı danışıqların yekunlaşdırılması və dünyanın bir çox ölkələrindən Azərbaycana və Ermənistana təbriklərin çatdırılması fonunda səsləndi.
Azərbaycan – Ermənistan münasibətlərinin gələcək strukturu baxımından, kifayət qədər aydın mahiyyət yoxdur və bu, ilk növbədə inamın olmamasından qaynaqlanır. Rəsmi İrəvan ambisiyasını qoruyub saxlayır və mövcud istiqamətdəki mənasız dirənişini 44 günlük müharibədən ötən müddətdə hər zaman göstərib, amma heç vaxt istəyinə nail ola bilməyib. Yenə də heç bir şansı yoxdur. Görünür, Ermənistana şans yox, illüziya daha çox lazımdır. Baş nazir Nikol Paşinyan administrasiya üçün illüziya avantürizmin davamı baxımından lazımdır. Avantürizm isə Azərbaycan torpaqlarının qəsbi üzərində qurulub. Prezident İlham Əliyev forumdakı çıxışında heç də əbəs yerə hazırkı erməni iqtidarının zaman-zaman səsləndirdiyi sərsəm bəyanatları, təhrikçi hərəkətləri xatırlatmadı. Dövlətimizin başçısı, mahiyyət etibarilə, Ermənistana etimadın sıfıra bərabər olmasına dair fikrini əsaslandırdı və beynəlxalq ictimaiyyətə Paşinyan iqtidarını “sülh göyərçini” kimi təqdim etməkdən uzaq durmağı məsləhət gördü.
Ölkəmizin liderinin mövcud fonda üzərində dayandığı, özünün əvvəllər də dəfələrlə səsləndirdiyi iki şərt oldu: ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasının dəyişdirilməsi. Bu iki şərt sülh müqaviləsinin mətnində yer almır və prinsipcə, ala bilməz. Azərbaycan, sadəcə, barış sazişi üçün iki fundamental məqamı qabardır ki, həmin məqamların hər ikisi Ermənistanın işğalçılıq niyyətinin mövcudluğunu vurğulayır.
***
ATƏT-in Minsk qrupunun ləğvindən, daha doğrusu, ölkəmizin onun ləğvinin vacibliyini əsaslandıran tələbindən başlayaq. Rəsmi Bakı İrəvanla birgə mövcud istiqamətdə müvafiq müraciətin ünvanlanmasını irəli sürür. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iki gün əvvəlki açıqlamasından gəlinən qənaət budur ki, Paşinyan iqtidarı buna razıdır, amma sülh müqaviləsi imzalandıqdan sonra.
Yanaşma absurddur və eyni yanaşmanı N.Paşinyan da bir müddət öncə “Real Ermənistan”la bağlı qələmə aldığı düşüncələrində nümayiş etdirmişdi. O da ATƏT-in Minsk qrupunun ləğvini sona saxlamışdı. Bu, heç diplomatik davranma da deyil. Rəsmi İrəvan, guya, sülh müqaviləsinin imzalanmasını təminata alır. Bir halda ki, Minsk qrupu Azərbaycan torpaqlarına qəsbin leqallaşdırılmasına, hansısa formada Azərbaycanı Qarabağ üzərində erməni hüququna razı salmağa yönəlmiş təsisat idi, o zaman düşünək ki, hazırda Ermənistan hakimiyyəti həmin qurumun ləğvinə əhəmiyyətsiz yanaşmaqla ölkəmizi yenidən işğalçılıq niyyətinə düşəcəyi ilə şantaj edir? Axı o Paşinyan idi ki, 2022-ci ildə Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını açıqlamış, 2023-cü ildə Brüsseldə mövqeyini təkrarlamışdı.
İndi biz Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin sərsəmləməsinə ciddi yanaşaq? Səfir Nikolun Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımadığını böyük israrla bildirmişdi. Bəs hazırda sülh müqaviləsinin mətnində ərazi bütövlüyünün və suverenliyin tanınmasına dair müddəa nədir? Ermənistan tərəfi çox tez-tez bu barədə söz açır.
Əlbəttə, həm səfir Dekotini, həm də rəsmi İrəvan qarşılıqlı tanınma söhbəti düşəndə, 1991-ci ilin Alma-Ata Bəyannaməsi üzərində dayanır. Ermənistanda bu bəyannamə ilə bağlı manipulyasiyalardan xəbərimiz var və onlara əsasən belə rəyə gəlmək mümkündür ki, erməni siyasi industriyası Qarabağ məsələsini Alma-Ata məntiqindən kənar tutmağa köklənib. Heç şübhəsiz, bu kökləniş Paşinyan iqtidarı üçün də xarakterikdir. Sadəcə, hazırda Nikolun komandasının üzvləri sakitcə gözləmə mövqeyində dayanıblar. Görəsən, onlar niyyətlərini anladığımızı bilmirlər? Bu qədər fırıldaqla nəyisə əldə etməyin mümkünlüyünü ağıllarından necə keçirirlər?
Etimad quruculuğunu zədələyən bütün bunlardır, hələ sadalamadığımız digər cəhətlər də var. O zaman biz necə inanaq ki, Ermənistan sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycanın ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı tələbini yerinə yetirəcək? Axı bu tələbin yerinə yetirilməsi böyük ölçüdə Ermənistanın bir daha təcavüzkar siyasət aparmaq niyyətinə düşməyəcəyinə dair ən real təminatlardan biridir. Məsələnin mahiyyətini anlamaq beləmi çətindir?
İkinci təminat isə Ermənistan Konstitusiyanın dəyişdirilməsi, onun işğalçılıq simgəsinin aradan qaldırılmasıdır. Mövcud istiqamətdə də anlaşılmayacaq heç nə yoxdur. Fikrimizi məsələyə bir qədər geniş yanaşaraq əsaslandıraq. Ancaq əvvəlcə erməni iqtidarının Azərbaycanın haqlı tələbinə son münasibətini diqqətə çatdıraq. N.Paşinyan bu günlərdə çox açıq şəkildə bildirdi ki, Bakının konstitusiya dəyişikliyi ilə bağlı tələbi yerinə yetirilməyəcək, guya, konstitusiya məsələsi Ermənistanın daxili işidir və sair.
Yada salaq ki, həmin Nikol 2024-cü ilin fevralında demişdi ki, Ermənistanın İstiqlaliyyət bəyannaməsində yer alan “Dağlıq Qarabağ” ifadəsi sülh üçün problem yaradır. Erməni baş nazir sonradan ölkə parlamentində çıxış edərkən də həmin sənəddən söz açmışdı. “Son illərdə mən İstiqlaliyyət bəyannaməsini dəfələrlə oxudum və dəhşətli nəticəyə gəldim ki, bu bəyannamənin mahiyyəti ilə Ermənistan Respublikası mövcud ola bilməz. Bu, bizim ən böyük problemimiz və faciəmizdir. İndi sual budur ki, əsl Ermənistan nədir və onun vətəndaşları kimlərdir. Əsl Ermənistanın vətəndaşı o kəsdir ki, bu yerdən kənarda vətən və ata axtarmır”, – deyən N.Paşinyan yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilməsinin zəruriliyini bəyan etmişdi. O, əsas qanunda İstiqlal bəyannaməsinə istinadın sülh mühitinin qərarlaşmasına əngəl törətdiyini, yeni konstitusiyanın ölkəni indiki geosiyasi şəraitdə daha həyat qabiliyyətli edəcəyini bildirmişdi.
Elə isə hər şey aydın deyilmi? Görünür, aydın deyil ki, Nikol hazırda Ermənistan konstitusiyasında ərazi iddiasının olmadığını vurğulayır. Qeyd edək ki, Nikol az əvvəl diqqətə çatdırdığımız fikirlərini 2024-cü ilin noyabrında səsləndirib. Yəni, həmin vaxt o, İstiqlaliyyət bəyannaməsindən, belə demək mümkünsə, işğalçı konstitusiya doğduğunu vurğulayıb.
Paşinyan hazırda Ermənistan konstitusiyasında ərazi iddiasının olmadığını bildirərkən, haqqında söz açdığımız çıxışdan əvvəlki, yəni 2024-cü ilin sentyabrındakı qərardan danışır. O, elə görüntü formalaşdırır ki, sanki Ermənistan konstitusiya məhkəməsinin həmin tarixdə çıxardığı qərar əsas qanunun işğalçılıq ritorikalı anlamını heçə endirib. Əlbəttə, belə yanaşma manipulyativdir və bu kimi məqamlara görə dövlətimizin erməni iqtidarına inamı və etibarı yoxdur.
Onu da yada salaq ki, Ermənistan konstitusiyasında 1990-cı ilin avqustunda qəbul edilmiş İstiqlaliyyət bəyannaməsinə birbaşa istinad var. Yəni bir məhkəmə qərarı bu istinadı aradan qaldıra bilməz. Bəyannamədə açıq şəkildə bildirilir ki, erməni xalqı burada əksini tapmış prinsipləri rəhbər tutur. O zaman diqqət yetirək, görək həmin prinsiplərdə ölkəmizi razı salmayan məqam nədir? Nəzərə alaq ki, erməni cəmiyyəti proqmatik düşünsə, bəyannamənin ziyanının nədən ibarət olduğu qənaətinə gələr. Yəni Nikolun “bu bəyannamənin mahiyyəti ilə Ermənistan Respublikası mövcud ola bilməz” fikrinin nə məna daşıdığını anlayar.
Baxın, Ermənistanın İstiqlaliyyət bəyannaməsinin preambulasında bildirilir ki, sənəd həm də Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il dekabrın 1-də çıxardığı Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarına söykənir və 1918-ci il mayın 28-də yaradılmış müstəqil Ermənistan Respublikasının demokratik ənənələrini inkişaf etdirmək, demokratik, hüquqi cəmiyyət yaratmaq əzminin ifadəsidir. Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasının olduğundan dəm vuran Paşinyan isə Əsas qanunumuzun istinad nöqtəsi olan “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının ikinci maddəsindəki “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” fikrini ərazi iddiası kimi qiymətləndirir.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində yer alıb. Necə ola bilər ki, Azərbaycan ərazisindəki bir ərazi vahidinin qərarı Ermənistanın müstəqilliyinin əldə olunması üçün əsas sayılsın? Əgər belədirsə, o zaman ortaya başqa məsələ çıxır. Azərbaycan dövləti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib. Bununla əlaqədar qərar veriləndə dünya ölkəmizin müstəqilliyini tanımışdı. Başqa sözlə desək, beynəlxalq legitimliyimiz var idi və hüquqi baxımdan legitim qərarla DQMV inzibati ərazi vahidi qismində tarixin arxivinə göndərilirsə, deməli, Ermənistan dövlətinin yaradılışının hüquqi bazası da sarsılır.
***
Daha bir vacib məqama keçid alaq. Bəli, Azərbaycan dövləti özünü 1918 – 1920-ci illərdə mövcud olmuş AXC-nin varisi saya bilər. Ermənistanın İstiqlaliyyət bəyannaməsi də həmin illərdə mövcud olmuş respublikanın ənənələrinə istinad məntiqini qoruyur. Elə isə sual olunur: 1918-1920-ci illərdə mövcud olmuş Ermənistanın ərazisi indiki qədər idimi? Xeyr, az idi. O illərdəki Azərbaycanın da ərazisi indikindən xeyli böyük olmuşdu. O zaman bir nəticəyə də gələk ki, Ermənistanın İstiqlaliyyət bəyannaməsi 1918 – 1920-ci illərdəki erməni dövləti ilə kifayətlənməni təlqin edir. Daha doğrusu, bu tezis qanunidir. Nə gözəl?
Deməli, erməni varlığı əvvəl Sovet Rusiyası, sonra SSRİ tərəfindən ona verilmiş Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Üstəlik, həm bu, həm də erməni İstiqalaliyyət bəyannaməsinin Qarabağ məntiqinin əndrəbadiliyindən doğan ümumi nəticə odur ki, hazırkı Ermənistan dövlətinin hüquqi əsası yoxdur. Başqa sözlə desək, Paşinyanın “Real Ermənistan” dediyi nağıldır.
Sonda bütün bunları nəzərə alaraq bildirək ki, əslində, Azərbaycanın Ermənistanla sülh üçün irəli sürdüyü iki şərtin yerinə yetirilməsi ikincinin məhz özü üçün son dərəcə vacibdir. Bu, həm də Nikolun nağılının gerçəkliyə çevrilməsi üçün real şansdır. Qalır rəsmi İrəvanın konstruktiv mövqe tutmağı, səmimiyyət nümayiş etdirib şansdan istifadə etməyi. Hazırda bunun üçün münbit şərait var. Elə bir şərait ki, bir daha yetişməyə bilər.
Əvəz CAHANGİROĞLU
XQ