Geosiyasi maraqlar və tərəfkeşlik amili

post-img

Avropa İttifaqı (Aİ) rəsmi sənədlərində və beynəlxalq ritorikasında insan hüquqları, demokratiya, qanunun aliliyi və azadlıq kimi fundamental dəyərləri əsas prinsiplər kimi qəbul edir. Aİnin əsas sənədlərindən biri olan Lissabon müqaviləsinin 2-ci maddəsində açıq şəkildə vurğulanır ki, İttifaq “insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi” prinsipləri üzərində qurulub. Bu dəyərlər normativ yanaşmaya görə Aİ-nin daxili və xarici siyasətinin təməlini təşkil edir.

Lakin Aİ-nin praktik siyasətini təhlil etdikdə, bu prinsiplərin bəzən selektiv şəkildə tətbiq edildiyi açıq görünür. Bir tərəfdən, Avropa İttifaqı üçüncü ölkələrlə münasibətlərində demokratik idarəçiliyi, söz azadlığını və hüquq sisteminin müstəqilliyini əsas şərt kimi irəli sürür. Aİ-nin qonşuluq siyasətində və üzvlük perspektivi verdiyi dövlətlərə qarşı tətbiq etdiyi Kopenhagen meyarları da məhz bu dəyərlərə söykənir. Digər tərəfdən, Aİ öz üzvləri arasında bu prinsiplərə münasibətdə ikili standartlara yol verir və geosiyasi maraqlarını üstün tutur.

Bu yanaşma Aİ-nin xarici siyasətində də özünü göstərir. Xüsusilə, Cənubi Qafqazda Aİ-nin Ermənistan və Azərbaycan arasındakı münasibətlərə dair apardığı siyasət rəsmi dəyərlərlə real maraqlar arasındakı ziddiyyətləri üzə çıxarır. Azərbaycan enerji baxımından Aİ üçün strateji tərəfdaş olsa da, İttifaqın Ermənistana siyasi və diplomatik dəstək verməsi daha qabarıq şəkildə müşahidə olunur. Bu yanaşma Aİ-nin dəyərlər üzərində deyil, maraqlar əsasında qərarlar verdiyini təsdiqləyir.

Məsələnin ən diqqətçəkən aspektlərindən biri Fransanın bu prosesdə oynadığı roldur. Paris uzun müddətdir ki, Ermənistanın əsas siyasi müttəfiqlərindən biri kimi çıxış edir və bu mövqeyini Aİ-nin ümumi strategiyasına da “yoluxdurur”. Fransanın Ermənistana hərbi, diplomatik və siyasi dəstəyi təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır, eyni zamanda, Aİ səviyyəsində də öz əksini tapır. Bunun bariz nümunəsi 2025-ci il martın 13-də Avropa Parlamentinin “erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri adlı” əsassız, qeyri-obyektiv və qərəzli qətnamədir. Həmin qətnamənin lehinə təşviqatın əsas təşkilatçılarından biri məhz Fransa olmuşdur. Bu fakt Aİ-nin Cənubi Qafqaz siyasətinin obyektivliyinə ciddi kölgə salır.

Fransada erməni xristianlarının siyasi və ictimai həyatda oynadıqları rol da nəzərəçarpacaq dərəcədə böyükdür. Fransada təxminən yarım milyon erməni yaşayır və onların güclü diasporu ölkənin siyasi mühitində təsirli mövqeyə malikdir. Xüsusilə, erməni lobbisi Fransanın sağçı katolik hərəkatları ilə sıx əlaqələr quraraq öz təsir dairəsini genişləndirməkdədir. Bu əlaqələr nəticəsində erməni xristianları Fransada yalnız bir etnik və dini qrup olmaqdan çıxaraq, eyni zamanda, siyasi qüvvəyə çevrilmişlər.

Bu tendensiya xüsusilə son 30 ildə Fransanın ATƏT-in Minsk qrupundakı roluna da təsir etmişdir. Minsk qrupunun həmsədri olan Fransa Ermənistanın maraqlarını müdafiə edən mövqe sərgiləyərək, münaqişənin obyektiv həllinə töhfə vermək əvəzinə, birtərəfli siyasət yürütmüşdür. Bu isə nəticə etibarilə beynəlxalq hüququn və Cenevrə konvensiyalarının pozulmasına şərait yaratmışdır. Avropa Parlamentində Azərbaycana qarşı edilən tənqidi çağırışlar da bu lobbinin təsirindən qaynaqlanır.

Paris son 30 il ərzində Ermənistan – Azərbaycan münaqişəsinin həlli prosesində qeyri-obyektiv yanaşma sərgilədi. Fransa ABŞ və Çindən sonra ən böyük üçüncü diplomatik şəbəkəyə malikdir. Aİ daxilində yeganə nüvə silahına sahib dövlətdir və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Lakin belə bir qlobal gücün erməni lobbisinin təsiri altında qalması və Cənubi Qafqazda neytral vasitəçi kimi çıxış edə bilməməsi onun diplomatik etibarlılığına ciddi zərbə vurur. Fransanın sağçı “Les Républicains” partiyası və digər siyasi qüvvələr Ermənistanı dəstəkləyən mövqelər sərgiləyir, bu isə regional sabitliyə və beynəlxalq hüquqa uyğun deyil.

Sənəddə Azərbaycanın regionda enerji təhlükəsizliyindəki rolu, Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfə və Bakı – Brüssel münasibətlərinin strateji əhəmiyyəti haqqında heç bir real dəyərləndirmə yer almır. Halbuki, Aİ-nin enerji təhlükəsizliyi strategiyası çərçivəsində Azərbaycan mühüm tərəfdaş kimi çıxış edir. 2022-ci ildə imzalanmış Aİ – Azərbaycan enerji memorandumuna əsasən, Azərbaycan Avropaya qaz tədarükünü artırmağı öhdəsinə götürüb. Bu kontekstdə Azərbaycanın maraqlarını gözardı edən bu qətnamənin qəbulu Aİ-nin real geosiyasi şərtlərdən nə qədər uzaqlaşdığını və prinsipləri sadəcə diplomatik ritorikada saxladığını göstərir.

Yekun olaraq qeyd etmək istərdik ki, Aİ-nin selektiv yanaşması, Cənubi Qafqazdakı siyasətində tutduğu mövqe və Fransanın bu kontekstdəki rolu təşkilatın iddia etdiyi fundamental dəyərlərlə ziddiyyət təşkil edir. Bu isə Aİ-nin tərəfsiz və ədalətli bir beynəlxalq aktor kimi çıxış etməsi perspektivini ciddi şəkildə zəiflədir.

Şəbnəm ZEYNALOVA,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Siyasət