Güləş millimiz Avropa qalibi oldu

post-img

Gənc pəhləvanlarımız bu uğuru 4-cü dəfə təzələdilər

Albaniyada 23 yaşadək güləşçilərin Avropa çempionatını Azərbaycan böyük uğurla başa vurdu. Yığmamızın ümumi komanda hesabında birinci yeri tutması qürurverici nəticədir.

İlk dəfə 2022-ci ildə U23 Avropa çempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4 ildir ki, baş mükafatı özündə saxlayır. Rekord göstəricilərlə əlamətdar olan budəfəki yarışda millimiz həm topladığı xala, həm medalların, həm də finalların sayına görə öz rekordunu yeniləyib. Ötən saylarımızda sərbəst və qadın güləşçilərin qitə çempionatında qazandıqları uğurlardan yazmışdıq.

Avropa çempionatları tarixində ilk dəfə qadın güləşi üzrə 2 dəfə çempionluq sevinci yaşadıq. Əsas hədəf bu qızların Olimpiya Oyunlarında ölkəmizi yüksək səviyyədə təmsil etmələridir. Məşqçi və mütəxəssislər də komandamızın gələcəyinin çox parlaq olduğunu bildirirlər.

Məsələn, qızıl medal qazanan qızlardan biri – Günay Qurbanovanın cəmi 17 yaşı var. Hələ 20 yaşadək güləşçilər arasında Avropa və dünya çempionatlarında iştirak etməyib. 3 il bu yaş qrupunda, 6 il isə 23 yaşadək güləşçilərin yarışında iştirak etmək şansı var.

Daha bir qızıl medalçımız Elnurə Məmmədova da gəncdir. Buna qədər 2 dəfə U23 Avropa çempionatında finalına yüksəlsə də, qızıl medal qazana bilməmişdi. İnanırıq ki, növbəti Olimpiya Oyunlarında azərbaycanlı qızlarımızı da fəxri kürsüdə görə biləcəyik.

Qitə çempionatının son günlərində yunan-Roma güləşçilərimiz mübarizə aparıblar. Komandamızın üzvlərindən ən yüksək nəticəni Ruslan Nurullayev (72 kq) qazanıb. Finalda rusiyalı Danil Qriqoryevi məğlub edən idmançımız 4-cü qızıl medalı komandamızın aktivinə yazdırıb. Komandamızın digər üzvləri Ziya Babaşov (63 kq) gümüş, Xasay Həsənli (77 kq), Elmir Əliyev (55 kq) bürünc medal qazanıblar.

Qəzetimizə açıqlama verən Azərbaycan pəhləvanı Ruslan Nurullayev Tiranaya qızıl medal üçün yollandığını dedi:

– Əslində, hamımız Avropa çempionatına yüksək nəticə üçün getmişdik. Budəfəki qitə çempionatında qızıl medalı hədəfləmişdim. Finalda rusiyalı idmançı ilə qarşılaşmam prinsipial xarakter daşıyırdı. Rəqibim özü də mənə ötən il analoji yarışda 2-ci görüşdə məğlub etdiyim dostunun, son dünya çempionu olan rusiyalı güləşçinin qisasını alacağını demişdi. Görüş çətin keçsə də, sonda qələbə qazandım. Qalib olmaq hissini sözlə ifadə etmək çətindir. Amma arxayınlaşmaq da olmaz. Daha yüksək nəticələr üçün mübarizə aparmalıyıq.

Ruslanın ən böyük arzusu Olimpiya çempionu olmaqdır:

– Hər bir güləşçi kimi mənim də arzum idmanın yüksək zirvəsini fəth etmək, Olimpiya çempionu olmaqdır. Gələcəkdə Olimpiya çəkisində çıxış etmək və qələbənin davamını gətirmək istəyirəm.

Məşqçi Elvin Mürsəliyev “Xalq qəzeti”nə açıqlamasında millinin Tiranaya favorit kimi yollandığını dedi:

– Qitə çempionatında çox güclü, həm də favorit komanda ilə çıxış edirdik. Heyətdə də böyük potensiala malik pəhləvanlar yer almışdılar. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bəzi güləşçilərimiz bacarıqlarından maksimum istifadə edə bilmədilər. Elmir Əliyevdən qızıl medal gözləyirdik. O, 3-cü yeri tutdu. Son Avropa çempionatının qalibi Ziya Babaşovun finalda arxayınçılığı, rəqibi düzgün qiymətləndirməməsi, qarşılaşmaya qeyri-ciddi yanaşması onu qızıl medaldan məhrum etdi. Qızıl medal sahibi Ruslanın rəqibi finalda rusiyalı idmançı idi.

Son illər müəyyən siyasi məsələlərə görə, rusiyalı güləşçilər mütəmadi olaraq, yarışlara qatıla bilmirlər. İştirak etdikləri turnirlərin hər birini özləri üçün qiymətli şans hesab edir və mükafatı əldən buraxmamaq üçün bütün güclərini ortaya qoyurlar.

Ruslan özü də finalın çətin olacağını bilirdi. Çox sağ olsun, məşqçilərini eşitdi, tapşırıqları dəqiqliklə yerinə yetirdi. Gücündən maksimum istifadə edərək qalib adını qazandı. Gələcək üçün perspektivlər böyükdür. Hazırkı komandamız güclüdür. Güləşçilərimizin daha yüksək nəticələr əldə etmələri üçün səylərimizi artıracağıq.

Qeyd edək ki, Azərbaycan 4 qızıl, 5 gümüş, 7 bürünc medalla ümumi komanda hesabında bütün ölkələri qabaqlayaraq 169 xalla 1-ci yeri tutub. Gənc pəhləvanlarımız bu uğuru 4-cü dəfə təzələdilər. Millimiz 2022-ci ildən başlayaraq, 4-cü dəfə qitə çempionluğunu bayram etdilər. Şübhə etmirik ki, güləş millimiz növbəti yarışlarda da böyük nailiyyətlər əldə edəcək. Bunun üçün yüksək potensial və bacarıqlarla yanaşı, güclü istək də var. Əminik ki, Azərbaycan pəhləvanlarının sorağı daha uca zirvələrdən gələcək.

Leyla QURBANOVA
XQ





İdman