Müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən çoxşaxəli şirkətlər qrupu olan NEQSOL Holding “Rəqəmsal İpək yolu” layihəsinin mühüm hissəsinin – Transxəzər fiber-optik kabel xəttinin inşası üzrə tender proseslərinin uğurla başa çatdığını və tikintinin birinci mərhələsinin başlandığını elan edib. Şirkətin baş direktoru Yusif Cabbarov mediaya məlumatında sözügedən layihənin Azərbaycanın magistral internet provayderi “AzerTelecom” şirkəti ilə Qazaxıstanın milli telekommunikasiya operatoru “Kazakhtelecom”un tərəfdaşlığı çərçivəsində həyata keçirildiyini bildirib.
Y. Cabbarovun sözlərinə görə, bu strateji layihə əsasında Xəzər dənizinin dibi ilə 380 kilometr uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu xətt Azərbaycanın Sumqayıt və Qazaxıstanın Aktau şəhərlərini birləşdirəcək, eyni zamanda, yüksəkhəcmli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısını təmin edəcək. Nəticədə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan daxil olmaqla bir sıra ölkələrdən keçən rəqəmsal telekommunikasiya dəhlizi yaradılacaq.
“Rəqəmsal İpək yolu”nun infrastrukturu yüksəksürətli məlumat ötürmə imkanı sayəsində Avropa və Asiya arasında ən optimal və qısa marşrutun yaradılmasını təmin edəcək. Bu, regional əməkdaşlığın güclənməsinə və region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək. Transxəzər kabel xəttinin tikintisi bir neçə mərhələdə həyata keçiriləcək. Bu mərhələlərə sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksək keyfiyyətli və davamlı kabellərin layihələndirilməsi və istehsalı, onların daşınması və quraşdırılması daxil olacaq. İmzalanan öhdəliyə əsasən, tikinti işlərini 2026-cı ilin sonuna qədər “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən yekunlaşdırılacaq.