Ötən il ÜDM 4,1 faiz artaraq 126,3 milyard manata yüksəlib
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilir ki, respublikamız dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib.
Azərbaycan ötən illər ərzində beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verib, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu gerçəkləşdirib.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli inteqrasiyası, dövlət investisiyalarının ölkənin suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsinə, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsinə yönəldilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunların məntiqi nəticəsi haqqında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında ətraflı bəhs edilib.
Nitqində 2024-cü ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu vurğulayan Baş nazir hesabat ilində ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunduğunu bildirib. Natiq, eyni zamanda, ÜDM istehsalının neft-qaz sektorunda 0,3 faiz, qeyri-neft-qaz sektorunda 6,2 faiz, qeyrineft-qaz sənayesində isə 7,3 faiz artdığını, əhalinin hər nəfərinə düşən ÜDM-in 3,6 faiz çoxalaraq 12,4 min manat təşkil etdiyini diqqətə çatdırıb.
Hesabatda xatırladılan yuxarıdakı göstəricilərlə bərabər, 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsinin 47,4 milyard ABŞ dollarına çatdığı, müsbət ticarət saldosunun 5,3 milyard dollar olduğu, qeyri-neft ixracının 3,3 milyard dolları üstələdiyi, strateji valyuta ehtiyatlarının 2,5 milyard dollar artaraq 71 milyard dollar təşkil etdiyi vurğulanıb. Eyni zamanda, keçən ilin sonuna xarici dövlət borcu məbləğinin 20,6 faiz azalaraq 5,1 milyard dollar olduğu, illik inflyasiyanın hədəf diapazonu daxilində qərarlaşdığı – 12 aylıq inflyasiyanın 4,9 faiz, orta illik inflyasiyanın isə 2,2 faiz həddində qərarlaşdığı diqqətə çatdırılıb.
Yeri gəlmişkən, bu məqamda Azərbaycanın xarici dövlət borcu məbləğınin azalması ilə bağlı məsələyə nəzər salmaq istərdik. Belə ki, son illərdə ölkədə istər daxili, istərsə də xarici borcun qarşılanması üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit olması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Bu sahədə idarəetmənin institusional çərçivəsi təkmilləşdirilib və maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib. Belə bir şəraitdə isə iqtisadi proqnozlar özünü doğruldub, ən başlıcası isə əhalinin yığımları dəyərsizləşmədən xilas olunub və investisiya arımı reallaşıb.
Ölkədə daxili və xarici borcların qarşılanmasından bəhs edərkən, bir məsələni də xatırladaraq bildirək ki, respublikamızın daxili və xarici dövlət borcunun idarə edilməsi istiqamətində ölkə başçısının rəhbərliyi ilə davamlı tədbirlər həyata keçirilib. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb.
Bu sənədlərdə dövlət borcalmaları üzrə müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün bir sıra prioritet layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin 4 avqust 2023-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bir sıra dəyişikliklər edilməsi də məhz bu məqsəddən irəli gəlib. Həmin strategiyanın “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat üzrə strateji çərçivə” bəndi üzrə 2026-cı ilin sonuna ümumi dövlət borcunun ÜDM-də payının 30 faiz, o cümlədən xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi qərara alınıb.
Yeni dəyişikliyə əsasən, bu ilin sonuna xarici dövlət borcunun 7,1 milyard ABŞ dolları məbləğində, yəni ÜDM-in 10,7 faizi həcmində olması gözlənir. Bununla belə, mövcud xarici dövlət borcunun qaytarılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf templərinə əlavə təkan verilməsi məqsədilə prioritet sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsi səbəbindən bu göstəricilərin dəyişəcəyi də istisna edilmir.
Azərbaycanın xarici dövlət borcunun azalması bir sıra amillərlə bağlıdır. Bu, ilk növbədə, düşünülmüş uzunmüddətli strategiyanın uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam – “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” da bunun bariz ifadəsidir.
Sonda qeyd edək ki, yenilənən strategiya çərçivəsində xarici dövlət borcunun ÜDM-də payının 2025-ci ilin sonuna 15 faizdən aşağı səviyyədə saxlanılması, növbəti dövrdə (2025–2030) isə 10 faizə çatdırılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda dövlət büdcəsi gəlirlərinin, təxminən, 37,2 milyard manat, xərclərinin isə 37,7 milyard manat təşkil etdiyi, bu dövrdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 faizinin və ya 14,6 milyard manatının sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istiqamətləndirildiyi qeyd edilib. Ölkədə ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və qiymətlərin sabit saxlanılması məqsədilə müvafiq dəstək tədbirlərinin həyata keçirildiyi vurğulanan hesabatda ərzaq təhlükəsizliyinin reallaşdırılması ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrıldığı bildirilib.
Hesabat dövründə ərzaq təhlükəsizliyinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchiz olunması, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə layihələrinin maliyyə təminatına 540 milyon manat vəsait yönəldildiyi də xatırladılıb.
İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin hazırda uğurla davam etdirildiyi vurğulanan hesabatda 2024-cü ilin sonunadək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10,2 mindən çox keçmiş məcburi köçkünün evlərlə təmin olunduğu, bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin reallaşdırılması məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat yönəldildiyi diqqətə çatdırılıb. Ümumilikdə isə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat vəsait ayrılıb.
Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda, həmçinin qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” nın icrası çərçivəsində bu qədim diyarımızda kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib. Bundan başqa, dövlətimizin başçısının həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib. Belə ki, təkcə 2024-cü ildə enerji istehsalı 28,4 milyard kVts olub, istehlak həcmi isə 24,2 milyard kVts-a yüksəlib.
Bütün bu yuxarıda sadalanan iqtisadi uğurlar qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədərki mərhələdə ölkəmizin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir.