Əbülfəz Quliyev – 75
Ölkənin elmi-mədəni ictimiyyəti tanınmış türkoloq, Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Əbülfəz Aman oğlu Quliyevin anadan olmasının 75 illiyini sayğı və qədirbilənliklə qeyd edir.
Əbülfəz Quliyev həm ölkəmizdə, həm də türk dünyasında görkəmli dilçi-türkoloq alim kimi tanınır, onun tədqiqatlarının ciddiliyi və mötəbərliyi qəbul edilir. O, tədqiqatları ilə türkologiyanı zənginləşdirən, bu sahədə öz sözü, öz fikri olan türkoloq-alimlərdəndir. Təsadüfi deyildir ki, türkologiya ilə bağlı keçirilən tədbirlərdə alimin yeri və fəaliyyəti həmişə hiss olunur, o, apardığı tədqiqatlarla həmin tədbirləri yeni fikirləri ilə zənginləşdirir.
Türkoloqlar professor Əbülfəz Quliyevə ciddi və məhsuldar bir alim kimi yanaşır və hörmət göstərirlər. Təkcə belə bir faktı qeyd etməliyik ki, alimin qədim türk onomastikasının leksik-semantik sisteminə aid tədqiqatı türkologiyada ilk dəfə olaraq qədim türk yazılı abidələrinin onomastikası tam şəkildə elmi ictimaiyyətə təqdim edilmişdir.
Əbülfəz Quliyev 1950-ci il martın 27-də Naxçıvan şəhərində dünyaya göz açmışdır. O, 1966-cı ildə orta məktəbi, 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Naxçıvan şəhərindəki 1 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi işlədikdən sonra Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim kimi fəaliyyətini davam etdirmişdir.
Əbülfəz müəllim ömrünün 50 ildən artıq bir dövrünü bu ali təhsil ocağında dilçiliyin müxtəlif sahələrindən mühazirələr oxunmasına, ixtisaslı kadrlar hazırlanmasına həsr etmişdir. O, burada baş müəllim, dosent və professor kimi fəaliyyətini davam etdirmiş, 1993–2003-cü illərdə “Azərbaycan dilçiliyi” kafedrasının müdiri vəzifəsində işləmişdir. Bu gün də Naxçıvan Dövlət Universitetində professor kimi pedaqoji fəaliyyət göstərir.
Türkoloq alim 1979-cu ildə “Orxon-Yenisey abidələrində felin təsriflənməyən formaları (Azərbaycan dili ilə müqayisədə)” mövzusunda namizədlik, 2003-cü ildə “Qədim türk onomastikasının leksik-semantik sistemi” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1989-cu ildə dosent, 2006-cı ildə isə professor elmi adını almışdır. Alim 2003-cü ildə Azərbaycan MEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna direktor, 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.
Görkəmli türkoloq alimin tədqiqatlarında qədim türk abidələrinin dilindən geniş bəhs etmiş, bununla bağlı bir sıra əsərlər nəşr etdirmişdir: “Qədim türk yazılı abidələri dilinin sintaksisi” (1990), “Qədim türk yazılı abidələri dilinin sözlüyü” (1992), “Qədim türk onomastik sözlüyü” (1999), “Qədim trük onomastikasının semantik sistemi” (I, II hissə, 2002) və b.
Professor Əbülfəz Quliyev əski türk yazılı abidələrinə, xüsusilə, Orxon-Yenisey abidələrinə, qədim türk onomastikası və folkloruna həsr olunmuş tədqiqatları ilə Azərbaycan dilçiliyində, bütövlükdə, türkologiya sahəsində öz sözünü deməyi bacarmış, yeri və mövqeyini müəyyənləşdirmişdir. “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları” (1997), “Orxon-Yenisey abidələrində toponim və etnonimlər” (2004), “Qədim türk onomastikası” (2007, “Qədim uyğur türklərinin onomastikası” kimi kitab və monoqrafiyaları onun türkologiya sahəsində ciddi bir tədqiqatçı olduğunu göstərmişdir.
Alimin yaradıcılığında Naxçıvanın dialekt və şivələri, onun sözlüyü, xarakterik cəhətlərinin təhlili mühüm yer tutur. Onun bu istiqamətdə apardığı tədqiqatların nəticəsi kimi hazırladığı kitablar həm ölkəmizdə, həm də Türkiyə Cümhuriyyətində nəşr olunmuşdur. “Nahçıvan ağızı” (Ankara, 2009), “Nahçıvan ağızlarının söz varlığı” (Ankara, 2011), “Azərbaycan dilinin Naxçıvan və şivələrinin lüğəti” (həmmüəllif, Naxçıvan, 2017) və başqa əsərləri bu qəbildəndir.
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi yaradıcılığı olduqca geniş və çoxşaxəlidir. O, Azərbaycanda dilçilik elminin inkişafında xidmət göstərdiyi kimi, türk abidələrinin, yazılarının öyrənilməsinə, Naxçıvan dialekt və şivələrinin tədqiqinə, XIX və XX əsrin əvvəllərində yaşayıb fəaliyyət göstərmiş maarifçi ziyalıların, tarixi şəxsiyyətlərin, diplomatların xalqımıza tanıdılmasında da böyük xidmətlər göstərmişdir. Böyük mütəfəkkir və görkəmli ictimai xadim Məhəmmədağa Şahtaxtlını dilçi, naşir kimi tədqiq edən alim, onun publisistikasından da bəhs etmiş və bunlarla əlaqədar 2 kitab nəşr etdirmişdir.
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinə akademik İsa Həbibbəylinin rəhbərliyi dövründən nəşrə başlayan görkəmli alim, naşir və mütəfəkkirlərin “Taleyi və sənəti” seriyanı Əbülfəz Quliyev davam etdirmişdir. Onun rəhbərliyi və iştirakı ilə Məhəmmədhüseyn Təhmasib, Məmməd Araz, Nemətullah Naxçıvani, Ərtoğrol Cavid, Kəmalə, Nağı Nağıyev, Müzəffər Nəsirli, Hüseyn Razinin taleyi və sənətindən bəhs edən əsərlər nəşr edilmişdir. Əbülfəz Quliyev elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla, tərcümə sənəti ilə də məşğul olmuş, Naxçıvanın tarixi, tarixi coğrafiyası, toponimikası ilə də bağlı tərcümələr etmiş, əsərlər nəşr etdirmişdir.
Alim bir müddət Türkiyə tərəfinin xahişi ilə Qars Qafqaz Universitetində müəllim işləmiş, türkologiyanın bir sıra sahələrindən mühazirələr aparmış, türk tələbələrinin yüksək ixtisaslı kadrlar kimi formalaşmasına xidmətlər etmişdir. O, həm də Azərbaycan xalq ədəbiyyatında Naxçıvan nəğmələri və Azərbaycan mərasim nəğmələrindən bəhs edən kitabları orada türk dilində nəşr etdirmişdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün azərbaycanlı dostu, Azərbaycanın Türkiyədəki ilk səfiri İbrahim Əbilovla birgə əməkdaşlığından bəhs edən “Qazi Mustafa Kamalın dostu” povesti Azərbaycan–Türkiyə dostluğuna həsr edilmişdir.
Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsində bir sıra ümumiləşdirici əsərlərin hazırlanmasında yaxından iştirak etmişdir. İkicildlik “Naxçıvan ensiklopediyası”, üçcildlik “Folklor antologiyası”, “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlasın və başqa əsərlərin hazırlanmasında ağıllı məsləhətləri, tövsiyələri və əməli fəaliyyəti ilə kömək göstərmişdir.
Əbülfəz Quliyev yarım əsrdən artıqdır ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Onun qələmindən 45-ə qədər kitab, monoqrafiya, dərs və tədris vəsaitləri, 350-dən çox elmi məqalə, 300-ə qədər də elmi-kütləvi məqalələr çıxmışdır. Onun kadr hazırlığında da xüsusi xidmətləri olmuşdur. Alimin rəhbərliyi ilə 16 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edərək elmi dərəcə almışdır. O, Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının sədri kimi geniş elmi-təşkilati iş aparır.
Professor Ə.Quliyev 20 ildən artıqdır ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutuna rəhbərlik edir. Bu illərdə institutun kadr potensialı artırılmış, hazırlanmış kitab və monoqrafiyalar, elmi məqalələr respublikada və xarici ölkələrdə nəşr edilir.
Alim dünyanın onlarca ölkəsində – Rusiya, Türkiyə, Macarıstan, Polşa, İran, Bolqarıstan, Xorvatiya, Qazaxıstan, Türkmənistan, Qırğızıstanda keçirilmiş beynəlxalq tədbirlərdə Azərbaycan elmini layiqincə təmsil etmiş, maraqlı və əhəmiyyətli elmi məruzələr etmişdir.
Əbülfəz Quliyevin elmi-pedaqoji xidmətləri və ictimai fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 2009-cu ildə tanınmış ziyalıya “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilmişdir. Alim 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” xatirə medalı ilə təltif edilmişdir. O, İran İslam Respublikasının Şəhriyar beynəlxalq mükafatını, AMEA Rəyasət Heyətinin Fəxri fərmanlarını və digər mükafatlara da layiq görülmüşdür. Soydaşımız Türk Dünyası Elm və Sənət Adamları Birliyinin, Beynəlxalq Türk Akademiyasının, Avrasiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvüdür.
75 illik ömrünün 50 ilini elm və təhsilin inkişafına, çiçəklənməsinə həsr etmiş Əbülfəz Quliyev bu gün də zəkası və Vətən sevgisi ilə xalqımıza xidmətini uğurla davam etdirir. Türkoloq alimimizi ömrünün müdriklik çağının zirvəsində səmimi təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.
İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik