Fəlsəfi-sinergetik təhlil
IX məqalə
Demokratiya nədir? Bəlkə, bu, insanın dövlətlə dialoqudur?
Sergey Dovlatov
Siyasi dialoqgerçəklik prizmasında
Siyasi partiyalar arasında dialoq məsələsi postsovet məkanı müstəqil dövlətlər üçün həm taktiki, həm də strateji xarakter almış fəaliyyətdir. Məsələnin anatomiyası tarixi, siyasi və yeni cəmiyyət quruculuğu aspektlərinə malikdir. Bu məqamlar isə kifayət qədər mürəkkəb və xeyli dərəcədə ziddiyyətli faktorlara bağlıdır. Hazırda postsovet məkanı ölkələrində siyasi partiyalar arasında dialoq üzrə müşahidə edilən proseslərin ümumi dinamikası təsdiq edir ki, burada aydın mənzərə mövcud deyildir. Ümumiyyətlə, həmin ölkələrin hansında dialoqun olduğu, hansında olmadığı, bütövlükdə, məlum deyil. Lakin istisna vardır. İstisna Azərbaycandır. Tezisimizin fəlsəfi-sinergetik izahını verməyə çalışaq.
Keçən əsrin 90-cı illərində aydın oldu ki, sosialist düşərgəsinin dağılması nəticəsində meydana gələn müstəqil dövlətlərin cəmiyyətlərində çox sayda açıq və ya gizli ziddiyyətlər mövcuddur. Həmin ziddiyyətlər konkret ölkənin keçdiyi tarixi yolun özəlliklərindən qaynaqlanırdı. Xüsusilə, siyasi səhnəyə, demək olar ki, eyni zamanda, fərqli siyasi-ideoloji istiqamətə malik partiyalar atıldı. Hətta, bir sıra partiyalar radikal siyasi görüşlərə malik olmaqla yanaşı, həm də qanunsuz silahlı qruplara malik idilər. Bu vəziyyət siyasi səhnəni təhlükələr, qarışıq davranışlar və bir-biri ilə hüquqdankənar münasibətlər qurmağa təhrik edirdi. Faktiki olaraq Baltikyanı ölkələri çıxmaqla keçmiş SSRİ-nin hər bir respublikasında belə bir vəziyyət yaranmışdı. O proses toplumda siyasi olaraq bir neçə mənfi halı meydana gətirdi.
a) Absenteizm sindromu
Birincisi, siyasi partiyalar təşəbbüsü ələ almaq üçün zor tətbiqi, silah işlətməyi rəqabətin normasına çevirməyə başladılar. Bu hal cəmiyyəti yeni siyasi situasiyadan qorxutdu, ondan kənarda dayanmağa təhrik etdi. Toplumda bunun əlaməti absenteizm (lat. absentis – olmayan) adlanan fenomen idi. Absenteizm insanların ölkədə siyasi proseslərə laqeydliyini, onlarda iştirak etməkdən imtinanı, o cümlədən, seçkilərə laqeyd qalmağı ifadə edir.
İkincisi, absenteizmin tədricən cəmiyyətdə geniş kütləni əhatə edən oturuşmuş psixoloji apatiyaya çevrilməsi baş verməkdə idi. Bu, daha təhlükəli bir tendensiya qismində, bütövlükdə, toplumu siyasi və psixoloji olaraq dövlətə münasibətdə qeyri-müəyyənliyə, ən ifrat halında isə xaotik münasibət göstərməsinə aparıb çıxarırdı.
b) “Antiavanqardizm” əhval-ruhiyyəsi
Üçüncüsü, toplumun dövlətə münasibətdə bu cür böhranlı, adekvat olmayan müstəviyə sürüklənməsi siyasi mühitdə bir bədbinlik yaradırdı. O cümlədən, hətta, siyasilər arasında “antiavanqardizm” əhval-ruhiyyəsini formalaşdırırdı. Avanqard fransızcadan tərcümədə (avant –irəlidə+garde – keşikçi) irəlidə gedən, qoruyan, xilas edən mənalarını verir. Avanqard bu mənada cəmiyyətin aparıcı kəsimidir. Əgər bir toplumda avanqard olmağa cəsarəti çatan kəsim yoxsa, gec və ya tez həmin toplum çökəcək.
c) Siyasi avtarkiya bəlası
Belə bir gedişatın meydana gətirdiyi mənfi siyasi-ideoloji və psixoloji qüsur siyasi avtarkiyanın partiyaların fəliyyətinə getdikcə daha güclü sirayət etməsindən ibarətdir. Siyasi avtarkiya politoloji termin kimi yunancadan tərcümədə “özünütəminetmə” mənasını verir. Yəni dövlət orqanları elə addımlar atırlar ki, siyasi institutlar digər təsisatlardan təcrid olunurlar və qapalı siyasi sistem yaratmağa cəhd edirlər. Ola bilsin ki, burada siyasi sistemin ayrı-ayrı təşkilati strukturları, onların müəyyən növləri özünütəcrid etməyə meyillənsin. Hər bir halda, siyasi avtarkiya ölkə miqyasında siyasi kommunikasiyada ciddi pozuntular, kəsilmələr, anlaşılmazlıqlar və ancaq “özü ilə məşğul olmaq” əlamətlərinin meydana gəlməsinə səbəb olur.
Siyasi partiyalara onun təsiri hər bir partiyanın digərini inkar etməsində, özündən başqasını qəbul etməməkdə və birləşməni “gəl mənim yanımda dur” təkəbbür məntiqi çərçivəsində qavramasında təzahür edir. Bununla bir tərəfdən, siyasi mühit özü qapanır, digər tərəfdən isə, bütövlükdə, cəmiyyətin bütün digər sahələri üçün qapanır.
Bütün bunlar siyasi partiyaların adi dialoqa belə hazır olmadığını göstərir. Üstəlik, onlar arasında hər hansı siyasi kommunikasiya ziddiyyətli və nəticə verməyən proses xarakteri alır. Qarşılıqlı ittihamlar baş alıb gedir. Siyasi partiyaların hər biri lider olmağı düşünür və bunun üçün bütün qanunsuz üsullardan istifadə etməyə hazır olur.
Bunlara müstəqilliyini əldə etmiş dövlətlərin totalitar rejimdə uzun müddət yaşaması ciddi təsir edir. Maraqlı və paradoksaldır ki, bu növ cəmiyyətlərin sadə insanları belə yeniləşmək, dəyişmək, azad siyasi fəaliyyət göstərmək istəmirlər. Onlar kənar əmrlərə açıq qalırlar. Siyasi partiya səviyyəsində, bu, kənar qüvvələrin maliyyə və maddi-texniki yardımı ilə bir qrup insanın partiya yaratmaq istəyində ifadə olunur. Nəticədə, ölkədə cəmiyyətin daxili tələbinə uyğun olmayan və faktiki olaraq, ölkənin çökməsinə xidmət edən partiyalar da meydana gəlir. Ancaq onların adları millilik baxımından çəkici olur.
d) Anarxizm varlığı və “ictimai veto” yoxluğu
Yekun olaraq bu proseslər cəmiyyətdə “anarxiya” adlanan halın yaranması və toplumun “veto” qoymaq qabiliyyətini, hissiyyatını, davranışını itirməsi ilə nəticələnir. “Anarxizm” elə siyasi cərəyandır ki, dövlətin məhv olmasını başlıca məqsəd sayır və onu məcbur-edici istənilən hakimliklə əvəz etməyə hazır olur. Bunun siyasi anlamı dərindir və zahirən adi görünür. Anarxizm sistemli hal aldıqda ondan yaxa qurtarmaq çox çətin olur. Fərdlər xəyali olaraq özlərini azad könüllü davrananlar kimi hiss edirlər və bu, onlarda yalançı təsəvvürlər formalaşdırır. Ona görə də anarxizmin siyasi təhlükəsi böyükdür.
Anarxizm xüsusilə bizim “ictimai veto” (lat. veto – qadağan edirəm) adlandırdığımız hal olmayanda və ya o, iflasa uğrayanda cəmiyyəti fəlakət həddinə çatdırır. Çünki “ictimai veto” toplumun öz-özünə qadağa qoya bilməsidir və bu mənada cəmiyyətin “siyasi immunitet sisteminə” daxildir. Əgər cəmiyyət özünə dağılmamaq qadağası qoya bilmirsə, deməli müqavimət gücünü itirmişdir. O halda siyasi partiyalar da avtomatik olaraq “Don Kixot rolu”nu oynamağa başlayırlar. Bu da öz növbəsində hakim elitanın səmərəsizliyinə yol açır. Eyni zamanda, hakimiyyətin iflası əlamətləri özünü göstərir. Və volyuntarist (lat. voluntas – iradə) can-atmalar artır. Bu, özünü fərdlərin öz subyektiv arzularından çıxış etmələri fonunda toplum maraqlarını inkar etməsində göstərir. Ən yüksək siyasi səviyyədə bu proses hakimiyyətə olan “etibar krediti”nin tükənməsinə və onun “etibarsızlıq votumu”na çevrilməsinə aparır (lat. votum – istək, iradə).
Böhranlar içində siyasi dialoq
Vurğuladığımız siyasi mahiyyətli xarakteristikalar keçən əsrin 90-cı illərinin əvvəllərində, demək olar ki, müstəqilliyini əldə etmiş bütün ölkələrdə bu və ya digər dərəcədə özünü göstərmişdir. Onların hər biri üçün uğurlu dövlət quruculuğu bu kimi mənfi tendensiyaların aradan qaldırılmasına sıx bağlı idi. Bu prosesdə siyasi partiyaların bir-birinə sivil münasibətlər göstərməsi heç də axırıncı yeri tutmurdu.
Ulu öndər Heydər Əliyev bu vəzifənin öhdəsindən böyük məharətlə gəldi. Heydər Əliyev əvvəlcə siyasi mühitdən radikallığı götürdü. Radikal davranışın hər bir forması artıq norma və nümunə kimi deyil, dövlətçiliyə qarşı olan fakt kimi qəbul edildi. Bura həm də millətçiliyin radikal formasını təmsil edən qruplar da daxil oldu. Onlar mümkündür ki, Azərbaycanın xeyrinə fəaliyyət göstərdiklərinə əmin idilər. Lakin realpolitika və ölkədəki real vəziyyət prizmasında zərərli idilər. Bu səbəbdən, bütün siyasi partiyalar ideoloji və feili radikalizmdən uzaq durmalı idilər.
Ulu öndər bununla yanaşı, “Siyasi partiyalar haqqında” Qanun vasitəsilə sivil və demokratik şərtlər daxilində partiyaların müstəqil və azad fəaliyyətini təmin etdi. Burada YAP-ın bir partiya olaraq nümunə göstərməsi çox əhəmiyyətli idi. Bununla Heydər Əliyev göstərirdi ki, bir siyasi partiya qanun çərçivəsində fəaliyyət göstərirsə və milli maraqlara üstünlük verirsə, onun fəaliyyəti üçün heç bir qadağa yoxdur. YAP nümunə olmaqla, Azərbaycanda, ümumiyyətlə, siyasi partiyalar arasında münasibətlərin sivil müstəviyə keçməsinə böyük töhfə vermişdir.
Nəhayət, siyasi partiyalar arasında münasibətlərin yenidən formalaşmasında Ulu öndərin onları dövlətçilik naminə fəaliyyətə istiqamətləndirməsi ciddi rol oynadı. Əvvəlcə, bunu partiyalar özlərinə qarşı qərəz kimi qəbul etdilər. Lakin zaman-zaman əldə olunan uğurlar Heydər Əliyevin tam haqlı olduğunu göstərdi. Bununla siyasi partiyalarda iki tendensiya güclənməyə başladı.
Birincisi, onların sayının sürətlə artması prosesi səngidi. Başqa postsovet ölkələrində, bu, ya donmuş haldadır, ya da bir anarxiya mövcuddur. Azərbaycanda isə konkret hakimiyyət – siyasi partiyalar dialoqu nəticəsində partiyalar siyasi seçim etmişlər.
İkincisi, müxalifət partiyaları YAP-a qarşı düşmən mövqe tutmağın doğru olmadığını anlamağa başladılar. Nəticədə, onların bir qismi hakim partiyaya yaxın olmağa can atdılar. Digər qismi isə daha mötədil mövqe tutdu. Çox az hissə barışmaz mövqedə qaldı.
Bununla bir tərəfdən, Azərbaycan siyasi səhnəsində yeni nizam yarandı, digər tərəfdən isə, köhnə dağınıqlıq, bir-birindən və cəmiyyətdən təcridolunma halları səngidi. Faktiki olaraq, XXI əsrin başlanğıcına Azərbaycan siyasi partiyaları yeni münasibətlər sisteminə qədəm qoymuşdular. Ancaq bu mərhələdən sonra daha çətin və mürəkkəb bir mərhələ gəlirdi.
Yeni siyasi dialoq modeli
Məsələ ondan ibarətdir ki, XXI əsrdə müstəqil dövlətlərin siyasi mühitinə demokratiya, azadlıq və liberalizim adı altında kənardan olan təsirlər daha da güclənməyə başladı. Üstəlik, yeni mərhələdə hər bir partiya özünü “dövlət naminə mübarizə aparan” kimi təqdim edirdi. Hətta korrupsiyaya, milli dəyərlərin qorunmasına, söz azadlığına, demokratik köklü yeniləşməyə çağırışlar fonunda özlərinin əsl simalarını gizlədirdilər. “Ərəb baharı” qlobal miqyasda bu tendensiyanın konkret təzahürü idi. “Rəngli inqilablar” postsovet məkanı üçün siyasi-ideoloji riyakarlıq, geosiyasi pozuculuq, bir qismin hökmranlığını təmin etməyə yönəlmiş davranış modeli idi. Onun ən çox ağrısını Ukrayna, Gürcüstan, Qırğızıstan öz üzərlərində hiss etdilər və indi də Ermənistan çəkir.
Deməli, məsələ XXI əsrin gəlişi ilə daxili sərhədi aşaraq regional və qlobal miqyasda aktuallaşmışdı. Bu isə o deməkdir ki, partiyalar arasında siyasi dialoq artıq ölkədaxili məsələ deyildir, onu qlobal miqyasda gedən proseslər vasitəsilə də idarə etməyə çalışırdılar.
Belə bir mürəkkəb, dolaşıq və çoxaspektləri olan şərtlər daxilində Azərbaycanda siyasi dialoqu təşkil etmək və onu dövlətçilik naminə davamlı hala salmaq böyük liderlik qüdrəti və siyasi-diplomatik məharət tələb edir. Real olaraq isə siyasi dialoqu siyasi sinerjinin atributuna çevirmək demək idi. Prezident İlham Əliyev bunun çox gözəl nümunəsini yaratmışdır.
Hər şeydən öncə, Prezident kimi, dövlətçilik naminə böyük fəaliyyət göstərmişdir. Bu, bir tərəfərdən, cəmiyyətdə absenteizmi, antiavanqardizmi, siyasi avtarkiyanı, anarxizmi tamamilə aradan qaldırmışdır, digər tərəfdən isə, toplumun siyasi müqavimətini, onun “ictimai veto” qoymaq canatmasını dirçəldərək siyasi sinerjinin elementinə çevirmişdir. Cənab İlham Əliyev həyata keçirdiyi proqramlarla siyasi partiyalarda dövlətçiliyə daha böyük maraq yarada bilmişdir. Paralel olaraq, siyasi partiyalarla təşkil edilən dialoqlar və müzakirələr öz bəhrəsini vermişdir. Bunun iki nəticəsini vurğulamaq istərdik.
Birincisi, siyasi partiyaların hakimiyyətə dəstəyi artmışdır. Çünki YAP-ın bir partiya, İlham Əliyevin də Prezident – lider kimi Azərbaycan dövlətçiliyinə daha səmərəli xidmət etdiyinə əminlik yaranmışdır.
İkincisi, siyasi partiyaların sayı azalmışdır. Bunun da səbəbi kimi, dialoqlarda da aydın olmuşdur ki, Azərbaycan iqtidarı dövlət naminə kifayət qədər faydalı iş görür və bu mənada bir sıra partiyanın qarşısına qoyduğu məqsədləri faktiki olaraq yüksək səviyyədə reallaşdırır. Heç bir müxalif partiya həmin siyasi qüdrətə, potensiala və məharətə malik deyildir. Bunun fonunda xeyli sayda partiya sayca çoxalmağı deyil, siyasi-ideoloji konsolidasiyanı daha vacib hesab etməyə başlamışdır.
Bu proses XXI əsrdə Azərbaycanda çox maraqlı siyasi tendensiyadan xəbər verir. Onun fəlsəfi-sinergetik təhlili bir sıra əhəmiyyətli məqamları aydınlaşdırmağa imkan yaradır.
(ardı var)
Füzuli QURBANOV,
“XQ”nin analitiki, fəlsəfə elmləri doktoru


