İrəvan iflas etmiş separatçılığı dirçəltməyə çalışır

post-img

Sergey Kornauxov nələri açıqlayır?

Sən demə, İrəvanda qondarma “Artsax parlamenti”nin iclası keçirilibmiş. Özü də gizli şəkildə. Bu barədə rusiyalı publisist və ictimai xadim Sergey Kornauxov özünün “Telegram” kanalında yazıb. O, sözügedən iclasla bağlı rəsmi məlumatın olmadığını bildirib. Eyni zamanda, vurğulayıb ki, “Artsax parlamenti”nin gizli top­lantısında saxta deputatların hamısı iştirak edib, həmçinin onların sırasına daha ikisi də əlavə olunub. Hələ yenilər təntənəli surətdə and da içiblər. Bir sözlə, S.Kor­nauxov filmlərdəki masson lojalarının toplantısına bənzər hadisədən bəhs edib. O, iclasda işçi qrupunun yaradıldığını diqqətə çatdırıb və əlavə edib ki, həmin qrup beynəlxalq platformalarda “Artsax”dan olan “qaçqınların” öz evlərinə qayıtmaları istiqamətində fəaliyyət göstərəcək. 

Ermənistan hökumətinin bütün nü­mayəndələrinin belə bir iclasın təşkilinə qəti şəkildə etirazından söz açan S.Kor­nauxov onların “Artsax”da hakimiyyət institutlarının saxlanmasının İrəvanın milli təhlükəsizliyinə təhdid olduğunu dilə gətirmələrinin üzərində dayanıb. Əlbəttə, mövcud xüsusda rusiyalı ictimai-siyasi xadimin daha nələri diqqətə çatdırdığına nəzər salacağıq. Həmçinin onun nə üçün bu mövzuya yer ayırmasından danışaca­ğıq. Hər halda, uzun müddət Rusiyanın hüquq-mühafizə orqanlarında çalışmış bir adam heç də təsadüfən bu məsələ barədə yazmazdı. 

***

Nikol Paşinyan iqtidarının Ermənistan ərazisində separatçı quruluşun toplantı­sının təşkili barədə məlumatsızlığı qey­ri-mümkündür. O qədər adamın bir yerə toplanmasının mərkəzlə razılaşdırılma­dığına inanmaq sadəlövhlükdür. Çox da ki, ortada Ermənistanın milli təhlükəsizli­yi var. Guya, onu düşünürlər? Paşinyan iqtidarı iflic durumdadır. Digər yandan, nəinki milli təhlükəsizliyi, ümumən varlığı kənar qüvvələrdən asılı olan bir ölkədəki hakimiyyətin milli maraqları nəzərə alma­sından gülünc heç nə yoxdur. Nikol və komandası yalnız hakimiyyət kreslosun­dan möhkəm yapışmağı əsas götürür. 

Ancaq Ermənistan iqtidarı “Artsax parlamenti”nin gizli toplantısına meydan verərkən düşünməlidir. Nəinki, o, eyni zamanda, İrəvanın Qərbdəki dostları da. İkincilər separatçı mahiyyətli bir ölkə­ni müdafiə etdiklərinin fərqinə varmalı­dırlar. Fərqinə varmalıdırlar və ağızları köpüklənə-köpüklənə Cənubi Qafqazda sülhdən danışanda, sülhə əngəl törədən faktorları götür-qoy etməlidirlər. Bilmə­lidirlər ki, qorumağa çalışdıqları erməni hakimiyyəti dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə zidd mövqe tu­taraq, qorxunc presedent yaratmaqla məşğuldur. Bu gün Ermənistanı müdafiə edən qərblilər bilməlidirlər ki, “separatçı­lıq bombasının” Avropada partlaması elə də çətin iş deyil. 

Diqqət yetirək, bilavasitə açıqlan­masa da, qondarma “parlament”in iclası kimi ictimailəşmiş toplantıda, faktiki ola­raq, bu il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranada sammiti çərçivəsində keçirilmiş görüşdə qəbul edilmiş sənəd­lərin məzmunu üzərində dayanılıb. O sənədlərin ki, orada baş nazir N.Paşin­yanla yanaşı, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, Fransa prezi­denti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun imzaları var. Onu da bildirək ki, N.Paşinyan həmin sənəd­lərdə əksini tapanlara söykənərək, on­ları Azərbaycanla sülh gündəliyində korrektəsi mümkünsüz məsələlər kimi qiymətləndirmişdi. Elə nəticə hasil ol­muşdu ki, sülhün Qranada gündəliyi adlı nə isə var. Söhbət Qarabağ erməniləri­nin bölgəyə xüsusi statusla qayıtmala­rından gedir. İndi “Artsax parlamenti” də həmin istiqamətdə beynəlxalq miqyasda iş aparacaqmış. Aydın olur ki, Paşinyan iqtidarı Qranada gündəliyini ehkamlaş­dırmağı bacarmadığı üçün topu, necə deyərlər, “artsaxlılara” ötürür. Göründü­yü kimi, ortada Cənubi Qafqazda sülh baxımından aşkar riyakarlıq var. Şübhə­siz, bunu edən erməni iqtidarı və hava­darlarıdır. 

***

İndi isə S.Kornauxovun nə üçün giz­liliyi pozmasından danışaq. Nəzərə alaq ki, o, məsələni sırf separatçılıq kimi təq­dim etmir. Qarabağ ermənilərinin bölgəyə qayıdışı üzərində dayanan Kornauxovun sözlərindən gəlinən qənaət budur ki, Er­mənistan dövlətinin qaçqın problemini həll etməsi mümkünsüzdür. “Artsax”ın özü üçün qaçqınların qayıtması bir çox problemləri həll edə bilər”, – deyən pub­lisist Azərbaycanın təhlükəsizlik təminat­larını yada salır. Ancaq bu yadasalmanın heç də tam şəkildə mütərəqqi məcrada olmadığı aşkardır. O bildirir ki, Azərbay­can yerli əhalinin, yəni Qarabağın erməni sakinlərinin təhlükəsizliyini, yeni şəra­itdə onların mədəni və dini inteqrasiya imkanlarını təmin etmək üçün tədbirlər görməyə məcbur qalacaq və guya, bu, kilsə və monastırların qorunub saxlana­cağı deməkdir: “Ən əsası isə ermənilərlə azərbaycanlılar arasında dinc dialoqun zəruriliyi ilə bağlı sonsuz şüarlar toplusu məna kəsb edəcək”.

Bəs, yaxşı S.Kornauxov bütün bunla­rı elə-beləmi gündəmə gətirir? Axı, Ermə­nistan baş naziri Nikol Paşinyan da deyib ki, indiki şəraitdə Qarabağın erməni əha­lisinin əvvəlki yaşayış yerlərinə qayıtma­ları mümkünsüzdür. Nikolun sözləri onu fikirləşməyə əsas verib ki, İrəvan Bakının təhlükəsizlik təminatlarına etimad göstər­mir. Yuxarıda onun və komandasının Azərbaycan üçün məqbul olmayan hansı təminatları əsas götürdüyünü vurğuladıq. Deməli, Kornauxov Rusiyanın Qarabağ erməniləri formulunu əsas tutan dairələ­rinin fikirlərini ifadə edir. Bu dairələr böl­gədə erməni əhalinin olmayacağı təqdir­də, Rusiya sülhməramlı kontingentinə də ehtiyacın duyulmayacağını anlayırlar. Ona görə də Qarabağa qayıdış üzərində dayanır və canını tapşırmış “Artsax par­lamenti”nin gizli iclasını ictimailəşdirmək yolu tuturlar. Onlar üçün qayıdışın han­sı əsasda yaşanmasının heç bir önəmi yoxdur. Əsas odur ki, bu, baş versin. Ona görə də erməni avantürizmini şirnik­ləndirmək yolu tuturlar. Təxminən belə: qayıdın, öz ərazinizə hakim olun. Azər­baycan məcbur qalıb siz istəyəni edəcək. Əlbəttə, yanaşmada böyük məkrin oldu­ğu aşkardır. 

Başqa bir sual da yaranır: S.Korna­uxov vasitəsilə “Artsax parlamentinin” gizli iclasını ictimailəşdirənlər məsələnin Ermənistan üçün hansı təhlükəli nəticələr doğura biləcəyini hesablamırlar? Əlbəttə, hesablamırlar, çünki onlar üçün bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, indiki anti-Rusiya ovqatına köklənmiş Qərbmeyilli Ermənistanın təhlükədə ol­mağı daha münasib variantdır. Korna­uxov həm də buna görə ortadadır.

R.ƏVƏZ
XQ

Siyasət