Bakı ilə İrəvan arasında çərçivə sazişi: Deklorasiya, yoxsa ciddi sənəd?

post-img

“2023-cü ilin sonunadək Azər­baycan və Ermənistan arasında çərçivə sülh sazişinin imzalan­ması heç vaxt olmadığı qədər real görünsə də, problemin həlli o qədərdə asan deyil”. Bu sözləri “Caliber.az” saytının tanınmış siyasi analitiki Orxan Amaşov “Düşüncələr” müəllif verilişinin növbəti buraxılışında söyləyib. Verilişin mətni əsasın­da hazırladığımız icmalı oxucula­rın diqqətinə çatdırırıq. 

“Vaşinqtonun təzyiqinə qarşı Bakının qətiyyətini görən İrəvan yanıldığını anladı”

2023-cü ilin sonu yaxınlaşdıqca Qa­rabağ münaqişəsinə birdəfəlik nöqtə qo­yacaq Azərbaycan–Ermənistan sülh sa­zişinin imzalanması ətrafında danışıqlar hiss olunacaq aktuallıq kəsb etməkdədir. 

Həqiqətən də, Azərbaycan Qarabağ üzərində özünün suverenliyini tam bərpa edəndən sonra tərəflər arasında razılaş­manın imzalanması şansı əhəmiyyətli dərəcədə artdı. İrəvan 70 günlük lən­gimənin ardınca Bakının təklif etdiyi sülh sazişi variantına cavabını göndərdi. No­yabrın 30-da sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiyanın neyt­ral təmas zolağında baş tutmuş görüşünə rəqəmsal diplomatiyaya ikitərəfli dialoqun real əlavəsinin sübutu kimi baxmaq olar. Güman edə bilərik ki, Ermənistanın cava­bı ləngitməsini iki önəmli amil şərtləndirir. Birincisi, İrəvan, mümkündür ki, Azərbay­canın sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra vasitəçilərin, eləcə də beynəlxalq tərəfdaşlarının buna ciddi və əhəmiyyətli reaksiyasına ümid bağlayırdı. İkincisi, İrə­vanın, doğrudan da, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində baxılan müraciəti ilə bağlı konkret gözləntiləri vardı. Ermə­nistan isteblişmentinin bəzi personaları hesab edirdilər ki, məhkəmənin qəbul edəcəyi müvəqqəti tədbirlər haqqında qərarı Azərbaycanın suverenliyinə kölgə salmaq gücündə olacaq. 

Heyhat, bu ümudlər özünü doğrult­madı. Üstəlik, Vaşinqtonun məlum təz­yiqləri qarşısında Bakının nümayiş etdir­diyi güc və iradə İrəvanı yanıldığını bir daha anlamağa məcbur etdi. Əgər belə demək mümkünsə, gələcəyini ikitərəfli təmaslar üzərində qurmağın alternativi­nin olmadığını başa düşdü. Düzdür, bu zaman Azərbaycan–ABŞ münasibətlə­rində qısamüddətli gərginlik də yaşandı. 

Beləliklə, tərəflərin qarşılaşdığı real­lıq ondan ibarətdir ki, hazırda sülh müqa­viləsinin imzalanması üçün yaxşı imkan yaranıb. Sual doğuran məsələ sadəcə Bakı və İrəvanın hansı razılaşmanı im­zalaya biləcəkləri və hadisələrin bu cür inkişafına nəyin və kimlərin mane ola biləcəyi ilə bağlıdır.

“Üçtərəfli bəyanatın 9-cu bəndindən imtinaya
Rusiyanın necə reaksiya verəcəyi bilinmir”

Əsas sual isə Rusiyanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bə­yanatın 9-cu bəndindən rəsmi İrəvanın imtinasına necə reaksiya verəcəyidir. Hələlik bu sualın cavabı açıq qalır. Da­nışıqların indiki mərhələsində biz bütün məsələlərin əhatə olunduğu və detallı sülh müqaviləsindən danışa bilmərik. Söhbət tərəflər arasında heç də mövcud fikir ayrılıqlarına son qoymayacaq çərçi­və sülh sazişindən gedir. Amma həmin sənəd 2020-ci ilin 10 noyabrından sonra başlayan, münasibətlərin normallaşması ilə bağlı əsas prinsiplərin daxil edildiyi prosesin yekunu və daha sonra dövlət­lərarası tamhüquqlu sülh müqaviləsinə çevriləcək, gələcək tərəqqinin təməlini yaradacaq bazis rolunu oynamalıdır. 

Həddən artıq vacib sayılan məsələ qarşılıqlı şəkildə razılaşdırılan prinsipləri tərəflərin eyni qaydada qəbul etməsidir. Bu zaman sonradan münasibətlərdə çat­ların və yeni gərginliyin yaranmasına gə­tirib çıxara biləcək təhlükəli ikimənalılığa yer olmamalıdır. Necə ki, 2020-ci il 10 no­yabr Bəyanatının bəzi bəndləri üzrə Bakı və İrəvan arasında ortaya çıxan fikir ay­rılıqları 2023-cü ilin sentyabr ayına qədər “siyasi hərarəti aşağı düşməyən” gərgin­liyə səbəb olmuşdu.

Eyni zamanda, Bakı və İrəvanın kom­munikasiyaların açılması məsələsində nə qədər irəli gedə biləcəkləri sualı orta­ya çıxır. Yəni, çərçivə sülh sazişi imzala­nan zaman tərəflərin Zəngəzur dəhlizi ilə əlaqədar mövqelərinin dəqiqlik dərəcəsi nə qədər olacaq? Hər şeydən göründüyü kimi, həmin sənəddə ölkələrin suverenliyi prinsipi və ikitərəfli əlaqə yollarına mü­nasibətdə qarşılqılı anlaşma, bir də üç­tərəfli bəyanatın 9-cu bəndindən imtinaya Rusiyanın hansı reaksiyanı göstərəcəyi məsələsi də öz əksini tapmalıdır. 

Həm nəzəri, həm də praktiki cəhət­dən Bakı və İrəvan, həqiqətən də, ikitərəfli platformada yeni saziş barədə ortaq məxrəcə gələ bilərlər ki, bununla Moskva könülsüz də razılaşmalı olacaq. Bunun əyani misalı: Azərbaycan və Er­mənistan Praqada ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı etirafı barədə razılığa gələndə Rusiya üzləşdiyi fak­tı qəbul etmək məcburiyyətində qaldı. Amma Kremlin bu dəfə necə reaksiya verəcəyinin hələlik dəqiq cavabını bil­mirik. Moskva tərəfindən ehtimal edilən maneçilik cəhdləri ciddi problemə səbəb ola bilər. 

“Bakı İrəvanla deklorasiyadan daha böyük əhəmiyyətə
malik çərçivə sövdələşməsini istəyir” 

Ortaya çıxa biləcək başqa bir maneə kimi anklavlar məsələsində Bakı və İrə­van arasında fikir ayrılığını göstərmək olar. Buna həm də 2022-ci ilin sentyab­rında yaşanan lokal hərbi gərginlik nəti­cəsində şərti sərhəddə baş vermiş bəzi mövqe dəyişikliyi səbəb olub.

Bizə elə gəlir ki, Bakı indiki məqam­da İrəvanla deklorasiyadan daha böyük əhəmiyyətə, konkret məzmuna malik çər­çivə sövdələşməsini imzalamaq istəyir. Bu zaman İrəvana isə özünün ərazisinin coğrafi-riyazi konturlarından tam əmin olacağı və Zəngəzur marşrutu üzərində Rusiyanın nəzarət elementini aradan qal­dıracağı razılaşma lazımdır. 

Əlbəttə ki, Azərbaycan və Ermənis­tan arasında fikir ayrılıqlarının ümumi landşaftı görünəndən daha mürəkkəb­dir. İntəhası, indi bu barədə yalnız ona görə müxtəsər bəhs etmirik ki, yığcam­lıq istedadın bacısı, çox danışmaq isə aydınlığın düşmənidir. Fikirlərimizi həm də ona görə qısa ifadə edirik ki, indi bəzi məsələlər özünün konkret formasını tap­mayıb. Bunsuz perspektiv çərçivə sazişi­nin nə qədər real olduğunu anlamaq elə də asan deyil.

Yekunda qısaca onu da nəzərə çat­dırmaq istəyirik ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh razılaşması heç vaxt olmadığı qədər daha real gö­rünür. Amma təəssüf ki, bu reallıq prob­lemin həll edildiyi qənaətinə gəlməyimiz üçün yetərincə deyil. 

Hazırladı:
B.İMRAN
XQ



Siyasət