Hazırda Ermənistan cəmiyyətində müzakirə olunan məsələlərdən biri də Azərbaycanın sentyabrın 19–20-də keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində varlığına son qoyulan separatçı xunta rejiminin “mühacirətdəki hökumət” formasında qalıb-qalmaması ilə bağlıdır. Hayastanın müxtəlif rəsmi şəxsləri ictimai çıxışlarında bu ideyaya qarşı olduqlarını bildiriblər.
Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanın bir müddət öncə “Nyus.am”a müsahibəsində səsləndirdiyi fikirlər də bunu təsdiqləyir. Müsahibə zamanı Qarabağın keçmiş qondarma rejiminin “dövlət institutlarının” saxlanması məsələsinə münasibətini açıqlayan Marukyan bildirmişdi ki, Ermənistanda bunu etmək mümkün deyil: “Ermənistan Respublikası öz ərazisində digər ölkələrin dövlət qurumlarını saxlaya bilməz. Yeganə istisna yalnız xarici ölkələrin akkreditasiyadan keçmiş diplomatik nümayəndəliklərinə aiddir. Ermənistanın milli təhlükəsizliyi kontekstində respublikamızın ərazisində belə institutların formalaşdırılması və saxlanılması düzgün deyil. Haradasa mühacirətdə olan hökumətlər var və qoy olsunlar. Amma Ermənistanın bununla heç bir əlaqəsi yoxdur”.
Ermənistan parlamentinin sədri Alen Simonyan isə jurnalistlərə müsahibəsində demişdi ki, onların Qarabağda dövlət yaratmaq məqsədi (?) yoxdur. O, qondarma rejimin “qurum”larının yenidən formalaşdırılması cəhdlərini Ermənistanın təhlükəsizliyinə birbaşa zərbə hesab etdiyini bildirmiş və deputat həmkarlarını da bu mövqedə olmağa çağırmışdı. Simonyan Qarabağdan Ermənistana könüllü köçən şəxslərin mövcud problemlərini Ermənistan rəhbərliyinin həll etməli olduğunu da vurğulamışdı.
Alen Simonyan noyabrın 28-də isə jurnalistlərə bildirmişdi ki, Ermənistan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır: “Biz son il yarım ərzində bunu, bəlkə də, səkkiz dəfə bəyan etmişik”. O, həmçinin qeyd etmişdi ki, Ermənistan Respublikası üçün Qarabağ məsələsi mövcud deyil. Spikerin sözlərinə görə, bu gün Ermənistan üçün əsas məsələ Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır.
Sonuncu dəfə bu istiqamətdə fikirlərini Ermənistan prezidenti Vaaqn Xaçaturyan dilə gətirib. Xaçaturyan jurnalistlərin suallarını cavablandırarkən suala sualla cavab verib: “Qarabağın “dövlət qurumları” Ermənistanda nə edəcəklər, onlar hansı funksiyanı yerinə yetirəcəklər? “Artsax”ın olmaması səbəbindən onun “dövlət institutları”nın da Ermənistanla, əslində, heç bir əlaqəsi yoxdur. Biz diqqətlə izləyəcəyik ki, Ermənistanda hansısa “mühacirətdə olan Artsax hökuməti” fəaliyyətə başlamasın”.
Göründüyü kimi, Hayastan hökuməti qondarma rejimin hansısa “strukturları”nın İrəvanda fəaliyyət göstərməsinin Azərbaycanın haqlı narazılığına səbəb olacağını anlayır. Onlar başa düşürlər ki, bunun baş verməsi nəticədə iki ölkə arasında yeni gərginliyə səbəb ola bilər.
Ermənistanın “MediaHub” internet televiziyası bununla bağlı İrəvan sakinlərinin fikirlərini öyrənib. Narek Davidyan buna ehtiyac olmadığını bildirib: “Fikrimcə, buna ehtiyac yoxdur. Buna görə də Ermənistanda hansısa digər “hökumət” yaratmaq lazım deyil. Bu, necə ola bilər? Belə çıxır ki, dövlət içində yeni dövlət yaradılır? Mən buna qarşıyam”.
Bedros Gevorkyan deyib ki, bu ideyanı dəstəkləmir: “Ermənistanda hökumət var. Bir dövlət daxilində digəri ola bilməz. Bu, mümkün deyil, başa düşürsünüzmü? İndi Ermənistan hökumətinin əsas vəzifəsi Qarabağdan köç etmiş erməniləri evlə təmin etmək, maddi yardım göstərmək və digər problemlərinin həllinə çalışmaq olmalıdır”.
Bununla belə əks fikirdə olanlar, yəni, separatçı rejimə “süni nəfəs” verilməsinin tərəfdarı olanlar da tapılıb. Bu isə revanşizm tərəfdarlarının hələ də köhnə əyyamda qaldıqlarından xəbər verir. Parlamentdəki “Şərəfim var” müxalifət fraksiyasının katibi Tiqran Abramyan “Facebook” səhifəsində yazıb: “2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” qışqıranlar 2022-ci ildə “Qarabağ Azərbaycandır!” deməyə başladılar.
Nikol Paşinyan bir neçə gün əvvəl Qarabağın hələ 2016-cı ildə təhvil verildiyini söylədi. Onun bir neçə komanda yoldaşı isə bu yaxınlarda daha da irəli gedərək Ermənistanın və Qarabağın 100 il əvvəl təslim edildiyini qeyd etdilər. Diqqətəlayiqdir ki, Ermənistan Respublikasının prezidenti postunu tutan Qarabağın təslimçisinin başqa bir şəriki Hayastanın 1991-ci ildə bölgəni Azərbaycanın bir hissəsi kimi tanıdığını söyləməklə özü-özünü tamamilə üstələyib. Qarabağ haqqında danışan bəzi hökumət nümayəndələri onun Azərbaycana məxsusluğunu şübhə altına almadıqlarına dair “prinsipial” yanaşmalarını vurğulamaq üçün “qürurlu mövqe” tuturlar. Yeri gəlmişkən, bunlar bir neçə il əvvəl Ağdamı “Tiqranakert” adlandıran, onun ermənilərin vətəni olduğunu qışqıran həmin adamlardır. Hakimiyyət “Artsaxı dəfn etdi”, amma təbii ki, bundan xilas ola bilmədilər. İndi isə hansı mövqe tutacaqlarına qərar verə bilmirlər ki, onların yalanları cəmiyyətin ən azı bir hissəsinə yerisin”.
Mövcud xüsusda yazıçı, rejissor və bəstəkar Vaqram Saakyanın fikirləri maraq doğurur. O qeyd edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu birdəfəlik anlamaq lazımdır: “Ermənistanda bəzi insanlar var ki, hələ də Qarabağın Azərbaycanın tərkib hissəsi olmayacağını bildirirlər. Belə çirkin simaların olması Ermənistan üçün rüsvayçılıqdır. Dünyanın heç bir ölkəsində bu cür yaramazlar yoxdur. Belə axmaq sözlərlə özünü nə qədər aldatmaq olar?! Əgər insana bədbəxtlik üz verirsə və o, özünü məğlub hiss etmirsə, onu məhv olmaq gözləyir. Başa düşün ki, sizin özünüzü necə hiss etməyiniz dünyanın heç bir ölkəsinin lideri üçün maraqlı deyil. Ermənistanda millət hələ də formalaşmayıb. Azərbaycanla münasibətlərdə 2020-ci ildən sonra tamamilə başqa mənzərə yaranmışdı. Biz müharibəni uduzmuş ölkə idik, amma hakimiyyət özünü qalib kimi aparırdı. Aydın idi ki, ermənilər üçün hər şey kədərli olacaq. Elə də oldu”.
Ancaq Ermənistanda radikal revanşistlərin nə deməsindən, hansı “hökuməti” yaradıb-yaratmayacağından asılı olmayaraq, tarixin təkərini geri döndərmək olmaz. Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub. Ölkəmiz 2020-ci ildə beynəlxalq hüquqa uyğun olaraq tarixi ədaləti bərpa edib. Beynəlxalq münasibətlər üzrə gürcü ekspert Laşa Dzebisaşvilinin sözləri bu mənada diqqəti cəlb edir: “Azərbaycan Qarabağla bağlı dövlət siyasətini planlaşdırmağı, onu subordinasiya və konsolidasiya etməyi bacardı. Müvafiq olaraq maliyyə, hərbi, informasiya, mədəniyyət və təhsil sahələrində tədbirlər planı hazırlandı. Sadəcə olaraq strateji fürsəti gözləmək lazım idi. O zaman planlaşdırılan və sonra reallığa çevrilən bütün bu işlər öz bəhrəsini verməli idi. Azərbaycan bir daha göstərdi ki, planlaşdırma həmişə yaxşıdır”.
Bəli, gürcü politoloq səmimi şəkildə həqiqəti söyləyib. Ermənistanın indiki sülhsevərliyi havadan əldə olunmayıb. Bu, ilk növbədə Azərbaycanın sistemli, planlaşdırılmış işinin nəticəsidir. Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında ölkəsinin Qarabağ da daxil olmaqla 86,6 min kvadratkilometrdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi də səbəbsiz deyildi. Bu, da “dəmir yumruğ”un nəticəsi idi.
Yeri gəlmişkən, N.Paşinyan artıq Türkiyə ilə bağlı da jestlər edir. Bugünlərdə buna nümunə olacaq hadisə baş verib. Belə ki, Nikol son həftələrdə hökumət binasında aparılan təmir işləri ilə əlaqədar Ermənistan prezidentinin iqamətgahında rəsmi görüşlər keçirirdi. Baş nazirin mətbuat xidmətinin noyabrın 28-də dərc etdiyi fotoşəkillər hökumət binasının, ən azı, bir iclas zalının təmirinin başa çatdığını sübut edir. Həmin zalın divarında Ermənistanın ən hündür dağ zirvəsi Araqatsın böyük tablosu asılıb ki, bu da N.Paşinyanın 2023-cü il mayın 22-də keçirilən mətbuat konfransında səsləndirdiyi ideyanı həyata keçirmək qərarına gəldiyini göstərə bilər. Həmin vaxt Paşinyan demişdi: “Vətənpərvərlik modellərindən danışanda başa düşürük ki, həqiqətən də, çox ciddi və mühüm problemlər var. Məsələn, mən heç birimizin Araqats dağına sevgi ifadə etdiyini eşitməmişəm və bu, mənim üçün həqiqətən problemdir. Mən sizin heç bir evinizdə Araqats dağının şəklini görməmişəm, halbuki o, Ermənistan Respublikasıdır. Etiraf edirəm ki, mənim evimdə də yoxdur”. İndi Paşinyanın Türkiyə ərazisində yerləşən Ararat dağının deyil, Ermənistanın öz ərazisində yerləşən Araqats dağının tablosu fonunda xarici qonaqları qəbul etməsi baş nazirin rasional davranışına nümunə sayıla bilər.
Yeganə HACIYEVA,
politoloq
– Ermənistanda hansısa qüvvələr Qarabağda 30 ildən artıq mövcud olmuş separatçı xunta rejiminə “süni nəfəs” verərək onu yaşatmağa çalışırlar. Düşünürəm ki, bu, separatçıların şəxsi təşəbbüsü deyil. Zənnimcə, müvafiq işlərin aparılmasına Ermənistan hakimiyyəti tərəfindən göstəriş verilib. Onlar üzdə buna qarşı olduqlarını bildirirlər. Göstərmək istəyirlər ki, guya, bu prosesin əleyhinədirlər. Burada rəsmi İrəvanın bir neçə məqsədi var. Paşinyan hökuməti başa düşür ki, Qarabağdan gedənlər separatizm ideyası ətrafında birləşməsələr, ona qarşı müxalifətçilik ətrafında birləşəcəklər. Bu da hökumət üçün risklər yaradır. Ona görə də Paaşinyan və komandası Qarabağdan gedənlərin separatizm ideyası ətrafında birləşmələrini məqbul sayırlar.
Səxavət HƏMİD
XQ