Senatorlar və “paraşütçülər”

post-img

Xalq yazıçısı Anarın bu yazısı 3 il bundan qabaq Azərbaycan və rus dillərində mətbuatda dərc olunmuş, fransız dilinə çevril­mişdir. E.Makron hökumətinin və Fransanın dövlət qurumlarının artıq ədalətli şəkildə həll olun­muş Qarabağ məsələsi ilə bağlı ölkəmizə qarşı yeni təxribatlar törətdiyi günlərdə həmin yazını oxuculara təqdim edirik.

Televiziya kanalları Fransa se­natının mövcud olmayan bir “dövlə­ti” tanımaq barədə tələsik və biabırçı tövsiyyəsini xəbər verdi. “Euronews” bir fransız senatorunun boşboğazlı­ğını ləzzətlə tamaşaçılara çatdırdı. Həmin senator “Azərbaycanın işğal etdiyi əraziləri dərhal azad etməsini” tələb edəndə istər-istəməz düşün­düm: Bu cənab satın alınmış təxri­batçıdır, ya başdan xarabdır?

Birdən-birə altmış il bundan qa­daq oxuduğum mətn yadıma düşdü. Qəribədir ki, təkcə bu mətnin məz­munu və ruhu deyil, Romen Rolla­nın həmin mətnə epiqraf kimi veril­miş sözləri də xatirəmdə canlandı. Dəqiqləşdirmək üçün kitabxanamda “İnostrannaya literatura” jurnalının 1958-ci il 6-cı nömrəsini tapdım. 

Bəli, belədir, Anri Alleqin “İş­gəncəli istintaq” yazısına klassikin sözləri epiqraf qoyulub: “Rəzil fran­sızları ifşa edərkən mən Fransanı müdafiə edirəm” Romen Rollan. “Jan Kristof”. 

Onu da xatırladım ki, 1964-cü ildə Əlcəzairdə turist səfərində olarkən Azərbaycanlı qonaqlar, o cümlədən, ərəbşünas bacım Fidan həmin bu Anri Alleqlə də görüşüblər və o başına gələn müsibətləri, kita­bında yazdığı kimi, onlara da danı­şıbdır. 

İndi mən mərhum fransız jur­nalistinin damarlarda qan dondu­ran dəhşətli şəhadətnaməsini 62 ildən sonra yenidən oxuyuram. Bu şəhadətnamə Əlcəzair xalqının öz azadlığı uğrunda mübarizəsinə qar­şı fransız müstəmləkəçilərinin necə vəhşiliklərə əl atmaları barəsindədir. 

Namuslu fransız jurnalisti Anri Alleq öz qəzetində bu mubarizə haqqında həqiqəti yazdığı üçün cəl­ladların çənginə keçir və silahdaşla­rını satmadığına görə görünməmiş işgəncələrə dözməli olur. 

Cəlladların əlinə yeni keçənlər bir-birindən xəbər alırlar: “Çoxdan həbs olunmusan? İşgəncə veriblər? Kim, paraşütçülər, ya polislər”?

O uzaq illərdə ən qəddar işgən­cələri verənlər “paraşütçülər” imiş. 

“Bu ağzınacan dolu həbsxanada hər hücrə iztirablar məskənidir. Bi­rinci mərtəbədə ölümə məhkumlar yerləşdiriliblər. Səksən nəfər dus­taq, ayaqları qandallı. Gözləyirlər. Bəraət ya edam gözləyirlər. Hər axşam məhkumlar saman döşəklə­rində qovrula-qovrula qalır, düşünür ki, sabah onu nə gözləyir. Bəlkə, bu ömrünün son səhəri olacaq. Amma elə o ölümə məhkumların kamera­sından qadağan olunmuş mahnı­lar səslənir – öz azadlığı uğrunda mübarizə aparan xalqın bağrından qopmuş gözəl mahnılar. 

Gecələr işgəncəyə məruz qalan­ların dəhşətli bağırtılarını eşidirdim. Bu bağırtılar daim qulaqlarımda səslənəcək. İşgəncələrdən üzülmüş insanlar pıçıltıyla qədim ərəb duala­rı oxuyurdular”. 

Öz “sərgüzəştlərindən” də bəhs edən Anri Alleq özü tətbiq olunan işgəncələrin çeşidlərini göstərir. Dö­yülmək və alçaldılmaq, bədəninin müxtəlif yerlərinə sancılmış elektrik məftilləriylə buraxılan cərəyan, aclıq və susuzluq – cəlladların vəhşi fan­taziyasının uydurduğu ən müxtəlif işgəncə növləri. 

Bütün bunlar o ölkədə baş verir ki, əsr yarım bundan qabaq Azadlıq, Bərabərlik, Qardaşlıq şüarlarını irəli sürmüşdü.

Amma “paraşütçülər” bu bə­lağətli sözlərə məhəl qoymurlar. Onlardan biri boğazını yırtır: “Bəli, – bura gestapodur. Sən bilirsən ges­tapo nədir? Sənin o fahişə respubli­kanı havaya sovuracayıq”. 

Çox-çox illər bundan öncə “Gecə düşüncələri”ndə yazmışdım: “Ən mütərəqqi insanların, düşünən və namuslu intellektualların da şüurla­rında demokratik dəyərlərin yer tut­ması birmənalı məsələ deyil. Belə adamların beyinlərində Bərabərlik, Azadlıq və Demokratiya idealları imperiya sevdasıyla qaynayıb qarı­şır. Fransanın azadlıq və müstəqillik aşiqləri, alman işğalçılarına qarşı əlisilahlı vuruşan vətənpərvərlər bu ülvü amallarıyla bərabər, “Fransa Əlcəzairi” kimi müstəmləkəçi əqi­dəyə da sadiq idilər”. 

Belə olan surətdə “paraşüt­çülərdən” nə gözləyəsən? Onların əxlaqına, daha doğrusu, əxlaqsız­lığına görə özlərinin nail olduqları müstəqillik müstəmləkələrə aid de­yil: “Öz vətənimizlə qürur duymaq yalnız– bizim hüququmuzdur, kölə etdiyimiz yerli əhalinin – “tuzemets­lərin” milli qürur hissi ola bilməz”.

Doğrudanmı, fransız senatorları (onlar isə əksəriyyət imiş) elə bisa­vaddırlar ki, bilmirlər Azərbaycan Ermənistanın yox, Ermənistan Azər­baycan torpaqlarının 20 faizini zəbt edib. Azərbaycanın ərazi bütövlü­yü isə bütün dünya, o cümlədən, Fransa tərəfindən tanınıb. BMT-nin erməni silahlı qüvvələrinin Azərbay­can ərazisindən çıxarılması barədə dörd qətnaməsinə rəğmən Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi bu qətnamələrin yerinə ye­tirilməsi üçün heç bir əməli iş gör­məyib, yalnız uzun illər ərzində mə­nasız və nəticəsiz boş danışıqlarla başımızı qatıb. Guya ki, problemi sülh yoluyla həll etmək istədiklərini bəyan edərkən ermənilər bir tərəf­dən “keçilməz” istehkamlar tikir, o biri tərəfdən tutduğu torpaqlarda ya­şayış evlərini və memarlıq abidələ­rini, məscidləri və provoslav kilsələ­rini dağıdır, çoxəsrlik ağacları kəsir, meşələri yandırırdılar. 

Fransız senatorları nə istədiklə­rini əməlli-başlı dərk edirlərmi? On­lar müzəffər ordumuzun azad etdiyi Azərbaycan torpaqlarından çıxma­sını tələb etdikdə ağızları deyəni qulaqları eşidirmi?

O ki, qaldı xalqın öz müqqətdə­ratını həll etmək məsələsinə, ermə­ni milləti Ermənistan Respublikasın­da öz müqqətdəratını artıq həll edib. Haçansa köçdüyün və məskən sal­dığın hər hansı yerdə öz müqəddə­ratını yenidən həll etmək nə demək­dir? Hələ bu kimdənsə qopartdığın, qamarladığın, mənimsədiyin tor­paqlarda “müstəqil dövlət” qurmaq təşəbbüsü bir yana dursun. 

Yəni, fransız senatorları bunu başa düşmür? Qətnamənin lehinə səs verən senatorların Qarabağ haqqında hansı bilgiləri var? Bilirlər­mi ki, Qarabağın dağlıq hissəsi XIX əsrdə Azərbaycanın Qarabağ xanlı­ğına daxil idi, sovet vaxtı isə Azər­baycan Respublikasının tərkibində muxtar vilayət idi. 

Parisdə, Barışıq meydanında fransız vilayətlərinin simvolik heykəl­ləri ucaldılıb. Birinci cahan hərbində Kayzer Almaniyası Fransanın Elzas və Lotarinqiya əyalətətlərini ələ ke­çirəndə bu əyalətlərin heykəllərinin üstünü örtüblər. Ta İkinci Dünya müharibəsinin sonunda Fransa bu vilayətlərini geri alana qədər. 

Bu gün Fransa və Almaniya Av­ropada cici-bacıdırlar. Karantinə qə­dər kansler Angela Merkel və Pre­zident Emmanuel Makron hər dəfə görüşəndə quc-quc, mac-mac öpü­şürdülər. Niyə görə fransız senator­ları öz hökümətlərinə tövsiyyə etmir ki, alman şəhəri Strasburqu alman bacısına qaytarsın, həm də Korsika­nı müstəqil dövlət kimi tanısın. Qa­rabağdakı ermənilərdən iki-üç dəfə çox erməninin yaşadığı Marsel isə qədim erməni şəhəri elan olunsun. 

Bax, ikili standartlar məsələ­si burada zühur edir. Bəziləri üçün qətiyyən məqbul olmayan məsələ başqalarına asanlıqla təlqin edilir. 

Senatorlar azad etdiyimiz tor­paqlarda tarixi və dini abidələrin qorunmasının qeydinə qalırlar. Tu­talım, Bakının mərkəzində erməni kilsəsinin sağ-salamat qalmasından xəbərləri yoxdur. Tutalım, Azərbay­canın bir sıra Avropa ölkəsində ta­rixi abidələrin, o cümlədən, xristian abidələrinin bərpası üçün ayırdığı vəsaitdən bixəbərdirlər. Qərb müx­birlərinin azad edilmiş Azərbaycan ərazilərindən çəkdikləri kadrları da görməyiblərmi? – Yerlə yeksan olunmuş şəhərlərimizi, kəndlərimizi, dağıdılmış və təhqir olunmuş məs­cidləri? Xarici dövlətlərin Bakıdakı diplomatları öz gözləri ilə görmür və ölkələrinə məlumat vermirlərmi ki, vandallar vaxtilə abad şəhərləri­mizi nə günə qoyublar Xarabazara çevrilmiş Ağdam, Fizuli, Cəbrayıl… Qadağan olunmuş kaset bombaları ilə tar-mar olmuş Tərtər… Bu barə­də bir şey eşitməyiblər? Əlbəttə, eşidiblər də, bilirlər də. Amma min əzab çəkmiş günahsız dinc əha­li, yaralanmış insanlar, yaxınlarını, körpə uşaqlarını itirmiş valideynlərə bir kəlmə təsəlli sözü deməyə dilləri gəlmir bu “humanistlərin”. Hərbi ca­niləri ittiham etməyi heç düşünmür­lər də. 

Qərbin ağıllı insanları (hansılar ki, əlbəttə daha çoxdur) nəhayət, anlayacaqlarmı ki, ikili standarlara aludəçiliyin sonu var. Və beyinləri yalançı təbliğatla doldurulmuş küt­lələr bir gün qəzəb və qisas hissləri ilə alışacaqlar?

Söz azadlığı – hər bir normal in­sanın arzusudur. Amma bu ideyanın girovuna çevrilərək bayağı karika­türlərə haqq qazandırmaq olarmı? Dünyada yüz milyonlarla müsəlma­nın ləyaqətini, qürurunu, müqəddəs duyğularını təhqir edən ucuz karika­türlər – söz azadlığının rəmzidir?

Əlbəttə, bütün vicdanlı insanlar məktəb müəlliminin qətlini hiddətlə qınayır. Amma axı həmin bu müəl­lim az yaşlı şagirdlərinə peyğəm­bəri lağa qoyan pornoqrafik ka­rikaturu nümayiş etdirirmiş. Söz azadlığı minlərlə günahsız insanın qanı bahasına təsdiq oluna bilməz. Söz azadlığının həmin o adı bəd­nam “Şarli Ebdo” dərgisində Suriya­lı qaçqının – balaca uşağın meyitini lağa qoyan murdar şəklə dəxli yox­dur 

Nə səbəbdən bəzi terror aktla­rı, haqlı olaraq, məzəmmət olunur, amma eyni cür başqaları, məsələn, erməni terroristlərinin Parisin Orli hava limanında törətdikləri partla­yış qisas kimi qələmə verilir (nəyin “qisası”– yüz il bundan əvvəl baş vermş faciəvi hadisələrin Orli sərni­şinlərinə nə aidiyyatı var?). 

Avropanın başbilənləri, intelek­tualları düşünürlərmi ki, hadisələrə ikili standarlarla yanaşmaq, ikili əx­laqla münasibət göstərmək dəhşətli nəticələrə gətirib çıxara bilər – həm Şərqdə həm də Qərbdə…

Yazımın sonunda Anri Alleqin mətnindən bir sitat da gətirim: “Qoy bilsinlәr ki, əlcəzairlilər cəlladları bö­yük fransız xalqıyla eynilәşdirmirlәr. Fransız xalqından çox şey öyrən­mişik, bu xalqla dostluğumuzdan qürur duyuruq. Amma Fransa xalqı bilməlidir ki, onun adından cəlladlar nәlәr edir”.

Gözəl sözlərdir. Mən də böyük fransız mədəniyyətinə – onun ölməz mütəfəkkürlərinə, şairlərinə, roman­çılarına, rəssamlarına dərin hörmət bəsləyirəm. 

Onu da bilirәm vәona da ina­nıram ki, “paraşütçülərin” mәnәvi varislәrindən başqa, Anri Alleqin vәbütün namuslu insanların Fransası da var. Və onlar – ədalətli fransızlar, senat әksəriyyәtindən fәrqli olaraq, bu xalqın böyük çoxluğunu təşkil edirlər. 

ANAR

29 noyabr 2020



Siyasət