Ermənistanın gələcəyi Paşinyanın bu sınaqdan necə çıxacağından asılıdır
Bu gün Ermənistan–Azərbaycan sərhədində ikitərəfli görüşün keçirilməsi planlaşdırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bu formatda bərpası çağırışını edib. Rəsmi Bakı görüş yeri kimi Azərbaycan–Ermənistan sərhədini göstərib. XİN-in “Sərhəddə görüşməyə və birbaşa danışıqlara hazırıq”, – müraciətinə Ermənistan tərəfi müsbət yanaşdığını açıqlayıb.
Bakının bu təşəbbüsünə qərbli sülh vasitəçilərinin də loyal yanaşması müşahidə olunur. Elə Ermənistan rəsmilərinin dilindən də sülh sazişi ilə bağlı nikbin proqnozlar verilməkdədir. İki gün əvvəl Hayastan parlamentinin spikeri Alen Simonyan İrəvan üçün şərtlərin məqbul olacağı təqdirdə Azərbaycan və Ermənistan arasında yaxın 15 gün ərzində sülh sazişinin imzalana biləcəyini açıqlayıb: “Arzu edilsə, qarşıdakı 15 gün ərzində sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Bu prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”.
Spikerin sensasion xarakterli bəyanatı öz yerində, Ermənistan tərəfinin vasitəçi olmadan görüş təklifinə müsbət yanaşması yaxşı haldır. Təşəbbüsün müəllifi kimi Azərbaycanın bu barədə narahatlığı yoxdur. Ermənistan tərəfi isə buna qədər daim hansısa problemi ortaya atıb. İrəvan sülh danışıqlarını Avropada, xüsusilə də, Brüsseldə davam etdirmək istəyir. Moskva platformasından imtina etməsi onu göstərir ki, Ermənistan hakimiyyəti Qərbin, yəni Fransanın vasitəçiliyi olmadan sülh masasının arxasına oturmağa acizdir və ya qorxur. Məhz buna görə sərhəddə görüş Paşinyan üçün, bir növ, “Müstəqil dövlət və siyasi iradə” fənnindən test imtahanı sayıla bilər. Bu imtahanın nəticəsi təkcə baş nazirin sonrakı aqibəti üçün deyil, eyni zamanda, Ermənistanın gələcəyi baxımından böyük əhəmiyyət kəsb edir.
Bəzi ekspertlər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin birbaşa sərhəddə imzalana biləcəyi versiyasını da irəli sürürlər.
Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev sülh müqaviləsinin Azərbaycan və Ermənistanın qarşısında duran əsas vəzifə olduğunu bildirib: “Ermənistan tərəfi cidd-cəhdlə danışıqların kiminsə vasitəçiliyi ilə aparılmasına çalışır. Hətta, baş nazir tərəfindən ABŞ, Fransa və Almaniyanın vasitəçiliyi ilə danışıqlara çağırışlar edilir. Biz dəfələrlə münaqişənin bitdiyini, əsas məsələnin sülh müqaviləsinin imzalanması olduğunu bildirimişik. Bu, Azərbaycan və Ermənistana aid məsələdir və sülhün əldə olunması hər iki ölkənin qarşısında duran vəzifədir”.
Əslində, sülh müqaviləsinin imzalanmasında İrəvanın Bakıdan daha maraqlı olmasına diqqəti çəkən A.Nağıyev Azərbaycanın 5 prinsipdən ibarət sülh paketini Ermənistana təqdim etdiyini deyir: “Həmin prinsiplərlə onları dəfələrlə tanış etmişik. İndi Paşinyan da 3 prinsip məsələsini ortalığa atıb. Hamıya aydın oldu ki, regiondan min kilometrlərlə uzaqdakı vasitəçinin sülhün bərqərar olmasında iştirakı inanılmazdır. Sülh müqaviləsi yoxdursa, bölgədə iqtisadi, siyasi və digər proseslərin inkişafı üçün problemlər qalacaq. Amma sülh müqaviləsi imzalanmasa da, Azərbaycan diktə edən tərəf kimi daxili və xarici siyasətini aparmaqdadır”.
Deputat sülh müqaviləsinin istənilən sərhəd rayonunda imzalanmmasını da mümkün sayır: “Sülh müqaviləsi istənilən rayonumuzda imzalana bilər. Ermənistan və onun havadarlarının sərhəddə görüşə razılıq verməsi əsas məsələdir. Çünki son zamanlar bir daha Ermənistanın müstəqil xarici siyasətinin olmadığı aşkar görünür. Bakı üçün sülh sazişinin harada imzalanmasının elə də böyük əhəmiyyəti yoxdur”.
Əgər bu gün şərti sərhəddə nəzərdə tutulan ikitərəli təmas reallaşarsa, bu, Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi işçi qrupların beş aylıq fasilədən sonra beşinci görüşü olacaq.
* * *
Nikol Paşinyan ATƏT-in Parlament Assambleyasının İrəvanda keçirilən son iclasında dediyi “sülh sənədini imzalamağa hazırıq” ifadəsində səmimidirsə, onda Azərbaycanın sərhəddə görüş təklifini qəbul etməlidir. Əgər İrəvan bu təklifə, doğrudan da, səmimi yanaşarsa, bu zaman qısa müddət ərzində sual yaradan bir sıra məsələlər razılaşdırıla, hətta sülh müqaviləsinin ilkin çərçivə sazişi imzalana bilər.
Aydın məsələdir ki, pinsipial olaraq çərçivə sənədi imzalananda onun maddələrini hazırlamaq üçün müəyyən vaxta ehtiyac duyulur. Sərhəd xəttinin müəyyənləşməsi, onun delimitasiya və demarkasiyası vaxt aparan texniki məsələlərdir. Məhz bundan sonra sülh sazişi imzalanma mərhələsinə çatmış hesab olunur. Bu mərhələdə isə Ermənistan müstəqil subyekt olduğunu ortaya qoymalıdır. İrəvan siyasi iradə göstərərək, dövlətin maraqları çərçivəsində qərar qəbul edə biləcəksə, deməli, sərhəddə görüş baş tutacaq. Bunun özü qarşıda sülh müqaviləsinin imzalanacağına bir işarə sayılacaq. Əks-təqdirdə yaxın zamanlarda sülhün prespektivinə ümid etməyə dəyməz.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu artıq Azərbaycan və Ermənistan arasında vasitəçilərə ehtiyac qalmadığını bildirdi: “Üç ildir onların təklifləri ilə keçirilən görüşlərdə heç bir nəticə əldə olunmadı. Bu təşəbbüslər keçmişdə ATƏT-in Minsk qrupunun fəaliyyətini xatırlatmağa başlayıb. Dörd-beş aydan bir baş tutan görüşlərin faydası da yoxdur. Böyük güclər – ABŞ, Fransa, yaxud Avropa İttifaqı, həmin Rusiya görüş təşkil edəndə digərləri mane olmağa çalışırlar, digərləri keçirəndə isə bu tərəf əleyhinə çıxır. İndiki mərhələdə sülh danışıqlarını sürətləndirməyin iki alternativi var. Birincisi, sərhəddə görüşdür. Amma, bu, o demək deyil ki, sabah baş tuta biləcək görüşdə biz dərhal müsbət nəticənin şahidi olacağıq. Əsas vasitəçisiz sülh dialoqunun başlanması, “tet-a-tet” müzakirənin aparılmasıdır. İkinci istiqamət isə Azərbaycan və Ermənistanın birgə işçi qrupunu yaratmasıdır. Bu qrupa hər iki tərəfdən səkkiz-on nəfər hüquqşünas, diplomat, xəritələrlə işləməyi bacaran mütəxəssislər cəlb edilməlidir. Optimal görüş yeri, məkan olaraq Gürcüstanın seçilməsi məqbuldur. Yəni, daimi əsasda müzakirələrə başlanılmalıdır”.
Politoloq E.Şahinoğlu hesab edir ki, yaradılacaq qrup sülh sazişinin mətni, eyni zamanda, sərhədin müəyyənləşdirilməsi və komunikasiyaların açılması üzərində işləməlidir: “Bu təqdirdə danışıqlardan irəliləyiş gözləməyə dəyər. Əks halda, danışıqlar üçün kənarda seçilən məkan yenə böyük güclərin maraqlarının kəsişmə nöqtəsi olacaq. Həmin vasitəçi dövlətlərdə qarşıdan gələn seçkiləri və aktorların başlarının daxili məsələlərə qarışacağını nəzərə alsaq, danışıqların bu formatı əlverişli sayılmır. İdeal variant birbaşa dialoqdur. Düzdür, Paşinyan bu cür üzbəüz təmaslardan ehtiyat edir. Amma onu da anlamamış deyil ki, sülh sazişinin imzalanmasının yubadılması, hər şeydən əvvəl, onun özünə və ölkəsinə zərər verəcək. Əgər o, Azərbaycan və Türkiyə ilə barışsa, sülhə nail olsa, tarixdə satqın kimi kimi deyil, “uğur hekayəsi”nə malik Hayastan rəhbəri kimi qala bilər. Artıq 2023-cü il başa çatır və sülhə bütün ümidlər yeni – 2024-cü ilə qalır. Yeni il sərhəddə keçiriləcək ilk görüşdə müəyyən irəliləyişin olacağını deyə bilərik”.
* * *
Ölkəsini müstəqil və demokratik görmək arzusundan danışan Paşinyanın bu istiqamətdə müəyyən səylər göstərdiyi hiss olunmaqdadır. Amma bundan ötrü, hər şeydən əvvəl, konkret addımın atılması gərəkdir. Bu mənada, sərhəddə görüşün Ermənistan hakimiyyəti üçün ciddi imtahan olacağını söyləyə bilərik. Çünki həmin ikitərəfli görüşdən sonra İrəvan beynəlxalq rəyə “biz sülh istəyirik” saxta tezisini sırıya bilməyəcək. Mövcud reallıqda iki ölkənin baş nazirlərinin müavinlərinin başçılıq etdiyi işçi qrupların üzvlərinin Qazaxla Noyemberyan arasındakı sərhəd ərazisində görüşməsi mümkündür. Hətta bundan ötrü sərhədin özündə hər şeylə təchiz olunmuş müasir çadırlar açmaq olar. Yəni, Bakının sərhəddə görüş təklifindən boyun qaçırmaq üçün Ermənistanın əlində heç bir bəhanə qalmayıb.
Sənədin imzalanması üçün bir masa arxasında oturub təkbətək görüşün keçirilməsi başlıca şərtdir. Ona görə ki, bu formatlı görüşlər tərəflərdə biri-birinə qarşı etimad formalaşdırır. Ermənistan hakimiyyətində ikitərəfli dialoqun faydalılığına inam yaranmayanadək hətta imzalanacaq istənilən sülh sənədi icrası müşkül kağız parçasından başqa heç nə olmayacaq.
Mövzuya yekun olaraq onu da bildirək ki, ABŞ-ın eyni vaxtda həm Qafqazda, həm də Mərkəzi Asiyada güclənmək niyyətini nəzərə alsaq, Vaşinqton üçün Ukrayna cəbhəsində “məsafədən döyüşdüyü” Rusiyanı Cənubi Qafqazdan kənarlaşdırmaq planı gizli deyil. Fəqət bu regiona Azərbaycanın vizası olmadan daxil olmağın mümkünsüzlüyünü anlayan Ağ Evin başbilənləri Bakı ilə münasibətləri normallaşdırmaq məcburiyyətindədir. ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenterin bölgədə sülhlə bağlı dünənki açıqlamasına da məhz bu kontekstdən yanaşmaq daha doğru olar. Səfir Vaşinqtonun Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərinə dəstək verdiyini vurğulayıb: “Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”.
Bütün bu açıqlamaların fonunda ortadakı danılmaz reallıq ondan ibarətdir ki, ABŞ Cənubi Qafqazda Rusiyaya qarşı təsir dairəsini artırmağı düşünür. Onun son vaxtlar bu istiqamətdə, yəni Qafqaz “cəbhəsində” bütün cinahlardan “hücuma” keçdiyini söyləmək olar. Cənubi Qafqazın ən böyük ölkəsi isə Azərbaycandır. Vaşinqton Azərbaycansız Qafqazda möhkəmlənməyin çətin olacağını anlamağa məcburdur. Məhz bu səbəbdən Ağ Ev Bakı ilə öz günahı ucbatından itirməkdə olduğu əlaqələrini bərpa etməyə məhkumdur.
Gələn ay ABŞ Dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Obrayenin Bakıya icazəli səfəri gözlənilir. Vaşinqtonun artıq Bakıya qarşı sərgilədiyi yanlış mövqedən çəkinmə niyyəti aşkar hiss olunmaqdadır. Bunun iki ölkə arasındakı münasibətlərin normallaşmasına səbəb olub-olmayacağını Obrayenin səfərindən sonra görəcəyik. Adətən, Vaşinqtonun yüksək ranqlı nümayəndələri bizim bölgəyə ciddi təkliflərlə təşrif buyururlar. Görək bu dəfə hansı diplomatik “məhsulları” gətirəcəklər.
İmran BƏDİRXANLI
XQ