Bakı İrəvanın sülh manipulyasiyalarını pozur
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov bu il noyabrın 4-də Bakıda səfərdə olan Almaniyanın Xarici işlər naziri Annalena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, ölkəmiz özünün sülh təkliflərini Ermənistana təqdim edib və hazırda həmin təkliflərə cavab gözləyir. Deyəsən, cavab artıq var. Ermənistanın Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki mikrobloqunda yayılmış məlumat bunu deməyə əsas verir. Ancaq məsələ yalnız cavabda deyil. Sonda bunun izahını verəcəyik.
Hələlik isə bildirək ki, Ermənistan XİN-in məlumatında İrəvanın Bakıya sayca altıncı sülh müqaviləsi təklifini çatdırdığı əksini tapıb. “Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş diplomatik səylərin gücləndirilməsi barədə noyabrın 18-də verdiyi açıq bəyanatdan sonra Ermənistan tərəfi Azərbaycan tərəfinə altıncı saziş təklifini təqdim edib. Ermənistan əvvəllər bəyan edilmiş prinsiplər əsasında münasibətlərin nizamlanmasına dair sazişin imzalanmasına sadiq qalır”, – deyə Ermənistan XİN-in paylaşımında vurğulanır.
Qeyd edək ki, İrəvanın xarici siyasət üzrə baş idarəsinin Azərbaycana ünvanladığı yeni sülh təkliflərinin məzmununun konkret nədən ibarət olduğu açıqlanmır. Ancaq ümumən məlumdur ki, ölkəmizin sülh təkliflərinə alternativ nələrisə irəli sürmək və məsələni barışıq niyyəti kimi ictimailəşdirmək Ermənistan XİN-in həmişə istifadə etdiyi “taktiki gedişdir”. Qurum yenə də eyni “ampluadadır”. Sual olunur: Bir halda ki, Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin nizamlanmasına dair sazişin imzalanmasına hazırdır, elə isə nəyə görə razılığını ifadə etmir, yenidən təkliflər göndərir? Elə bu sadə məntiq onu deməyə əsas verir ki, İrəvan, necə deyərlər, təklif oyunu oynayır. Əlbəttə, artıq bu oyuna yer yoxdur...
Qeyd edək ki, mövcud məqama Azərbaycanın Xarici işlər naziri C.Bayramov da bir müddət əvvəl toxunmuşdu. O bildirmişdi ki, İrəvan Bakıdan təklif alanda bunu ictimailəşdirmir, amma özü təklif göndərən kimi bu barədə dərhal cəmiyyətə məlumat verir. Beləliklə, bir növ, məsuliyyəti öz üzərindən atmaq yolu tutur və sanki topun Azərbaycanda olduğu təəssüratını yaradır. Halbuki, Bakı məsələyə işçi kontekstdə yanaşır, bu səbəbdən konkret səciyyə daşımayan məqamları ictimailəşdirməkdən uzaq dayanır. Ancaq bir qayda olaraq, Azərbaycanın təklifləri aylarla cavabsız qalır. Elə indi də cavabsız qalmışdı.
Yeri gəlmişkən, C.Bayramov hələ 2022-ci ilin martında Ermənistanın Azərbaycanın təkliflərinə etinasız yanaşdığını vurğulamışdı. O, həmin vaxt Anadolu Agentliyinə müsahibəsində demişdi ki, “Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə heç bir cavab verilmir. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Əgər Ermənistan artıq atəşkəs üzərində işləməyə hazır olmadığını düşünsə, təklif çox əhatəli sənəd ola bilər, çünki biz Ermənistan tərəfinə mahiyyətcə ölkələr arasında münasibətlərin normallaşdırılmasını özündə ehtiva edən bəzi əsas prinsipləri təklif etmişik”. Deməli, vaxtilə Azərbaycan İrəvanın təkliflərə etinasız yanaşdığını görərək, yeni təkliflər irəli sürübmüş. Məlum olduğu kimi, ölkəmiz İrəvana hazırkı təklifləri bu ilin avqustunda ünvanlamışdı. Cavab isə yalnız indi gəlir. Əgər buna cavab demək doğrudursa.
Nəzərə alaq ki, ölkəmizin irəli sürdüyü təşəbbüsün üzərindən xeyli müddət keçib. Bu məqam Azərbaycan XİN-in Ermənistanın XİN-in təkliflərinə münasibət müstəvisində yaydığı açıqlamada da əksini tapıb. Açıqlamada bildirilib ki, “Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən iki ay yarım çəkməsi prosesi ciddi şəkildə yubadıb”.
Əlbəttə, iki ay yarımla indi eyni dövr deyil. Buna görə də Azərbaycan XİN vurğulayır ki, sülh danışıqlarındakı durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Durğunluğu yaradan isə Ermənistandır. Ölkə bu yanaşmasından daşınmalıdır. Daşınmalı və daha konkret addımlar atmalıdır. Konkretlik isə özünü, ilk növbədə, səmimiyyətdə göstərməlidir. Ölkəmizin baş diplomatiya idarəsinin açıqlamasında vurğulandığı kimi, sülh müqaviləsinin mətninin razılaşdırılması tezləşdirilməlidir. Yəni, bundan sonra, loru dildə desək, Ermənistanın ötür-ötür oyunu keçməyəcək: "Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazırdır. Biz inanırıq ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir".
Bəli, hazırda aktual olan məsələ, belə demək mümkünsə, təklif mübadiləsi yox, üzbəüz müzakirələrin aparılmasıdır. Müzakirələr isə hər hansı vasitəçilərsiz, birbaşa getməlidir. Yəni, Ermənistan özündə cəsarət tapmalıdır. Dəstəkçi qismində Fransa Prezidenti Emmanuel Makronu və ya qeyrisini göstərməməlidir.
Ümumən, Ermənistan XİN-in təklifləri müstəvisində Azərbaycan XİN-in yaydığı açıqlama onu təsdiqləyir ki, Bakı İrəvanla danışıqların yeni fazası üzərində dayanır. Bu fazada məkan anlayışı öz əhəmiyyətini itirir. Ən əsası isə məsuliyyət dəqiqləşir. Nəzərə alaq ki, zaman-zaman Paşinyan administrasiyasının manipulyasiyalarında məsuliyyəti öz üzərindən atmaq meyilləri də nəzərə çarpıb. Azərbaycan artıq bu variantın keçərsizliyini elan edir və mövcud xüsusda Ermənistana çağırış ünvanlayır: “Biz Ermənistan tərəfini yeni lüzumsuz yubatmalara yol verməməyə çağırır və danışıqların tezliklə başlanması üçün onların bu çağırışa müsbət cavab verəcəyinə ümid bəsləyirik”.
Göründüyü kimi, Azərbaycan dövləti çox haqlı olaraq məsələni kateqorik qoyur. Əgər Ermənistan təkliflər verdiyini bildirərək, onlara cavab müstəvisində topun ölkəmizdə olduğu görüntüsünü formalaşdırmaq istəmişdisə, Azərbaycan XİN-in açıqlaması mahiyyətcə topu yenidən İrəvana qaytardı. Yəni, növbə sonuncunundur. Ya birbaşa danışıqlara razılıq vermək, ya da...
R.ƏVƏZ
XQ