Bakıdan “avrotəlimlərə” STOP!

post-img

Avropa İttifaqının Azərbaycanda “rəsmi təlimləri”nin bir çoxu dayandırılıb 

Bir çox hallarda əsas missiyalarının nədən ibarət olduğu bilinməyən avroparlamentarların, kosmopolit siyasətçilərin, bunlardan daha pisi, ermənilərə rəğbət bəsləyən qərbli məmurların Azərbaycana necə işləməyi və necə yaşamağı öyrətmələri özlüyündə kənar müşahidəçidə suallar doğurur. Hələ də kandarında dayandığımız “Avropa evi”nin sahibləri tərəfindən milyonlarla avronun ayrıldığı bu layihələr Azərbaycanda vətəndaş cəmiyyəti institutları ilə yanaşı, dövlət strukturlarlı üçün müxtəlif istiqamətlər üzrə təlimlərin təşkil edilməsini nəzərdə tutur. Yəni, avropalı məmurlar Azərbaycanın nazirlik, komitə və idarələrinə onların standartları ilə işləmək vərdişlərini aşılamaq üçün təlimlər keçirdilər. Ona görə “keçirdilər” yazdıq ki, Bakı artıq belə birgə “kurs-təlimlərın” bir çoxuna son qoymaq barədə qərar qəbul edib. 

Azərbaycan dünyaya açıq dövlət­dir və istər dövlət strukturlarının, istər qeyri-hökumət təşkilatlarının, istərsə də vətəndaş cəmiyyəti institutlarının müasir standartlara uyğun fəaliyyət göstərməsində hamıdan çox özü ma­raqlıdır. Son illər adı çəkilən sahələr­də təcrübənin artırılması, çağdaş dünyaya inteqrasiya prosesinin ge­nişləndirilməsi məqsədilə Avropa­nın bir sıra dövlərlərindən ölkəmizə ekspertlər, təlimçilər gəlməkdədirlər. Bu işləri isə Avropa İttifaqı müxtəlif layihələr, proqramlar çərçivəsində həyata keçirir. Aİ-yə üzv dövlətlərdən “Twinning” konsultasiyaları qayda­sında təşkil edilən təlimlərin sxemi benefisiar–ölkələrin dovlət orqanla­rına bir ildən üç ilədək müddətə tə­limatçıların ezam edilməsini nəzərdə tutur. Avropalı ekspertlər layihənin həyata keçirildiyi həmin dövr ərzində Azərbaycana qısa və orta müddətə təşrif buyurur, təlim-tədris tədbirlərini yerinə yetirirlər.

Onların bütün bu fəaliyyəti ölkəmiz­də fəal vətəndaş cəmiyyətinin inkişafına töhfə verilməsi və nəticədə, Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat im­kanları yaradılmasına dəstək məqsədi daşıyır. İlk baxışda məqsəd və niyyəti qə­tiyyən şübhə doğurmayan bu layihələrdə diqqəti çəkən əsas məqam təlimlərin Av­ropanın hansı ölkələrinin təmsilçiləri tərə­findən yerinə yetirilməsidir. Maraqlıdır ki, belə layihələrin böyük əksəriyyətinin avanqardı rolunda Litva çıxış edir. Söh­bət Avropa İttifaqında Fransadan sonra açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirən və anti-Azərbaycan fəaliyyəti ilə seçilən bir dövlətdən gedir. 

Beləliklə, rəsmi Bakı yerli hüquq-mü­hafizə orqanları, səhiyyə və sosial tə­minat sahələrində Litvanın icra etdiyi üç birgə layihəni dayandırıb. Etibarlı mənbələrdən alınan məlumata əsasən, bir çox hallarda litvalı məmurların Azər­baycanda dövlət idarəetməsinin aparıcı sahələrində hədsiz fəallığı və maraqlılı­ğı normal əməkdaşlığın hüdudlarını aşır və müəyyən şübhələr yaradırdı. Müxtəlif nazirlik və idarələrdə təşkil olunan me­todiki təlimləri az qala “müəllim–şagird” üslubunda aparmağa meyl göstərən məhz bu ölkələrin avro-çinovniklərinin yerli məmurlara, dövlət qulluqçularına yuxarıdan aşağı baxmaları da nəzərdən yayınmırdı. Həm də bu səbəblərə görə, miqrasiya sahəsində İsveç və Yunanıs­tanla “tvinninq–layihəyə” də son verilib. Xüsusilə birinci dövlətin Azərbaycana və Türkiyəyə münasibətdə son illər sərgilə­diyi mövqeyini geniş şərh etməyə ehtiyac duymuruq. 

* * * 

Haqqında danışdığımız layihələr Azərbaycan üçün, çox güman ki, ötən əsrin 90-cı illərinin əvvəllərində böyük əhəmiyyət daşıyırdı. Çünki müstəqilliyinə yeni qovuşmuş respublikamız hər şeyi “sıfırdan” başlamaq məcburiyyətində idi. Amma ölkəmiz yeni əsrə, yeni minilliyə yeni dəyərlərlə qədəm qoydu. Xüsusilə 2003-cü ildən daha geniş inkişaf yolu­na çıxan Azərbaycan qarşıya qoyduğu məqsədlərə doğru addım-addım, həm də inamla irəliləyirdi. 2020-ci ildən sonra isə özünün ərazi bütövlüyünü və suve­renliyini bərpa etmiş Azərbaycan Cənubi Qafqazda söz sahibinə, öz ayaqları üzə­rində möhkəm dayanmış respublikaya çevrildi. Məhz bu kontekstdən yanaşan­da hazırda Avropa İttifaqı ilə “müəllim–şagird” münasibətləri Bakıdan ötrü bir o qədər də prioritet sayılmaya bilər. Bu za­man onu da qeyd etməyi vacib sayırıq ki, Fransanın dominantlıq etdiyi Aİ-nin Xarici siyasət komitəsinin rəhbəri, erməni se­paratizminin “alovlu təbliğatçısı” sayılan Cozef Borrelin son vaxtlar Azərbaycanın ünvanına “xəbərdarlıq” və “birmənalı siq­nalları” fonunda bu xarakterli əməkdaşlıq qətiyyən arzuedilən deyil.

Azərbaycanın dövlət strukturlarının idarəetmədə inzibatçılığın keyfiyyəti­ni daha da yaxşılaşdırmaq üçün xarici ölkələrlə təcrübə mübadiləsinə gəldikdə isə yadda saxlamaq lazımdır ki, Avro­panın Azərbaycanla dost münasibətlərə malik ayrı-ayrı dövlətləri ilə ikitərəfli tə­masları heç kim kənara qoymayıb. Bu kontekstdə Bakıdan ötrü Polşa və Fin­landiya ilə oxşar layihələrin həyata ke­çirilməsi istisna hal sayılmalıdır. Çünki bu iki ölkə Azərbaycanla münasibətlə­rində sağlam, ədalətli və eyni zaman­da, balanslaşdırılmış mövqe nümayiş etdirirlər. Onlar da Aİ üzvləridir. Üstəlik, Asiyanın yüksək texnologiyaya sahib bir sıra ölkələri özləri üçün Aİ ilə rəqəmsal­laşma və inzibati islahatların effektivliyi baxımından uzunmüddətli və səmərəli əməkdaşlığı müəyyən ediblər. Yəni, bu­rada rəsmi Bakının tərəfdaşları kifayət qədərdir. Fəqət belə görünür ki, daxili in­zibatçılıq məsələlərində Aİ ilə institusio­nal əməkdaşlığın məntiqi sonluğa yaxın­laşdığını söyləyə bilərik. 

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Əslində, həmin “Twinning” proqramlarında avropalı emissarlar Azərbaycan dövlətinə qarşı hansı­sa fəaliyyət göstərmək iqtidarında deyillər və bunu edə bilməzlər. Sa­dəcə olaraq, onlar Avropada qəbul olunmuş qaydaları təqdim, təklif və şərh etməklə məşğuldurlar. Burada irəli sürülən təkliflərin Azərbaycan tərəfindən mütləq şəkildə qəbul edilməsi məsələsi də yoxdur. Əgər biz Avropaya neftdən başqa han­sısa digər məhsul və mallarımızı satmaq, bu prosesə avropalı inves­torların cəlb olunmasını istəyiriksə bu halda yerli qaydalarımızı “köhnə qitə”də mövcud standartlara uy­ğunlaşdırmalıyıq. Bu zaman sər­bəst şəkildə bəyəndiyimiz norma və qaydaları tətbiq edir, bəyənmə­diyimizdən yan keçirik. 

Əgər layihənin icraçısı kimi Lit­vadan xoşumuz gəlmirsə, macar­ları seçə bilərik. Bəli, mövqeyi bizə yaxın ölkələrin həmin proqramlarda iştirakını arzu etməyimiz təbiidir. Maliyəni Avropa İtifaqı verir, icra­çılar da tender əsasında müəyyən edilirlər. Əlbəttə ki, qərar qəbul olu­nan zaman Aİ Azərbaycanın da rə­yini nəzərə almalıdır. Nəzərə alma­yacaqları təqdirdə, aydın məsələdir ki, Bakı o layihələrdən imtina edə­cək. 

 

İ.HƏSƏNQALA
XQ



Siyasət